Azəri
Saturday 21st of December 2024
0
نفر 0

ISLAM FӘLSӘFӘSI

ISLAM FӘLSӘFӘSI

«Әn yaxşı quruluş» və «şərlər» məsələsi fəlsəfənin ən mühüm bəhslərindəndir və birinci fəsldə dediyimiz kimi, bu məsələ şərq və qərbdə «dualizm», «materialist» və «bədbinlik» fəlsəfələrinin yaranmasına səbəb olub. Bu məsələyə diqqət etməyən və ya onun barəsində söhbət etməyən çox az adam tapmaq mümkündür. Şərq və qərb filosofları «şərlər» probleminə diqqət yetiriblər. Amma mənə elə gəlir ki, qərb filosofları bu iradlara qəti cavab tapa bilməyiblər. Lakin İslam filosofları həmin iradları təhlil edərək sualların öhdəsindən gəlmiş, bu sahədə mühüm elmi kəşflər etmişlər.

Burada şərqin ilahi fəlsəfəsi barəsində bir cümlə deməyim və bu böyük mə`nəvi xəzinəni qiymətləndirməyim yerinə düşərdi. Şərqin ilahi fəlsəfəsi İslamın parlaq şüaları sayəsində yaranaraq bəşəriyyətə hədiyyə edilmiş böyük və qiymətli bir sərvətdir. Amma təəssüflər olsun ki, bu böyük sərvət ilə dərindən çox az adam tanışdır və nadanlar və təəssübkeş düşmənlər tərəfindən ona çoxlu zülmlər edilib. Qədim fəlsəfə barəsindəki mə`lumatları «əflake tis`ə və üqule əşərə»dən kənara çıxmayanlar, onun yalnız adını eşitdikləri və əgər kitablara müraciət ediblərsə də, onlardan baş aça bilmədikləri üçün, elə biliblər ki, İslam fəlsəfəsi də onun barəsində bəhs edir və indi bu gün doqquz fələk fərziyyəsinin əsassızlığı aydınlaşıbsa, onlar başlarını qaldıraraq özlərini Farabi, Ibni Sina və Sədrul-Mütəəllihindən üstün saya bilərlər. Bəli, həmin qrup elə təsəvvür edir ki, İslam fəlsəfəsi elə həmin qədim yunan fəlsəfəsidir və onun yunan fəlsəfəsindən artıq və fərqli heç bir şeyi yoxdur.

Onlar ya bilərəkdən, ya da bilmədən İslama və İslam maarifinə qarşı böyük cinayət və xəyanət törətmiş olurlar. Islam fəlsəfəsi yunan fəlsəfəsindən Eynşteynin fizikası yunan fizikasından fərqlənən qədər fərqlidir. Ibni Sinanın «Ilahiyyat»ının tam şəkildə Avropaya getməməsi və onların da bu dəyərli xəzinədən xəbərsizliklərinə dəlalət edən sübutlar vardır. Misal olaraq aşağıdakı məsələyə diqqət etmək kifayətdir.

Biz «Fəlsəfənin əsasları və realizm üsulu» kitabının ikinci cildinin haşiyəsində bu nöqtəni xatırlatmışıq ki, Әbu Әli Ibni Sina «Işarələr» kitabının üçüncü fəslində Dekartın, fəlsəfədə yeni fikir və dəyərli düşüncə kimi qiymətləndirilən «mən fikirləşirəm, deməli varam» cümləsini tam aydınlıqla izah edərək onu güclü dəlillərlə rədd etmişdir. Әgər Ibni Sinanın fəlsəfəsi avropalılar üçün düzgün tərcümə edilsəydi, Dekartın həmin sözü «yeni kəşf» və «yeni fikir» markası ilə müasir fəlsəfənin təməli hesab edilməzdi. Amma nə etmək olar ki, hələ ki, Avropa etiketi olan hər bir şeyin bazarı daha rövnəqlidir, hərçənd ki, o bizim neçə illər bundan əvvəl vaz keçdiyimiz puç söz olmuş olsa belə!

