Azəri
Thursday 26th of December 2024
0
نفر 0

İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ

İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ

İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ

A) Qur`anda

Qur`ani Kərim ilahi məarifin saf zülal çeşməsi, hikmətlərin ən qalarlısı, bəşərin ehtiyac duyduğu ən düzgün elmdir. O, elə bir kitabdır ki, başdan-ayağa doğruçuluqdur, keçmişdəkilərin xəbərlərini və gələcəkdə baş verəcək hadisələri bəyan etmiş, heç bir həqiqəti deməkdən əsirgəməmişdir. Əlbəttə, aydındır ki, aləm həqiqətlərinin hamısı bu qədər böyük həcmlə belə, ilahi ayələrin dərinliklərində qoyulmuşdur və onun dərin mə`nalarını dərk edənlər yalnız Qur`an əhli və həqiqi müfəsirlər, yə`ni Peyğəmbəri Əkrəm və onun pak Əhli-beytidir.

Sonuncu ilahi vəsinin inqilab və qiyamı dünya həqiqətlərinin ən böyüyüdür ki, çoxlu Qur`an ayələrində ona işarə edilmiş və o ayələrin təfsirində çoxlu rəvayətlər nəql olunmuşdur. Burada onlardan bir neçəsini qeyd edirik:

«Ənbiya» surəsinin 105-ci ayəsində deyilir.

وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ

«Həqiqətən Biz Zəburda Zikirdən (Tövratdan) sonra yazdıq ki, yer üzünə Mənim ləyaqətli bəndələrim varis olacaqlar.»

İmam Baqir (ə) buyurur: «Yer üzünə varis olan layiqli bəndələr dedikdə, məqsəd imam Məhdi və onun köməkçiləridir.»[1]

Həmçinin «Qəsəs» surəsinin beşinci ayəsində buyurulur:

وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ

«Biz iradə etmişik ki, yer üzünün müstəz`əflərinə minnət qoyaraq onları (camaatın) rəhbərləri və yer üzünün varisləri qərar verək.»

İmam Əli (ə) buyurur:

«(Müstəz`əflər dedikdə) məqsəd Peyğəmbər xanədanıdır. Allah təala əzab-əziyyətlərindən sonra bu xanədanın Məhdisini seçəcək (onun əli ilə) onları izzət, əzəmət və iqtidarın son nöqtəsinə çatdıracaq və düşmənlərini isə çox ağır şəkildə zəlil edəcəkdir.»[2]

«Hud» surəsinin 86-cı ayəsində deyilir:

...بَقِيَّةُ اللّهِ خَيْرٌ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

«Bəqiyyətullah (Allahın yer üzündə saxladığı höccət) sizin üçün yaxşıdır» əgər mö`min olsanız.»

İmam Baqir (ə) buyurur:

O (İmam Məhdi) zühur edən zaman Kə`bənin divarına söykənəcəkdir. Onun dilindən çıxan ilk söz bu ayədir. Sonra buyuracaqdır:

اَنا بَقِيَّةُ اللّهِ فى اَرْضِهِ وَ خَليفَتِهِ وَ حُجَّتِهِ عَلَيْكُمْ

Yə`ni: «Mən Allahın yer üzündəki bəqiyyətullahı, Onun canişini və Onun sizə olan höccətiyəm.» Hər kəs istəsə, ona salam verərək belə deyər: «Əssəlamu ələykə, ya Bəqiyyətəllah fi ərzih.»[3]

اَلسَّلامُ عَلَيْكَ يا بَقِيَّةُ اللّهِ فى اَرْضِهِ

«Hədid» surəsinin 17-ci ayəsində belə buyurulur:

اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُونَ

«Bilin ki, Allah təala yer üzünü, öldükdən sonra dirçəldəcəkdir. (Biz Öz) ayələrimizi sizin üçün bəyan edirik ki, bəlkə əqlinizi işə salasınız.»

