İmam Əli (əleyhissalam) öz ordusu ilə Fəratın su yolunu düşmən əlindən alıb onu dost və düşmənin istifadəsi üçün azad etdikdən sonra bir müddət müharibəni dayandırdı.
Bu dayanış ordu arasında bir zəmzəmənin yaranmasına səbəb oldu ki, niyə Əli (əleyhissalam) vuruş əmri vermir?
Bu sualın cavabını İmamdan soruşduqda Həzrət belə cavab verdi: Bu barədə əsgərlərin öz sözü nədir?
Ərz olundu: Bə`ziləri Əli (əleyhissalam) ölüm qorxusundan cihad əmri vermir, bə`ziləri isə İmamın Şam ordusu ilə müharibədə (şübhəsi) var deyə söyləyirlər. Həzrət Əli (əleyhissalam) buyurdu: Burada nə qorxu var, nə də şəkk-şübhə. Sonra mətləbin daha da aydınlaşması üçün dedi:
Müharibə hədəf üçün körpü olmalıdır, nəinki hədəf müharibəyə qurban verilsin. Daha sonra bu xütbəni buyurdu:
And olsun Allaha mənim ölümə sarı getməyimdən, yaxud ölümün mənə tərəf gəlməsindən zərrəcə qorxum yoxdur. Amma Şamlılarla müharibə etməyimdə şəkk-şübhə olduğuna gəldikdə isə and olsun Allaha ki, əgər hər gün müharibəni tə`xirə salıramsa arzum budur ki, bir qrup camaat hidayət olunsun. Bəlkə, zülmətlər içində mənim nurumu görüb inhiraflıqdan nicat tapsınlar. Bu mənim üçün müharibədən ya onların öldürülməsindən daha yaxşıdır. Burada Əli (əleyhissalam)-ın şücaət yüksəkliyində öz hədəfini xalqın necə hidayət olmasında bəyan etdiyini və şücaətlə yanaşı özünün səbr və dözümünü müşahidə edirik. Belə ki, bu barədə Həzrətin özü belə buyurur: Xeybər müharibəsində Rəsulullah səlləllahu əleyhi və alihi və səlləm mənə buyurdu:
«Əgər Allah sənin vasitənlə bir nəfəri hidayət edərsə, sənin üçün günəşin bir şeyə saçmasından daha yaxşıdır.»
Digər rəvayətdə gəlibdir ki, Siffeyn müharibəsi cəbhəsində İmam Əli (əleyhissalam) zireh geymədən meydana atıldıqda oğlu İmam Həsən (əleyhissalam) atasına ərz etdi: Bu cür ehtiyatsızlıq müharibə qanunlarının əleyhinədir.
İmam buyurdu:
«Oğlum, atanın qorxusu yoxdur ki, özü ölümə varid olsun, ya ölüm gəlib onu tapsın.» Yenə də Əli (əleyhissalam) Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin vəfatından və xilafət söhbəti ortaya atıldıqdan sonra buyumuşdu:
Əgər söz danışsam (və haqqımı tələb etsəm) deyərlər rəyasət hərisidir. Yox, əgər sussam, ölümdən qorxur deyəcəklər. And olsun Allaha Əbu Talib oğlunun ölümə olan həvəsi süd əmər uşağın ana döşünə olan istəyindən daha artıqdır.
26-NÜMUNƏVİ PEYĞƏMBƏR SƏHABƏSİ
Bəsrə şəhəri Həzrət Əli (əleyhissalam)-ın xilafəti altında olan İslami ölkələrin həssas vilayətlərindən biri hesab olunurdu. Belə ki, strateji baxımdan müxtəlif şəhərlərin mərkəzlə olan qarşılıqlı əlaqə korpusu hesab olunurdu. Öz ədalət sərhədlərinin genişləndirilməsinə çalışan Müaviyə bu dəfə Abdullah ibni Hüzərmi bir dəstə adamla Bəsrəni işğal etməyə yolladı. O vaxt Ziyad ibni Übeydə Əli (əleyhissalam)-ın Bəsrədəki valisi gəlib özünün cürbə-cür fırıldaqları ilə adamları aldatdı.
