Azəri
Thursday 18th of July 2024
0
نفر 0

SƏRXOŞLUQ AYƏSİNİN NƏSXİ

SƏRXOŞLUQ AYƏSİNİN NƏSXİ

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَقْرَبُواْ الصَّلاَةَ وَأَنتُمْ سُكَارَى حَتَّىَ تَعْلَمُواْ مَا تَقُولُونَ

“Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər namaza yaxınlaşmayın).” (4\43).

Alimilərin bir çoxunun fikrincə bu ayə nəsx olunmuşdur. Lakin onun hansı ayə ilə nəsx olunduğu haqda müxtəlif fikirlər irəli sürülmüşdür.

Qətadə, Mucahid və Həsən Bəsri ayənin, şərabın haram hökmünü verən ayə ilə nəsx olunduğuna istinad etmişlər. İbni Abbasdan nəql olunmuş rəvayətdə isə “Maidə” surəsinin 6-cı ayəsi ilə nəsx olunduğu göstərilir.

إِذَا قُمْتُمْ إِلَى الصَّلاةِ فاغْسِلُواْ وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ

Namaz qılmağa durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərinizə qədər [dirsəkləriniz də daxil olmaqla] yuyun.

İrəli sürülmüş hər iki nəzəriyyə ilə tanış oldunuz. Lakin bizim nəzərimizcə onların hər ikisi batil və əsassızdır.

1. Sərxoşluq ayəsi ilə nəsx olunması:

Deyilir: sərxoşluq və şərabın haramlığı yalnız namaza aiddir. Lakin şərabın haramlığı haqda nazil olmuş ayə bu hökmü nəsx etmiş, onu sərxoşluq və şərabın tək namaz üçün deyil, bütün hallarda haram olduğunu bəyan edən hökm ilə əvəz etmişdir.

Cavab:

Əvvəla bu ayə heç də namazdan qeyri hallarda şərabın içilməsinə dəlalət etmir ki, şərabı haram edən ayə ilə nəsx olunmuş olsun. Digər tərəfdən isə bu ayə nazil olmazdan əvvəl şərabın haramlığı haqda qəti hökm verilmişdir. Belə olduğu bir halda necə belə bir qənaətə gəlmək olar ki, bu ayə şərabın [namazdan qeyri hallarda] içilməsinə icazə vermiş və [sonralar] başqa bir ayə ilə nəsx olunmuşdur.

Bu məzmunda dediklərimizi təsdiq edəcək bir neçə mö᾽təbər rəvayət nəql olmuşdur və biz onlardan bir neçəsinə işarə edirik.

Abdullah ibni Ömər deyir: Şərabın haram olunmasına dair üç ayə nazil olmuşdur. Nazil olmuş ilk ayə “Bəqərə” surəsinin 219-cu ayəsi olmuşdur. Orada deyilir:

يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَمَنَافِعُ لِلنَّاسِ وَإِثْمُهُمَآ أَكْبَرُ مِن نَّفْعِهِمَا

“[Ya Məhəmməd] Səndən içki və qumar [məysir] haqqında sual edənlərə söylə: Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət [dünya mənfəəti] vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür!)

Abdulla deyir: Bu ayə nazil olduqdan sonra [əshabdan] bə᾽ziləri dedilər: Şərab haram olundu [və bununla kifayətləndilər]. Digərləri Peyğəmbərin (s) yanına gəlib dedilər: Ya Rəsulullah! Bizə icazə ver şərabın dünyəvi mənfəətlərindən bəhrələnək! Peyğəmbər (s), onların bu istəklərinin müqabilində bi şey söyləməyib sükut etdi və sonra bu ayə nazil oldu:

لاَ تَقْرَبُواْ الصَّلاَةَ وَأَنتُمْ سُكَارَى

“Sərxoş ikən nə dediyinizi anlayana qədər namaza yaxınlaşmayın) (4/43).

Bu məzmunda Əbu Hüreyrədən də başqa bir rəvayət nəql olmuşdur.