İmam Sadiq (ə) belə buyurur: «Məqsəd budur ki, Allah təala yer üzünü həzrəti Məhdi (ə)-ın zühuru dövründə onun ədalətinin vasitəsi ilə zalımların və azğınçıların zülmləri səbəbi ilə öldükdən sonra bir daha dirildəcəkdir.»[4]

B) Rəvayətlər

İmam Məhdi (ə)-ın barəsində nəql olunan rəvayətlərdə çoxlu mətləb gözə dəyir. Belə ki, o həzrətin həyatının müxtəlif mərhələləri barəsində, o cümlədən təvəllüdü, uşaqlıq dövrü, kiçik və böyük qeybət dövrləri, zühurun əlamətləri, zühur dövrü və onun dünya səviyyəli hökuməti barəsində ayrı-ayrı şəkildə din rəhbərlərindən çoxlu hədislər nəql olunmuşdur. O həzrətin zahiri xüsusiyyətləri və əxlaqi səciyyələri, onun qeybət dövrünün xüsusiyyətləri, o həzrətin zühurunun intizarını çəkənlərin fəzilət və mükafatı barəsində olan hədislər dəyərli bir məcmuədir. Maraqlıdır ki, bu rəvayətlərdən çoxu həm şiə, həm sünni kitablarında nəql olunmuşdur. Məhdi (ə)-la əlaqədar nəql olunan rəvayətlər çoxluq baxımından mütəvatir həddə çatmışdı.

Qeyd etmək lazımdır ki, İmam Məhdi (ə)-ın diqqət yetiriləsi xüsusiyyətlərindən biri budur ki, bütün mə`sumlar o həzrətin barəsində gözəl kəlamlar buyurmuşlar ki, onların sözləri insana agahlıq bağışlayan bir məarif məcmuəsidir; eləcə də mə`sumlar o ədalət sərkərdəsinin inqilab və qiyamının son dərəcə əhəmiyyətini göstərmişlər. Yaxşı olar ki, burada hər din rəhbərindən bir rəvayət nəql edək.

Peyğəmbəri Əkrəm buyurur: «Xoş olsun o kəsin halına ki, Məhdini görsün, xoş olsun o kəsin halına ki, onu sevsin; xoş olsun o kəsin halına ki, onun imamətinə inanmış olsun.»[5]

İmam Əli (ə) buyurur: «(Ali-Məhəmmədin) fərəcinin intizarında olun və Allahın rəhmətindən ümidsiz olmayın! Çünki böyük Allahın dərgahında ən sevimli iş fərəcin intizarında olmaqdır.»[6]

Fatimeyi Zəhəra (əleyha səlam)-ın «Müshəf»ində belə qeyd olunur:[7] “...Sonra aləmlərə olan rəhmət səbəbi ilə vəsilər silsiləsini İmam Həsən Əsgəri (ə)-ın övladının vasitəsi ilə təkmil edəcəyəm. O, elə bir kəsdir ki, onda Musanın kamalı, İsanın əzəməti, Əyyubun səbri vardır...»[8]

İmam Həsən Muctəba (ə) bir rəvayətdə Peyğəmbərdən sonra yaranan çətinlikləri bəyan etməklə yanaşı, buyurmuşdu: «Allah təala axirəz-zamanda bir kişini seçəcəkdir... Onu Öz mələklərinin vasitəsi ilə möhkəmlədəcək, onun köməkçilərini qoruyub-saxlayacaqdır... Onu yer üzünün bütün sakinlərinə qalib edəcəkdir... O, yer üzünü ədalət, nuranilik və aşkar dəlillərlə dolduracaqdır... Xoş olsun o kəsin halına ki, onun dövrünü görsün və onun sözlərini eşitsin.»[9]

İmam Hüseyn (ə) buyurur: «...Allah təala onun (Həzrəti Məhdinin) vasitəsi ilə, yeri öldükdən sonra bir daha dirildəcək, onun vasitəsi ilə haqq dinini hətta müşriklərin xoşuna gəlməsə də belə bütün dünya dinlərinə qalib edəcəkdir. Onun üçün bir qeybət dövrü vardır ki, bir qrup o dövrdə dindən çıxacaq, başqa bir qrup isə dində sabitqədəm qalacaqdır... Həqiqətən hər kəs onun qeybəti dövründə əziyyətlərə və təkziblərə səbr etsə, Peyğəmbərin önündə qılıncla cihad edən şəxs kimi olar.»[10]

İmam Səccad (ə) buyurur: «Bizim Qaimimizin qeybət dövründə bizə məhəbbət və dostluqda sabitqədəm qalan şəxsə Allah təala Bədr və Ühüd şəhidlərindən olan min şəhidin əcir və səvabını inayət edər.»[11]

İmam Baqir (ə) buyurur: «İnsanlar üçün bir zaman gələr ki, imamları qeybə çəkilər. Xoş olsun o kəslərin halına ki, o zamanda bizim (vilayət) əmrimizdə sabitqədəm qalar.»[12]

