Azəri
Thursday 18th of July 2024
0
نفر 0

TƏHRİFİN MƏNA VƏ NÖVLƏRİ

 

TƏHRİF NƏDİR?

Təhrif – lüğətdə bir neçə məna daşıyır. Bu mənaların bəzilərinə Quranda da rast gəlirik.

1. Əgər hər hansı bir kəlmə və ya ifadə özünün həqiqi mənasında deyil, digər mənalarda işlənilərsə təhrif olunmuş hesab olunur; Nisa surəsinin 46-cı ayəsində bu haqda deyilir:

«Yəhudilərdən bir qismi sözlərin yerini dəyişib təhrif edir...»

Biz təhrifə Qurana verilən təfsirlərdə daha çox rast gəlirik. Bir çox bidətçi və batil əqidələrin sadiq davamçıları öz əqidələrini sübuta yetirmək üçün, Quran ayələrinin təfsirində təhrifə yol verərək, öz batil əqidələrini onun üzərində tətbiq etməyə çalışmışlar. İmamlar və onların davamçıları bu məsələyə ciddi yanaşmış, Quranda təhrifə yol verməyi qətiyyətlə qadağan etmişlər. Məsələn, imam Baqirin (ə) Səd Xəyrə yazdığı məktubda deyilir: «Onlar Qurandan üz çevirib ayələrin mənalarını təhrif edirlər. Gecə-gündüz Quran oxuyar, lakin onun göstərişlərinə əməl etməzlər. Dar düşüncəli şəxslər Quranı üzündən oxumaqla zövq alar, alimlər isə ona əməl olunmadığını görəndə kədərlənərlər.» (Vafi «Namaz» fəslinin sonu, 5-ci cild, 284-cü səh.).

2. Hərf və hərəkələrdəki təhriflər;

Əgər kəlmələrdən bəzilərinin hərf və ya hərəkəsi dəyişilərsə, mənada heç bir dəyişiklik baş verməsə də təhrifə yol vermiş oluruq.

On qiraət üsulu haqda söhbət açarkən biz bu mətləbə işarə etdik. Müxtəlif səbəblər üzündən meydana gəlmiş on qiraət üsullarında bu kimi dəyişikliklərin dəfələrlə şahidi oluruq. Bu səbəbdən də onlardan yalnız birini Quranın orjinal nüsxəsi ilə tətbiq etmək mümkündür.

3. Kəlmələrdəki təhriflər;

Əgər Quranın kəlmələrindən bəzilərini oradan çıxarsaq və ya ayrı bir kəlməni oraya əlavə etsək, mənasında heç bir dəyişiklik baş verməsə, yenə də təhrifə yol vermiş oluruq.

Bu kimi təhriflər, hətta Peyğəmbərin (s) zamanında belə Qurana yol tapa bilmişdir.

Bunu sübuta yetirəcək bir neçə tarixi dəlillər vardır:

1. Osman öz xilafəti dövründə ətraf məntəqələrin valilərinin hər birinə yeni yazılmış Quranın bir nüsxəsini göndərməklə, bu nüsxənin artırılmasını və mövcud olan bütün nüsxələrin yandırılmasını əmr edir. Buradan belə məlum olur ki, Osmanın xilafəti dövründə Quranın yazılış baxımından bir-birindən fərqli nüsxələri olmuş və xəlifə qiraətdə yaranmış ixtilafları nəzərə alaraq bu nüsxələrin yandırılmasını əmr etmişdir.

2. Əbu Davud Sicistani özünün təlif etdiyi «Sünən ibni Davud» adlı kitabında, o dövrün Quran nüsxələrində mövcud olmuş ixtilafları müəyyən etmişdir.

Birincisi, Osmanın xilafəti dövründə mövcud olmuş Quran nüsxələrində, kəlmələrin oxunuş və yazılış formasında nəzərə çarpacaq dərəcədə fərq və ixtilaflar olmuşdur. Onlardan yalnız biri, Quranın Peyğəmbərə (s) nazil olmuş nüsxəsi ilə hər cəhətdən uyğun idi və xəlifə Osmanın tətbiq etdiyi Quranlar məhz bu nüsxədən köçürülmüşdür.

