Azəri
Tuesday 24th of December 2024
0
نفر 0

İSLAMIN ZÜHURU

İKİNCİ FƏSİL

İSLAMIN ZÜHURU

Əllərindəki Tövrat və İncildə (adının vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsuli-ümmiyə (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya Məkkəli) Peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) ne’mətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üzərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər.)

İSLAM PEYĞƏMBƏRİNİN UŞAQLIĞI VƏ CAVANLIĞI

Peyğəmbər (s)-ın doğum ili dəqiq mə’lum deyildir. İbni Hişamın və başqalarının yazdığına görə o, Amul-fildə (fil ilində) yə’ni Əbrəhə fillərlə Kə’bəni viran etməyə gələn ildə anadan olmuşdur. O hadisəni öz gözləri ilə görənlərə əgər bu tarix aydın olsa da belə, başqaları üçün mə’lum deyildir, çünki hələ də o hadisənin hansı ildə baş verməsi müəyyən edilməmişdir. Tarixçilər Peyğəmbərin vəfatını 632-ci miladi ilinə aid edirlər. Peyğəmbər dünyadan köçəndə 63 yaşı varmış, deməli onun anadan olma tarixi 569-570-ci illərə təsadüf edir.

Tarixçilər onun həyatı barəsində müxtəlif hekayələr nəql etmişlər. Ancaq mö’təbər sənədlərə istinad etməklə tarixi həqiqəti dastan və hekayələrdən ayırmaq olar. O illərin hadisələrini aydınlaşdıra biləcək yeganə sənəd Qur’ani-kərim və Peyğəmbərin sünnəsidir. Lakin Qur’ani-kərimdə o hadisələrə çox qısaca işarə edilmişdir. Bu kiçik işarələrə və tarixçilərin verdiyi mə’lumata istinad edərək demək olar ki, Məhəmməd (s) uşaqlıqdan yetim qalmışdır.

Atası Abdullahh bəni Zöhrə tayfasının başçısı Vəhəbin qızı Aminə ilə ailə həyatı qurduqdan bir neçə ay sonra, ticarət səfərlərinin birində, Şamdan geri dönərkən Yəsrib şəhərində vəfat etmişdir. Bə’zi tarixçilər isə onun Həzrətin (s) dünyaya gəlişindən bir neçə ay sonra vəfat etdiyini yazmışlar. Həzrəti Peyğəmbər (s) hələ körpə ikən (südəmər vaxtı) bəni Sə’d qəbiləsindən olan Həlimə adlı qadının yanında olan zaman anası dünyadan köçmüş və babası Əbdül Müttəlib onun himayəsini öz üzərinə götürmüşdür. Səkkiz yaşında isə Əbdül Müttəlib dünyadan köçür və ondan sonra əmisi Əbu Talibin qəyyumluğu altına düşür. Tarixçilərin yazdığına görə həzrəti Peyğəmbər (s) hələ uşaq ikən əmisinin Şama etdiyi ticarət səfərlərinin birində onunla getmişdi. Yolda Busra adlanan yerdə Bəhira adlı xristian keşişi ilə rastlaşmış və keşiş onda peyğəmbərliyin əlamətlərini görmüşdü. Keşiş onu əmisinə bərk-bərk tapşırmış, xüsusilə bu uşağı onunla düşmən olan yəhudilərdən qorumağı tövsiyə etmişdi. Deyilənə görə karvanla gələnlər Bəhiranın ətrafından dağıldıqdan sonra o, Həzrəti saxlamış və onu Lat və Uzzaya (büt adlarıdır) and verərək bir neçə sualına cavab verməyi istəmişdi.

Həzrət (s) cavabında demişdi ki, məni Lat və Uzzaya and vermə, çünki dünyada ən xoşuma gəlməyən şey bu iki bütdür. Sonradan Bəhira onu Allaha and vermişdi.

FİCAR MÜHARİBƏSİ

Həzrət Məhəmməd (s)-ın cavanlığında baş vermiş hadisələrdən biri də Ficar müharibəsi olmuşdur. Ficar haram aylardan birində baş verdiyi üçün belə adlanmışdır. (Onu da qeyd etmək lazımdır ki, islamdan əvvəl ziqə’də, zihiccə, məhərrəm və rəcəb aylarında müharibə etmək haram olub, islamın zühurundan sonra da bu qanun öz qüvvəsində qalmışdır).