Əbu Səid nəql etdiyi rəvayətdə deyir: Şərabı haram edən ayə nazil olduqdan sonra Ömər ibni Xəttab dedi: “İlahi! Şərabın haramlığını bizlər üçün daha da aşkar et!” Sonra bu ayə nazil oldu.

يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ

[Ya Məhəmməd!] Səndən içki və qumar [məysir] haqqında sual edənlərə söylə: Onlarda həm böyük günah...) (2/219).

Bu ayə Ömərə oxundu, lakin o buna qane olmayıb dedi: “İlahi! Şərabın haramlığını bizlərə daha da aşkar et!” Sonra bu ayə nazil oldu.

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَقْرَبُواْ الصَّلاَةَ وَأَنتُمْ سُكَارَى حَتَّىَ تَعْلَمُواْ مَا تَقُولُونَ

“Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər namaza yaxınlaşmayın) (4/43).

Əbu Məsirə deyir: Bu ayə nazil olduqdan sonra, Peyğəmbərin (s) müəzzini azan verdikdə uca səslə hamıya e᾽lan etdi: “Bundan sonra heç kim sərxoş ikən namaza yaxınlaşmasın [gəlməsin]!” Ömərə oxunan bu ayəni o üçüncü dəfə təkrar etdi: “İlahi! Şərabın haramlığını bizlər üçün daha da aşkar et!” “Maidə” surəsinin 91-ci ayəsi nazil oldu:

إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَن يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ اللّهِ وَعَنِ الصَّلاَةِ فَهَلْ أَنتُم مُّنتَهُونَ

Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər! Artıq bu işə son qoyacaqsınızmı!?) (Ayənin sonundakı «fəhəl əntum muntəhun – artıq bu işə son qoyacaqsınızmı!?) cümləsinə çatdıqda Ömər lərzəyə gələrək uca səslə dedi: (İntəhəyna! İntəhəyna! – Əl çəkdik! Əl çəkdik!)[1]

Bir qədər fərqli olaraq bu rəvayəti Nəsai də öz kitabında nəql etmişdir. Rəvayətdən belə nəticəyə gəlmək olur ki, ayə nazil olmazdan əvvəl şərabın haramlığına dair qəti hökm verilmişdir və bu ayə hökm verildikdən sonra nazil olmuşdur. Bütün bunlar şərabın haramlığına dair nazil olmuş ayənin bu ayə ilə nəsx olunmasının tamamilə əsassız olduğunu bir daha sübuta yetirir.

2) Hökmün dəstəmaz ayəsi ilə nəsxi:

Haqqında söhbət açdığımız ayənin nəsx olunmasına dair irəli sürülmüş iki nəzəriyyə hökmün [ayənin] dəstəmaz ayəsi ilə nəsx olmasıdır. Çünki bu ayə yalnız namaz halında məst olmamağı əsas şərt hesab edir. Dəstəmaz ayəsi nazil olmaqla namaz üçün dəstəmazın əsas şərt olduğu göstərilir və beləliklə əvvəlki hökm öz qüvvəsini itirərək nəsx olunur.

Cavab:

Namaz istər dəstəmazla, istərsə də dəstəmazsız olsun, məst halında qılınmamalıdır.

Demək haqqında söhbət açdığımız ayənin, dəstəmaz ayəsi ilə heç bir əlaqəsi yoxdur. O ki, qaldı dəstəmaz ayəsinə, burada ən başlıca məqsəd, namaz üçün dəstəmazın əsas şərt olduğunu bəyan etməkdir.

Belə bir açıqlama ilə bəlli olur ki, bu iki ayə arasında heç bir ziddiyyət yoxdur və bu halda onların birinin digərini nəsx etməsi də təbii ki, qeyri-mümkündür.