Yavaş-yavaş işi o yerə çatdırdı ki, Bəsrə camaatınnın çoxu onunla bey`ət edib Müaviyənin havadarı oldular.
Ə`yun ibni Səbiy`ə adlı bir şəxs öz arzusu ilə İmam Əli (əleyhissalam)-dan Bəsrəyə getməsinə və orada olan ibni Hüzrəminin qoşununu darmadağın etməsinə icazə istədi.
Həzrət ona icazə verdikdən sonra Ə`yun Bəsrəyə gəldi, lakin müxalif qüvvələr onu güdərək bir gecə onu yatmış yerdə öz yatağındanca öldürdülər.
Ziyad məktub vasitəsilə Əli (əleyhissalam)-a mə`lumat verib ondan ibni Hüzərminin şərrinin qarşısını almaq üçün Cariyət ibni Qudaməni Bəsrəyə göndərməsini xahiş etdi. Cariyə şücaətli qorxmaz bir şəxs idi, eləcə də camaat içində böyük nüfuz sahibi idi. İmam Əli (əleyhissalam) öz ordusunun səfərbərliyi ilə əlaqədar aşağıdakı məzmunda bir çıxış etdi ki, həmin çıxışın xülasəsi budur:
Biz Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm hüzurunda elə ixlasla fədakarlıq göstərirdik ki, hətta bu yolda öz ata, övlad, qardaş və əmilərimizi belə qurban verməyə hazır idik. Günbəgün də Rəsulullah səlləllahu əleyhi və alihi və səlləmin bərabərində iman və itaətsizlik artmaqda idi. Hər dəqiqə bu yolda daha da sabit qədəm olurduq, bə`zən biz düşmənə, bə`zən də düşmən bizə qalib gəlirdi.
«Allah bizim ixlas və düzlüyümüzü gördükdə zilləti düşmənlərimizə nazil edib bizi qalib etdi. Belə ki, ölkələrdə İslam genişlənib möhkəmləndi.»
İmam Əli (əleyhissalam) bu sözü ilə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm əshabının fədakarlığını nümunə və ülgü kimi tanıtdı. Çıxışının sonunda isə laqeyd və süst olanları qəflət yuxusundan oyatmaq üçün belə buyurdu: «And olsun öz canıma, əgər biz düşmənlə vuruşmaqda sizin təki olsaydıq nə din əsası möhkəmlənər, nə də din ağacından bir budaq göyərərdi.»
27-GƏLƏCƏKDƏN XƏBƏR VƏ İFŞA
İmam Əli (əleyhissalam) xalqın diqqətini doğru rəhbərliyə cəlb edib fasid rəhbərlərdən uzaqlaşdırmaq üçün bə`zi vaxtlar gələcəkdən belə xəbər verirdi. Bir gün belə xəbərlərin birində buyurdu:
Bilin ki, məndən sonra tezliklə açıq boğaz və yekə qarın bir kəs sizə rəhbər olacaqdır ki, əlinə hər nə düşərsə hərisliklə udacaq və tapılmayanların dalınca adam saldırıb onları öldürəcəkdir.
Baxmayaraq ki, sizdə bu qüdrət və himmətin mümkün olmasını bilirəm.
Sonra buyurdu: Agah olun ki, tezliklə bu şəxs sizi mənə qarşı bizar və əleyhimə pis danışmağa vadar edəcəkdir. Pisliyimə danışmağı məcburi surətdə sizlərə vadar etdikdə sizə icazə verirəm. Çünki məhz bu pisliyimə danışıqlar mənim məqamımın daha yüksəlişinə və dərəcələrimin daha da artmasına səbəb olar. Sizlərə isə onun ölüm caynağından nicat verər. Ancaq bizarlığa gəldikdə isə heç vaxt məndən bizarlıq axtarmayın, çünki mən tövhid fitrəti ilə doğulmuş, iman və mühacirətdə isə hamıdan irəlidə getmişəm.
Amma bu açıq boğaz və yekə qarın kimdir deyə sual etsəniz çox nəzərə çarpır ki, «Müaviyə olsun.»
