Siyasi sektor: Ali Məqamlı Rəhbər Zahidanda törədilmiş terror aktı zamanı şəhid olmuş insanların vəfatının 7-ci günü ilə əlaqədar xalqa müraciət etdi (2010/07/21 - 16:46)
İQNA İran Quran İnformasiya agentliyi Leader.ir-ə istinadən Böyük rəhbərin müraciətini təqdim edir:
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Zahidan şəhərinin cami məscidində törədilmiş terror partlayışı zamanı şəhid olmuş bir qrup şəhər sakininin vəfatının 7-ci günü münasibətilə xalqa ünvanladığı müraciətdə bu cinayətin arxasında, əslində, Amerika, İsrail və İngiltərə hökumətlərinin casus orqanlarının durduğunu bildirərək vurğuladı: “Bu terror hadisəsini törətməkdə düşmənlərin əsas məqsədlərindən biri xalqımız arasında məzhəb zəminində fitnə və ixtilaf salmaqdır, lakin İran İslam Respublikası dünya imperializminin əlaltılarının öz məqsədinə çatmasına imkan verməyəcək. Xalqımızın birliyinə, ölkəmizdə asayiş və təhlükəsizliyə düşmən olanlarla ciddi və qətiyyətli mübarizə aparmaq, onlara əməllərinə layiq cəza vermək üçlü hakimiyyət qüvvələrini təmsil edən bütün rəsmilərin borcudur”.
Müraciətin tam mətni:
Mərhəmətli və bağışlayan Allahın adı ilə!
Zahidanda silahlı və cinayətkar terroristlərin əli ilə məzlumcasına şəhid edilmiş bir qrup xalis imanlı, mömin həmvətənlərimizin vəfatının 7-ci günü gəlib çatdı. Xarici casus orqanlarının dəstəyi və fitnəsi ilə bu qanlı hadisəni törətmiş azğın və fanatik vəhhabilərin cinayətkar əlləri Peyğəmbər (s) Əhli-Beytinə (ə) sevgi və bağlılıqla nurlanmış, bir olan Allaha saf imanın və xalis təkallahlılıq əqidəsinin səfa və paklıq bəxş etdiyi ürəklərə dağ çəkdi, ailələri matəmə qərq etdi.
Korazehin, cahil və qatil fanatiklər azğın qəlblərini, zülmkar mənəviyyatlarını İslam və müsəlmanlara qarşı düşmənçiliklərini dəfələrlə sübut etmiş, ələ düşən hər fürsətdə, hər yerdə müsəlmanlara qarşı inad və kinini nümayiş etdirib bacardıqları kimi zərbə endirmiş fitnəkar dövlətlərə həvalə ediblər. Onların İran İslam Respublikası ilə düşmənçiliyinin səbəbi də bu ölkədə ucaldılmış İslam bayrağı, dövlətimizin daim müsəlmanları birliyə, iqtidar və nüfuza dəvət etməsidir. Düşmənin Zahidanda törədilən qanlı hadisədə və buna bənzər terror aktlarında məqsədi müsəlmanlar arasında ixtilaf yaratmaqdır.
On illər boyu Qəzzada, Fələstində, Əfqanıstanda, Kəşmirdə və müsəlmanların yaşadığı digər məntəqələrdə zülmə məruz qalmış müsəlmanların ən böyük və inanılmış hamisi olmuş və olmaqda davam edən İran İslam Respublikası bu gün Amerika, İsrail və İngiltərə hökumətlərinin casus orqanları tərəfindən hazırlanan xəbis planların hədəfinə çevrilir. Onlar ölkəmizdə məzhəb ixtilafı zəminində iğtişaşlar, sünni-şiə qarşıdurması yaradacaqları barədə xam xəyallar qururlar. Daha bilmirlər ki, İran İslam Respublikasında sünnə əhli olan müsəlmanlar da eynilə şiə qardaşları kimi dəfələrlə bu müqəddəs İslam dövlətinə sədaqətlərini sübut etmiş, İslam Respublikasının və əziz İran ölkəmizin müdafiəsi uğrunda imperializmə və onun muzdlu əlaltılarına qarşı mərd-mərdanə və imanla mübarizəyə qalxmışlar. Regionumuzda vəhşi və korafəhm terrorizmin meydana gəlib yayılması ilk başlanğıcdan Amerika və İngiltərənin, onların hökumət və qeyri-hökumət nümayəndəsi olan muzdurlarının xəbis siyasətinin nəticəsi olub. Yer üzündə fəsadın yayılmasının, Allahla müharibənin bariz sübutu olan bu şər törəməsinə qarşı mübarizə aparmaq bütün müsəlmanların borcudur.
İranda və qonşu ölkələrdə yaşayan, müsəlman nüfuzu bu xəbis siyasətin hədəfinə alınmış bütün sünni firqələrinin, xüsusilə də onların din alimlərinin, ziyalılarının və universitet təmsilçilərinin öhdəsinə olduqca ağır vəzifələr düşür. Bütün ərəb və müsəlman ölkələrində şiə və sünni ziyalıları düşmənin məzhəb terrorizmini yaratmaqda və gücləndirməkdə güddüyü çirkin qərəzləri ictimaiyyətə açıqlamalı, insanları İslam düşmənlərinin ən böyük arzusu olan məzhəblərarası fitnə və ixtilaflara yol vermək kimi böyük bir təhlükədən çəkindirməlidirlər.
Allahın izni ilə, İran İslam Respublikası “vəhhabilik” və s. adı altında dünya imperializminə havadarlıq edənlərin müsəlman qardaşlar arasında ixtilaf salmasına yol verməyəcək. Üçlü hakimiyyət qüvvələrindən hər birinin səlahiyyətli orqanları xalqımızın birliyinə, ölkəmizdə asayiş və təhlükəsizliyə düşmən olanlara qarşı ciddi və qətiyyətli mübarizə aparmaqda, onlara əməllərinə layiq cəza verməkdə bərabər məsuliyyət daşıyırlar. İmanlı və alicənab xalqımız da təmkinini və uzaqgörənliyini qoruyub saxlamalı, hər cür yersiz hərəkətlərdən çəkinməli, vəzifələrini layiqincə icra etməkdə səlahiyyətli şəxslərə yardımçı olmalıdırlar.
Mən şəhidlər ağası Həzrət İmam Hüseynin (ə) doğum günündə Zahidan şəhərində törədilmiş qanlı hadisə zamanı şəhid olaraq Haqqn görüşünə tələsmiş əziz şəhidlərin ruhlarına bir daha salavat göndərirəm. Şəhidlərin əziz və möhtərəm ailə üzvləri ilə həmdərd olduğumu bildirir, onlara səbir, təskinlik və ilahi mükafat diləyirəm. Yaralanmış və xəsarət almış məzlum insanların tezliklə şəfa tapmasını Uca Yaradandan acizanə şəkildə dua edirəm.
Allahın salamı, rəhməti və bərəkəti saleh bəndələrinin nəsibi olsun!
Seyid Əli Xamenei
21 iyul, 2010-cu il
source : www.iqna.ir