Azəri
Friday 6th of December 2024
0
نفر 0

Elm biliyi və bilik elmi haqqında olub beş babdan ibarətdir

 

 

Həmin iki məsələnin mahiyyətləri haqqındadır

        Filosofların bəzisinə görə, elm, aləmin zatında məfhum olan bərabər bir surətin əldə edilməsindən ibarətdir. Bəzilərinə görə isə elm əşyanın surətinin ağıl vasitəsilə qavranmasından ibarətdir. Bir sözlə desək, elm biliyinin həqiqəti bilik (mərifət) elmindən ibarətdir; çünki bunların hər ikisi cəhlin müqabilidir. Bəziləri demişlər ki, elm iki qismə bölünür:
        Birincisi, cəhlin ardı olmayan elmdir (yəni elə elmdir ki, ondan qabaq cəhl olmamış) bu da Tanrının elmidir.
        Ikincisi, cəhldən sonrakı elmdir ki, bu bizim elmimizdir (yəni insanların öyrəndiyi elmdir). Bu sonuncu, təsəvvür və təsdiq mərhələlərinə bölünür. Belə bir elm bilik adlanır: çünki o, bir bildirəndən (öyrədəndən) asılıdır.
        Bəziləri isə demişlər ki, elm iki cürdür:
        Birisi, Hüzuri – yəni bildirmə vasitəsindən asılı olmayan elmdir. Məsələn, Tanrının bütün məfhumlar haqqındakı elmi və yaxud bizim öz varlığımız haqqındakı elmimiz belədir. Digəri Hüsuli, yəni vasitədən asılı olan elmdir. Məsələn, bizim bəzi şeylərin mahiyyətləri haqqındakı elmimiz belədir. Belə bir elmə bilik də deyilir; çünki bu elmin bir bildirənə ehtiyacı vardır.
        Sonra bəziləri demişlər ki, külliyyatı və yaxud mürəkkəb şeyləri dərk etmək elmdir, lakin təfərrüat və yaxud sadə şeyləri dərk etmək bilikdir (mərifətdir).
        Demək olmaz ki, təfərrüatın dərk edilməsi biliyə (mərifətə) xasdır, belə bir bilik tanrıya mənsub edilməzsə, belə nəticə çıxar ki, guya tanrı təfərrüatı dərk etmir; bu isə filosofların fikridir. Halbuki, tanrı külliyyat içərisindəki təfərrüatı külliyyatla birlikdə və eyni zamanda ayrı-ayrı təfərrüatın biliyindən asılı olmadan, hərtərəfli olaraq dərk edir.
        Həmçinin bəziləri demişlər ki, təfərrüatın dərk edilməsi ilə külli bir məfhum da dərk edilir; çünki külli məfhum həmin məfhumun təfərrüatının biliyindən ibarətdir. Bu mənada olan (bilik) elm adı daşıyır və insana alim deyildiyi kimi, arif də deyilir.
        Bəzi filosofların dediyinə görə, Hüzuri elm ola bilməz; çünki Tanrının elmi məfhumların mövcudiyyətindən asılıdır. Bizim öz mövcudiyyətimiz haqqındakı elmimiz isə ağıldan asılıdır və bütün elmlər hüsuli olduğuna görə Tanrıya da bilik (mərifət) isnad etmək doğrudur. Ancaq bu barədə ifratçılıq olub, şəriət rüsumu ilə bir yerə sığmaz: çünki kəlam elmində belə bir məsələ yoxdur.
        Kəşf əhli olan bəzi tədqiqatçıların dediyinə görə, bilik (mərifət) elmdən yüksəkdir; çünki, onların fikrincə, ilahiyyat haqqında məsələlər və istilahlara aid hər nə varsa, elmdir, zat və sifətlərə aid olanlar isə bilikdir (mərifətdir). Məsələnin belə qoyuluşu həqiqətin əksinədir; çünki Tanrıya öz kəlamında (Quranda) bilik deyil, elm sifəti isnad edilir və beləliklə, elm bilikdən yüksəkdir.
        Qədərilər (deteriministlər) və salehilərin bəzisi demişlər ki, bilik iymandan ibarətdir, çünki iyman təsdiqdir, təsdiq isə elmin bilik adlanan bir qismidir, Tanrının “...ancaq İyman gətirib xeyir iş görənlər” dediyindən anlaşıldığı kimi bilik bütün xeyir işlərin müqəddiməsidir.
        Bəziləri demişlər ki, Tanrının sevdiyi birinci şey bilikdir və o, (Tanrı) demişdir: “Mən gizli bir xəzinə idim və istədim ki, məni tanısınlar, bilsinlər; buna görə məxluqatı yaratdım”.


