İmam Əli əleyhis-salamın (səhabələrini danlayıb məzəmmət etdiyi və özünün bəzi sifətlərinə işarə etdiyi) kəlamlarındandır.
Ey bədənləri görünən və ağılları isə özlərinə gizlin olan (bir-birilə həmrəy olmayan) dağınıq qəlbli cürbəcür insanlar! Sizi böyük mehribanlıqla haqqa doğru yönəldirəm, ondan keçi şirin səsindən hürkən kimi hürkürsünüz. Sizlərin köməyi ilə gizlin ədaləti aşkar etməyim və ya (azğınların) əydikləri haqqı düzəltməyim nə qədər də çətindir! İlahi, Sən bizim işlərimizdən (döyüş və toqquşmalardan) agahsan. Bunlar nə hakimiyyətə, xəlifəliyə meylə, rəğbətə və nə də dünya malından bir şeyə sahib olmağa görədir, (şəhərlərdə fitnə-fəsad yayıldığına, camaata zülm, sitəm edildiynə, halalla haram dəyişdiyinə görə) Sənin (dəyişmiş dininin) nişanələrini qaytarmağımız, zülm görmüş bəndələrin əmin-amanlıqda, rahat olması, pozulmuş hökmlərin icra olunması, şəhərlərini islah edib asayişi bərqərar etməyimiz üçündür. İlahi, mən haqqa çatan, onu eşidən və qəbul edən ilk şəxsəm. Allahın Peyğəmbərindən (səlləllahu əleyhi və alihdən) başqa heç kəs namazda məndən öndə olmayıb.[1]
Sizlər (məndən əvvəlki xəlifələrin tutduğu yoldan) bildiniz ki, camaatın namusuna, canına, qənimətlərə və İslamın hökmlərinə hakim, müsəlmanlara İmam olana paxıllıq yaraşmaz ki, onların malını toplamağa tamah sala. Nə də cahil olmalıdır ki, öz cahilliyi ucbatından onları azğınlığa salsın, nə zalım olmalıdır ki, öz zülmü ilə onların kökünü kəsib pərişan etsin. Nə də günlərin dəyişməsindən qorxmalıdır ki, bir dəstəyə yoldaş olub başqasını xar etsin (güclülərin dostu olub möhtacları saymasın), nə hökm üçün rüşvət alan olmalıdır (mal alıb haqqı batil və batili haqqa çevirməsin) ki, xalqın haqqı tapdanaraq şəriətin hökmü bəyan edilməsin, nə də Həzrət Peyğəmbərin yolunu getməyənlərdən olsun ki, ümmət onu öldürsün.
132-ci xütbə
İmam Əli əleyhis-salamın (Allah-təalaya şükr və Onun bəzi sifətlərinə işarə etdiyi) xütbələrindəndir.
Şükr edirik Allaha, aldığı, verdiyi, ehsan etdiyi və sınadığı hər bir şey üçün.[2] Odur hər gizlin şeydən agah və hər sirri, fikri bilən, sinələrdə gizlənənləri, gözlərin oğrun-oğrun baxdıqlarını görən (xırdanı və bütövü, aşkarı və gizlini əhatə edən). Şəhadət verirəm ki, Ondan başqa Allah yoxdur və Məhəmməd (səlləllahu əleyhi və alih) Onun tərəfindən seçilən və peyğəmbərlik veriləndir. Elə bir şəhadət ki, aşkarı gizlini ilə və ürək dillə razıdır (dildə deyib ürəkdə inanmayanlardan deyilik).
Bu xütbənin (dünyanın vəfasızlığı barədə və təqvaya, pərhizkarlığa dair vəsiyyətin olduğu) bir hissəsidir
Allaha and olsun, çox mühüm mətləbdir. Həqiqətdir, haqdır, oyun və zarafat deyil, doğrudur, yalan deyil. Bu mühüm mətləb çağırdığına eşitdirən, qovduğunu tələsdirən ölümdən başqa bir şey deyil. Camaatın çoxluğu (onların sərvəti, hökmranlığı və bər-bəzəkləri) səni aldatmasın. Səndən əvvəl olan və var-dövlət toplayıb yoxsulluqdan, kasıbçılıqdan uzaq duran, uzun-uzadı arzular bəsləyərək işin sonuna əmin olan və ömrünün başa catacağını güman etməyən şəxsə ölümün necə çatdığını, onu vətənindən oğurladığını, istirahət yerindən çıxardığını, ölüm çubuqlarında (tabutda) daşındığını, camaatın onu bir-birinin əlindən aldığını, çiyinlərinə götürərək barmaqları ilə saxladıqlarını görmüsən. Görmədinizmi, çoxlu arzularda olanların, möhkəm binalar tikərək çox var-dövlət toplayanların gor evində necə yaşadıqlarını, yığdıqlarının zay olduğunu, mallarının irs sahiblərinə çatdığını, arvadlarının başqalarına ərə getdiklərini? Nə yaxşı işlərini (ibadət və bəndəliklərini) artıra, nə də pis işlərinə (törətdikləri günaha) görə üzrxahlıq edib razılıq uma bilirlər. (Çünki öləndən sonra tövbə və qayıdış qəbul edilmir.) Hər kim təqvanı və pərhizkarlığı ürəyinin şüarına çevirdisə, xeyir əməllərdə başqalarından önə keçdi və əxlaqını xilas etdi. Təqvanın, pərhizkarlığın bəhrələrini qənimət bilin və cənnəti nəsibiniz edən işlər görün. Çünki dünya qalmağınız və yaşamanız üçün yaradılmayıb. Əbədi məkanda (axirətdə) sərf etmək üçün özünə yol azuqəsi toplamaqdan ötrü bir keçiddir. Belə ki, (ondan köçməyə) tələsənlərdən olun (çünki onda süstlük qəflətə və mənzil başından qalmağa səbəb olur) və ayrılmaq üçün atlarınızı hazırlayın (nicat tapıb getməyə hazır olmaq üçün Allahın və Peyğəmbərin göstərişlərinə əməl edin).
