Kumeyl duasının şərhi
Hüseyn Ənsariyan
Saysız-hesabsız bitkilər, bitki orqanizmlərindəki vitaminlər insan həyatının davamında müstəsna rol oynayır. Nəbatat aləminin əsl dəyəri yalnız Allaha mə`lumdur. Bitkilər də başqa mövcudlar kimi “kulli şəy’’”ə , yə`ni duada zikr olunan “hər şeyə” aiddir. Demək, nəbatat da ilahi rəhmətə bürünmüşdür.
Havanın tərkibində olan oksigen bütün canlı orqanizmlərin hərarətini qoruyan əsas amildir. Nəfəs alınan zaman oksigen ciyərə daxil olub qana qatılır. Qan tənzimləyən sistem bu oksigeni orqanizmin bütün nöqtələrinə çatdırır. Oksigen müxtəlif hüceyrələrdəki qidanı alışdıraraq həyat üçün zəruri olan enerjini istehsal edir. Bu prosesdə yaranan zəhərli karbon qazı qan vasitəsi ilə ağ ciyərə qaytarılır və tənəffüs yolu ilə havaya xaric olur.
Burada belə bir sual yaranır: bütün canlı orqanizmlər oksigeni qəbul edib karbon buraxmaqla məşğuldurlarsa, nə üçün atmosferdəki oksigen tükənmir – hər bir insan sutka ərzində tənəffüs vasitəsilə 250q. xalis karbon xaric edir. Təsəvvür edin ki, altı milyard insan və bir o qədər də heyvan fasiləsiz olaraq havanı karbon qazı ilə zəhərləyir. Bəs bu zəhərli qazlar hara gedir?
Allah-Taala öz rəhməti sayəsində bu müşkülü asanlıqla həll etmişdir. O, insanın tənəffüs prosesinin tam ziddinə olan tənəffüsə malik nəbatat aləmini yaratmışdır. Bu aləm insan nəslinin əksinə olaraq tənəffüs zamanı karbonu qəbul edib, havaya oksigen qaytarır. Nəticədə havanın tərkibindəki oksigen-karbon nisbəti nizamlanır.
Bitkilər yarpaq vasitəsilə havadan karbonu qəbul edir. Bitki orqanizminin mühüm bir hissəsini karbon tutur. Bəli, ilahi rəhmət hər bir bitki yarpağını belə əhatə etmişdir. Bitkinin gövdəsi, budaqları, yarpaqları, qönçələri, çiçəkləri ilahi rəhmət ağuşundadır. Bunu görməyən kəs kor, bunu düşünməyən kəs cahildir. İnsan Allahın ona verdiyi əql vasitəsilə ətrafdakı bütün ne`mətlərdən öz ehtiyaclarını ödəmək üçün istifadə edir.