Hiyrədən Məkkəyə bir karvan gəlir, onlar özləri ilə müşk gətiribmişlər. Bəni Kinanə tayfasından olan bir kişi karvanın Həvazin qəbiləsindən olan qoruqçusunu yatmış görüb onu öldürmüş və bütün yükləri götürüb aparmışdı. Bu vaxt Qüreyş və Həvazin qəbiləsi Ukkaz bazarında toplanmışdı. Bu xəbər Qüreyş qəbiləsinə yetişdikdən sonra onlar şəhərə qayıtdılar. Həvazin qəbiləsi də onların ardınca düşdü, lakin Qüreyşlilər Kə’bə evinə sığındılar. Bunun ardınca bu iki qəbilə arasında müharibə başlandı və bu müharibə bir neçə dəfə təkrar olundu. Həzrət Məhəmməd (s) bu müharibələrin birində iştirak etmişdi. Bə’zi tarixçilərin nəzərinə görə bu müharibə Kinanə və Qeys qəbilələri arasında baş vermişdir.

HİLFUL-FUZUL

(ƏLAHİDDƏ AND VƏ YA ƏHD-PEYMAN)

Peyğəmbərliyə yetişmədən əvvəl Məhəmməd (s)-ın həyatında baş vermiş mühüm hadisələrdən biri də onun hilful-fuzul da iştirak etməsi olmuşdur. Hilful-fuzul hekayəsi belədir: Məkkədə yaşayan qəbilələr arasında bir-birinə təcavüz etməmək barəsində müqavilə bağlanmışdı. Ancaq əgər şəhərə qərib bir adam gəlsəydi, heç bir qəbilə və ya müqavilə yox idi ki, onu müdafiə etsin. Yazılanlara görə bəni Əsəd qəbiləsindən bir nəfər Məkkəyə ticarət etməyə gəlir. Bəni Səhm qəbilsindən olan bir nəfər onun mallarını alaraq pulunu ödəmir. Həmin tacir Qüreyş qəbiləsinin yanına gedib köməklik istəyir. Qüreyşlilər ona cavab verirlər ki, bəs sən bizimlə əhd-peyman (müqavilə) bağlamadığından biz səni müdafiə edə bilmərik. Tacirin hər yerdən ümidi kəsildikdən sonra Əbu Qubeys dağına çıxaraq ona zülm edildiyi haqda şe’r oxumağa başlayır. Və Qüreyşdən yardım diləyir. Qüreyş qəbiləsi bu hadisədən peşiman olaraq Abdullahh ibni Cəda’nın evinə toplaşaraq əhd-peyman bağlayırlar ki, bundan sonra hər hansı bir qəribə zülm olunmasının qarşısını alsınlar. Bu müqavilə əvvəldə bağlanmış əhd-peymanlar və and içmələrdən əlahiddə olduğu üçün ona hilful-fuzul adı verilmişdir. Bu adın ona verilməsi barədə başqa rəvayətlər də nəql olunmuşdur.

Məhəmməd (s) peyğəmbərliyə yetişdikdən sonra deyirdi: “Cahiliyyət dövründə Abdullahh ibni Cəda’nın evində bir müqavilə məclisində iştirak etdim. Əgər onun əvəzində mənə qızılı tüklü dəvələr versəydilər o qədər sevinməzdim. Əgər bizi yenidən belə bir məclisə də’vət etsələr. biz orada iştirak etməyə hazırıq.”

XƏDİCƏ İLƏ EVLƏNMƏSİ

Həzrət Məhəmmməd (s) iyirmi beş yaşında ikən əmisi Əbu Talib ona belə dedi: “Qüreyş qəbiləsinin Şama gedən ticarət karvanı hazırdır. Xuvəylidin qızı Xədicə sənin qohumlarına pul verib ki, ticarət etsinlər və gəlirə də şərik olsunlar. Əgər istəsən səni də qəbul edər.” Sonradan o Həzrət, Xədicə ilə bu barədə söhbət etdi və o da bu təklifi qəbul etdi. İbni İshaqın yazdığına görə Xədicə Məhəmməd (s)-ın əmanətdar və şərəfli bir insan olduğunu bilərək ona xəbər göndərir ki, əgər bu ticarət səfərində iştirak etməyə razılıq versən sənə düşən payı artıqlaması ilə verəcəyəm.