133-ci xütbə
İmam Əli əleyhis-salamın (Allah-təalaya sitayiş barəsində) xütbələrindəndir.
Dünya və axirətin itaəti və cilovu (təvazökarlığın son həddi ilə) Allah-təalanın qüdrətinin əlindədir. (Sarvan dəvənin cilovunu istədiyi tərəfə çəkdiyi kimi, Onun da istədiyi şey olar.) Göylər və yerlər öz açarlarını Ona təhvil vermişlər (Ondan başqa qeyrisinin onlara təsiri və sahibliyi yoxdur). Yamyaşıl ağaclar hər səhər erkən Ona səcdə qılırlar (dilə gələrək Ona sitayiş edirlər). Onun əmrilə ağaclar budaqlardan işıq saçan (şöləli) alovlar yandırar.[3] Və həmin ağaclar Onun iradəsi, təkvini əmrləri ilə yeməli, yetişmiş meyvə verirlər.
Bu xütbənin (Qur’ani-Kərimin əzəməti barədə)
bir hissəsidir
Sizlərin aranızda olan Allah Kitabı dili yorulmaq bilməyən natiq (dünya və axirətin hər bir şeyi, mövzusu barədə yol göstərir), dirəkləri xarab olmayan bir ev (həmişə qalacaqdır və məhv olası deyil), dostları məğlub olmayan qalibdir (onun ardınca gedənlər həmişə əziz və hörmətlidirlər).
Bu xütbənin (Həzrət Peyğəbmərin vəsf edildiyi)
bir hissəsidir
Allah-təala heç bir peyğəmbərin qalmadığı, söz davası, çəkişmə və mücadilənin (müxtəlif əqidə və fikir ayrılıqlarının) olduğu bir zamanda Həzrət Peyğəmbəri göndərdi. (Çünki cahiliyyət dövründə bir dəstə bütlərə, başqa dəstə şeytana, ayrı dəstə günəşə, bir tayfa Həzrət Məsihə və başqalarına sitayiş edirdilər.) Onu bütün peyğəmbərlərdən sonra gətirərək vəhyə o Həzrətlə xitam verdi (ondan sonra peyğəmbər göndərmədi). O böyük şəxsiyyət Allahdan üz döndərib uzaqlaşanlarla və Ona oxşar, tay tutanlara qarşı Allah yolunda cihad etdi.
Bu xütbədən (dünyanı görmək və axirəti istəmək barəsində) bir parçadır
Dünya qəlbi korların görməklərinin son həddindən başqa bir şey deyil. O, arxasında nə olduğunu görmür (dünyadan köçərək əbədi saraya gedəcəyinə inanmır). Gözüaçıq insanlar isə gözünü düzgün açıb onu (faniliyini və puçluğunu) görür və onun arxasında başqa bir sarayın olduğunu bilirlər. Deməli, gözüaçıq nəzər salaraq dünyadan uzaqlaşar (ona ürək bağlamaz), korun isə bütün diqqəti onda olar. Görən (dünyanın qalmaq yeri olmadığını bildiyindən) ondan (axirət səfəri üçün) azuqə toplayar (təqva və pərhizkarlığı seçər), kor isə (dünyanı əbədi məkan təsəvvür etdiyinə görə) onun üçün azuqə yığar (var-dövlət toplamaq üçün Allahın və Peyğəmbərin göstərişlərinə göz yumar).
