Qurani-Kərim:
“Nəfsini (günahlardan, mənəvi xəstəliklərdən) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha, mənəvi çirkaba) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”.
Bəli, şəhvani hisslərin və atifələrin mənbəyi olan nəfs insanı səadətə doğru yönəltməklə yanaşı, onu yolundan azdıraraq bədbəxtliyə və fəsada sürükləməyə qadirdir.
Əqlin rolu nədən ibarətdir
Əql insan həyatında nəfs kimi hakim rolunu oynamır. Onun vəzifəsi yalnız dərk etmək və qiymətləndirməkdən ibarətdir. Məsələn, əql işgüzarlıq və fədakarlığın müsbət, tənbəlliyin isə mənfi sifət, həmçinin ədalətin yaxşı, zülmün isə pis əməl olduğunu dərk edir. Lakin nəfs daim özünə mövqe seçərək bütün ixtiyarı ələ almağa cəhd göstərir. Əqlin dediklərini qəbul edib, onlara əməl etmək, yaxud əksinə olaraq başqa bir səmtə yönəlmək nəfsin əlindədir.
Qurani-Kərimdə bu haqda belə buyurulmuşdur:
“(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə təkəbbür üzündən onları inkar etdilər”.
İlk öncə əqlləri onlara əsil həqiqəti və vacibliyi göstərsə də, onlar bilə-bilə həmin həqiqətləri inkar etdilər. Buna səbəb isə nəfsi istəklərin, şəhvani hisslərin onlara əqllərinin dediklərinə əməl etməkdə mane olması idi. Başqa bir ayədə isə Allah-təala bu həqiqətə belə işarə etmişdir:
“Ey kitab əhli, nə üçün bilə-bilə haqqa yalan donu geyindirir və doğrunu gizlədirsiniz?”
Diqqət edin və düşünün! Onlar həqiqəti bilirlər. Əqlləri onlara doğru yolu göstərməyinin müqabilində nəfsi istəkləri və şəhvətləri onları əqlin dediklərindən sapınmağa və əsil həqiqəti gizlətməyə vadar edir. Bundan əlavə, bir çox hədislər və misallarda qeyd edilir ki, əql, hətta, nəfsin əlində aciz bir alətə çevrilə də bilər.
Qəribədir! Əzəmətli bir qüvvə olan əql nəfsin təsiri ilə aciz bir alətə çevrilir. Sanki nəfsi istəklərin fırtınası onu dəryada üzən qayıq kimi müxtəlif səmtlərə sürükləyərək istədiyi vaxt ondan istifadə edər.
Nəfsə diqqət yetirməyin zəruriliyi
Bəzi insanlar əqllərinin kamilləşməsinə xüsusi diqqət yetirərək müxtəlif məlumatlar və fikirlər əldə etməklə onu gücləndirirlər (zənginləşdirirlər). Digərləri isə cisimlərini bəsləməyə daha çox üstünlük verərək onu daim dadlı təamlar və başqa ləzzətlərlə, rahatlıq gətirən vasitələrlə təmin edirlər. Laikin təəssüflər olsun ki, insanların əksəriyyəti öz nəfslərini unudaraq onu islah etməyə əhəmiyyət vermirlər. Məlumdur ki, nəfs sağlam olmadıqda əqlin və cismin heç bir dəyəri olmaz. Belə ki, nəfs xəstə olduqda əqldən sui-istifadə edər və bununla cismi də uçuruma yuvarlayar.
Keçmiş tarixə və yaxud müasir həyata nəzər yetirdikdə bəzi insanlar əqli və elmi baxımdan yüksək səviyyəyə çatmalarına, dərin biliyə yiyələnmələrinə baxmayaraq, bədbəxtliyin və mənəvi pozğunluğun ən son pilləsinə enmələrinin şahidi olarıq. Bu həqiqətə sübut olaraq İblisi misal gətirmək mümkündür. Onun bu qədər alçalması, bədbəxtliyə düçar olması elminin azlığındanmı baş vermişdir? Əlbəttə ki, xeyir...
İblisin başına gələnlər onun elminin azlığı səbəbi deyil, əksinə o, bu sahədə digərlərindən daha üstün və bizim bilmədiyimiz bir çox şeylərdən xəbərdar olan böyük bir alim idi. Bu halda onun cəzalandırılmasına hansı amilin səbəb olduğu sualı meydana çıxır. Allah-təala bu haqda Qurani-Kərimdə belə xəbər verir:
“(Allah İblisə:)Mən sənə səcdə etməyi əmr etdikdə buna nə mane oldu? –deyə buyurdu. (İblis:)Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın! –dedi”.
Buradan məlum olur ki, İblisi uçuruma yuvarladan onun təkəbbürü olmuşdur. Şübhəsiz ki, təkəbbürlük də əqli deyil, nəfsi xəstəlik olduğundan o, bu məsələdə öz elmindən faydalana bilərdi. O cümlədən azğınlığa və bədbəxtliyə düçar olmuş insanların əksəriyyəti də elmlərinin azlığından deyil, məhz nəfslərinin xəstə olması üzündən bu kimi acı nəticələrlə qarşılaşmışlar.
Burada İmam Əli(ə)-ın gözəl bir kəlamı öz yerini tapır. O Həzrət buyurmuşdur: “Nəfsini islah etməyən şəxs əqlindən faydalana bilməz”.
Başqa bir kəlamında isə İmam (ə) belə buyurmuşdur:
“Həvayi-nəfsindən uzaqlaşan şəxsin əqli sağlam olar”.