Ona görə ki, bu saydığım nişanələrin, ən çoxu onda görünübdür. Belə ki, «Nəhcül-bəlağə»nin əksər şərhçiləri də bu fikirdədirlər. Əgər Ziyad ibni Əbih, Həccac ibni Yusif, Müğəyrət ibni Şö`bə və s.. kimi adamlar da Müaviyə təki rəftar etsəydilər Müaviyənin dalınca getmək idi. Bilin ki, bid`ətin əsasını qoyan elə Müaviyə özü olubdur. Rəvayətə gəldikdə isə Müaviyə nə qədər yesəydi yenə yorulmurdu. O deyirdi:
«Xörək gətirin, doymadım.» Bu barədə İbni Əbil Hədid yazır. Bir çox rəvayətlərdə belə gəlib ki:
Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm Müaviyənin yanına adam göndərib onu çağırdıqda dedilər ki, Müaviyə yeməklə məşğuldur. İkinci dəfə də həmin cavabı verdikdə Həzrət onu belə nifrin etdi:
«İlahi, onun qarnını heç doyurma.» Cahizdən nəql olub ki, bəni Üməyyədən bir çoxları Müaviyəyə dedilər: «Sən öz arzuna çatdın, indi bəsdir, daha Əli (əleyhissalam)-ı söyüb pisliyinə danışmaqdan əl çək, Müaviyə isə onların cavabında belə dedi:
«And olsun Allaha, yox, heç vaxt! Gərəkdir ki, uşaqlar bu xasiyyətlə tərbiyə tapıb yaşlılar da bu xasiyyətlə qocalsınlar.»
Bu xəbər Əli (əleyhissalam)-ın qeybi xəbərlərindən biri idi. Bu cür xəbərlərdən çox olubdur.
Müaviyənin Hücr ibni Ədi və yaxın adamları ilə olan macərası və oğlu Yezid (ibni Ziyadın) oğlunun nümayəndəsi Meysəm Təmmar və Həccac ibni Səqəfinin Qənbərə, Kumeyl və Səid ibni Cubəyr və s... əhvalatı idi.
28-NƏHRƏVAN XƏVARİCLƏRİ İLƏ ŞİDDƏTLİ MÜHARİBƏ
Onlar mane olub düşmən dəyirmanına su tökdülər. Bu din oğruları, şüarı ilə Əli (əleyhissalam)-ı müşrik adlandırdılar. İmam bu işin qeyri hərbi yolla bitib tamam olmasına nə qədər sə`y göstərdisə də heç bir fayda vermədi. Onlar isə Həzrətlə olan müxalifətlərini davam etdirməkdə idilər. Belə ki, dörd min nəfərə yaxın xəvaric Abdullah ibni Vəhəb ilə bey`ət edib Mədainə sarı irəliləyib Əli (əleyhissalam)-ın qoşun komandiri Abdullah ibni Xəbbabi şəhadətə yetirdilər və onu şəhid etdikdən sonra hamilə olan arvadının qarnını yardılar. Beləliklə Əli (əleyhissalam)-a qarşı müharibə e`lan etdilər.
Bu vaxt Əli (əleyhissalam)-da öz ordusu ilə Nəhrəvan torpağına gələrək Xəvaric qoşununun bərabərində durdu. Həzrətin nəsihətləri o kor ürək sahiblərinə əsla əsər etmədi. Üç dəfə Əli (əleyhissalam)-ın ordusunu nizə yağışına basdılar. Hər dəfə Həzrətin əshabı Əli (əleyhissalam)-dan onlara qarşı döyüş icazəsi istədilərsə də Həzrət bu icazəni vermədi. Axırda onlar Əli (əleyhissalam)-ın yaxın köməkçilərindən birini öldürdükdə Həzrət Əli (əleyhissalam) buyurdu: «Allahu Əkbər, indi bunlarla müharibə etmək olar.»