FƏRZİYYƏ VƏ CAVAB

Nəsx nəzəriyyəsinin tərəfdarları belə təsəvvür edə bilərlər ki, sərxoşluq deyildikdə, yüngül və namazın qılınmasına azacıq da olsun xələl gətirməyən [yə᾽ni insan özünü idarə edə biləcək həddə] sərxoşluğun yüngül mərhələsi nəzərdə tutulur. Çünki belə olduğu bir halda onun üzərinə heç bir məs᾽uliyyət düşməyəcək ki, Allah da ona namaz qılmağı qadağan etmiş olsun. Demək sərxoşluq deyildikdə insanın öhdəsinə düşən məs᾽uliyyətlərdən çəkindirməyəcək [nəzərdə tutduğu işləri həyata keçirməkdə mane olmayacaq] məstlik və sərxoşluq nəzərdə tutulur. Nisa surəsinin 43-cü ayəsində isə insana bu halda namaz qılmaq yasaq olunur. Halbuki, alimlərin bə᾽zilərinin fikrincə bu şəxs namazdan uzaqlaşmamalı, əksinə üzərinə düşən bu dini [şər᾽i] məs᾽uliyyəti yerinə yetirməlidir. Bu səbəbdən də həmin dəstəmaz hökmü [ayəsi] ilə nəsx olunmuş və namazın ən başlıca şərti sərxoş olmamaq deyil, dəstəmazlı olduğu göstərilmişdir.

Cavab:

Ayə haqda belə bir təsəvvür olduqca əsassızdır. Çünki ayənin özündə (Hətta tə᾽ləmu ma təqulun – nə dediyinizi anlayana qədər...) cümləsi ilə insanın heç nəyi dərk edə bilmədiyi sərxoşluq nəzərdə tutulur.

Ayədə sərxoş şəxslərin üzərinə düşən məs᾽uliyyətin əql və şüursuzluqla heç bir ziddiyyəti yoxdur, çünki sərxoş halda insan namaz qılmağa qadir olmasa da, insan öz əməli ilə əql və şüurunu itirdiyi üçün üzərinə düşən məs᾽uliyyəti yerinə yetirməlidir. Yə᾽ni, əvvəlcədən əqli çatışmazlığa düçar olan şəxslərin üzərinə heç bir məs᾽uliyyət düşməyir, insan özü buna səbəb olduqda isə məs᾽uliyyətlər onun üzərindən götürülməyir.

Dediklərimizdən belə bir nəticəyə gəlirik ki, ayədə sərxoşluq deyildikdə, insanın öz əməli ilə əql və şüurunu itirib belə bir hala düşməsi nəzərdə tutulur. İnsan öz əməlləri ilə belə bir şəraitin yaranmasına səbəb olmamalı və belə bir qeyri-ixtiyari hala düşdükdə namaz qılmaqdan çəkinməlidir. Bu, Qur᾽anın sabit və nəsx olunmayan hökmlərindəndir. Allaha iman gətirmiş hər bir şəxs şərtsiz olaraq buna iman gətirmiş və əməli olaraq bunu həyata keçirməlidir.

KAFİRLƏRİN TOXUNULMAZLIĞI HAQDA NAZİL OLMUŞ AYƏNİN NƏSXİ

إِلاَّ الَّذِينَ يَصِلُونَ إِلَىَ قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَاقٌ أَوْ جَآؤُوكُمْ حَصِرَتْ صُدُورُهُمْ أَن يُقَاتِلُونَكُمْ أَوْ يُقَاتِلُواْ قَوْمَهُمْ وَلَوْ شَاء اللّهُ لَسَلَّطَهُمْ عَلَيْكُمْ فَلَقَاتَلُوكُمْ فَإِنِ اعْتَزَلُوكُمْ فَلَمْ يُقَاتِلُوكُمْ وَأَلْقَوْاْ إِلَيْكُمُ السَّلَمَ فَمَا جَعَلَ اللّهُ لَكُمْ عَلَيْهِمْ سَبِيلاً

“Ancaq sizinlə aralarında əhd olan bir tayfaya sığınanlar, yaxud sizinlə və ya öz qövmlərilə [Məkkə müşriklərilə] vuruşmaqdan ürəkləri sıxılaraq [xoşlanmayaraq] sizin yanınıza gələn şəxslər müstəsnadır. Əgər Allah istəsəydi, onları sizin üstünüzə qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, o zaman Allah sizin üçün onların əleyhinə çıxmağa heç bir yol qoymaz.) (4/90).

