Azəri
Tuesday 24th of December 2024
0
نفر 0

QƏLBİN QƏSAVƏTİ (BƏRKİMƏSİ)


İnsanın qəlbi ilk əvvəldə səfa, nuranilik, mehribanlıq və xüsusi rəhmətə malik olur. Başqa insanların, hətta heyvanların belə, əzab-əziyyətdə olmasından, narahatlığından ruhən əzab çəkir. Başqalarının da xoşluqda, rahatlıqda və firavan yaşamasını istəyir, başqalarına yaxşılıq etməkdən sevinir, mənəvi ləzzət alır. Özünün pak niyyəti ilə Allaha diqqət yetirir, ibadətdən, duadan, raz-niyazdan, yaxşı işlər görməkdən sevinc duyur, günah işə mürtəkib olduqda dərhal təsirlənərək peşmanlıq hissi keçirir.
Əgər fitrətin çağırışına cavab versə və ona uyğun əməl etsə günbəgün daha artıq səfalı, nurani, mehriban və ürəyi yanan olur. Dua və ibadət nəticəsində günbəgün Allahla ünsiyyətə, dua və ibadətə rəğbət tapır. Amma əgər öz daxili hisslərini və atifələrini nəzərə almayaraq, onun əksinə əməl edərsə nuraniyyəti tədricən azalmağa üz qoyur, axırda elə bir həddə çatır ki, hətta onun tamamilə məhv olub sönməsi də mümkündür. Belə olan halda başqalarının başına gələn acı hadisələri və xoşagəlməz şeyləri gördükdə azacıq belə təsirlənmir, hətta mümkündür ki, başqalarının yoxsulluq, aclıq və zəifliyindən, hətta zindana düşüb işgəncəyə məruz qalmasından, qətlə yetirilməsindən belə sevinib ləzzət alsın.
İnsan günaha mürtəkib olduğu ilk vaxtlarda narahat və peşman olur, lakin əgər bir dəfə günaha mürtəkib olarsa ikinci dəfə daha hazırlıqlı olur, üçüncü dəfə günah iş onun üçün daha asan olur. Günahın davam etdirilməsi nəticəsində elə bir həddə çata bilər ki, günahdan nəinki peşmançılıq hissi keçirməz, üstəlik onu nailiyyət hesab edərək şad olar.
Belə şəxslərin qəlbi qaralıb tamamilə dəyişilir və Quran və hədislərin dili ilə “qəsavət bağlamış” (bərkimiş, daşlaşmış) hesab olunur. Şeytan onların qəlblərini özünün tam ixtiyarına keçirir; Allahın müqərrəb mələklərini oradan çıxarır. Nicat yolları bağlanır, artıq onun tövbə edib Allah dərgahına qayıdacağına bir ümid yoxdur.
Allah Quranda buyurur: “Nə üçün Bizim bəlamız onlara çatdığı zaman tövbə edib yalvarmırlar? Onların qəlbləri qəsavət bağlamış, şeytan onların çirkin işlərini onların nəzərində gözəl cilvələndirmişdir.” 
Başqa bir ayədə buyurulur: “Vay olsun o kəslərin halına ki, qəlbləri Allahı yad etməkdən (qafil olaraq) qəsavət bağlamışdır. Belə şəxslər aşkar azğınlıqdadırlar.” 
İmam Məhəmməd Baqir (ə) buyurub: “Hər mömin bəndənin qəlbində ağ bir nuraniyyət vardır. Əgər günaha mürtəkib olaraq onu yenidən təkrar edərsə, onda qara bir nöqtə əmələ gələcəkdir. Əgər özünün günah işlərini davam etdirərsə qara nöqtə tədricən genişlənir, qəlbin ağlığını bütünlüklə örtür. Belə olduqda həmin qəlbin sahibi heç vaxt xeyrə doğru qayıtmır. Allah-təalanın Quranda buyurduğu “əksinə, əməlləri onların bütün qəlblərini örtmüşdür” deyə buyurduğu şəxslərdən olur.”
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “İnsanın gözünün yaşı yalnız qəlbin qəsavəti nəticəsində quruyar. Qəlb də yalnız günahın çoxluğu nəticəsində qəsavət bağlayır.”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Dörd şey insanın bədbəxtçilik əlamətlərindəndir: Gözün quruması, qəlbin bərkiməsi, ruzi axtarmaq üçün həddən artıq hərislik və günahlarda davamlı olmaq.”
