Azəri
Wednesday 16th of October 2024
0
نفر 0

İslam yeniliyə qarşıdırmı?



 

Bildiyimiz kimi, xristian Qərb elm və texnologiya sahəsində sürətlə irəliləməyə başlayandan bəri İslam dini bu mövzuda hücuma məruz qalmış və «İslam dini yeniliyə qarşıdır», «İslam dini yeniliklərə cavab vermir» kimi ittihamlarla üzləşmişdir. Bu absurd ittihamın bir qorxulu tərəfi də onun bəzi müsəlman dairələrində də tez-tez səslənməsi və bu zaman ''bidət'' kəliməsindən də sui-istifadə olunmasıdır. Bəziləri ''bidət'' sözünün həqiqi mənasını ya anlamayaraq, ya da anlamaq istəməyərək İslamda hər yeniliyin, bəşəriyyətin inkişafına xidmət edən hər ixtiranın «bidət» adlandırıldığını irəli sürmüşlər. Elə isə gəlin əvvəlcə «yenilik» deyərkən nəyin başa düşüldüyünə qısaca toxunaq. İslami baxımdan insanlığın xeyri, rahatlığı, səadəti üçün təqdim olunan, insanları sıxıntıdan qurtarmaq, onları xoşbəxt etmək üçün icad olunan hər şey yenilikdir, gözəldir. İnsanları üzən, onların xeyrinə olmayan, üstəlik əxlaq və tərbiyəsini pozan şeylər yeni də olsa pisdir, iyrəncdir. İslam yeniliyin bu formasına qarşıdır və hər halda sırf yeni olduğu üçün bu cür şeyləri bağrına basmaq məcburiyyətində də deyil. Qısaca desək, İslama görə bir şey köhnə də olsa gözəl və faydalıdırsa məqbul, yeni də olsa faydasız və pisdirsə qeyri-məqbuldur.

O ki qaldı ittihamlara, nəzərdən qaçırmamalıyıq ki, bu ittihamların yaranmasında böyük, mən deyərdim, bəlkə də ən böyük rolu bizim İslamdan xəbərsiz «müsəlmanlarımız» oynayıb. O müsəlmanlar ki, peyğəmbərimiz «Elmi kitaba keçirdin» dediyi halda uzun müddət mətbəələrə qarşı çıxmışlar. O müsəlmanlar ki, Osmanlı sultanı III Səlim ordunu soyuqdan qorumaq üçün «kaput» adlı isti paltarla təchiz edərkən, kafir ixtirası deyə buna qarşı çıxmışlar. O müsəlmanlar ki uzun müddət, heç kimin aya çıxmadığını, bunun mümkün olmadığını iddia etmiş, həm də bu iddialarını öz natamam dini baxışları ilə əsaslandırmağa çalışmışlar.

Qurani-Kərim bütün bəşəriyyətə sonsuz səadəti verəcək təməl əsasları müəyyənləşdirmişdir. Quranın bir çox yerində «düşünmürsünüzmü?», «ağlınızı işlətmirsinizmi?», «ağıl sahibləri üçün ibrətlər vardır» kimi ifadələrlə ağlımızı işlətməyimizi istəməsi də bu əsaslardandır. Bundan başqa, bizləri çalışmağa, araşdırmağa, kainatın sirlərini açmağa dəvət edən ayələr də az deyildir. Lakin bu ayələr bizə ünvanlandığı halda biz müsəlmanlar tənbəlliklə günümüzü keçirir, başqa dinin sahibləri isə sanki onlara ünvanlanmış kimi ayələrin məzmunu çərçivəsində dayanmadan işləyib rahat və xoşbəxt yaşamaq üçün əllərindən gələni edirlər. Halbuki, elmə ən çox dəvət edən din İslamdır. Bu dinin elmlə əlaqələri o qədər sıxdır ki, hər bir müsəlman, elm adamı olmasa belə, öz ibadətlərini şüurlu şəkildə yerinə yetirə bilməsi üçün artıq bir çox şeyləri bilməlidir. Namaz qılarkən Kəbənin səmtini, namazların vaxtını; oruc tutarkən ayın vəziyyətini; həccə gedərkən coğrafi məkanları öyrənmək məcburiyyətində qalan müsəlmanlar bu şəkildə bilavasitə elmə təşviq edilmişlərdir.