Nəfsi xəstəliklərin əqlə təsir etməsinə gəldikdə isə o Həzrət buyurmuşdur:
“Bilin ki, uzun-uzadı arzular əqli aradan aparar…”.
“İnsanın özünü bəyənməsi onun əqlinə həsəd aparan şeylərdən biridir”.
Buradan məlum olur ki, nəfsin islah olunması məsələsinə böyük əhəmiyyət verilməlidir. Çünki nəfs təkəbbürlük, lovğalıq, şöhrətpərəstlik, qorxaqlıq, tənbəllik, kin-küdurət və digər bu kimi xəstəliklərə düçar olarsa, artıq heç bir şey bunun qarşısında fayda verməz. Allah-təala bu haqda Qurani-Kərimdə buyurmuşdur:
“Yer üzündə haqsız yerə təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam”.
Yəni onlar nəfsləri təkəbbürlük xəstəliyinə düçar olduğundan iman gətirməyə, hidayət olmağa müvəffəq olmazlar.
İmam Həsən ibn Əlinin (ə) nəsihətlərindən
O Həzrətin ömrünün son günlərində (vəfatından öncə xəstə olduğu ərəfədə) Cünadə ibn Əbi Üməyyə ona: Ey, Peyğəmbər övladı, mənə nəsihət et- deyə müraciət etdikdə, İmam (ə) buyurdu:
“Bəli, (Ey Cünadə) səfərə çıxmağa (ölüm səfərinə) hazırlaş, əcəlin çatmazdan əvvəl azuqəni topla və bil ki, sən dünyanın (dünya malının) ardınca getdiyin halda ölüm də, sənin ardınca gəlir. Gələcək gününün fikrini, hazırda olduğun günündən əvvəl çəkmə”.
“Bil ki, dünyanın halalında sorğu-sual, haramında cəza və şübhəli (halal və ya haram olması bilinməyən) şeylərdə isə töhmət vardır (yəni Axirətdə insanı dünyanın halal nemətlərindən istifadə etdiyinə görə sorğu-sual, haramlardan istifadə etdiyinə görə cəza və şübhəli şeylərdən istifadə etdiyinə görə isə töhmət, məzəmmət gözləyir)”.
“Dünyan (dünyanla bağlı işlərin ) üçün elə çalış ki, sanki əbədi yaşayacaqsan. Axirətin üçün isə elə çalış ki, sanki sabah öləcəksən (yəni dünya işlərində tələsməyə bilərsən. Lakin Axirətlə bağlı işlərini heç zaman təxirə salmamalısan)”.
“Əgər qohum-əqrəbanın köməyi olmadan izzət və ehtiram, həmçinin hökmdar olmadan əzəmət və nüfuz qazanmaq istəyirsənsə, onda Allah-təalaya asi çıxmaq zillətindən qurtulub Ona itaət etmək şərəfinə nail ol”.[102]
İmam Mühəmməd Baqirin (ə) nəsihətlərindən
İmam Baqir (ə) yaxın tələbələrindən biri Cabir ibn Yəzid əl-Cöfiyə nəsihət edərək buyurmuşdur:
“Sənə beş xüsusiyyəti tövsiyə edirəm: Sənə zülm edilsə də, zülm etmə və sənə xəyanət edilsə də, xəyanət etmə. Təkzib olunduqda (dediklərini inkar etsələr) qəzəblənmə. Tərif olunduqda fərəhlənmə və məzəmmət olunduqda isə təşvişə düşmə. Haqqında deyilənlər barədə düşün. Əgər bu deyilənləri (mənfi xüsusiyyətləri) özündə görsən, onda (bil ki,) haqqa qəzəblənməklə, böyük və əzəmətli Allahın yanında alçalmağın sənin üçün insanların nəzərindən düşməkdən daha ağır olar. Əgər haqqında deyilənlər səndə olmasa, onda cismini əziyyətə salmadan savab qazanmış olarsan”.
“Bil ki, sən, yalnız o zaman bizim dostumuz sayılarsan ki, yaşadığın ölkənin əhli hamılıqla sənə: pis insansan, dedikdə, bu səni kədərləndirməsin, həmçinin sənə: yaxşı insansan, söylədikdə də bu səni fərəhləndirməsin. Hər halda yaxşısı budur ki, özünü Allahın kitabı ilə üz-üzə qoy. Onun göstərdiyi yolu gedib, çəkindirdiklərindən çəkinib, təşviq etdiyi işlərə rəğbət bəsləyib və qorxutduğu şeylərdən qorxduğunu hiss etdiyin halda isə (bu yolda) möhkəm, sabitqədəm ol və fərəhlən. Bu halda haqqında deyilənlər də sənə ziyan etməz. Yox əgər Qurana müxalifsənsə, onda səni öyündürən nədir?”
“Həqiqətən, mömin nəfsinin öz şəhvani istəklərinə qalib gəlməsi üçün daim ona qarşı mübarizə aparar. Bəzən o, nəfsinin xətalarını düzəldərək Allah eşqinə onun şəhvani istəklərinə müxalif çıxar, bəzən isə nəfsi ona üstün gələr və o, həvayi-nəfsinin ardınca gedər. Allah-təala onu ucaltdıqda ruhlanar, xətalarını bağışladıqda (Allahın əzabını) xatırlayaraq tövbə etməyə üz tutar və qorxuya düşər. Qorxusu artıqca isə düşüncə və biliyi də artar. Odur ki, Allah-təala buyurmuşdur: “Allahdan qorxanlara şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünər və dərhal (gözləri açılıb) görən olarlar”.
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.
source : sibtayn