Azəri
Friday 21st of June 2024
0
نفر 0

QURANIN QANUNVERİCİLİK BAXIMINDAN ECAZI


QURANDAN ƏVVƏLKİ DÖVRLƏR
Bu bir həqiqətdir ki, aləmi öz nuru ilə işıqlandıran islam dini, zühur etməzdən əvvəl bir çox millətlər, xüsusilə cahil ərəblər zülmət və qorxunc həyat tərzi keçirirdi. Savadsızlıq, əxlaqsızlıq, ictimai pozğunluq hakim olan bir cəmiyyətdə elm öyrənmək ərəblər üçün böyük rüsvayçılıq, qan töküb ticarət karvanlarını qarət etmək isə mərdanəlik hesab olunurdu.
İslamdan əvvəl onlar özlərinin qorxunc və xurafi adət-ənənələrindən böyük bəhrələr aparırdılar. Cahil ərəblərin, vahid əqidə adı altında bir yerə toplayacaq nə dini, nə də ictimai qanun çərçivəsində vəhdət yaradacaq qanunları var idi. Ata-babalarının adət-ənənələri onları heyran edir və onu davam etdirməyi özləri üçün böyük fəxr bilirdilər. Bütpərəstlik cahil ərəblər arasında ən çox yayılmış ayinlərdən biri hesab olunurdu. Onlar öz əlləri ilə yonduqları bütlərə pərəstiş edir və onları şəfaətverici vasitə kimi müqəddəsləşdirirdilər.
Ata-analarından onlara irs olaraq qalan var-dövlət və qarət yolu ilə əldə etdikləri mallar, onlar arasında püşk atma yolu ilə bölünürdü. Hər şeydən çox, geniş yayılmış qumarbazlıq əksəriyyət tərəfindən rəğbətlə qarşılanır, hətta bunu özlərinə böyük iftixar hesab edirdilər. Adət şəklini almış ən çikrin işlərdən biri də, atalarının zövcələri ilə evlənmələri, ondan da dəhşətlisi isə qız uşaqlarını diri-diri torpağa basdırmaları olmuşdur.
QURAN ƏSRİ
Ərəbistan yarmadasının islamdan əvvəlki ictimai vəziyyəti ilə az da olsa tanış oldunuz. Cəhalət və hərc-mərclik baş alıb getdiyi bir halda, orada parlaq islam günəşi doğdu. Cəhalətdə qərq olmuş qaranlıq ürəklər, islam nuru ilə işıqlandı.
Təkallahlıq, bütpərəstliyin cəhalət və fəsadını elm və əxlaqla, illər boyu davam edən qəbiləvi düşmənçiliklərini isə dostluq və məhəbbətlə əvəz etdi. Qarətçi və pərakəndə ərəb qəbilələri təqvalı vahid müsəlman ümmətinə çevrildi. Belə ki, iqtidarda olduqları illər ərzində elm, mədəniyyət, insaniyyət və svilizasiyanın ən yüksək mərhələlərinə nail olaraq, fəth etdikləri ölkələrdə də bunların yayılmasında böyük nailiyyətlər əldə etdilər. Həmin dövrdə elm, mədəniyyət və tərəqqi artıq islam bayrağı altında dalğalanırdı.Görkəmli fransız elm xadimi Durus bu haqda deyir:
«Müsəlmanların peyğəmbəri olan Məhəmməd, özünün səmavi təlimlərini pərakəndə ərəb qəbilələri arasında asanlıqla yayaraq onların vəhdət və birliyinə nail oldu. O, öz hakimiyyətini İspaniyadan Hind yarmadasınadək yayaraq svilizasiya və tərəqqi bayrağını bu ölkələrdə ucalda bildi. O böyük insan, Avropa ölkələrindən fərqli olaraq, bir zaman Ərəbistan yarmadasında dərin islahatlar apara bildi.
Orta əsrlərdə elm və mədəniyyətə yiyələnən yeganə millət var idisə, o da cəhalət pərdəsini kənara çəkmiş və onu elm və mədəniyyətlə əvəz etmiş ərəb milləti idi.» (Sifvətul ürfan. Məhəmməd Fərid Vəcdi-119).