İkincisi, hər bir saf düşüncəli müsəlman belə bir əqidəyə əsaslanır ki, hal-hazırda hamı tərəfindən mütəvatir olaraq tilavət olunan Quran nüsxəsi, Osmanın xilafəti dövrünədək müxtəlif nüsxələrdə mövcud olmuş və bir-birindən fərqli üsullarla qiraət edilmişdir. Xəlifə Osman, bütün nüsxələrin yandırılmasını və yalnız Quranın orjinal nüsxəsinin saxlanılmasını əmr edir.

Lakin, yalnız Peyğəmbərin (s) zamanında mövcud olmuş Quran nüsxələrinin mütəvatir və sonralar yazılmış nüsxələri təhrif olunmuş hesab edən şəxslər, hətta hal-hazırda mövcud olan Quran nüsxələrini belə mütəvatir olaraq qəbul etmirlər.

Çünki, Təbəri və bu kimi əqidəyə əsaslanan bəzi müfəssirlər öz kitablarında Quranın yeddi səbkidə nazil olduğunu və Ömərin xilafəti dövründə bir yerə yığıldığını qeyd etmişlər.

4. Ayələrdəki təhriflər;

Əgər hər hansı bir ayə və ya surəni Qurana əlavə etsək, yaxud oradan çıxarsaq, məna baxımından heç bir dəyişiklik baş verməsə, həmçinin insanda həqiqi səmavi kitab olduğuna dair şəkk-şübhə yaratmasa belə, təhrifə yol vermiş olarıq. Biz bu kimi təhriflərin də Qurana yol tapdığının şahidi oluruq. Məsələn, «Bismillahir-rəhmanir-rəhim» ayəsi peyğəmbər və müsəlmanların əksəriyyəti tərəfindən Tövbə surəsi istisna olmaqla, bütün surələrin əvvəlində oxunmasına baxmayaraq, bu ayənin, Quranın bütün surələrinin bir hissəsini təşkil edib-etməməsinə dair ixtilaf meydana gəlmişdir.

Belə ki, əhli sünnə alimlərinin bir qismi «Bismillah» ayəsini Quran ayələrinin bir hissəsi hesab etmir. Hətta Maliki məzhəbinin davamçıları bir neçə yer istisna olmaqla, bu ayənin gündəlik vacib namazlarda «həmd» surəsindən qabaq oxunmasını məkruh hesab edirlər. Başqaları isə bu ayəni həmin surənin tərkib hissəsi hesab edirlər. Diqqət yetirmək lazımdır ki, bu ixtilaf yalnız əhli sünnə alimləri tərəfindən meydana gəlmişdir. Şiə alimləri isə hamılıqla, «Bismillah» ayəsini Tövbə surəsi istisna olmaqla, Quranın bütün surələrinin tərkib hissəsi hesab edirlər. Həmd surəsinin təfsirində bu barədə ətraflı söhbət açacağıq.

5. Əlavələr nəticəsində meydana gəlmiş təhriflər;

Əgər Qurana hər hansı kəlməni əlavə edəriksə, bu əlavə Quranın məna və mahiyyətinə xələl gətirərsə, və nəhayət onun əlavə olunduğu açıq-aşkar bəlli olarsa, təhrifə yol vermiş olarıq. Bu kimi təhriflər Qurana yol tapmamışdır və bu, hər bir müsəlmanın zəruri hesab etdiyi məsələlərdən biri kimi qəbul olunur.

6. Əskiltmələr nəticəsində meydana gəlmiş təhriflər.

Təhrifə səbəb olan məsələlərdən biri də, Quranın ayə və ya kəlmələrini ixtisara salmaq və ya əskiltməkdir. Belə ki, bəziləri belə bir iddia irəli sürmüşlər ki, Quran ayələri zaman keçdikcə müxtəlif amillər üzündən bəzən ixtisara düşmüş və nəticədə Quran öz orjinallığını itirmişdir.

Biz isə bu əsassız iddianı qətiyyətlə rədd edir və Quranın Peyğəmbərə (s) nazil olduğu surətdə qorunub saxlanıldığına etiqad bəsləyirik.

MÜSƏLMANLAR QURANIN TƏHRİF OLUNUB-OLUNMAMASI HAQDA HANSI ƏQİDƏYƏ ƏSASLANIRLAR

Məlum oldu ki, müsəlmanların əksəriyyəti Qurani-kərimdə istər əlavələr, istərsə də ixtisar yolu ilə təhrifə yol verildiyinə istinad etməmişlər.