İmam Sadiq (ə) buyurur: «Qaim üçün iki qeybət dövrü vardır, onlardan biri qısa müddətli, digəri isə uzun müddətlidir.»[13]

İmam Kazim (ə) buyurur: «İmam (Məhdi) camaatın gözlərindən qeybə çəkilər, lakin onun adı və xatirəsi mö`minlərin qəlbindən çıxmaz.»[14]

İmam Riza (ə) buyurur: «(İmam Məhdi) qiyam edən zaman yer onun (vücud) nuru ilə aydınlaşar və o həzrət haqq-ədalət tərəzisini insanlar arasında bərqərar edər. Bundan sonra heç kəs başqasına zülm etməz.»[15]

İmam Cavad (ə) buyurur: «Bizim Qaimimiz o kəsdir ki, camaat qeybət dövründə onun intizarını çəkməli, qiyam etdiyi zaman isə onun fərmanlarına itaət etməlidirlər.»[16]

İmam Hadi (ə) buyurur: «Məndən sonrakı imam oğlum Həsən, ondan sonra isə onun oğlu Qaimdir. O həmin kəsdir ki, yer üzü haqsızlıq və zülm ilə dolduqdan sonra, onu haqq-ədalətlə dolduracaqdır.»[17]

İmam Həsən Əsgəri (ə) buyurur: «Həmd olsun o Allaha ki, mənim canişinimi mənə göstərməyincə, məni dünyadan aparmamışdır. O, bəndən quruluşu və əxlaq cəhətindən camaat arasında peyğəmbərə ən çox oxşayan şəxsdir.»[18]

 

[1] Təfsiri qumi ikinci cild səh 52

[2] Qeybəti Tusi hədis 143 səh 184

[3] Kamaludin birinci cild 32-ci bab hədis 16 səh 603

[4] Qeybəti Nomani səh 32

[5] Biharul-ənvar 52-ci cild səh 309

[6] Yenə orada səh 123

[7] Həmin rəvayətdə deyilir ki, Cabir Ənsari belə demişdir: Peyğəmbərin dövründə İmam Hüseyn (ə) təvvəlüdünü təbrik etmək üçün Fatimənin yanına getdim. Onun əlində yaşıl rəngli səhifə gördüm. O yazıda gün kimi parlayan bir sətirlər gördüm. Soruşdum ki, bu lövh nədir? Buyurdu: Bu lövhi Allah təala öz Rəsuluna hədiyyə etmişdir. Onda atamın, ərimin iki övladlarımın canişinlərinin aları qeyd olunmuşdur. Peyğəmbəri Əkrəm onu mənə əta etmişdir ki, ona baxıb sevinim.

[8] Kamaludin birinci cild 28 bab birici hədis səh 569

[9] Ehticac ikinci cild səh 70

[10] Kamaludin birinci cild bab 30 hədis 3 səh 584

[11] Yenə orada birinci cild 31-ci bab səh 592

[12] Yenə orada birinci cild 32-ci bab hədis 15 səh 602

[13] Qeybəti nömani onuncu bab 4-cü fəsil beşinci hədis səh 176

[14] Yenə orada 34-cü bab 6-cı hədis səh 57

[15] Yenə orada 35-ci bab 5-ci hədis səh 60

[16] Yenə orada 36-cı bab 1-ci hədis səh 70

[17] Yenə orada 37-cı bab 10-cu hədis səh 79

[18]Yenə 37-ci bab 7-ci hədis səh 118

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

KİTAB ƏHLİNİN ƏFV OLUNDUĞUNU BƏYAN EDƏN AYƏNİN NƏSXİ
Xanım Fatimeyi-Zəhranın(s.ə) mübarək mövlud günü
İSRAİL REJİMİ VƏ ONUN ÇİRKİN NİYYƏTLƏRİ (1)
Ramazan ayında şərab içməyin cəzası
Dünya möminin zindanı, kafirinsə behiştidir
ALTINCI FƏSİL: MƏHDİLİK ƏQİDƏSI BARƏSİNDƏ YARANAN MANEƏLƏR VƏ XOŞAGƏLMƏZ ...
Niyə Şiələr namazları cəm edərək ( Zöhr,Əsr və Məğrib ,İşa) qılırlar?
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
Quranda burucdan məqsəd nədir?
ƏHLİ-HƏDİS (4)

 
user comment