Demək, ərəblər qazandıqları bütün zəfər və nailiyyətləri, müqəddəs islam dinini qəbul etmək və səmavi bir kitab kimi Qurana iman gətirmələri ilə əldə etmişlər. O, Quran ki, bütün qanun nizamnamələri məntiq və əql əsasında qoyulmuşdur. Quran özünəməxsus bəyanetmə üslubu ilə digər səmavi kitablardan fərqli və müqayisəolunmaz dərəcədə üstündür. Bu halda biz bunu, Quranın başqa bir möcüzəvi xüsusiyyətlərindən biri kimi qəbul edə bilərik.
QURANDA BƏRABƏRLİK
Quranın digər möcüzəvi xüsusiyyətlərindən biri də qanunvericilik və əxlaq prinsiplərində tutduğu orta mövqe və ədalətdir. Belə ki, bu müqəddəs kitabda qanunvericilikdə ifrat və təfritə varmadan orta mövqe tutulmuşdur. Quran ədalət və bərabərliyə diqqət yetirir və bu iki xüsusiyyət üzərində qurulan bütün işləri insanlar üçün zəruri hesab edir. Və eyni zamanda onların dilindən, Allah-taaladan bütün işlərin ifrat və təfritə yol vermədən həyata keçirməsini diləmələrini bəyan edir.
«Bizi doğru yola yönəlt.» (Fatihə-5).
Quranın digər ayələrində də insanların bütün işlərdə orta mövqe tutmaları (ifrat və təfritə yol verməmələri) tövsiyə olunur.
«Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir.» (Nisa-58).
« Ədalətli olun. Bu təqvaya daha yaxındır » (Maidə-8).
«Söz söylədiyiniz zaman [lehinə və ya əleyhinə danışdığınız adam] qohumunuz olsa belə, ədalətli olun» (Ənam-152).
«Həqiqətən, Allah [Quranda insanlara] ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara [haqqını] verməyi [kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı] buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edər. Allah sizə, bəlkə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!» (Nəhl-90).
Quran həyatın bütün sahələrində ədaləti hər şeydən üstün tutur və müsəlmanlara da daim bu meyara əsaslanmağı tövsiyə edir. Onlardan bir neçəsi haqda söhbətə bəşlayırıq.
1. SƏRVƏT VƏ MÜLKİYYƏT
Quran insanın orta həyat səviyyəsində yaşamasını, israfa yol verməyib, imkansızlara qarşı xəsis olmamasını tövsiyə edir. Quranın bir çox ayələrində insanların xəsislik və paxıllıqdan uzaq olmaları əmr olunur:
«Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər, heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyir, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır.» (Ali İmran-180).
Eyni zamanda insanların israfdan çəkinərək bir qədər əliaçıq olmaları tövsiyə olunur.
«İsraf etməyin. Allah israf edənləri sevməz!» ( Ənam-141).
«Həqiqətən, [malını əbəs yerə] sağa-sola səpələyənlər Şeytanın qardaşlarıdır.» (İsra-27).
«Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşiman olarsan.» (İsra-29).
2. İNTİQAM VƏ ƏFV ETMƏKDƏ ƏDALƏT
Quran insanı həyatın acılı-şirinli günlərinə adət etməyə, qarşısına çıxan bəla və müsibətlərə səbr etməyə tövsiyə edir. Səbr edənlərin böyük nemətlərlə mükafatlandırılacaqlarına bəşarət verir:
«Yalnız [dünyada Allah yolunda çətinliklərə] səbr edənlərə [axirətdə] saysız-hesabsız mükafat veriləcəkdir.» (Zumər-10).
«Allah səbr edənləri sevər.» (Ali İmran-146).
Amma bu heç də o demək deyildir ki, Quran insanları zülmə qarşı mübarizə aparmaqdan çəkindirir və onların zülmə tabe olmalarını tövsiyə edir. Xeyir! Quran məzlumlara, öz haqlarını tələb etmək lazım gələrsə, mübarizəyə belə qoşulmasını əmr edir. Bəqərə surəsinin 194-cü ayəsində bu haqda deyilir:
«Sizə qarşı həddini aşanlarla siz də həmən ölçüdə həddi aşın [cavab verin].»
* * *
Quran, qətlə yetirilmiş şəxsin sahibinə həddi aşmadan (yəni daha ağır əzab növlərindən istifadə etmədən) qisas almaq ixtiyarın vermişdir.
«Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə [və ya varisinə qatil barəsində] bir ixtiyar verdikdə [istəsə qatildən qisas alar, istəsə bağışlayar və ya qanbahası tələb edər]. Lakin, o da qətl etməkdə ifrata varmasın. [qisas almalı olsa, yalnız qatili öldürməklə kifayətlənsin.» (İsra-33).
3. MADDİ VƏ MƏNƏVİ İŞLƏRDƏ ƏDALƏT
Quranın qanunvericilik prinsipləri ədalət üzərində qurulduğu üçün, onda dünya və axirət qanunları arasında müəyyən oxşarlıq vardır. Quran, tövratda olduğu kimi yalnız insanların maddi həyatlarına diqqət yetirərək axirət dünyasını onların zehnindən silməmişdir. Belə ki, xeyirxah işlər görən şəxslərin mükafatını, məhz dünyəvi var-dövlətdə və başqalarının üzərində hakimiyyətdə görür. Və eyni zamanda incildə olduğu kimi, yalnız axirətə qapılaraq dünyəvi həyatdan əl çəkməyi kimsəyə tövsiyə etməyir.
Quran həm insanları axirət dünyasına sövq edir, həm də dünyəvi halal ləzzətlərdən zövq almağı tövsiyə edir.
«Hər kəs Allaha və peyğəmbərinə itaət edərsə, Allah onu ağacların altında çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da [möminlər üçün] böyük uğur və qurtuluşdur! Hər kəs Allaha və peyğəmbərinə itaət etməyib Onun sərhədlərini aşarsa, Allah da onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir. (Nisa 13-14).
«Kim [dünyada] zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyirini görəcəkdir [mükafatlanacaqdır].
Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir [cəzasnı çəkəcəkdir].» (Zilzal 7-8).
«Allahın sənə verdiyindən özünə axirət qazan [malını Allah yolunda sərft et]. Dünyadakı nəsibini də unutma.» (Qəsəs-77).
Quranın bir çox ayələrində elm və təqvaya tövsiyə olunmaqla yanaşı, dünyəvi halal nemətlərdən səmərəli istifadə etməyə də xüsusi diqqət yetirilir.
«[Ya Məhəmməd!] De ki, Allahın öz bəndələri üçün yaratdığı zinət və təmiz [halal] ruziləri onlara kim haram buyurmuşdur?» ( Əraf-32).
* * *
Qeyd etdiyimiz kimi Quran, insanların dünyəvi həyatları ilə yanaşı axirət dünyasının mənəvi məsələlərinə də xüsusi diqqət yetirir. Bütün bunlarla yanaşı insan, yaradılış dünyasında mövcud olan varlıqlara və vücudunun əsrarəngiz sirlərinə yol tapmasına sövq olunur. Burada tək insanla Allah arasında olan rabitəyə deyil, onların bir-biri ilə ünsiyyətdə olma və qarşılıqlı həmkarlıq və ehtiram prinsiplərinə də diqqət yetirilir.
4. İQTİSADİYYATDA ƏDALƏT
Qurani-kərimdə qanuni alqı-satqı və digər müamilə üsulları halal, sələm, çəkidə və digər ölçü vahidlərində edilən kələkbazlıqlar isə haram buyurulmuşdur.
«Allah, alış-verişi halal, sələm almağı isə haram [qadağan] etmişdir.» (Bəqərə-275).
«Ey iman gətirənlər! Əhdlərə sadiq olun!» (Maidə-1).
5. HƏYAT YOLDAŞINI SEÇMƏKDƏ ƏDALƏT
Bəşəriyyətin yer üzündə çoxalaraq qalmasının yeganə amili varsa, o da evlənmək və ailə qurmaqdır. Bu səbəbdən də Allah-taala insanlara müəyyən olunmuş qanunlar çərçivəsində evlənmə əmrini vermişdir.
«[Ey möminlər!] Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməli-saleh [yaxud evlənməyə qabil] kölə və qariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah [lütf, mərhəmət] geniş olan və [hər şeyi] biləndir!» (Nur-32).
« Əgər yetim qızlarla [evlənəcəyiniz təqdirdə] ədalətlə rəftar edə biləcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan başqa qadınlardan iki, üç və dörd nəfəri ilə nikah bağlayın.» (Nisa-3).