Gördüyümüz kimi, bir müsəlmanın şüurlu bir şəkildə ibadət etməsi ancaq elmlə mümkün olmuşdur. Elmlə bu qədər iç-içə olan bir dinin mənsublarının bu sahədə başqalarına möhtac bir vəziyyətə düşməsi həqiqətən də çox təəccüblüdür. Həqiqət odur ki, bizlər Quranın nurundan uzaqlaşan gündən rahatlıq və səadət görmürük. Üzümüzü çevirib Quran nuru ilə nurlanan şərəfli dövrlərə nəzər yetirsək, barmağımızı dişləyər, yəqin ki, o dövrdəki müsəlmanların elm və mədəniyyətin zirvəsində olmasının sirrini anlamış olarıq. Mən burada bəşəriyyətə öz dəyərli töhfələrini vermiş böyük İslam alimlərinin mühüm kəşflərini, bugünkü Avropanın elm və mədəniyyət baxımından müsəlmanlardan alaraq mənimsədikləri şeylər haqqında olan minlərlə faktı yenidən qeyd etmək istəmirəm. Amma bu günlərdə eşitdiyim və məni çox düşündürən bir şeyi qeyd etmək istəyirəm. Almaniyanın dünyaca məşhur dəmir-polad sənayesi mərkəzi olan Solingen şəhərinin adı orta əsrlərdə müsəlmanların arasında olaraq onlardan möhkəm polad düzəltməyin formulasını öyrənmiş və sonra da öz ölkəsinə qayıdaraq öyrəndiklərini orada tətbiq etmiş bir şəxsin adından götürülmüşdür. Yüzlərlə faktın içindən bu anda yadıma düşən bu faktın özü də göstərir ki, vaxtilə dünyaya meydan oxuyan bir İslam mədəniyyəti, bir İslam sivilizasiyası olmuşdur və bugünkü Avropa dayanmadan bu mədəniyyətdən bəhrələnmişdir. Müsəlmanlar dindən uzaqlaşdığı və tənbəlləşərək yuxuya getdiyi məqamda dayanmadan çalışan Avropa onları elmdən uzaqlaşdıran dinlərini də bir kənara qoyaraq bu dəfə dünyaya meydan oxuyan sivilizasiya yarada bildi. Elə isə bu gün növbə bizimdir. Bu gün artıq yuxudan oyanmalı, bu statusu geri qaytarmaq üçün birbaşa sivil yolla mübarizə aparmalı və elmi onlardan öyrənərək, daha da inkişaf etdirməliyik. Çünki peyğəmbərimiz «Elm müsəlmanın itmiş mirasıdır, harada görsə götürsün» demişdir. Yəni bizim bu gün özümüz ixtira etmədiyimiz şeylərə «kafir malı» deyərək qarşı gəlməyə haqqımız yoxdur. Necə ki, peyğəmbərimiz də o dövrdə bir səhabənin qeyri-müsəlman bir ölkədən çıraq gətirərək məscidə asmasına etiraz etməmiş, əksinə «Sən bizim məscidimizi nurlandırdın, Allah da axirət günündə səni nurlandırdın» deyə dua etmişdir. Və yaxud başqa bir faktı qeyd edək. Hz. Peyğəmbər Bədr müharibəsində Qureyşli kafirlərdən götürdükləri əsirlərin hər birinə on müsəlmana oxuma-yazma öyrətmə müqabilində azadlıq təklif etmiş, «kafirdən elm öyrənməzlər» deməmişdir.

Bu gün bir çox ölkələr enerci mənbəyi kimi Günəşdən istifadə yollarının üzərində baş sındırırlar. Halbuki, «O, gecəni və gündüzü, Günəşi və Ayı sizə (sizin mənafeyinizə) tabe etdi…» (Nahl 12) ayələrinin ilkin olaraq bizə ünvanlandığını nəzərə alsaq, bu işi ilk olaraq biz başlamalıydıq, bu ayələrdən xəbərsiz insanlar yox. Elə isə boş durmamalıyıq. Elm Çində də olsa dalınca getməli, onu itmiş mirasımız kimi əldə etməli və beşikdən qəbrə qədər elmdən uzaq durmamalıyıq. Lakin onu unutmamalıyıq ki, elm ancaq Allah rizası üçün öyrənilməlidir. Bilməliyik ki, əgər məramımız başqa olsa uğursuzluq elə yolun əvvəlindən bizi gözləyir və belə bir elm yalnız və yalnız bədbəxtlik gətirər.



0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Hüseyn, Ondan beyət alınma cəhdi
ŞAQULI SISTEM
HАLАL RUZİ»
Nəyə görə fiqhi cəhətdən həddin icrası hakimin öhdəsindədir?
INSANI VӘ ILAHI ӘDALӘT
ISLAM FӘLSӘFӘSI
Quran təfsirinin qayda-qanunları
Əhli-sünnə alimlərinin kütləvi surətdə qırılmasına qərar
Peyğəmbər (s) və onu xatırladan hər şeyin təbərrük olması
BRAHMAN AYİNİ (2)

 
user comment