Bu xütbənin (Allahın Kitabına söykənmək barədə) bir hissəsidir
Bilin ki, o (kor qəlbli dünyapərəst), yalnız həyatda yaşamaqdan başqa sahib olduğu hər şeydən doyar, usanar. Çünki ölümdə rahatlıq tapmaz (dünyada Allahın və Peyğəmbərin əmrlərinə uyğun rəftar etmədiyinə görə ölümdən sonra rahatlıq tapmaz). Dünyada bəsirətli olmaq (ölümdən sonra olanlara inanmaq) hikmət mislində olmaqdan başqa bir şey deyil. O, kor qəlb üçün həyat və yaşayış, kor göz üçün bəsirət, kar qulaq üçün eşitmə, (ilahi rəhmətə susayan) təşnə üçün doymaq deməkdir. Onda (dünyadan) tam ehtiyacsızlıq və (əzabdan) sağlamlıq var. (Sizin qurtuluş və nicat yolunuz) Onun vasitəsilə (haqqı) gördüyünüz, danışdığınız və eşitdiyiniz Allah Kitabıdır. (Qur’ani-Kərimdir). Onun bəzi hissələri digər bəzi hissələrindən danışır (onun ayələrindən bir qismi başqa ayələri izah edir) və bəziləri isə bəzi başqalarının şahididir. (Bir ayənin məqsədini başa düşmək üçün başqa bir ayə sübut gətirilir.) (Buna görə də) Qur’anın ilahi maarif və ehkamda ixtilafı yoxdur, öz ardınca gələni, mömini Allahdan ayrı salmır. (Əksinə, onu hidayət və qurtuluşun əsas yoluna çıxarır.) Siz (əlinizdə belə böyük yol göstərən olduğu halda) öz aranızda kin saxlamaq üçün birləşmisiniz və heyvanlarınızın peyinində ot bitib. (Sizin bir-birinizlə dostluğunuz üzdə yam-yaşıl, əslində isə iyli, əziyyətverici təzək üstündə bitib və heç kəsin meyl salmadığı ot kimidir). Arzuların dostluğuna görə bir-birinizlə dostlaşdınız və var-dövlət toplamaq üstündə düşmənçilik etdiniz. Sizləri çirkin olan şeytan heyran, səfil etmiş və (nəfsi-əmmarə ilə) aldadaraq azdırmışdır. Özüm və sizlər üçün (şeytanın şərindən və nəfsi-əmmarədən xilas olmaqdan ötrü) Allahdan kömək istəyirəm.
134-cü xütbə
İmam Əli əleyhis-salamın Ömər ibn Xəttab rumlularla döyüşə gedərkən o böyük insanla məsləhətləşdiyi vaxt buyurduğu kəlamlarındandır.
Allah İslam əhlinin sərhəd və hüdudlarını qorumağa, övrətlərini (düşmənin bilməməli olduğu şeyləri) örtməyə zamin olmuşdur. Allah az olduqları və (düşməndən) intiqam ala bilmədikləri vaxt onlara yardım etdi. Az olduqları və özlərini qorumağa gücləri olmadığı vaxt onları yenilməkdən saxladı. (İslamın ilk illərində bugünkü kimi saysız-hesabsız əhaliyə, gücə-qüdrətə malik olmayan müsəlmanlara kömək edən Allah indi də yardımçı olacaq. Çünki) diridir və heç vaxt ölməyəcək. (Deməli, döyüş meydanına getmə. Çünki) sən özün bu düşmənə (Rum qeysəri və qoşunlarına) doğru gedib onlarla görüşdə məğlub olsan, ucqar şəhər və sərhədlərdəki müsəlmanlar üçün pənah yeri qalmayacaq. Onların (fitnə-fəsadın qarşısını almaq üçün) səndən sonra müraciət etməyə yerləri yoxdur. (Məsləhət budur ki, sən burada qalasan və öz yerinə) onların üstünə bir müharibə görmüş igid göndər. Döyüşün bəla və çətinliklərinə taqəti olan, öyüd-nəsihət eşidənləri onunla yola sal. Əgər Allah-təala (ona) zəfər yetirsə, bu elə sənin istədiyin olacaq. Başqa bir hadisə baş versə, sən müsəlmanların köməyi və pənahı olacaqsan (yenidən qoşun toplayıb onlarla döyüşə göndərə bilərsən).
135-ci xütbə
İmam Əli əleyhis-salamın kəlamlarındandır. O böyük şəxsiyyətlə Osman arasında mübahisə baş verdikdə Müğəyrə ibn Əxnəs Osmana dedi: «Mən səni müdafiə etməyə onun üçün kifayət edərəm».[4] Sonra İmam əleyhis-salam ona buyurdu:
Ey özündən sonra övladı qalmayanın, Allahın rəhmətindən qovulmuşun oğlu![5] Ey köksüz-budaqsız şəcərənin (layiqli əsil-nəsəbi olmayanın) oğlu! Sən özünü mənimlə bərabər sanırsan?! Allaha and olsun ki, sənin dost olduğun kimsəyə Allah uğur və zəfər nəsib etməz, ayaq üstə saxladığın kimsə dayanmaz. Məclisimizdən bayıra çıx, Allah xeyir və yaxşılığı səndən uzaq etsın! Öz səylərinə (və düşmənçiliyinə) son qoy. (Mənimlə) mehribanlıq etsən, Allah rəhmətini sənə şamil etməsin.
136-cı xütbə
İmam Əli əleyhis-salamın (bey’ətdən məqsədləri müqəddəs İslam dinini yaymaq deyil, hakimiyyət və dünya malı toplamaq olan səhabələrinə buyurduğu) kəlamlarındandır.