6. RƏFTAR VƏ ÜNSİYYƏTDƏ ƏDALƏT
Quran, insanı həyat yoldaşı ilə xoş rəftar etməyə, onun maddi-mənəvi ehtiyaclarını ödəməyə və digər müsəlmanlarla, xüsusilə ata-ana, yaxın qohumlarla da gözəl rəftar etməyə dəvət edir. Başqalarına qarşı xoş rəftar etmək və səmimi ünsiyyətdə olmaq yalnız müsəlmanlara deyil, eləcə də bütün bəşəriyyətə vacib olan məsələlərdəndir.
«Onlarla [qadınlarınızla] gözəl [Allah buyurduğu kimi] rəftar edin.» (Nisa-19).
«Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar [kişilər] üzərində hüquqları vardır.» (Bəqərə-228).
«Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qohum-qonşuya, yaxın yoldaş və dostlara, [pulu qurtarıb yolda qalan] müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin. Həqiqətən Allah özünü bəyənənləri və lovğalıq edənləri sevməz.» (Nisa-36).
«Allah sənə [sərvət verməklə] yaxşılıq etdiyi kimi, sən də [varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə] yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz.» (Qəsəs-77).
«Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır.» (Əraf-56).
«Yaxşılıq edin! Allah yaxşılıq [ehsan] edənləri sevər.» (Bəqərə 195).
QURANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
Quran yaxşı işlərə dəvət, pis işlərdən çəkindirməyi müəyyən şəxslərə deyil, «ümumi nəzarət qanunu» adı altında hamıya eyni səviyyədə vacib etmişdir.
Ümumi şəkildə şamil olan belə bir qanun, ümumbəşəri bir inanc olan müqəddəs islam dininə əbədilik ruhu vermişdir.
İslam, cəmiyyətin bütün üzvlərini və hər bir ailə üzvlərini bir-birlərinin üzərində nəzarətçi və haqq-ədalətə sövq edən hidayətçi təyin etmişdir. Başqa sözlə desək, hər bir müsəlman yaşadığı cəmiyyətdə bir növ hüquq-mühafizə işçisi rolunu oynayır. O, cəmiyyətdə yaranmış fitnə-fəsadın, pozğunluğun qarşısını almalı və ictimai ədalətin bərqərar olunması üçün əlindən gələni əsirgəməməlidir.
Diqqətli olun, cəmiyyətin maddi-mənəvi maraqlarını qoruya biləcək bundan böyük, qüdrətli və təsiredici ordu yaratmaq olarmı?!
Yaşadığımız əsrdə ölkə və şəhərlərə nəzarət etmək üçün xüsusi təyinatlı polis və ordu hissələrindən istifadə olunur. Amma bununla belə, ictimai problemlərin, qanun pozğunluqlarının qarşısı tamamilə alınmır. Çünki, hər bir nəzarətçi orqan nə qədər güclü və təchiz olunmuş olsa da, daim cəmiyyətin arasında olmaq imkanına nail ola bilmir. Daha dəqiq desək, bu iş onlar üçün qeyri-mümkündür.
Amma islam «yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmək» proqramını tərtib etməklə, ümumdünya müsəlmanlarından əzəmətli könüllü ordu yaratmışdır. Belə bir ordu, kimsə tərəfindən maliyələşdirilmədən hər zaman, hər yerdə üzərinə düşən məsuliyyəti lazımınca yerinə yetirir və ictimai sabitliyin bərqərar olunması üçün tam zəmanət verir.
QURANDA BƏRABƏRLİK QANUNU VƏ ÜSTÜNLÜK MEYARI
Quranın hər şeydən daha çox əhəmiyyət verdiyi məsələ, bərabərlik prinsipləridir. Belə bir prinsipin həyata keçməsilə sinfi, irqi ixtilaflar aradan qaldırılmış, birinin digərindən güc, var-dövlət və s. baxımdan üstün tutma tərz-təfəkkürünə bir dəfəlik son qoyulmuşdur. Üstünlük meyarı isə, Quran nöqteyi-nəzərindən elm və təqva qəbul olunmuşdur. Bu haqda Quran ayələrində deyilir:
«Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır.» (Hücurat-13).