Məhz buna görə də məsum imamlar (ə) dualarda qəlbin bərkiməsindən və qəsavətindən Allaha pənah aparmışlar. Nümunə olaraq aşağıdakıları qeyd edirik:
İmam Səccad (ə) dua edərək deyir: “Pərvərdigara! Vəsvəsələr sayəsində daim dəyişilməkdə olan, aludəlik və möhürlənməklə yanaşı olan qəlbin bərkliyindən Sənə şikayət edirəm. Sənin qorxundan ağlamayan, onu sevindirən şeylərə göz dikən bir gözdən Sənə şikayət edirəm!.”
Deməli, öz qəlbinin sağlamlığını, səadətini düşünən bir şəxs hətta kiçik olsa belə, günah işlərdən ciddi şəkildə çəkinməli, öz nəfsini həmişə yaxşı işlərlə - ibadət, dua, raz-niyaz, nəvaziş, ürəyi yananlıq, mehribanlıq, başqalarına ehsan və kömək etmək, məhrumları, məzlumları müdafiə etmək, xeyirxahlıq, xeyir işlərdə həmkarlıq, ədaləti istəmək, ədalətli olmaq və s. zinətləndirməlildir. Belə ki, tədricən yaxşı işlərə adət etsin, batini nur və səfası davam edərək təkamülə çatsın ki, onun qəlbi Allahın müqərrəb mələklərinin xüsusi yerinə çevrilə bilsin.
QƏLB TƏBİBLƏRİ
Yuxarıda qeyd olundu ki, qəlblər də bədənlər kimi sağlam və ya xəstə ola bilər. İnsanın axirət səadəti də bu məsələyə, yəni qəlbin sağlam halda dünyadan getməsinə bağlıdır.
İndi qəlbin sağlam və ya xəstəliyinin əlamətlərini öyrənməliyik ki, onun müxtəlif növ xəstəliklərə yoluxduğunu dərk edə bilək. Xəstəliyin səbəb və amillərini tanımalıyıq ki, onların qarşısını ala bilək, nəfsimizin sağlamlığına riayət etmək üçün çalışaq.
Görəsən bu barədə ehtiyacsızıqmı, yoxsa peyğəmbərlərə ehtiyacımız vardır? Şübhəsiz, bizim nəfs kimi mələkuti varlığın xüsusi yaradılışı və sirləri barəsində kifayət qədər məlumatımız yoxdur. Ümumiyyətlə özümüzün batini və nəfsani həyatımızdan xəbərsizik, buna görə də nəfsin xəstəlik amillərini tanıyıb ayırd edə bilmərik. Biz nəfs və ruhun müxtəlif növ xəstəliyi, onların müalicə edilməsi və qarşısının alınması yollarından kifayət qədər agah deyilik. Buna görə də bizi bu yolla hidayət etsinlər deyə, peyğəmbərlərin varlığına ehtiyac duyuruq. Peyğəmbərlər bəşər ruhlarının həqiqi mənada təbibləri və mütəxəssisidir. Onlar Allah tərəfindən olan köməklə nəfslərin dərdlərini və onun müalicə yollarını daha yaxşı şəkildə bilirlər. Onlar vəhy məktəbində insanşünas və ruhşünas olmuş, bu mələkuti varlığın sirlərindən tamamilə agahdırlar. Onlar həm təkamülün düzgün yolunu və insanı Allah dərgahına yaxınlaşdıran yolları, həm də onu azğınlığa salan səbəbləri yaxşı-yaxşı bilirlər. Buna görə də bu çətin yolu ötüb keçməkdə insanlara kömək edərək, onların azğınlığa düşməsinin qarşısını ala bilərlər.
Bəli, peyğəmbərlər tarix boyu insanlara layiqli köməklər edən ilahi təbiblərdir. Bu xidmətlər bədən təbiblərinin göstərdiyi xidmətlərdən qat-qat dəyərlidir. Peyğəmbərlər ruhun mələkuti cövhərini kəşf edərək insana təqdim etmiş, onların insani şəxsiyyətlərini dirçəltmişlər. İnsanları gözəl əxlaq, mənəviyyat və maariflə məhz onlar tanış etmiş, Allah dərgahına yaxınlaşma yollarını onlara öyrətmişlər. Onlar insanları Allahla və qeyb aləmi ilə tanış etmiş, ruhlarının saflaşdırılmasına, nəfslərinin pərvəriş olunmasına çalışmışlar. İnsanların arasında mövcud olan mənəviyyat, atifə, məhəbbət, gözəl əxlaq və sifətlər də məhz ilahi təbiblərin göstərdiyi ardıcıl səylərin bərəkəti ilədir. Peyğəmbərlər olmasaydı şübhəsiz insanların vəziyyəti indiki kimi olmazdı.