Sizin mənimlə bey’ətiniz fikirləşmədən və düşüncəsiz deyildi.[6] Mənimlə sizin işiniz bir deyil. (Çünki) mən sizi Allah (dini qaydaların yayılması) üçün sizsə məni özünüz (dünyanızın bəhrələrini əldə etmək) üçün istəyirsiniz. Ey camaat, öz nəfsinizlə mübarizədə mənə kömək edin (nəfsi istəklərinizin ardınca getməyib mənə itaət edin). Allaha and olsun, məzlumların haqqını zalımlardan almaq üçün ədalət və insafla hökm verəcəyəm. Zalımı (dəvənin burnuna həlqə keçirib cilovunu çəkdikləri kimi) burnunun halqasından dartıb ona meyli olmasa belə, haqqın su arxına çatdırana qədər gətirəcəyəm (zülmkarı zəlil və xar edəcəyəm ki, zavallıların haqqını ondan alım).
137-cü xütbə
İmam Əli əleyhis-salamın Təlhə və Zübeyr barədə (bey’əti pozduqdan sonra, Osmanın qətlini onun adına çıxmaları barədə sözlərini rədd edərkən) buyurduğu kəlamlarındandır.
Allaha and olsun! Haram işi (adıma çıxmağı) məndən əsirgəmədilər (Osmanın öldürülməsi və onun qətlinə razılığı yalandan mənim adıma çıxdılar) və mənimlə özləri arasında insafla, ədalətlə rəftar etmədilər. (Çünki insafları olsaydı, iddialarının puçluğu aydın idi. İddialarının səhvliyi bundadır ki,) özlərinin tərk etdikləri haqqı və tökdükləri qanı (məndən) tələb edirlər. Əgər mən bu qanın tökülməsində (Osmanın qətlində) onlarla birgə iştirak etmişəmsə, onlar da bundan faydasız qalmayıblar.[7] Əgər mənsiz bu işi görüblərsə, onda özlərindən başqa heç kim sorğu-sual edilməməlidir.[8] İlk ədaləti bu olsun ki, ədalətlə hökm verməyi özlərində icra etsinlər. Bəsirətim və gözüaçıqlığım mənimlədir, (əmələ zidd olan sözün ziyanını bilirəm və buna görə də kimsəni) səhvə yönəltmədim (Təlhə və Zübeyr kimi bir söz deyib əksinə iş görmədim) və (onların ardıcılları kimi) səhv yola salınmadım. Onlar zülmkar və günahkar bir dəstədirlər. (Həzrət Peyğəmbərin mənə xəbər verdiyi kimi) Qara gil (gil saf suyu bulandırdığı kimi ümmətin dincliyini əlindən alan fitnə-fəsad), əqrəb zəhəri (kin və düşmənçilik) və zülmət şübhəsi (nadanlıq və azğınlıq) onlardadır. Bu iş (camaatı çaşdırdıqları Osmanın qanının alınması barədə sözləri alim, zəkalı insanların yanında) aşkar oldu. Batil (haqqın ziddinə olan söz) kökündən qopardıldı və şər yayan dili kəsildi.[9] Allaha and olsun, (fitnəkarların qarşısını almaq mənə vacib olduğuna görə) onlara bir hovuz düzəldib suyunu özüm çəkərəm, (onları döyüş meydanında elə məhv edərəm ki,) ondan doymuş qayıtmazlar və başqa yerdə də su içməzlər.[10]
Həmin kəlamın (yenə də Təlhə, Zübeyr və ardıcılları barədəsindəki) bir hissəsidir
(Osmanın qətlindən) sonra (bey’ət etmək üçün) yeni doğmuş heyvanlar balalarına tərəf gedən kimi mənə üz tutub dalbadal «bey’ət etməyə gəlmişik» deyirdiniz. Əlimi əlimin üstünə qoydum, açdınız, arxaya apardım, özünüzə tərəf çəkdiniz.[11] (Mən də sizdən Allaha şikayət edərək deyirəm:) İlahi, (Qüreyş tayfasından olan) Təlhə və Zübeyr mənimlə (mən də həmin tayfadanam) qohumluq əlaqəsini kəsib zülm etdi, əhd-peymanını pozdu və camaatı mənim üstümə qaldırdı. Sən onların bağladıqlarını aç, süstləşdirdiklərini möhkəm et. Arzularında olub etdikləri rəftarlarında onlara (dünya və axirət) pisliyi nəsib et.[12] (Onlarla döyüşdüyümə görə məni əsla danlaya və qınaya bilməzlər. Çünki) döyüşə başlamamışdan onlardan pozduqları bey’ətə qayıtmalarını istəyib hadisədən qabaq (bu iş barədə) düşünüb-daşınmalarını tələb etdim. Deməli, (mənim öyüd-nəsihətlərimi qəbul etməyib öz səhv fikirlərinin ardınca getdilər), neməti (Allah, Peyğəmbər və zəmanənin İmamına itaəti) xar sayıb (dünya və axirət) salamatlıqlarını əldən verdilər.