Xəvaric biabır surətdə məğlub oldu. Onlardan yalnız 9 nəfəri sağ qalaraq qaçdı. Əli (əleyhissalam)-ın ordusundan 9 nəfər şəhadətə yetişdi. Xəvaric əhvalatına «Nəhcül-bəlağə»nin müxtəlif xütbələrində o cümlədən 58, 59, 60 və 122 və s... xütbələrində işarə olunmuşdur. Bu rabitədə baş vermiş daha iki hadisə də maraqlıdır.
Əli (əleyhissalam) Xəvariclə müharibəyə hazır olduqda əshabdan o Həzrətə belə dedilər:
Xəvaric qoşunu Nəhrəvan körpüsündən keçdi. İmam isə onların cavabında belə buyurdu:
Onların qətligahı bu tərəfdə çay qırağındadır. And olsun Allaha ki, Xəvaricdən hətta on nəfərdən belə sağ qalmayacaq sizdən isə hətta on nəfər də ölməyəcək.
Əli (əleyhissalam) qabacadan xəbər verdiyi kimi də oldu, 9 nəfərdən başqa Xəvaricdən bir nəfər də olsun sağ qalmadı və bu 9 nəfər də qaçaraq müxtəlif şəhərlərdə pərakəndə düşdülər. Bu da İmam Əli (əleyhissalam)-ın qeybi xəbərlərindəndir ki, həm şiə, həm də sünnü tarixçiləri bunu öz kitablarında qeyd etmişlər. Dəfələrlə İmam Əli (əleyhissalam)-ı ölüm ilə hədələməklərinə baxmayaraq o Həzrət zərrə qədər də olmuş olsa onlardan çəkinməmişdi.
Qəhrəmanlar qəhrəmanı Əli (əleyhissalam) bu təhdidlərin cavabında buyurmuşdu:
«Allah mənim imanım və din qalxanımı poladdan düzəldibdir (vəhşətim yoxdur). Ömrümün son günü çatsa o gündə nə nizə xəta edər, nə də yara sağalar.»
Bu mətləbdən başa düşürük ki, İmam Əli (əleyhissalam) özü bilə-bilə bu din oğruları və nadan şəxslər olan Xəvariclərin önündə duraraq onların təhdidlərindən heç vaxt qorxmadı.
Öz polad iradəsi ilə Allaha müxlisanə təvəkkül edərək öz yolunu başa vurdu. Beləliklə, o Həzrət öz sadiq adamlarına şəhamət və dilavərlik dərsi öyrədib xəbərdarlıq etdi ki, hər vaxt din maskası altında din əsasına zərbə vuranları görsəniz onlara aman verməyin.
29-MÜHARİBƏDƏN QAÇMAQ
Artıq Siffeyn müharibəsinin alovları şö`lələnmişdi. Bu müharibənin başlanğıcında ya Ləylətül-Həririn bərk soyuq bir gecəsində Əli (əleyhissalam) öz köməkçilərinə şur-əngiz bir xütbə buyurdu. Bu xütbədə müharibə qanunları səfərbərlik və ruhiyyə tapılması üçün lazım olan amillərdən söhbət açıldı:
«Bilin ki, indi cihadda Allah qarşısında Allah elçisinin əmisi oğlu ilə birsiniz. Düşmənə qarşı durmadan amansız həmlələr edin. Qaçmaqdan həya edib utanın. Çünki bu iş (fərarilik) gələcək üçün rüsvayçılıq, qiyamət günündə isə cəhənnəm oduna səbəb olar. (Xütbənin sonunda bu ayəni («Muhəmməd» surəsinin 35-ci ayəsini) oxudu:
«Bilin ki, siz üstünsünüz və Allah sizinlədir və əməl mükafatınızdan heç bir şey əksilməz.» Bu tərtiblə Əli (əleyhissalam) öz ardıcıllarını tarix boyu cinayətkarlarla müharibəyə də`vət etdi. Müharibədən qaçmağı isə insan ətəyindəki həya, ar ləkəsi kimi bildirib axirətdə isə yanar od sandı.