«Heç, bilənlərlə bilməyənlər [alimlə cahil] eyni ola bilərmi?!» (Zümər-9).
Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: «O böyük Allah, cahiliyyət dövründə xar və rüsvay olanlara islam kölgəsi altında, izzət və hörmət bəxş etdi. İslamı qəbul etməklə, cahiliyyət dövründəki ata-babaları və qəbilələri ilə etdikləri iftixar hisslərini kənar qoyub, birliyə, bərabərliyə nail oldular. İstər ərəb olsun, istərsə də əcəm, istər ağ olsun, istərsə də qara, bütün insanlar Adəmin övladlarıdırlar və Adəm torpaqdan xəlq olunmuşdur. Qiyamət günü Allah yanında ən hörmətliniz, pərhizkarlar [Allahdan qorxanınız] olacaqdır.» (Fürui Kafi. 2-ci cild, 21-ci fəsil).
Başqa bir hədisdə buyurur:
«Alimlərin digər insanlardan fəzilətli [üstün] olması, mənim sizlərdən fəzilətli olmağım kimidir.» (Camiussərcir. Mənavinin şərhi. 4-cü cild, 432-ci səh).
Milliyyətcə ərəb olmayan Salman Farsi öz imanı ilə hamıdan fərqlənir və məhz belə bir xüsusiyyətinə görə Peyğəmbər (s)-ın nəzərində daha da ucalır. Əhli-beyt üzvlərindən biri kimi tanınmağa başlayır. Lakin Əbu Ləhəb, Peyğəmbər (s)-ın əmisi olmasına baxmayaraq, Allaha şərik qoşduğu üçün müsəlman ümmətinin sıralarından xaric olunur.
Peyğəmbər (s)-ın tarixini mütaliə edərkən bir daha bunun şahidi oluruq ki, o böyük insan, heç vaxt öz qohum-əqrəbası, qəbiləsi ilə fəxr etməmişdir. Elm və təqvanı hər şeydən üstün tutur, insanları təkallahlığa, bərabərliyə, birliyə, qardaşlığa dəvət edirdi. Beləliklə o, qəlblərə yol tapıb cahiliyyət dövrünün qeyri-insani adət-ənənələrini vəhdət və bərabərliyə çevirdi. Bir qədər əvvəl bəzi qəbilələrə xiffət gözü ilə baxan Məkkənin əyan-əşrəfi, öz qızlarını islamı qəbul etmiş və heç bir maddi imkanı olmayan şəxslərə ərə verməyə razı olurdular.
NƏTİCƏ
Göründüyü kimi, Quranda bəyan olunan ilahi qanunlar müəyyən dövr və şəxslər üçün deyil, nazil olduğu ilk gündən qiyamət gününədək bütün bəşəriyyətə şamil olmuş və olacaqdır. Bəşəriyyətin maddi və mənəvi ehtiyaclarını təmin edən bu qanunlar həm dünya, həm də axirət xarakteri daşıyır. Bütün bunları nəzərə alaraq Məhəmməd (s)-ın haqq peyğəmbərliyinə şəkk və tərəddüdlə yanaşmaq olarmı? Bir haldakı o, yarımvəhşi və nadan bir cəmiyyətdə peyğəmbər təyin olunmuş və öz dəvətini o dövr və məkanın əqidəvi məsələləri ilə heç bir əlaqəsi olmadığı bir şəraitdə həyata keçirmişdir. Belə ki, onun risaləti ərəb qəbilələrinin təsəvvür etdiklərindən daha yüksək idi.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Əlinin (ə) ömrünün sonunda 13 mühüm vəsiyyəti
ONUNCU İMAM İMAM ƏLİYYƏN-NƏQİ (ə)
Məcnunun nəzərincə haqq kiminlədir?!
IMAM HÜSEYN ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
QEYBƏT YAXŞI ƏMƏLLƏRİ YANDIRIR, İBADƏTİ DƏYƏRDƏN SALIR
MÜAVİYƏNİN NAMAZ QILARKƏN Bismillah AYƏSİNİ UNUTMASI
İBADƏTİN ROLU
Əqli yetginlik və ya nübuvvətin sona çatmaq əlaməti.
İsveçdə etiraz aksiyası: "Hicab, sizə aid deyil"
İmam Hüseyn (ə) qiyamının hədəfi

 
user comment