Feyzul-İslamın III hissəyə yazdığı müqəddimə:
الرَّحْمنِ الرَّحِيمِ بِسْمِ اللهِ
أَلْحَمْدُ لِلّهِ الَّذِي ذَلَّتْ لَهُ رِقابُ الْجَبابِرَةِ وَ خَضَعَتْ لَدَيْهِ أَعْناقُ الْأَكاسِرَةِ لا مَلْجأَ وَ لا مَنْجا مِنْهُ إِلّا إِلَيْهِ وَ لا إِعانَةَ إِلّا بِهِ وَ لا اتِّكاءَ إِلّا عَلَيْهِ وَ الصَّلوةُ وَ السَّلامُ عَلى سَيِّدِ الْمُرْسَلِينَ وَ خاتَمِ النَّبِيِّينَ وَ حُجَّةِ رَبِّ الْعالَمِينَ مُحَمَّدٍ وَ الِهِ الطَّيِّبِينَ الطّاهِرِينَ وَ لا سِيَّما عَلى سُلالَةِ النُّبُوَّةِ وَ بَقِيَّةِ الْعِتْرَةِ وَ الصَّفْوَةِ صاحِبِ الزَّمانِ وَ مُظْهِرِ الْإِيمانِ وَ مُعْلِنِ أَحْكامِ الْقُرْانِ وَ مُطَهِّرِ الْأَرْضِ وَ ناشِرِ الْعَدْلِ فِى الطُّولِ وَ الْعَرْضِ الْحُجَّةِ الْقائِمِ الْمَهْدِىِّ الْإِمامِ الْمُنْتَظَرِ الْمَرْضِىِّ ابْنِ الْحَسَنِ الْعَسْكَرِىِّ.
أَللّهُمَّ نَوِّرْ بِنُورِهِ كُلَّ ظُلْمَةٍ وَ هُدَّ بِرُكْنِهِ كُلَّ بِدْعَةٍ وَ اهْدِمْ بِعِزِّهِ كُلَّ ضَلالَةٍ وَ اقْصِمْ بِهِ كُلَّ جَبّارٍ وَ أَخْمِدْ بِسَيْفِهِ كُلَّ نارٍ وَ أَهْلِكْ بِعَدْلِهِ جَوْرَ كُلِّ جائِرٍ وَ أَجْرِ حُكْمَهُ عَلى كُلِّ حُكْمٍ وَ أَذِلَّ بِسُلْطانِهِ كُلَّ سُلْطانٍ امِينَ يا رَبَّ الْعالَمِينَ
«Nəhcül-Bəlağə» qaranlıqları işıqlandıran, yolunu azanların mayakı və günahdan çəkinənlərin örnəyidir. Hər ağıllı insan və tədqiqatçı onu dərindən düşündükdən sonra bu müqəddəs kitabın (Qur’ani-Kərimdən və Xatəmül-Ənbiya salavatullahın sözlərindən sonra) kitabların ən üstünü və dünyada misilsiz olduğunu təsdiqləyib etiraf edəcəkdir. Bütün bəşər övladları tərəfindən mütaliə olunması daha yaxşıdır. Çünki dünya fitnə-fəsaddan xali deyil və insanlar yalnız öz rəftar və sözlərində Əmirəl-möminin əleyhis-salamın yolunu tutmaqla əmin-amanlıq, rahatlıq və ağalığa çata bilərlər. Bu, (o böyük şəxsin lütfünə möhtac olan) mən bəndənin sözü deyil, hər insaflı ağıl sahibi (lap müsəlman və şiəməzhəb olmasa belə) bunu etiraf edərək Həzrət Peyğəmbərdən sonra Həzrət Əli əleyhis-salamın elm və mərifət çeşməsinin dünyanın sonuna qədər hər işin fəsad və məsləhətini bilib bəyan etmiş olmasına inanır.
Onun söz və əməllərinin nümunəsini şərafətli Seyyid Rəzi (rizvanullah əleyh) bu şərəfli kitabda toplamışdır. Elm, bilik sahibləri İmam əleyhis-salamın elə bu həcmdə olan söz və əməllərinin də dünya və axirət səadətinə, ağalığa çatmağa kifayət etdiyini bilirlər. Buna görə də ötən dövrlərin üləma və alimləri (Allah onlara rəhmət etsin, o cümlədən hədisşünas alim Nurinin - Allah ona rəhmət etsin - «Mustədrəkul-vəsail» kitabında bəyan etdiyi kimi) bu müqəddəs kitab barəsində «Əxul-Qur’an» (Qur’anın qardaşı) ifadəsini işlətmişlər. Başqa sözlə, Qur’ani-Kərim səmavi kitab olduğu və Allah-təalanın insanların islahı üçün peyğəmbəri Həzrət Mustafanın (səlləllahu əleyhi və alih) dilindən buyurduğu kimi, «Nəhcül-Bəlağə» də sözləri ilahi elm mənbəyindən süzülərək elm şəhərinin qapısı olan Əlinin (əleyhis-salam) dilindən axan bir kitabdır. Deməli, (indiyə qədər iki hissəsini çap edib yaydığımız və indi də ilahi qüdrət ilə üçüncü hissəsinə başladığımız) bu kitabı oxuyaraq həyatının təliminə çevirmək hamıya vacibdir.
