Cavab: Əvvəla, “kamil” kəlməsinin mənasını izah etməyi lazım bilirik. “Kamil” “naqis”in (nöqsanlının) müqabil nöqtəsi və antonimidir. Ümumiyyətlə, islamın kamil bir din olduğunu dediyimiz zaman məqsədimiz budur ki, onda heç bir nöqsan yoxdur. Daha aydın desək, bu din dünya və axirətdə səadətli həyatın tələb etdiyi hər bir şeyə malikdir. Deməli, bu din bütün əsr və zamanlarda, eləcə də insan həyatının bütün yönlərində güclü və qurucu bir proqrama malik olmalıdır.
Yuxarıdakı sualın cavabının əsası “xatəmiyyət” bəhsindədir. Yəni islam dininin kamil olması ilə (əvvəlki ilahi dinlərin) xətm edəni olması bir sikkənin iki üzü kimidir. Çünki, əgər islam dininin bütün dinlərin xətm edəni olduğu sübuta yetərsə, deməli, qiyamətə qədər onların ən kamili də olmalıdır. Belə ki, hamısından kamil olmamasının mənası budur ki, onda nöqsanlı hallar vardır və nöqsanlı halın varlığı ilə insanları səadət və kamala doğru layiqincə hidayət edə bilməz. Bu da ilahi ədalətlə zidd, Allah-taalanın tərəfindən qəbahətli sayılan bir işdir. Deməli, gərək islam dini insanın (kamala doğru) hidayəti üçün lazım olan hər bir şeyə malik olsun ki, bütün insanlar üçün dəlil-sübut və höccət tamamlanmış olsun.