Doğrusu, peyğəmbərlər həqiqi təbiblər və bəşəriyyətin ən üstün həkimləridir. Buna görə də hədislərdə “təbib” ünvanı ilə qeyd olunmuşdur.
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) İslam Peyğəmbəri (s.ə.v.v) barəsində buyurur: “Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) səyyar bir təbib idi. Nəfslərin müalicə olunması üçün daim çalışırdı, o, (nəfsdə olan yaraları müalicə etmək, xəstəliklərin kökünü kəsmək üçün) məlhəmləri və cərrahiyyə əməliyyatı vasitələrini hazırlamışdı və münasib vaxtlarda onlardan istifadə edirdi. Kor qəlblərə, kar qulaqlara, lal dillərə şəfa verirdi. Öz dərmanlarını insanların qəflət və heyrət yerlərində hikmət nurundan istifadə etməyən, həqiqət və maarifləri istixrac etməyən və buna görə də ot yeyən heyvanlar və bərk daşlar kimi yaşayan insanlara sərf edirdi.”
Qurani-Kərim peyğəmbərləri qəlblərə şəfa verən şəxs kimi tanıtdıraraq buyurur: “Pərvərdigarınız tərəfindən sizə moizə və sinələrdə (qəlblərdə) olan dərdlərə şəfa (Quran) gəldi.”
Yenə buyurulur: “Qurandan, möminlər üçün şəfa və rəhmət olan şeyləri nazil etdik.”
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) Qurani-Kərim barəsində buyurur: “Quranı öyrənin, çünki o, kəlamların ən yaxşısıdır. Onun ayələrində yaxşı-yaxşı fikirləşin, çünki o, qəlblərin baharıdır (bahar yağışı kimi qəlbləri dirildir) və Quranın nurundan şəfa alın, çünki o qəlblərə şəfa verir.”
Başqa bir yerdə buyurur: “Bilin! Hər kəs Qurana malik olsa heç bir şeyə ehtiyacı olmaz. Hər kəs Qurandan məhrum olsa heç vaxt zəngin olmaz. Qurani-Kərim vasitəsilə öz qəlblərinizin xəstəliklərini müalicə edin və çətinliklərlə mübarizə aparmaq üçün ondan kömək diləyin. Çünki ən böyük xəstəliklərin, yəni küfr, mənəvi korluq və zəlalətin şəfası Qurandadır.”
Bəli, İslam Peyğəmbəri (s.ə.v.v) nəfsləri müalicə edən ən yaxşı təbibdir. O, bizim dərdlərimizi və dərmanlarımızı yaxşı-yaxşı bilirdi. Bizim daxili və ruhi xəstəliklərimizə şəfa verən ən yaxşı proqramları, yəni Quranı bizim ixtiyarımıza vermişdir. Bundan əlavə, müxtəlif nəfsani xəstəliklərin tanınması, qarşısının alınması və müalicə yollarını Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və bütün imamlar şərh etmişlər və bunlar da bizə hədis şəklində gəlib çatmışdır. Deməli, əgər öz nəfsimizin xoşbəxtlik və sağlamlığını istəyiriksə Quran və hədislərdən istifadə etməli və bununla da öz nəfsimizin sağlamlığına, ruhumuzun təmizliyinə çalışmalıyıq. Quran ayələrindən, Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və imamların (ə) yol göstərmələrindən istifadə edərək öz nəfsimizin xəstəliklərini tanıyıb onların müalicəsinə ciddi əhəmiyyət verməliyik. Bu həyati və müqəddəratı həll edən işdə səhlənkarlıq etsək böyük ziyana, ağır xəsarətə düçar olacağıq ki, onun da nəticəsi axirətdə aşkar olacaqdır.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

“Əraf” surəsinin külli məzmunu və onu qiraət etməyin fəziləti nədir?
XALQ Və İCTİMAİ əDALəT
Nadan insanların xüsusiyyətləri
IMAM CӘFӘR SADIQ ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ-1
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
İSLAMDA ZIYARƏTIN YERI
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
VƏHHABİLİYİN QƏSA TARİXİ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?

 
user comment