اللّهُمَّ اهْدِنا إِلى سَوآءِ السَّبِيلِ فَإِنَّكَ حَسْبُنا وَ نِعْمَ الْوَكِيلُ
Fani bəndə:
Əliyyənnəqi Feyzul-İslam İsfahani
Ali-Məhəmməd əd-Dibac.
1366 H.Q.
138-ci xütbə
İmam Əli əleyhis-salamın baş verəcək ağır hadisələrə (və on ikinci İmamın-əccələllahu fərəcəh-zühuruna) işarə etdiyi xütbələrindəndir.
Camaatın doğru yolu öz nəfsinə çevirəcəyi (Məhəmmədin şəriətindən əl çəkərək öz nəfsi istəklərinin arxasınca gedəcəkləri) vaxt (İmami-Müntəzər qeyb pərdəsinin arxasından çıxaraq) həvayi-nəfsi doğru yola və qurtuluşa yönəldəcək (yolunu azmışları doğru yola gətirəcək). Camaatın Qur’anı öz düşüncə və rəyinə çevirdiyi vaxt[13] rəyi Qur’ana qaytaracaq.[14]
Bu xütbənin (İmami-Zaman əleyhis-salamın zühuru ərəfəsindəki fitnələrə işarə olunduğu) bir parçasıdır
(Həzrətin-ərvahuna fədah-zühurundan əvvəl çox cinayətlər olacaq.) Sizlərə (sonra gələnlərə qəzəbli yırtıcı şir kimi) dişlərini qıcayan (və ya dəvə tək) südlə dolu döşləri olan ağır müharibə və qırğınlar (yırtıcı şir tək hər şeyi məhv etməyə hazır olan döyüşlər, dəvə döşləri kimi döşləri ölüm şərbəti ilə dolu olan müharibələr) üz tutacaq. Onun südünü içmək (işin əvvəlində, döyüş meydanına atılanların və fəthə, qələbəyə ümidi olanların damağında) şirin, işin sonunda (toqquşmanın, ölüb-öldürmənin və onun müsibətlərinin hər yanı bürüdüyü vaxt) acı və pis dadandır (əziyyətlidir).
Agah olun, (xəbər verdiyim) sabah (bundan sonra) baş verəcək və sabah tanımadığınız (barəsində xəbəriniz olmayan) bir şeylə gələcək: Padşahlar tayfasından olmayan bir hakim (İmami-Zaman əleyhis-salam) onların işlərini idarə edənləri əməllərinin pisliyinə görə sorğu-sual edəcək.
Yer ciyərinin parçalarını onun üçün bayıra çıxaracaq (bütün qızıl, gümüş və s. mədənlər üzə çıxaraq o Həzrətin ixtiyarında olacaq) və açarlarını o böyük insana təslim edəcək. (Bütün şəhərlər onun ixtiyarına keçəcək.) Sonra məmləkətin ədalətlə idarə olunması yolunu sizə göstərəcək və kitabın və sünnənin tərk edilmişlərini (qanunlarını) dirildəcək (Qur’anın hökmlərini və Həzrət Peyğəmbərin sünnəsini icra edəcək).
Bu xütbənin bir hissəsidir[15]
Sanki onu (Əbdülməliki) Şamda qışqıran (qoşun toplayıb) və bayraqları ilə Kufənin ətrafında gəzən görürəm. (İraqı ələ keçirib) bədxasiyyət, dikbaş dəvənin yeriməsi tək o diyarın əhlinə doğru üz tutur. Yerə başlardan xalça sərib (çoxlarını qətlə yetirib). Ağzını (didməyə hazırlaşan yırtıcı kimi) açıb və ayağını yerə bərk basıb (qoşunu çoxdur). Onun cövlanı uzaq və uzun, həmləsi ağır olar.[16]
Allaha and olsun, sizləri (sonra gələnləri) gözdəki sürmə tək azacıq qalana kimi hər tərəfə (şəhər və kəndlərə) pərən-pərən salacaq. (Sizin övladlarınızın Bəni-Üməyyənin əlindən çəkdiyi) çətinlik və əziyyət ərəblərin gizlənmiş ağılları onlara qayıdana qədər davam edəcək.[17] (Heç bir zaman məsuliyyətin üzərinizə düşməməsini və fitnə-fəsaddan xilas olmağı istəyirsinizsə) əbədi və bərqərar sünnəsi, yolları, aydın nişanələri (Qur’an və sünnəsi), bütün peyğəmbərliyin üzərində durduğu yaxın əhd-peymanı (haqq İmamı və Həzrət Peyğəmbərin canişini) öz yolgöstərəninizə çevirin. Bilin ki, şeytan öz qədəminin izinə ayaq qoyub arxasınca getməniz üçün (aldadıcı) yolları sizlərdən ötrü asanlaşdırır (ki, rahatlığınızı itirib dünya və axirətdə çarəsiz və zavallı olasınız).
139-cu xütbə
İmam Əli əleyhis-salamın (Ömərin vəfatından sonra Ömərin tapşırığı ilə xəlifəlik üçün) şura keçirildiyi vaxt (həmin məclisin ziyanı barədə) buyurduğu kəlamlarındandır.
