Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,hicri-qəməri tarixi ilə bugün Zil-hiccə ayının biridir. Zil-hiccənin ilk günü islam tarixindən baş vermiş mübarək bir hadisənin şahididir. Belə ki, bu gündə Müsəlmanların birinci İmamı Əli ibni Əbu-Talib (əleyhi səlam) və əziz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) qızı həzrəti Fatimeyi-Zəhra (ə) evlilik həyatına qədəm qoymuşlar.
Əbu-Bəkr ibni Əbu-Quhafə və Ömər ibni Xəttab həzrəti Əlidən (əleyhi səlam) öncə həzrəti Fatimə (səlamullahi əleyha) üçün Peyğəmbəri Əkrəmin(səlləllahu əleyhi və alih) yanına gəlib elçilik edəndə, Allahın (cəllə cəlaluh)Rəsulu (səlləllahu əleyhi və alih) onlara "Mən bununla bağlı vəhy gözləyirəm" deyə cavab verdi.
Həzrəti Əli (əleyhi səlam) gəldikdə isə Allahın elçisi sevinib, "Allahu Əkbər" dedi. Bu mübarək hadisə ilə bağlı nəql edilmiş hədislər açıq aydın göstərir ki, bu iki məsumun izdivacı İlahi bir hökm əsasında baş tutmuşdur.
Doğrudur ki, Qurani-Kərimdə Möminlərin Əmiri (əleyhi səlam) ilə həzrəti Fatimənin (əleyhi səlam) izdivacı barədə birbaşa dəlalət edən ayə yoxdur. Lakin Məsumlardan buyurulan səhih təfsir və təvil yolu ilə bu mübarək hadisəni çatdıran bir neçə ayəni təqdim etmək mümkündür.
Elə Fatimeyi-Zəhra (səlamullahi əleyha) ilə bağlı nazil olan "Kövsər" surəsi və onun sonuncu ayəsi buna şahiddir
"Biz sənə çoxlu xeyir verdik. Buna görə namaz qıl və (təkbir deyərkən) əllərini (baş barmağını) boğazına (qədər) qaldır . Sənin düşməninin özü sonsuzdur"
Sonuncu ayə həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbəri övladı olmadığına görə sonsuz adlandıran As ibni Vaillə bağlıdır. O Peyğəmbərə sonsuz dedikdə Allahın (cəllə cəlaluh) Rəsulu narahat olur. Bundan sonra surə nazil olaraq, Peyğəmbərə sən sonsuz olmayacaqsan, sənin nəslin həzrət Əli (əleyhi səlam) və həzrət Fatimə (əleyhi səlam) vasitəsilə davam edəcəkdir.
Bəzi təfsirçilərin rəyinə görə, Rəhman surəsində isə bu mübarək evlilik belə təsvir edilir:
"İki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı)..... Onlardan (o iki dənizdən) inci və mərcan çıxar." (Rəhman surəsi 19 və 22-ci ayələr)
Bəzi alimlər, mərcan və incini isə İmam Hüseyn və İmam Həsənlə bağlı olduğunu bildirirlər.
Rəhman sürəsinin 19 və 22-ci ayələrinin təvili haqda gələn hədisdə belə buyurulur: “Yəhya ibn Səid Qəttan deyir: İmam Sadiqdən (əleyhi səlam) eşitdim ki, “İki dənizi O qovuşdurdu” «مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيانِ» ayəsinin təfsirində buyurdu: «Əli və Fatimə hər ikisi dərin bir dəryadılar (okean). Onlar heç zaman biri digərisinə zülm etməzlər.»Onlardan (o iki dənizdən) inci və mərcan çıxar«يَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَ الْمَرْجان». İnci və mərcandan məqsəd isə bu iki dəryadan çıxan Həsən (əleyhi səlam) və Hüseyndir (əleyhi səlam).”
(Şeyx Səduq, Xisal kitabı, cild 1, səh. 65 və Əli ibn İbrahim Quminin “Təfsir Qumi” kitabı, cild 2, səh. 344 )
Qeyd olunan hədis Əhli Sünnət mənbələrində də zikr olunub və “O iki dərya arasında bərzəx (maneə) vardır” «بَيْنَهُمابَرْزَخٌ»ayənin bariz misalını İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) olduğunu bildiriblər.
(Ubeydullah ibn Əhməd Həsəkani, “Şəvahidul Tənzil Liqəvaidil Təfzil” kitabı, cild 2, səh. 284 və Cəlaləddin Syuti, “Durrul Mənsur fi Təfsiril Məsur” kitabı, cild 6, səh. 142 – 143.)
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : abna