Deyirlər:

Bu ayə müşriklərlə bağlanılan əhd-peyman və onların toxunulmazlığı haqda nazil olmuşdur, lakin sonralar cihad hökmü [ayəsi] ilə nəsx olunmuşdur.

Bu nəzəriyyəyə əsasən, bu ayədə iki hökm nəsx olmuşdur.

1. Müşriklərlə bağlanılan əhd-peymanın qorunması;

2. Onlara qarşı cihad hökmünün verilməsi.

Cavab:

Ayə müşriklər haqda deyil, münafiqlər barədə nazil olmuşdur və ayəni müşriklərlə əlaqələndirilməyə heç bir əsas yoxdur. Belə ki, münafiqlər iman gətirdikdən sonra bir daha küfr edərək dindən çıxmış və bu ayə məhz onlar haqda nazil olmuşdur. Ayənin özünün və əvvəlki iki ayənin məhz ümumi məzmunu da buna dəlalət edir.

فَمَا لَكُمْ فِي الْمُنَافِقِينَ فِئَتَيْنِ وَاللّهُ أَرْكَسَهُم بِمَا كَسَبُواْ أَتُرِيدُونَ أَن تَهْدُواْ مَنْ أَضَلَّ اللّهُ وَمَن يُضْلِلِ اللّهُ فَلَن تَجِدَ لَهُ سَبِيلاً

“Siz nə üçün münafiqlər barəsində iki dəstəyə ayrıldınız? Halbuki, Allah onları gördükləri əməllərinə görə əvvəlki hallarına [kafirliyə] qaytarmışdır. Siz Allahın [öz istəyi, öz iradəsi ilə küfr edəcəyini əzəldən bildiyi üçün] azdırıcı kimsəni doğru yolamı gətirmək istəyirsiniz? Allahın azdırdığı kimsə üçün heç bir yol tapa bilməzsən.

وَدُّواْ لَوْ تَكْفُرُونَ كَمَا كَفَرُواْ فَتَكُونُونَ سَوَاء فَلاَ تَتَّخِذُواْ مِنْهُمْ أَوْلِيَاء حَتَّىَ يُهَاجِرُواْ فِي سَبِيلِ اللّهِ فَإِن تَوَلَّوْاْ فَخُذُوهُمْ وَاقْتُلُوهُمْ حَيْثُ وَجَدتَّمُوهُمْ وَلاَ تَتَّخِذُواْ مِنْهُمْ وَلِيًّا وَلاَ نَصِيرًا

Onlar özləri kafir olduqdarı kimi, sizin də kafir olub özlərinə bərabər olmanızı istərlər. Onlar Allah yolunda [Məkkədən] hicrət etməyənə qədər onlardan [özünüzə] dost tutmayın. Əgər [tövhiddən və hicrət etməkdən] üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan özünüzə nə bir dost, nə də bir köməkçi tutun!

إِلاَّ الَّذِينَ يَصِلُونَ....

Ancaq sizinlə aralarında əhd olan bir tayfaya sığınanlar, yaxud sizinlə və ya öz qövmlərilə [Məkkə müşriklərilə] vuruşmaqdan ürəkləri sıxılaraq [xoşlanmayaraq] sizin yanınıza gələn şəxslər müstəsnadır.) (4/88-90).