Indi birinci fəsldə irəli sürdüyümüz sualların cavabları barəsində danışacağıq. Biz həmin sualları dörd başlıq altında irəli sürdük: «ayrı-seçkiliklər»; «fanilik və yoxluqlar»; «naqisliklər» və «bəlalar.» Biz bu dörd növün birincisinə «ayrı-seçkiliklər» başlığı altında, qalanlarına isə «şərlər» adı ilə cavab verəcəyik. Burada hər şeydən əvvəl bu iradların həllində olan müxtəlif məslək və yollara işarə etməyi lazım sayırıq.

YOL VӘ MӘSLӘKLӘR

Ilahi ədalətlə bağlı iradların həllində olan yol və məsləklər bir-birindən fərqlidirlər. Din şüası ilə Allaha iman bəsləyən iman əhli, adətən öz vicdanını xülasə bir cavab ilə qane edir. O öz-özlüyündə belə fikirləşir ki, tam qəti və möhkəm dəlillər elm və hikmətli Allahın olmasını sübut edir. Indi həmin qadir, elmli və həkim Allahın zülm etməsinə nə səbəb var? Məgər Allahın kiminləsə düşmənçiliyi var ki, O həmin düşmənçiliyə görə həmin şəxsin haqqını əlindən alsın? Yoxsa möhtacdır və buna görə başqalarının haqqını oğurlayıb özünə götürmək istəyir? Zülmün yaranmasına səbəb olan şey ya ruhi çatışmazlıqlardır, ya da ki, ehtiyaclar. Allahda zülm yaradan səbəblər olmadığı üçün Onun barəsində zülm məsələsi mə`nasızdır. O, mütləq alim, mütləq qadir və mütləq həkimdir. O ən yaxşı və layiqli quruluşun necəliyini bilir və həm də həmin quruluşu yaratmağa qadirdir. Buna görə də Allahın dünyanı ən gözəl və layiqli quruluşun əks formasında yaratmasına heç bir dəlil yoxdur. Şər adlandırılan şeylər əgər gözəl və qəşəng quruluşa zidd olsaydı, heç vaxt yaradılmazdı.

Bu qrup, bə`zən onların fikrincə yozula bilməyən hadisələrlə rastlaşanda da, onları bizə mə`lum olmayan və yalnız Allahın bildiyi hikmət və məsləhət kimi qiymətləndirirlər. Başqa sözlə desək, onu «talenin sirri» adlandırırlar.

Bu tərzi-təfəkkürün öz-özlüyündə bir növ isbat və deduksiya, özü də düzgün deduksiya olmasında heç bir şəkk-şübhə yoxdur. Bu qrup belə deyə bilər ki, əgər bə`zi şərlərin məsələsi yozulmazdırsa, bu, bəşəriyyətin dünyanın sirlərini dərk etməkdə naqisliyindən irəli gəlir. Әgər insan özünü sirr və hikmətlə dolu dünyada görürsə, bir neçə yerdə sirr və hikməti başa düşməyəndə, təbii ki, məsələnin kökündə şəkk etməməlidir.

Insan kitab oxuyarkən, həmin kitabın hər yerində müəllifin yüksək elmi və fikri gücə malik olmasını müşahidə edəndən sonra, arada bir neçə yerdə məchul və anlaşılmaz cümlələrlə rastlaşsa, təbii olaraq, özünün müəllifin məqsədini anlamaması qənaətinə gəlir. Bir neçə məchul cümləyə görə əvvəldə dəqiqliyinə məftun olduğu yazıçının diqqətsiz və anlamaz olduğunu və digər mətləblərin də təsadüfən mə`na verməsini fikirləşmək nə dərəcədə düzgündür?! Müəllifinin elmi şəxsiyyəti hər yerində sübuta yetmiş bir kitabın qaranlıq qalmış bir neçə cümləsinə görə kitab sahibini nadanlıqda günahlandırmaq və ya həkimanə olan bütün mətləblərin təsadüfi yaranmasını demək cahillik və eqoizmin son həddidir.