Heç kəs məndən qabaq haqqın dəvətinə, qohumlarla birləşməyə, ehsan və yaxşılığa (bir sözlə Allaha xoş gələn işlərə) tələsməmişdir. (Yaradılmasına Ömərin əmr verdiyi bu məclis kimi yerlərə qatılmıramsa, bu işdə haqq, həqiqət görmürəm. Buna görə də) sözlərimə qulaq asıb, dediklərimi nəzərinizdə saxlayın. Tezilklə, (bu məclisin keçirildiyi) bu gündən sonra xəlifəlik məsələsinin üstündə qılıncların çəkiləcəyini, əhd-peymanların pozulacağını görəcəksiniz. Hətta sizlərdən bəziləri (Təlhə və Zübeyr) azğınlara rəhbərlik edəcək, bəziləri isə nadanların (Osman və başqalarının) arxasınca gedəcəkdir. (Bütün bu fitnə-fəsadın, qırğınların əsası batil və nadürüstlük üzərində qurulan bu məclisin nəticəsidir.)
140-cı xütbə
İmam Əli əleyhis-salamın camaatın qeybətini etməkdən çəkinmək barədə kəlamlarındandır:[18]
Layiqlisi budur ki, günahdan uzaq duranlar[19] və Allahın günahlardan pərhiz saxlamaq nemətini bəxş etdiyi insanlar günahkarlarla və Allahın, peyğəmbərin əmrlərinə boyun əyməyənlərlə mehriban olsunlar.[20] Layiqlisi budur ki, (Allah onlara nemət bəxş etdiyinə və günahlardan uzaq qalmaq uğuru nəsib etdiyinə görə) onlara şükranlıq və təşəkkür hakim kəsilsin (başqalarından danışmağa onlara macal verməsin), günahkarların qeybətini etməyə mane olsun.
(Günahdan uzaq olanlara və günahsızlara başqasının qeybətini etmək yaraşmadığı bir halda) öz qardaşının (dindaşının) qeybətini edib onu törətdiyi günaha görə qınayanın halı necə olar?! (Belə bir günahkar şəxsin özü qeybətə daha layiq olduğu halda) Allahın onun qardaşının etdiyi günahdan daha böyük olan öz günahlarının üstünü örtdüyünü xatırlamırmı?[21] Onu törətdiyi günaha görə necə qınaya bilər ki, özü də ona bənzərini etmişdir. Eynilə həmin günahı etməsə də, başqa tərzdə qardaşının günahından daha böyük günah olan Allaha itaətsizlik etmişdir (başqa bir günaha batmışdır). And olsun Allaha, böyük günaha batmamış, yalnız kiçik günahla itaətsizlik göstərmiş olsa belə, camaatda eyb axtarmağı və onlar barədə pis danışmağa olan cürəti (törətmədiyi böyük günahdan) daha böyükdür. (Sonra, İmam əleyhis-salam öyüd-nəsihət olaraq buyurur:)
Ey Allah bəndəsi! Törətdiyi günaha görə heç kimsənin eybini axtarıb, haqqında pis danışmağa tələsmə ki, bəlkə o (batdığı günaha görə tövbə edər) bağışlanar. Öz nəfsində kiçik günahdan arxayın düşüb, rahatlanma (ona həqarət və kiçiklik gözü ilə baxma) ki, bəlkə onun nəticəsində əzaba düçar olarsan. Özündən qeyrisinin eybini və pisliyini bilən sizlərdən hər birisi öz eyblərinə görə (başqalarında eyb axtarıb, tənə vurmaqdan) çəkinməli, başqasının mübtəla olduğu günahdan çəkindiyinə görə şükürlə məşğul olmalıdır. (Bu nemətə görə şükr etmək başqasının eybini deməyə ona macal verməməlidir.)
[1] Həzrət Peyğəmbərin dəvətini qəbul edib müsəlman olan və o Həzrətlə namaz qılan ilk şəxs mən olmuşam. İşin əvvəlində Allahın əmrini yerinə yetirmək və Onun razılığı üçün İslamı qəbul edən ömrünün axırında hakimiyyət və dünya malına görə qan tökməz.
[2] Çünki Allahın istədiyi hər bir şey hikmətə, məsləhətə uyğundur və bu bir nemətdir. Buna görə də bütün hallarda Ona şükr etmək lazımdır.
[3] Su damlalarının olduğu yaşıl ağacı yandıranda alov şölələrinin çıxması Onun qüdrətinin nişanələrindəndir.
[4] Müğəyrənin İmam əleyhis-salama kin saxlamasının səbəbi qardaşı Əbulhəkəm ibn Əxnəsin «Ühüd» döyüşündə Həzrət tərəfindən öldürülməsi idi.
[5] Özündən yaxşılıq yadigar qoymayıb və sənin kimi şər övladın olması elə övladı olmamış kimidir. İmam əleyhis-salam Əxnəsi ona görə məl’un adlandırır ki, o, münafiqlərin başçılarından idi. Münafiqə lə’nət yağdırmaq isə caizdir. On doqquzuncu xütbənin şərhində də bu qeyd olunmuşdur.