Göründüyü kimi hər üç ayənin ümumi məzmunu İslamı qəbul etmiş və sonralar yenidən küfr edərək dindən çıxmış münafiqlərə dəlalət edir. Fiqhi termin olaraq onlar «mürtəd» adlandırılırlar. Şər᾽i nöqteyi-nəzərdən onlar iki hal istisna olmaqla qətlə yetirilməlidirlər:

1. Onlar, müsəlmanlarla toxunulmazlıq və təhlükəsizlik sazişi bağlamış hər hansı bir qrupa qoşulduqda; belə ki, müsəlmanlar tərəfindən onlara [mürtədlərə] toxunulmazlıq hüququ verilmiş olsun. Belə olduqda mürtədlər müsəlmanlarla saziş [əhd-peyman] bağlayan şəxslər tərəfindən toxunulmazlıq hüququ verdikləri üçün qətlə yetirilmirlər.

İndinin özündə də hökm qüvvədə qaldığı üçün deyə bilərik ki, sabit qalaraq nəsx olunmamışdır. Çünki ayənin özündə deyildiyi kimi: «Mürtədlərlə [və ya onların əhd-peyman bağladığı şəxslərlə] saziş bağlandıqda onların toxunulmazlığı tam şəkildə bərpa olunur. Lakin onların toxunulmazlıq sazişi qüvvədə olduğu müddət ərzində bərpa olunur və müddət başa çatdıqda toxunulmazlıq öz əhəmiyyətini itirir. Belə olduqda müsəlmanlar yenidən mürtədlərə hücum edərək onları qətlə yetirə bilərlər. Lakin diqqət yetirmək lazımdır ki, mövzunun aradan qalxması ilə hər hansı bir hökmün qüvvədən düşməsi heç də onun nəsx olunmasına dəlalət etmir və bu kimi dəyişikliklər nəsx adlandırılmur. Burada da mürtədlərə dair verilmiş hökm bu dəyişikliyə aiddir. Çünki müsəlmanlarla müşriklər arasında bağlanılan əhd-peyman Tövbə surəsi nazil olmaqla ləğv olunmuş və onlara dörd ay müddətində ya İslamı qəbul etmək və ya müsəlmanların yaşadıqları əraziləri tərk etmək möhləti verilmişdir.

Beləliklə, cihad hökmü verilməklə yenidən mövcud olan şərait dəyişilir və mürtədlərin toxunulmazlığı haqda yazılmış saziş və əhd-peyman öz qüvvəsini itirmiş olur. Nəticədə onların qətli şər᾽i nöqteyi-nəzərdən hər bir müsəlmana vacib olur.

2) Mürtədlərin toxunulmazlığının ikinci şərti onların müsəlmanlarla sülh və əmin-amanlıq şəraitində yaşamalarına və onlarla sülh və dostluq əlaqələrinin bərqərar olunmasına meyl etmələridir. Bir şərtlə ki, onlar [yenidən] İslamı qəbul etməli, Allahın birliyinə, həzrət Məhəmmədin (s) peyğəmbərliyinin həqqaniyyətinə e᾽tiraf etməlidirlər. “Nisa” surəsinin 94-cü ayəsində bu haqda deyilir:

وَلاَ تَقُولُواْ لِمَنْ أَلْقَى إِلَيْكُمُ السَّلاَمَ لَسْتَ مُؤْمِنًا تَبْتَغُونَ عَرَضَ الْحَيَاةِ الدُّنْيَا

“Sizə salam verən bir şəxsə dünya həyatının puç mənfəətinə tamahlanmaqla «Sən mö᾽min deyilsən!» deməyin!)

Demək mürtəd tövbə etdikdən sonra əfv olunmalı və qətl hökmü onun üzərindən götürülməlidir. Bunu da qeyd edək ki, Qur᾽ani-Kərimdə hökmü nəsx edəcək mürtədlərin [tövbə etdikdən sonra] qətlə yetirilmələrinə dair qəti hökm verilməmişdir.

Nəsx nəzəriyyəsinin tərəfdarları: Bə᾽zən kafirlərə qarşı müharibə və onların qətlə yetirilməsinə şamil olmayan bu ayənin nəsx olunmasını cihad hökmünü verən ayəyə istinad edirlər.