30-DƏLİLLƏRİN RƏDD EDİLMƏSİ
Allah elçisinin vəfatından sonra bir qrup adam bə`zilərinin təhriki sayəsində Peyğəmbərin yerinə canişin tə`yin etməkdən ötrü Səqifeyi bəni Saidədə yığışdı. Bu zaman Əli (əleyhissalam) evdə idi, Səqifə xəbərlərini eşitdikdə yaxın adamlarından soruşdu o Ənsar (Mədinə müsəlmanları) nə dedilər? Ərz olundu: Onlar dedilər: Həm bizim, həm də sizin aranızdan (Mühacirlər) bir nəfər əmir seçilsin. İmam Əli (əleyhissalam) buyurdu: Niyə ənsarın təklifi müqabilində bu mətləbə qarşı bir tədbir tökmədiniz? Məgər eşitməmişdinizmi ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm onların ehtiramı barədə buyurub: Ənsarın yaxşıları ilə yaxşı rəftar edin, onların arasındakı pis adamları isə bağışlayın.
Dedilər: Biz bu sözlə ənsarı necə məhkum edəydik?! Buyurdu:
«Əgər hökumət və əmirlik Ənsarın arasında olsaydı onların mühacirlərə tövsiyə və sifarişinin mə`nası olmazdı.» Çünki, camaat arasında bu bir qaydadır ki, keçmiş rəisin sifarişini təzə rəisə edərlər. Buna görə də Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm mühacirlər arasında hakimin olmasını müsəlləm fərz edibdir. Sonra buyurdu: Qüreyşin fikri bu barədə nə idi? Ərz olundu: Onlar dedilər: «Biz risalət ağacındanıq.»
Çünki, Qüreyş tayfası və Peğəmbər səlləllahu əleyhi və alihi və səlləm ikisi bir qohum olub əsilləri bir nəfərə Nəzr ibni Kənanə qayıdır. Buna görə də dəlil gətirdilər ki, biz nəsəb və nəsl baxımından Peğəmbərə səlləllahu əleyhi və alihi və səlləm yaxın olduğumuz üçün əmir də bizim aramızdan seçilməlidir.
Həzrət Əli (əleyhissalam) buyurdu:
«Ağacı dəlil göstərib meyvəsini korladılar.»
Yə`ni ağacdan hədəf onun meyvəsidir, mühacirlər və Qüreyşlilər, ağacın meyvəsi mən olduğum halda məni unutmuşlar. Ağaca təkyə edib dəlil gətirirlər.
Meyvəyə nəzər salmayan bir şəxs külli qaydada gərək ağacın özünə də diqqət yetirməsin.
Bu tərtiblə İmam Əli (əleyhissalam) hər iki qrupun dəlillərini (Ənsar və mühacirlər) rədd edib üstünlüyünü sübuta yetirdi.
31-MƏRVANIN ƏSİRLİYİ
Mərvan ibni Həkəm İslam tarixi başlanğıcında yaşamış ən çirkin və alçaq şəxsiyyətlərdən idi ki, hələ böyük islam Peyğəmbəri səlləllahu əleyhi və alihi və səlləm öz vaxtında onu və atasını Mədinədən sürgün etmişdi. Mərvan və atası Tərid ibni Tərid və Münafiq ibni Münafiq və lə`in ibni Lə`in ünvanıyla (sürgün olunmuş atanın sürgün olunmuşu və Münafiq oğlu Münafiq və Məl`un oğlu Məl`un) deyə yad olunurdular. Osmanın əmisi oğlu sayılan Mərvan Osmandan sonra zahirdə Həzrət Əli (əleyhissalam)-la bey`ət etməsinə baxmayaraq ilk bey`ət pozanların başçıları cərgəsində dururdu. O Cəməl müharibəsində Bəsrəyə gələrək düşmən ordusu sıralarına keçib Əli (əleyhissalam)-ın qoşununun əleyhinə vuruşurdu. Elə həmin müharibədə Əli (əleyhissalam) ordusu tərəfindən əsir alındıqda İmam Həsən və İmam Hüseyn (əleyhissalam) onun azadlığı üçün atalarından xahiş etdilər. İmam Əli (əleyhissalam) da onu azad etdi. Həsən və Hüseyn (əleyhissalam) atalarından soruşdular: «Mərvan səninlə bey`ət edəcək.» İmam cavabında buyurdu:
«Məgər o, Osman öldürüləndən sonra mənimlə bey`ət etmədimi? (ancaq bey`ətini sındırdı).