Iman əhlinin avam kütləsi bu məsələlərlə rastlaşanda, məsələni yuxarıda dediyimiz kimi həll edirlər.

Әvvəldə adını çəkdiyimiz hədis əhli, ilahi maarifdə sükut və sırf tabeçilik tərəfdarıdır və təbii ki, bu məsələlər barəsində fikir söyləməkdən çəkinirlər. Onların yolları əslində elə həmin avam kütlənin yolundan başqa bir şey deyil. Әş`əri mütəkəllimlər də elə yolla gediblər ki, onlar üçün də təbii olaraq həll edilməli bir məsələ qalmayıb. Amma digər mütəkəllimlər və habelə ilahiyyatda hiss və təcrübə üsulunun tərəfdarları, ilahi ədalət məsələsinin iradlarının həlli yolunu kainatın sirləri və onlarda olan fayda və məsləhətlərdə araşdırma və tədqiqat aparmaqda görürlər.

Amma ilahi filosoflar da məsələyə «səbəbdən nəticəyə çatmaq» yolu ilə daxil olurlar və yuxarıda nəql etdiyimiz mətləbi dəlil və bürhan formasına salırlar. Onlar deyirlər ki, Allahın əsəri olan dünya, Onun cilvəsi misalındadır. Allah-taala mütləq gözəldir və gözəlin cilvəsi də gözəldir. Onlar həmçinin şərlər mahiyyətinin təhlilinə, onların yoxluq olmalarına və zati deyil, qeyri-zati olmaqlarına toxunurlar. Həmin filosoflar həmçinin şərlərin olmalarının zəruriliyi, onların xeyirlərdən ayrılmazlıqları, başqa sözlə desək, yaradılışın parçalanmazlığını isbat edirlər və həm də şərlərin tə`sir və faydaları barəsində bəhslər edirlər.

Biz burada filosofların gətirdikləri həmin bürhan barəsində söz açmayacağıq. Çünki o, bu kitabın səviyyəsindən çox yuxarıdır. Amma digər hissələr barəsində danışacağıq.

Bundan əvvəl dediyimiz kimi, bu məsələnin iradları «ayrı-seçkiliklər» və «şərlər» adı altında xülasə edilir. Biz əvvəlcə ayrı-seçkiliklər bəhsinə daxil olacağıq və sonra, başqa bir fəsildə şərlər məsələsini araşdıraraq təhlil edəcəyik.

AYRI-SEÇKILIKLӘR

Ayrı-seçkilik məsələsinin iradı bu idi ki, varlıqlar bir-birlərinə nisbətdə zatən bərabər haqqa malik olduqları halda, nə üçün müxtəlif və bir-birlərindən fərqli yaradılıblar? Nə üçün biri qara, digəri isə ağdır? Nə üçün biri çirkin, digəri isə gözəldir? Biri kamil, digəri isə naqisdir? Nə üçün biri mələk, digəri insan, üçüncüsü heyvan, dördüncüsü bitgi, beşincisi isə cansız varlıqdır? Nə üçün bunun əksi olmayıb? Nə üçün heyvan mələk, mələk isə heyvan olmayıb? Nə üçün varlıqlar içərisində yalnız insan, insan yaradılaraq müəyyən vəzifələr daşımalı, savab və ya cəza görməli, başqa varlıqlar isə belə olmamalıdır? Әgər bu yaxşı idisə, nə üçün hamı belə olmayıb? Әgər pisdirsə, onda nə üçün insan belə yaradılıb?

Bu sualların iki cür cavabı var. Cavablardan biri xülasə, digəri isə müfəssəldir. Xülasə cavab bizim, bundan öncə, yol və məsləkləri izah edərkən dediyimizdir. Biz orada dedik ki, iman əhli adətən bu məsələdə xülasə cavabla öz zehnlərini qane edirlər. Onlar deyirlər ki, bu suallar bir sıra iradlar deyil, bir sıra məchul və namə`lum məsələlərin irəli sürülməsidir və biz, «başa düşmürük» deyərək məsələni həll edə bilərik.

Biz, Allahı «əlim, həkim, qəni, kamil, cavad» və bu kimi sifətlərlə tanımışıq və Onu bu sifətlərlə tanıdığımız üçün baş verən hər bir şeyin «hikmət» və «məsləhət» əsasında olmasını bilirik. Hərçənd ki, biz həmin hikmət və məsləhətlərin hamısını dərk edə bilmirik. Biz, necə deyərlər, «talenin sirrindən» xəbərdar deyilik. Neçə min illik kütləvi sə`y ilə özünün hiss edilən bədəninin sirlərindən tam baş çıxarmayan insanın «varlığın müəmmalarından» və «talenin sirlərindən» baş açmaq istəməsi çox iddiaçılıq və xudxahlıqdır. Bəşəriyyət varlıq aləmində onun ağlını heyran edən bu qədər hikmət və tədbir gördükdən sonra, hər hansı bir işin hikməti namə`lum olan yerdə bu məchulun səbəbinin yaradılış deyil, onun dərrakəsinin naqisliyi olmasını e`tiraf etməlidir.

Bu qrup şəxslər heç vaxt başlarını bu cür «niyə, nə üçün?»lərlə qatmır və vaxtlarını həmin məsələlərə sərf etmək əvəzinə, bir tərəfdən başa düşdükləri, digər tərəfdən isə əməli olan məsələlərdə araşdırma aparmağa sərf edirlər.

Bu cavabın düzlüyündə heç bir şəkk-şübhə ola bilməz. Imanlı şəxslər bu məsələlərin cüz`i dərinliklərinə getmək vəzifəsi daşımırlar və avam kütlənin bu qism məsələlərə daxil olmaq iste`dadları da yoxdur. Hətta bu cür məsələlərə daxil olmaq onlara qadağan edilib. Әslində bunun özü bir növ deduksiyadır. Belə ki, biz «səbəb» və onun kamilliyi yolu ilə «nəticənin» kamilliyini e`tiraf edirik.

Amma burada daha başqa bir məsələ vardır və o da budur ki, camaatın əksəriyyəti Allahı «əsər», yə`ni dünyanın quruluşu yolu ilə tanıyır. Onların çoxunun bu barədəki agahlıqlarının əsaslandığı məsələ dünyadır. Amma bu növ agahlıq naqis agahlıqdır. Buna görə də onlar təbii ki, agahlıqlarının söykənəcəyi olan bu nöqtədə məchul bir şeylə rastlaşanda, az-çox təşvişə düşürlər və həmin iradların həlli ancaq həmin irad nöqtələrini araşdırmaqdan başqa bir yolla həll edilə bilməz. Onlar Allahı dünyadan müstəqil və ayrı tanımayıblar ki, Allahın mütləq kamal, ehtiyacsızlıq və gözəllik kimi tanınması, onları ən gözəl yaradıcının, ən gözəl əsəri və ya ən kamil yaradıcının ən kamil əsəri kimi tanış etmiş olsun. Onların dünya ilə yalnız bir əlaqə yolları var və o da adi və sadə hissiyyat yoludur. Onlar Allahı dünya aynasında görürlər. Buna görə də onların aynanın səthində gördükləri ləkələr görülən şeylərə əsər qoyur. Onlar əgər dünyanı Allahın aynasında görə bilsəydilər, başqa sözlə desək, dünyanı yuxarıdan görə bilsəydilər, aşağıdan görünən bütün naqislik və xoşagəlməzliklərin hamısı məhv olaraq aradan gedər və mə`lum olardı ki, onlar gözün görməsindəki səhv ucbatından naqisdirlər. Bu, Hafizin «təriqət başçısının nəzəri» adlandırdığı həmin baxışdır.

Agahlıqlarının əsaslandığı yeganə aləm dünya olan, Allah və Onun həkim, əlim, adil, ehtiyacsızlıq və kamilliyini ancaq və ancaq dünya aynasında görən şəxslər, istər-istəməz dünya barəsində məchul və namə`lum işlərlə rastlaşanda aynalarında ləkə yaranır və həmin ləkə, aynanın həqiqəti düzgün göstərməsinə mane olur.

Digər tərəfdən, bu iradlar bizim yaşadığımız əsrdə müxtəlif qruplar, xüsusilə materializmə meylli şəxslərin yazı və çıxışlarında daha çox səslənir. Mən bu cür suallar irəli sürən adamlarla çox rastlaşıram. Onlar ya ümumiyyətlə Allaha e`tiqad bəsləmir, ya da onların imanları ümumi təsdiqlə hikmət və məsləhətə qənaət edəcək qədər möhkəm deyildir. Buna görə də problemin həlli üçün həmin sualların kökü ilə bağlı məsələlərin irəli sürülməsi lazımdır.

Digər bir məsələ də budur ki, «hikmət» və «məsləhətlər»lə bağlı mühüm bir irad vardır və o çox az irəli sürülür. Həmin irad həll edilməsə, yuxarıdakı xülasə cavab öz dəyərini əldən verəcək. Həmin iradın həlli bizim, gələcəkdə barəsində danışacağımız müfəssəl cavabın əsası olan və filosofların həmin cavaba çox əsaslandıqları bir əsl hazırlamağımızdan asılıdır. Әvvəldə dediyimiz xülasə cavab və sonra danışacağımız müfəssəl cavablar, yalnız həmin əslə əsaslananda dəyər əldə edirlər. Həmin irad budur:

Görəsən ümumiyyətlə «məsləhət» və «hikmət» Allah barəsində mə`na və məfhum verirmi? Görəsən «Allah filan işi filan məsləhətə görə edib və ya Allahın filan işinin hikməti filan şeydir» demək olarmı? Görəsən Allah barəsində bu cür danışmaq, Onu məxluqata oxşadaraq onlarla müqayisə etmək deyilmi?

Ola bilər ki, kimsə «hikmət» və «məsləhət»in Allah barə-sində mə`na və məfhumsuz olmasını və bunların hamısının Xaliqi məxluq ilə müqayisədən yaranmasını iddia etsin. Çünki «məsləhət filan cür tələb edir», deməyin mə`nası budur ki, filan məqsədə çatmaq üçün filan vasitədən istifadə edilməlidir. Filan məqsədin seçilməsi məsləhətdir, çünki o bizi filan məqsədə çatdırır və filan məqsədin seçilməsi məsləhət deyil, çünki o bizi filan məqsədə çatdırmır. Məsələn deyirik ki, məsləhət ləzzətin mə`na və məfhum tapması üçün əzab-əziyyətin olmasını tələb edib; hikmət uşağın hazır yeməyinin olması üçün ananın döşlərinin olmasını tələb edib; hikmət və məsləhət filan heyvanın özünü düşmənindən qoruması üçün buynuzlu olmasını tələb edib. Görəsən «bunların hamısı Allahı insanlar və digər naqis canlılarla müqayisə etmək» misalından deyilmi?

Insan və digər naqis varlıqlar üçün məsləhət və hikmət məsələsi mə`na və məfhum daşıyır. Çünki insan və ya hər hansı bir digər naqis varlıq bir sıra səbəb və nəticələrdən təşkil edilmiş bir quruluşda yerləşib. Həmin varlığın hansısa nəticəyə çatmaq üçün bir səbəbə əl atmaqdan başqa çarəsi yoxdur. Həmin varlıq, əgər müəyyən məqsədə çatmaq üçün aləmdə həmin məqsədə çatılması üçün nəzərdə tutulmuş vasitədən istifadə etsə, məsləhət və hikmətə uyğun hərəkət etmiş sayılır, başqa halda isə onun işi hikmət və məsləhətə zidd əməl kimi qiymətləndirilir.

Məsləhət və hikmət, yaradılış aləminin bir hissəsi olan və məhdud qüdrətə malik və mövcud quruluşa tabe olmaqdan başqa bir çarəsi olmayan varlıq üçün düzgün sayılır. Qüdrətin məhdudluğu, məsləhət və hikmətin mə`nasının bir hissəsidir.

Bəs görəsən bu quruluşun fövqündə olan və həmin quruluşun yaradıcısı olan bir varlıq üçün məsləhət və hikmətin nə mə`nası ola bilər? Onun hansısa məqsədə çatmaq üçün bir sıra vasitələrə əl atmağa nə ehtiyacı vardır ki, barəsində «filan işi həkimanə, filan işi isə qeyri-həkimanə idi» də deyilsin? Buna görə də bizim «Allah, əzab-əziyyəti ləzzətin mə`na tapması üçün, ananın döşlərini uşağın südsüz qalmaması üçün yara-dıb» deməyimiz düzgün deyildir. Allah-taala, uşağı ana döşü-nə möhtac etmədən də doyuzdura bilər və insana, əzab-əziyyət çəkmədən ləzzətin mə`nasını başa salmaq qüdrətinə də malikdir.

Səbəb-nəticə qanunu bizim gözümüzdə çox ciddi bir məsələdir, amma o, Allah baxımından formal xarakter daşımaqdan başqa bir şey deyil. Buna görə də biz Allah deyil, həkim ola bilərik; həmçinin bizim işlərimiz Allahın, başqa bir quruluş əsasında yaradılmamış və quruluşun eyni olan işləri deyil, həkimanə, yə`ni mövcud qanuna uyğun ola bilər. Allah-taala elə bir quruluşun xaliqidir ki, həmin quruluşun yaradılışından sonra onu tanıyaraq əməlini ona uyğunlaşdıranın işi həkimanədir.

Belə də deyilə bilər ki, Allah öz elm və hikmətini bəndələrinə aydınlaşdırmaq və onlara agahlıq vasitəsi vermək üçün dünyanı nizamlı şəkildə və bir sıra səbəb-nəticə qanunu əsasında yaradıb, çünki əgər nəzm, harmoniya və dəqiqlik olmasaydı, yə`ni təsadüf mövcud olsaydı və hər bir müqəddimədən istənilən nəticə gözlənilsəydi, onda Allahı tanımaq yolu da olmazdı.

Bu sözün cavabı budur ki, bəndələrin agahlıq əldə etmələrinin həkimanə yaradılış aləmini araşdırmalarına əsaslanmasını deməyin özü, dünyaya qəti və zəruri bir quruluş və qanunun hakim olması mə`nasını verir. Halbuki yuxarıdakı nəzəriyyəyə əsasən, nəticəyə çatmaq üçün vasitələrə əl atmaq Allahın deyil, bəndələrin işlərindəndir; Allah həmin yoldan istifadə etmədən bəndələr üçün həmin agahlığı yaratmaq imkanına malikdir.

Buna görə də şər və ayrı-seçkilik məsələlərini «məsləhət» və «hikmət»ə əsaslanaraq izah etmək istəyənlərə, ayrı-seçkilik və pisliklər məsələsinin bu əsasla izah edilə bilməməsinə irad tutula bilər. Çünki Allah-taala ayrı-seçkilik və pisliklərdə olan bütün xeyir və faydaları, həmin narahatedici vasitələrin özləri olmadan belə yarada bilərdi.

Bunun özü böyük bir iraddır və ilk növbədə bu həll edilmədir ki, sonra növbə digər bir iradın cavabında «məsləhət» məsələsinin irəli sürülməsinə gəlib çatsın.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

KONFUSİON AYİNİ (2)
İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR
Xalis tövbə
Aclığın dəyəri nədir?!
Fəlsəfə Avropada
İslam dini və elm
Ən az geyimlə kifayətlənmə
DUALIZM
Allah yanında əziz olanlara and içmək
Azan və iqamədə üçüncü şəhadət

 
user comment