Ikinci bab

Biliyin (mərifətin) vacibliyi haqqındadır

        Bu həm ehkam, həm də ağıl vasitəsilə isbat edilmişdir. Ehkama gəldikdə, Tanrının “Mən cini və insanları ancaq ona görə yaratdım ki, mənə ibadət etsinlər”, sözü sübut ola bilər: İbadət isə həmin bilikdir. Başqa sözlə desək, xeyir işlər və onları yerinə yetirmək vasitələrinə, həmçinin günahlar və onlardan çəkinmək yollarının biliyinə aid olan hər bir şey ibadət adlanır.
        Ağıl məsələsinə gəldikdə isə, Mötəzililər və Cəhimilər ağılın ehkamdan üstün olduğunu təsdiq edirlər. Onların sübutu belədir: Allah insanı başqa varlıqlardan ona görə üstün tutmuşdur ki, insan işləri ağıl və idrak ilə idarə edir. Buna görə ağıl və idrakdan qəflət etmək, bu alətləri işlətməməyə, fəaliyyətsizliklə və etinasızlıqla bu nemətləri korlamağa səbəb olar. Yaxşısı budur ki, ağıllı adam öz yaranması işi haqqında düşünsün, öz xilqətinin əslini araşdırsın, öz mənşə və qayıdış yerinin vəziyyətini dərk etsin, öyrənmək fürsətini itirməzdən əvvəl özünü xeyir-şər yolunu bir-birindən ayırd etsin və sual-cavab zamanını nəzərindən qaçırmasın. Bunların (Mötəzililər və cəhimilərin) etiqadına görə, insanlar növ etibarilə birləşmiş eyni və öz növünə aid olan vəsait etibarilə bir-birilə ortaqdırlar. Buna görə onların arasında ancaq bilikcə fərq vardır. Biliklər isə müxtəlifdir. Biliklərin ən şanlı və ən şərəflisi onların ən çətini və ən xeyirlisidir. Bu isə ruhani səadət və insani kamaldan (inkişafdan) ibarətdir.
        Demək olmaz ki, fəsada (pozğunluğa) əməl etmək həmin fəsadın müqəddiməsinin (hazırlıq vəsaitinin) biliyindən asılıdır və fəsad nöqsan vasitələrindən hesab olunduğuna görə, ümumi şəkildə götürülmüş bilik kamal vasitəsi hesab edilə bilməz. Çünki belə bir mühakimə ona görə doğru deyil ki, məsələ ağıla (ağılın hökmünə) aid olur. Belə ki, əgər ağıl biliyə əsasən fəsad haqqında hökm verərsə, fəsaddan çəkinməsi vacib olur. Nəticədə çəkinməli şeydən çəkinmək fəsad haqqında biliyə deyil, inada (nifrətə) əsaslanmış olur.


Üçüncü bab

Biliyin (mərifətin) növləri haqqındadır

        Bilik iki növdür.
        Birincisi, dünya işlərinə, məsələn, yaşayış vəsaitinə aiddir.
        Ikincisi, din işlərinə aiddir ki, bu da iki növdür:
        Birincisi, etiqadlara, ikincisi isə ibadətlərə aiddir.
        Etiqadlar da iki növdür: birincisi, vacibə (Allaha), ikincisi isə mümkünə (yaranmışlara) aiddir. Allaha aid olan etiqadlar da iki növdür: birincisi, onun zatına, ikincisi, sifətlərinə aiddir.
        Başqa bölgüyə görə, bilik altı növdür; çünki bilik, mövcudiyyəti insanın şüurlu hərəkətindən ya asılı olan və ya asılı olmayan əşyaya aiddir.
        Birincisi, əməli, ikincisi isə nəzəri bilikdir.
        Əməli bilik üç növdür:
        Birincisi, nəfsə (fərdə) aid olan əxlaq elmidir; ikincisi, cəmiyyətin ya xırda bir hissəsinə aid olan bilikdir ki, bu, ailə idarəsindən ibarətdir, ya da bütün cəmiyyətə aid olan bilikdir ki, bu da ölkə siyasəti (idarəsi ) adlanır.
        Nəzəri bilik də üç növdür. Çünki nəzəri bilik, varlığında maddənin iştirakı ya şərt olmayan və ya şərt olan əşyaya aiddir. Birincisi, ilahiyyatdır. Məsələn, sadə və mücərrəd biliklər belədir. Ikincisi, elə əşyaya aiddir ki, onu düşünmək üçün maddə haqqında düşünmək ya nəzərə alınmır və ya nəzərə alınır. Birincisi, riyazi elmlərdir. Zahirdə varlığı olmayan ümumi məsələlərə aid biliklər buna misal ola bilər. Ikincisi isə təbiyyatdır. Mürəkkəb əşyaya aid bilik buna misal ola bilər.
        Başqa bölgüyə görə bilik iki yerə bölünür: birincisi, mahiyyət etibarilə dünya işlərinə və nəticə etibarilə axirət işlərinə aiddir. Adi sənətlər, məsələn, əkinçilik, ticarət, dərzilik və sairə buna misal ola bilər. Ikincisi isə mahiyyət etibarilə axirət işlərinə və nəticə etibailə dünya işlərinə aid olub geniş yayılmış elmlərdən ibarətdir. Məqul (rassional) və mənqul (rəvayətə əsaslanan) elmlər və ədəbiyyat buna misal ola bilər. Bütün bunların hər birisi üçün bir-birindən fərqlənən istilahlar vardır.


Dördüncü bab

Biliyin yolları (üsulları) haqqındadır

        Tədqiqatçılar məqsədə çatmaq üçün lazım olan biliyin yollarına aid müxtəlif fikirlər irəli sürmüşlər:
        Bəziləri deyirlər ki, belə bir yol ağıla əsaslanan mühakimədən ibarətdir; çünki əgər ağıl doğru-düzgün mühakimə əsasında fəsaddan və pozğun nisbətlərdən çəkinərək məntiqi mühakimənin iki müqəddiməsini istər təsdiq, istərsə də inkar nöqteyi-nəzərindən düzərsə, mütləq düzgün nəticə əldə edər. Bunlar istidlalçılardır. Əgər bu tədqiqatçılar dinlərdən birisinə tabedilərsə, mütəkəllimlər, yoxsa müşayibilər adlanırlar.
        Bunlardan ( tədqiqatçılardan) bəzisi deyirlər ki, belə bir yol nəfs riyazətindən (asketizmdən) və batini təmizləməkdən ibarətdir; çünki nəfs mahiyyətcə ruhanidir, ancaq cismani örtüklər, bədən və bədənlə əlaqədar olan maneələr bilikləri nəfsdən pərdələyir (gizlədir). Əgər bu pərdələr riyazətlərlə (asketik təmrinlərlə) aradan qaldırılaraq Tanrıya doğru istiqamət əldə edilərsə, nəfs vasitəsiz olaraq mənşədən (Tanrıdan) feyz almaq qabiliyyətinə malik olar. Beləliklə, bunlar riyazət yolunu əsas götürərək, biliklərdə ağılın rolunu tamamilə rədd edirlər. Bunlara İnkişafilər deyilir. Əgər kafirdirlərsə İşraqilər, müsəlmandırlarsa, sufilər adlanırlar.
        Bunlardan (tədqiqatçılardan) birisi olan Şəriətçilərə görə belə bir yol (üsul) peyğəmbərlərin ardınca getmək və öyrənməkdən ibarətdir. Bunlar şəriət əhlidirlər. Şəriətçilər rəvayətə əsaslanır və iki qrupdan - təvililər və tənzililərdən ibarətdirlər.
        Bunların (tədqiqatçıların) digər bir qismi deyirlər ki, belə bir yol (üsul) ağıl və ixtiyar yolundan ibarətdir. Belə bir yol bilik axtaran insanın ilahi cəzbə növlərindən birisini qavramaq qabiliyyətindən asılıdır. Cəzbə isə iki növdür: Birincisi, fövri cəzbədir. İlham və vəhy buna misal ola bilər. Bu cəzbə peyğəmbərlərə və övliyalara xasdır ki, əqli istidlallara, nəfs riyazətinə və rəvayətə əsaslanan ehkamı tədqiq etməyə onların ehtiyacı yoxdur. Beləliklə, peyğəmbərlər və övliyalar ən yüksək rütbəyə çatmışlar. Bu isə həqiqi məqam adlanır. İkincisi isə tədrici cəzbədir. Belə bir cəzbə ondan ibarətdir ki, tələb edən əvvəlcə (ilahi cəzbəni qavramağa qabiliyyəti olan ) çalışır ki, əşyada müqəddəs zat öz parlaq şəkilində aydınlaşsın; necə ki, Vadiyi-eyməndəki odda (Turi-Sina dağında) Kəlimə (Musaya), İsmayıl barəsində İbrahimə və Yusif barəsində Yaquba aydınlaşmışdı. Belə bir cəzbə nəticəsində o, (insan) Tanrıdan başqa hər bir şeyə tamamilə göz örtür. Sonra həmin cəzbə insanı surətdən mənaya (məzmuna ) keçirir, onun nəzərində olan xəyali şəkilləri və mövhum nəqşlərı aradan qaldırır və onu həqiqi məqama çatdırır. Bu isə məcazi məqam adlanır.



0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

KƏLAM MƏKTƏBLƏRİ
AXIRӘT ӘZABI
İBTİDAİ DİNLƏR (2)
DÜNYAYA BAĞLILIQ ƏQLƏN VƏ ŞƏRƏN MƏZƏMMƏT OLUNMUŞ, PİSLƏNMİŞDİR
Şükür - ürəkdə təvazökarlıq, dildə təsbih və əməldə itaət
İslаm pеyğәmbәri (s) buyurur:
HÜRRÜN TƏRAVƏTLİ CƏSƏDİ VƏ BAŞINDAKI DƏSMAL
YOL VӘ ÜSLUBLAR
SUİ-ZƏNN VƏ BƏDBİNLİYİN İCTİMAİ ZƏRƏRLƏRİ
HİNDUİZM (5)

 
user comment