[6] Əksinə, toplaşaraq düzgün fikir və düşüncə əsasında bu işi görmüsünüz. Deməli, sizlərdən heç biriniz bey’ətini pozmamalı və ya peşman olmamalısınız. Bu, Əbu Bəkrə düşünmədən etdiyiniz bey’ət kimi deyil. Onda Ömər də demişdi: إِنَّ بَيْعَةَ أَبِى بَكْرَ كانَتْ فَلْتَةً وَقِى اللهُ شَرَّها فَمَنْ عادَ إِلى مِثْلِها فَاقْتُلُوهُ yəni, «Əbu Bəkrə düşünülmədən bey’ət edilmişdir. Allah onun şərindən saxlasın. Əgər kimsə onun mislinə qayıtsa, onu öldürün.
[7] Ona görə də onlar Osmanın intiqamını tələb etməməlidirlər. Çünki onlar da qatildirlər. Varis deyildirlər ki, intiqamını tələb edə bilsinlər.
[8] «Biz İmama yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmə və ədalətlə hökm vermək üçün düşmən kəsilib bey’ətdən çıxmışıq» deyərək bey’əti pozmalarına səbəb kimi göstərənlərin.
[9] Deməli, onların zəhmət və səyləri faydasızdır. Çünki bey’əti pozaraq hay-küy yaratmaqda və fitnə-fəsad salmaqda məqsədlərinin Osmanın intiqamını almaq deyil, dünya sevgisi və hakimiyyət olduğu məlum oldu.
[10] Çünki bu hovuz başqa hovuzlar kimi deyil ki, hər gələn doyub qayıtsın və ya doymasa, başqa yerdə içsin. Bu, elə bir hovuzdur ki, ona daxil olan batar, həlak və ya məhv olar.
[11] Xülasə, siz mənimlə bey’ətə böyük rəğbət göstərsəniz də buna meylim yox idi. Elə isə bey’əti niyə pozdunuz?
[12] Dünyada öz arzularına, xəlifəliyə və hakimiyyətə çatmasınlar, axirətdə isə əbədi əzaba düçar olsunlar.
[13] Qur’andan üz döndərərək işləri öz nadürüst düşüncələrinə uyğun gördükləri vaxt nəzərdə tutulur.
[14] Allah kitabının buyuruqlarına uyğun rəftar edib ona zidd olanlardan uzaqlaşmaq üçün camaatı səhv düşüncələrin tətbiqindən çəkindirəcək və Qur’ana üz tutmağa məcbur edəcək.
[15] Süfyaninin qiyamına işarə edildiyi güman olunur. Şərhçi Xoyi rəhiməhullah öz şərhində mərhum əllamə Məclisidən belə nəql etsə də, şərhçilərin çoxu Əbdülməlik ibn Mərvanın fitnə və qan tökməsindən söz getdiyini bildirirlər. Mərvan xəlifəliyə çatdıqda Muxtar ibn Əbi-Übeydə Səqəfənin qatili Məsəb ibn Zübeyrlə döyüşmək üçün Kufəyə getmiş, Kufənin bir bölgəsi olan «Məskin» deyilən yerdə onunla üz-üzə gəlmişdir. Məsəb öldürülmüş və Kufə şəhərində camaat onunla bey’ət etmişdir. Bu vaxt Abdullah ibn Zübeyrlə döyüşmək üçün Həccac ibn Yusifi Məkkəyə göndərmişdir. Həccac Məkkədə Abdullahı öldürmüş və Allahın evini mancanaqla dağıtmışdır. O, çoxlarını öldürməklə müsəlmanlara hakim kəsilmiş və uzun illər boyu onlara çox zülmlər etmişdir. İmam əleyhis-salam onun zülmkarlığından xəbər verir.
[16] Həccac öz əmir və qoşun başçılarını Xorasan, Kabil və Türküstan kimi ucqar yerlərə göndərib çoxsaylı insanları öldürtdüyü tək uzaq şəhərləri ələ keçirib zülm edəcək.
[17] Abbasilər hakimiyyətə gələrək ağıl, düşüncə ilə, iranlıların yardımı ilə Bəni-Üməyyənin məhv edərlər.
[18] Qeybət başqalarının dalınca danışılan doğru sözlərdir. Bu sözlər yalan olarsa, ona böhtan deyilir. Qeybət böyük günahlardandır. Ona görə ki, onun törətdiyi fəsadlar başqa yasaqlanmışlardan daha çoxdur. Çünki onun zərəri ictimai, digər günahların ziyanı isə əksər hallarda sırf fərdi xarekterlidir. Buna görə də İmam əleyhis-salam ondan çəkinmək üçün təkid edir.
[19] Günah iş görməyərək ağıl və düşüncə sayəsində nəfsi-əmmarəyə qalib gəldiyinə görə günahın eyiblərini, itaətin faydalarını bilənlər nəzərdə tutulur.
[20] Onların qeybətini edib böhtan atmasınlar. Əksinə, onları doğru yola yönəltsinlər.
[21] Qeybət edən Allah-təalanın onun günahlarını örtərək rüsvay etmədiyini unudubmu ki, günah törətmiş qardaşını rüsvay edir?