Bu ticarət səfərindən Xədicə çoxlu sayda gəlir əldə etdi, çünki şərəfli, əmanətdar, düz danışan və düzgünlükdə məşhur olan bir şəxsi bu ticarətə yollamışdı. Elə bu ticarət səfərindən sonra da Xədicə Məhəmməd (s)-la ailə həyatı qurdu. Bu zaman Məhəmməd (s)-ın iyirmi beş yaşı, deyilənə görə isə Xədicənin 40 yaşı varmış. Ancaq onun dünyaya gətirdiyi övladlara nəzər saldıqda isə, təxminən demək olar ki, onun yaşı qırxdan aşağı olmuşdur. Ərəb tarixçiləri bəlkə də 40 rəqəmini mükəmməl rəqəm olduğundan seçiblər.

“QARA DAŞ”IN YERİNƏ QOYULMASI

Peyğəmbərliyə yetişməzdən əvvəl Məhəmməd (s)-ı Məkkə əhalisinin gözündə uca edən mühüm hadisələrdən biri də qara daşın yerinə qoyulması hadisəsi olmuşdur. Bildiyiniz kimi, Kə’bə evi cahiliyyət dövründə də ərəblər tərəfindən möhtərəm sayılırdı. Bir dəfə sel Kə’bə evinin içərisinə axaraq divarlarını uçurmuşdu. Qüreyş qəbiləsi divarları yenidən tikdikdən sonra qara daşın yerinə qoyulması məsələsində qəbilələr arasında ixtilaf düşür. Hər qəbilənin rəisi bu şərafətli işi öz üzərinə götürmək istəyir. Nəhayətdə ixtilaf özünün ən yüksək zirvəsinə çatır. Belə ki, hər qəbilənin rəisi içi qanla dolu olan bir qab gətirərək onun içinə əllərini salırlar. Bu and içmənin mə’nası o deməkdir ki, onlar qalib müəyyən edilənə qədər vuruşmalıdırlar. Ən nəhayətdə razılıq əldə etdilər ki, hər kim bəni Şəybə qapısından məscidə daxil olsa onu hakim tə’yin etsinlər və o, nə hökm etsə ona əməl etsinlər. Məscidə birincə daxil olan şəxs Məhəmməd (s) oldu. Qüreyş qəbiləsinin ağsaqqalları dedilər ki, o əmanətdar (əmin) adamdır hər nə desə qəbul edəcəyik. Sonradan əhvalatı ona söylədilər. Məhəmməd (s) dedi: Yerə parça sərin. Onlar bu işi gördükdən sonra Həzrət qara daşı parçanın ortasına qoyub yenidən dedi: Hər qəbilənin rəisi parçanın bir ucundan yapışaraq qaldırsın. Bunu etdikdən sonra özü qara daşı yerinə yerləşdirdi. Bu hakimliyi ilə o, böyük bir qan tökülməsinin qarşısını almış oldu.

PEYĞƏMBƏRLİK

Məhəmməd (s) hələ peyğəmbərliyə yetişməzdən əvvəl Ərəbistan əhalisinin dağınıq və pis olan vəziyyətindən narahatlıq hissi keçirirdi. Xüsusilə onların bütpərəst olması başqa şeylərə nisbətdə onu daha çox narahat edirdi. Çünki qabaqda da qeyd etdik ki, xristian rahibi Bəhira onu Lat və Uzzaya and verərkən Məhəmməd (s) ona deyir ki, onların adını çəkmə, çünki mənim xoşuma gəlməyən ən pis şeylər bu bütlərdir. Bəhira onu sonradan Allaha and vermişdi.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSLАM АLƏMİNDƏ İLK SАZİŞ
Şiələrin mə’sum imam tərəfindən qeyb dövrünə hazırlanması
Aborgen Xalqlar Talışlar
ƏLİNİN (Ə) ŞƏHАDƏTİNDƏN SONRА İSLАMIN ƏHАTƏ DАİRƏSİ
HÖKUMƏT QAN TÖKMƏKLƏ DAVAM EDƏ BİLMƏZ!
CƏNUB MƏNTƏQƏSİ VƏ ORADAKI DÖVLƏTLƏR
PEYĞƏMBƏRDƏN (S) SONRА XİLАFƏT
İSLAMIN ZÜHURU
İSLAM MƏDİNƏDƏ
İSLAMDA TƏBABƏT (4)

 
user comment