Mənim onun bey`ətinə ehtiyacım yoxdur. Onun əli yəhudinin əli kimidir. (hiylə və iki üzlülüyə adət edibdir) əgər Əli ilə bey`ət etsə, öz arxası ilə bey`əti sındırmağa çalışar.»
Sonra İmam gələcək üç mövzuda xəbər verib buyurdu ki; «Agah olun Mərvan:
1-Gələcəkdə qısa hökumətlik edəcək ki, bunun da vaxtı bir itin öz burnunu dili ilə təmizləyən Müddətə qədərdir.
2-O, dörd qoçların atasıdır.
3-Müsəlman xalqı onun özü və oğlanlarının əlindən qan ağlayacaqdır.
Hadisələr Əli (əleyhissalam)-ın xəbər verdiyi kimi baş verdi. O, Əməvilərin 4-cü xəlifəsi ünvanıyla Müaviyət ibni Yeziddən sonra xilafət kürsüsünə əyləşdi. Mərvanın xilafət müddəti dörd ay on gün çəkdi. Onun Əbdül Məlik Boşr Məhəmməd və Əbdül Əziz adında 4 oğlu var idi ki, 1-ci si Mərvandan sonra xilafətə yetişdi. 2-cisi İraqın hakimi seçildi. 3-cüsü Əlcəzirənin, və 4-cüsü isə Misir hakimi tə`yin oldu. Bu beş nəfər müsəlmanları öz zülm çəkmələri altında var gücləri ilə əzdilər.
32-ULDUZ FALININ RƏDD EDİLMƏSİ
Həzrət Əli (əleyhissalam) öz ordusu ilə birlikdə Xəvariclə vuruşmaqdan ötrü Nəhrəvana tərəf hərəkət etməyə hazırlaşdığı zaman Əfif ibni Qeys Əş`əsin qardaşı (münafiq dəstə başçısı) Əli (əleyhissalam)-ın hüzuruna gəlib dedi: Bu vaxt hərəkət edib qələbəyə çatmamağından ötrü qorxuram, çünki mən bunu sizə Nücum elminin köməkliyi ilə deyirəm.
İmam onun cavabında buyurdu:
Sən fikirləşirsən ki, o, saat ki, onda hərəkət etmək narahatlığa səbəb olacaq, ondan xəbərdarsan? Edə bilərsənmi onun təhlükəsini hərəkət edənə kimi xəbər verəsən?!
Hər kim bu sözdə səni təsdiq etsə Qur`anı təkzib etmiş, öz istədiyinə çatmaqda və bəyənilməz işləri dəf etməkdə Allahdan kömək istəməkdən ehtiyacsız olubdur. İstəyirsən Allahın əvəzinə sənə sitayiş etsinlər? Sən, qabaqcadan belə söz deməklə onları zərər və ziyandan hifz edərsən, ey camaat nücum elminin qabaqcadan fikir söyləməyindən uzaq olun, çünki bu iş sizləri kahinliyə (cin və xəbis ruhlar vasitəsilə qeybdən xəbər verməklə) çəkib çıxarar. Müncim kahin təki, kahin də sehrbaz kimidir. Sehrbaz isə kafirdir. Kafir isə odda yanacaq, Allahın adıyla hərəkət edin.
Beləliklə də İmam onun döşünə rədd əli çəkib qoymadı ki, camaat bu boş xəyallarla hərəkət və fəaliyyətlərindən uzaqlaşsınlar. Daha sonra isə Həzrət öz ordusu ilə hərəkət edib tam qələbəyə nail oldu və öz əməli ilə sabit etdi ki, münəccimin qabaqcadan fikir söyləməyi düz deyil. Bu mətləbin oxşarı müxtəlif rəvayətlərdə gəlib. O, da budur ki, Əli (əleyhissalam) öz ordusu ilə Həruriyyə tərəf hərəkət etdiyi zaman əshabın arasında özünü münəccim adlanlandıranlardan biri Əli (əleyhissalam)-ın hüzuruna gəlib dedi: