Azəri
Sunday 21st of July 2024
0
نفر 0

“Cəməran” eskadra mina gəmisi İİR-in Hərbi Dəniz Donanmasının balansına verildi

“Cəməran” eskadra mina gəmisi İİR-in Hərbi Dəniz Donanmasının balansına verildi

 Bu gün İslam İnqilabının Ali Məqamlı Rəhbəri, Ali Baş Komandan Həzrət Ayətullah Xameneinin fərmanı ilə görkəmli İran alimləri və İran Hərbi Dəniz Donanmasının şanlı mütəxəssisləri tərəfindən layihəsi hazırlanaraq konstruksiya edilmiş “Cəməran” eskadra mina gəmisinin rəsmən İİR-nın Hərbi Dəniz Donanmasının balansına verilməsi münasibətilə xüsusi mərasim keçirildi. Bununla da İran İslam Respublikası ən son texnologiya ilə hazırlanmış mürəkkəb quruluşlu kreyser və esmineslərin layihəsi, konstruksiyası və təchizatı ilə məşğul olan azsaylı dünya ölkələrinin sırasına qatıldı.   
 
Mərasim zamanı Ali Baş Komandan “Cəməran” eskadra mina gəmisinin müxtəlif hissələrinə baxış keçirmiş, İran xalqının bu böyük elmi nailiyyətinin özəllikləri ilə yaxından tanış olmuşdur.

“Cəməran” eskadra mina gəmisi ən son texnologiyalara uyğun təchiz edilmiş, hava, quru və sualtı hücumlardan müdafiə məqsədi daşıyan üçhədəfli kreyserdir. Bu gəminin layihə və konstruksiyası işində Hərbi Dəniz Akademiyasının mütəxəssislərindən əlavə onlarla digər universitetlərdə, elmi-tədqiqat və sənaye mərkəzlərində çalışan alim və mütəxəssislər də əməkdaşlıq etmişlər.

Tipinə görə ən son modelli hərbi gəmilərdən hesab olunan “Cəməran” eskadra mina gəmisi vertolyotların daşınması və yanacaqdoldurmasını həyata keçirmək qabiliyyətinə də malikdir. Gəminin bəzi əsas hissələrinin istehsalı dünyanın azsaylı ölkələrinin inhisarında olsa da, iranlı mütəxəssislər bu beynəlxalq monopoliyanı yarıb hərbi gəmiçilik sənayesində mühüm olan bu hissələrin layihə və konstruksiyasına imkan verən bilikləri ölkəyə qazandırmışlar. “Cəməran” esminesi gərgin və mütəmadi elmi-tədqiqat və ekspertiza fəaliyyətinin məhsuludur. Onun konstruksiyasında 1 milyon 400 mindən çox mürəkkəb quruluşlu daxili ehtiyat hissə və mexanizmlərdən istifadə olunmuşdur.

Hərbi gəminin baxış mərasimində Həzrət Ayətullah Xamenei Hərbi Dəniz Donanmasında qulluq edən gənc və enerji dolu kadrları yüksək qiymətləndirdiyini bildirərək təkidlə vurğuladı: “Ölkənin iqtidar və tərəqqisinin açarı görüləcək işləri qəlbi stimul və optimizmlə dolu olan imanlı gənclərə həvalə etməkdir”.

Görüş əsnasında Hərbi Dəniz Donanmasının yüksək rütbəli zabit və məmurları “Cəməran” esminesi ilə bağlı lazımi izahlar verdilər.

Daha sonra Həzrət Ayətullah Xamenei Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri və “Cəməran” esminesinin layihə və konstruksiyasının məsulları qarşısında çıxışı zamanı bu günü olduqca xoş, mübarək və ümidverici bir gün adlandıraraq əlavə etdi: “Tanrıya ümid, inam və təvəkkülün nəticəsi olan bu mühüm milli uğur gənc nəslimizə əvvəlkindən də artıq qətiyyət bəxş edəcək. Məhz bu əzm, ümid və iradə hətta ölkədə esmines istehsalı faktının özündən də əhəmiyyətli və sevindiricidir”.

Həzrət Ayətullah Xamenei öz istedad və potensialına bələd olmaq, bu böyük nemətin qədrini bilib onu elmin inkişafı yolunda sərf etmək və böyük işlərə başlamaq üçün özündə cəsarət tapmaq kimi mühüm xüsusiyyətlərin “ölkənin tərəqqi və iqtidarı”nın əsasını təşkil etdiyini deyərək qeyd etdi: “Bəzi arzular əvvəldə əlçatmaz görünə bilər, lakin Allaha iman və özünəinamla göstərilən təşəbbüs və əzmkarlıq zahirən qeyri-mümkün görünən hər bir işi həyata keçirə bilər. Məhz buna görə də, sözsüz ki, gələcəkdə İranda hərbi gəmilərin istehsalında dəfələrlə böyük və qiymətli işlər görüləcək”. 

İranda gəmiçilik sənayesinin tarixinin əsrlər öncəyə gedib çıxdığını qeyd edən Həzrət Ayətullah Xamenei son yüzilliklər ərzində zalım monarxların hökmranlığının ölkənin bu sahədə geriləməsinə səbəb olduğunu deyərək vurğuladı: “İslam dini və İslam Respublikası ölkəmizin və xalqımızın beynəlxalq aləmdəki nüfuzunun, qürur və heysiyyətinin aradan getməsinə əsla imkan verməyəcək! İslam İnqilabının qələbəsindən bəri son 31 ildə ölkəyə və xalqa milli kimlik və qürur psixologiyasının qaytarıldığına görə də məhz bu düşüncə və yanaşma tərzinə borcluyuq”.    
 
İslam İnqilabının Rəhbəri zəngin təbii resurslara malik olan İranın “naz-nemətlə dolu bir süfrə kimi” çapovulçu dünya imperialistlərinin qarşısından yığışdırılmasını onları hiddətləndirən başlıca amil hesab etdiyini deyərək əlavə etdi: “İslam İnqilabından öncə dünyadakı hegemon dövlətlər İranı “naz-nemətlə dolu sahibsiz bir süfrə” hesab edir və buradan istədiklərini qarət edib aparırdılar. Lakin İran xalqı artıq oyanıb, qarət və soyğunçuluq ziyafətinə son qoyub və dünya imperialistləri bu xalqı müstəqillik uğrunda mübarizəsi və müqaviməti ucbatından öz aqressiya və məkrli planlarının obyektinə çeviriblər”.   

Həzrət Ayətullah Xamenei İran xalqının mübarizəsini tarixi bir sınaq və gələcək nəsillər üçün böyük bir ibrət dərsi adlandıraraq əlavə etdi: “Hegemon dövlətlərin İran xalqının müqaviməti  və mübarizliyi qarşısındakı uğursuzluğu sübut etdi ki, hər hansı bir xalq öz milli kimliyini dərk edərək, öz gücünə və Allaha imanına arxalanaraq meydana atılsa, onun əzm və iradəsinə heç bir qüvvə üstün gələ bilməz”.

İran xalqının 22 bəhmən kimi böyük bir tarixi günə imza atmasının düşmənləri hiddətləndirdiyini və onları çarəsiz vəziyyətdə qoyduğunu  qeyd edən İslam İnqilabının Rəhbəri əlavə etdi: “O unudulmaz gündə sinəsini mübarizliklə irəli vermiş milyonlarla mömin insan öz imanını və müsəlman qürurunu rəhbər tutaraq imperializmə nifrətini bir ağızdan dünyaya car çəkdi. Bu möhtəşəm və sarsılmaz həqiqət imperialistləri, xüsusilə də Amerikanı aciz qoyaraq pessimizmə qapılmağa, hiddətlənməyə məcbur edib”.

ABŞ prezidentinin və digər ölkə rəsmilərinin verdiyi son bəyanatları İran xalqına qarşı qəzəb və pessimizmin əlaməti adlandıran Həzrət Ayətullah Xamenei əlavə etdi: “İranda atom silahının istehsalı barədə mənasız və çeynənmiş çıxışlar onu göstərir ki, İran xalqının düşmənləri hətta təbliğat sahəsində də son dərəcə aciz qalaraq təkrara yol verməyə başlayıblar”. 

İran İslam Respublikasının bu cür boş və məntiqsiz sözlərə heç bir vəchlə reaksiya verməyəcəyini vurğulayan İslam İnqilabının Rəhbəri xüsusilə qeyd etdi: “Biz dini əqidəmizin bəşəriyyətin məhvinin simvolu kimi bu cür silahların istehsalını və istifadəsini haram bilərək qadağan etdiyini, buna görə də nüvə silahını dəstəkləmədiyimizi və onu əldə etmək niyyətində olmadığımızı dəfələrlə elan etmişik”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Dünyanın istibdadçı hegemon qüvvələrindən fərqli olaraq biz bütün İslam ümmətində qürur və qəhrəmanlıq ruhunu oyatmaq niyyətindəyik. Elə bu günə qədər də İran xalqının və İslam Respublikasının göstərdiyi səylər İslam ümmətinin oyanışına, imperialistlərə, xüsusilə də Amerikaya qarşı nifrətinin günü-gündən artmasına səbəb olub”.

Həzrət Ayətullah Xamenei ABŞ-ın və digər Qərb ölkələrinin İranın qonşu dövlətlərə qarşı  tədbirlər görməsi ilə bağlı səsləndirdiyi yalan iddialara da toxunaraq əlavə etdi: “Bizə qonşu olan dövlətlər də bilirlər ki, Amerikanın və sionist rejiminin bu araqarışdıran siyasətinin məqsədi əsl müsəlman ümmətinin diqqətini İslam dünyasının həqiqi düşmənlərindən ‒ yəni ABŞ və İsraildən yayındırmaqdır”.

İİR-nın Fars körfəzi ilə bağlı siyasətini açıqlayan İslam İnqilabının Rəhbəri belə əlavə etdi: “Regiondakı ölkələr bizə qonşu və qardaşdırlar. Biz inanırıq ki, Fars körfəzi regionu buraya aid olan dövlətlərin birgə və düşünülmüş siyasəti nəticəsində bölgədəki bütün ölkələrin və xalqların mənafeyinə uyğun şəkildə idarə oluna bilər”.
 
Yadellilərin regionda asayiş və təhlükəsizliyi pozduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bölgədə ixtilaf və qarşıdurma yaratmaq, cürbəcür məkrli planlar həyata keçirmək yadellilərin davamlı olaraq yürütdüyü bir siyasətdir. Lakin ümidvarıq ki, bu günə qədər onların təfriqəçi hiylə və siyasətləri bir çox hallarda uğursuzluğa düçar olduğu kimi, bundan sonra da bütün məkrli planlar region dövlətlərinin ayıq-sayıqlığı nəticəsində boşa çıxacaq”.

İran İslam Respublikasını “xalqının imanlı qəlbinə arxalanan bir dövlət” adlandıran Həzrət Ayətullah Xamenei əlavə etdi: “Təbiətin danılmaz qanunlarına əsasən xalq var-gücü ilə, bir ağızdan öz səsini bütün dünyaya bəyan edərsə, bu səsin əks-sədası bəşəriyyətin və varlıq aləminin tarixində əbədi qalacaq”.

Həzrət Ayətullah Xamenei çıxışının digər qismində görülən hər bir işdə qətiyyət və səbatın vacibliyini xüsusilə vurğulayaraq, habelə qəlbləri və zehinləri “Cəməran” esminesinin konstruksiyası kimi böyük işlərə sövq edən stimul və optimizmə toxunaraq əlavə etdi: “Çalışın ki, elm və sənaye sahəsindəki irəliyə doğru bu hərəkat öz sürət tempini itirməsin və daim əməyin, təşəbbüsün və inkişafın qaynağı olsun”.  

İslam İnqilabının Rəhbəri böyük bir stimula malik birgə və həmrəy insan potensialının bir çox nöqsan və çatışmazlıqların yerini doldurmağa qadir olduğunu deyərək, o cümlədən ölkə administrasiyasının 31 illik təcrübəsinə toxunaraq əlavə etdi: “Potensial maddi və insan resurslarını üzə çıxarmaqla bəzi zəif və nöqsanlı cəhətləri aradan qaldırmaq mümkündür”.  

Hərbi Dəniz Donanmasının hərbi qüvvə kimi zəruriliyini və üstün cəhətlərini açıqlayan Ali Baş Komandan əlavə etdi: “Gərgin və mütəmadi səy göstərməklə, əzm, iradə və ciddiyyət nümayiş etdirməklə Hərbi Dəniz Donanmasını böyük İran xalqının şəninə layiq bir səviyyəyə çatdırın. Əmin olun ki, Allaha iman və təvəkkül sayəsində bu, tamamilə mümkün olan bir işdir”.

Mərasimin əvvəlində Ali Baş Komandan Hərbi Dəniz Donanmasının Bəndər-Abbasın I dəniz zonasında yerləşən hərbi zavodlarının ərazisinə daxil olarkən İİR-nın himni səsləndirildi və Həzrət Ayətullah Xamenei Hərbi Dəniz Qüvvələrində xidmət etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin qarşısında duraraq Tanrıdan İslam İnqilabı və din uğrunda şəhid olanların ruhlarına ən ali dərəcələri nəsib etməsini dilədi.

Daha sonra Həzrət Ayətullah Xamenei meydanda düzülmüş texniki və ixtisaslaşdırılmış hərbi qüvvə və birləşmələrdən parad qəbul etdi.

Bu xüsusi mərasimdə Ordunun Baş Komandanı, diviziya generalı Salehi Ali Baş Komandanı salamlayaraq dedi: “Hərbi Dəniz Qüvvələrində xidmət edən kadrlar böyük İran xalqının iftixar doğuran qəhrəmanlıq tarixini örnək götürərək öz elmi-tədqiqat gücündən bəhrələnməklə zəncirvari şəkildə torpedadaşıyan hərbi gəmilərin istehsalına başlamışdır”.

“Dalğa” layihəsinin rəhbəri Əli Qulamzadə də çıxışı zamanı “Cəməran” esminesinin layihəsinin hazırlanma prosesi barədə məlumat verərək dedi: “Ölkədə müxtəlif tipli esmineslərin layihə və konstruksiyasına imkan verən elmi biliklərin təşkilatlanmış formada əsası qoyulmuşdur. Hal-hazırda daha yüksək tipli modern esmineslərin konstruksiyası üçün lazımi hazırlığa malikik”.

Hərbi Dəniz Qüvvələrinin balansında olan zavodların baş komandanı, II kontr-admiral Rəstqari də çıxış edərək dedi: “Zavod kompleksində çalışan zəhmətkeşlər “Cəməran” esminesinin konstruksiyasında iştirak etməkdən əlavə digər bir neçə sualtı və suüstü gəmilərin təmirini və hazırlığını da həyata keçirməkdədirlər. Qeyd edək ki, bütün bu işlər ən son hərbi biliklərə əsasən həyata keçirilir”.

Həmçinin Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı kontr-admiral Səyyari də çıxış edərək dedi: “Hərbi Dəniz Qüvvələri dəniz təchizatında öz imkan və potensialına arxalanmanın vacibliyini dərk edərək, “Biz bunu bacaracağıq!” devizini Fars körfəzinin mavi suları üzərində təcəssüm  etdirib”.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İsntanbulda Fars dili də tərcümə dərsləri başlayıb
Fələstindaə İslam şəriətinə uyğun qiymətli kağızlar satışa çıxarılacaq
Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!

 
user comment