Belə ki, görkəmli şəxsiyyətlərindən biri olmuş mərhum Şeyx Səduq (r.ə.) Quranın təhrif olunmamasını imamiyyə məzhəbinin ən başlıca əqidələrindən biri kimi qələmə vermişdir. Şeyxut-taifə Əbu Cəfər Tusi, özünün «Tibyan» adlı təfsirində bu mətləbə toxunmuş və bunu ustadı Seyyid Murtəza Ələmul Hudadan nəql etdiyini vurğulamışdır.

Quranın təhrif olunmaması haqda fikir irəli sürmüş digər məşhur müfəssirlərdən biri də «Məcməul-bəyan» təfsirinin müəllifi Təbərsidir. O, kitabının müqəddiməsində bu haqda ətraflı məlumat vermişdir.

Həmçinin Şeyxul-füqəha təxəllüsünü almış «Kaşiful-ğitanın» müəllifi Şeyx Cəfər, «Urvətul-vüsqa»nın müəllifi Əllamə Şəhşəhani Quranın təhrif olunmadığı haqda əsaslı fikir və mülahizələr irəli sürmüşlər. «Vafi» və «Elmul-yəqin» kitabının müəllifi mərhum molla Möhsin Feyz, «Alurrəhman» təfsirinin müəllifi Şeyx Məhəmməd Cavad da bu mətləbə böyük əhəmiyyət vermişlər.

Adları çəkilən nəzər sahibləri ilə yanaşı, Quranın təhrif olunmaması haqda fikir irəli sürmüş şəxslərə gəldikdə, Şeyx Mufidin, bütün islam elmlərinin və eləcə də bir çox dəqiq və humanitar sahələrin mütəxəssisi mərhum Şeyx Bəhaəddin Amili və Qazi Nurullah Şuştərinin adlarını xüsusilə qeyd etmək lazımdır. Şiə alimlərinin imamət barəsində təlif etdikləri əsərlərə nəzər saldıqda, Quranın təhrif olunması haqda heç bir mətləbə rast gəlmirik. Bu isə bir daha üçüncü xəlifənin dövründən sonra Quran nüsxələrində mövcud olmuş təhriflərə birdəfəlik son qoyulduğunu sübuta yetirir.

Ümumiyyətlə, Quranın təhrif olunmaması şiə alimlərinin bir çoxu, əhli sünnə alimlərinin isə bir qismi tərəfindən qəbul olunmuşdur. Bu mətləbi inkar edən varsa, onların sayı çox az və irəli sürdükləri nəzəriyyələr isə əsassızdır. Rafei bu barədə deyir: «Şəxsi nəzəri olmayan bəzi kəlam alimləri heç bir dəlil və əsasları olmadan keçmiş və eyni zamanda batil nəzəriyyəyə əsaslanaraq, Quranın təhrif olunduğuna dair heç bir məntiqə əsaslanmayan mülahizələr irəli sürmüşlər.» (Ecazul Quran 41-ci səh.).

Mərhum Təbərsi «Məcməul-bəyan» təfsirində, Quranın təhrifi haqqındakı nəzəriyyənin Həşviyyə və onun kimi heç bir məlumatı olmayan şəxslər tərəfindən irəli sürüldüyünü qeyd etmişdir.

QURANDA TİLAVƏTİN NƏSX OLUNMASI

Əhli sünnə alimlərinin bir çoxu «Peyğəmbər (s) dövründə mövcud olan Quran bir qədər fərqli idi» rəvayətinə istinad edərək, bəzi ayələrin müxtəlif səbəblər üzündən Quranda yazılmadığını iddia etmişlər. Bunu nəzərə alaraq bu məzmunda nəql olunmuş bütün rəvayətləri nəzərdən keçirir və onların irəli sürdükləri bu nəzəriyyənin nə dərəcədə düzgün olub-olmadığını araşdırmaq istəyirik. Belə ki, ayələrin bəzilərinin ixtisara salınması onun təhrif olunmasına səbəb ola bilər.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ
SUİ-ZƏNN VƏ BƏDBİNLİKLƏ MÜBARİZƏ!
SUİ-ZƏNN VƏ BƏDBİNLİYİN İCTİMAİ ZƏRƏRLƏRİ
HƏZRƏTİ ӘLI (Ә)IN ŞӘXSIYYӘTI
VƏHHABİLİK (8)
İBADƏTİN KAMİLLİK ŞƏRTLƏRİ

 
user comment