Cavab:

Hökmə yalnız o zaman istinad etmək olar ki, mürtədlər tövbə etmədən küfr edərək öz batil əqidələrində qalmış olsunlar. Tövbə etdikdə isə onların toxunulmazlığı bərqərar olunur və qətl hökmü götürülür. Və belə olduqda ayənin nəsx olunmasını tamamilə əsassız hesab etmək olar. Lakin əhli-sünnə mənbələrində nəql olunmuş bə᾽zi rəvayətlərdə mürtədlərin hətta tövbə etdikdən sonra belə qətlə yetirilmələrinin vacibliyi göstərilir. Bəlkə bu barədə Əhməd ibni Hənbəl, Termizi, Nəsai, Əbu Davud, İbni Macə öz kitablarında İbni Abbasın Peyğəmbərdən (s) nəql etdiyi hədisə istinad etmişlər. Hədisdə deyilir: «Dinini başqa dinlərlə dəyişənləri qətlə yetirin.»[2]

Bizim fikrimizcə mürtədlərin qətlə yetirilməsinin əsas şərti onların tövbə etməməsidir. Lakin ixtilafa səbəb olan məsələlərdən biri də mürtədlərin tövbə etməyə sövq etməyin vacib və ya müstəhəb olub-olmamasıdır. Onlar hansı müddət ərzində tövbə etməlidirlər və bu müddət başa çatdıqda qətlə yetirilməlidirlərmi? Şiə alimləri belə bir fikirdədirlər ki, mürtədləri tövbə etdirmək hər bir müsəlmana vacibdir və bunun üçün müəyyən vaxt tə᾽yin etməlidir. Müddət o vaxta qədər tə᾽yin olunmalıdır ki, onların tövbə etmələri əqli baxımdan mümkün olsun. Lakin şiə alimlərinin bə᾽zilərinin fikrincə mürtədlərə tövbə etmək üçün verilən möhlət üç gün olmalıdır. Sünni alimlərinin bir çoxu, o cümlədən Əbu Hənifə və Əbu Yusif də məhz bu fikirdə olmuşlar.

Lakin Əli ibni Əbu Bəkr Mərcinani bu barədə başqa bir fikir irəli sürərək deyir: «Mürtədlər möhlət verilmədən qətlə yetirilməlidirlər.» Şafei və İbni Munzir İbni Həmmamdan nəql edərək deyirlər: «Mürtəd dindən çıxdıqdan sonra dərhal tövbə etməsə qətlə yetirilməlidir.»[3]

Şiə və sünni mənbələrində nəql olunmuş rəvayətlərdən belə bir nəticəyə gəlmək olur ki, mürtədlər tövbə etdikdən sonra toxunulmazlıqları tə᾽min olunur. Demək, mürtədlərin toxunulmazlığına – bə᾽zi hallarda tə᾽min etsə belə, şamil olan ayə başqa bir ayə ilə nəsx olunmadan öz qüvvəsində qalmaqdadır.

MÜHAKİMƏ AYƏSİNİN NƏSXİ

فَإِن جَآؤُوكَ فَاحْكُم بَيْنَهُم أَوْ أَعْرِضْ عَنْهُمْ وَإِن تُعْرِضْ عَنْهُمْ فَلَن يَضُرُّوكَ شَيْئًا وَإِنْ حَكَمْتَ فَاحْكُم بَيْنَهُمْ بِالْقِسْطِ إِنَّ اللّهَ يُحِبُّ الْمُقْسِطِينَ

“Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər!)” (5/42).

Ayənin nəsx olunub-olunmaması haqda müxtəlif nəzəriyyələr irəli sürülmüşdür.

Alimlərin bə᾽ziləri – şiə alimləri də daxil olmaqla – ayənin nəsx olunmadığına istinad edirlər.

Bu səbəbdən də əgər kitab əhli öz şikayətlərini müsəlmanların qazisinə təqdim edərsə, qazi İslamın mühakimə qanunlarına əsasən, onların [müsəlmanlarla kitab əhlinin] arasında hökm çıxara bilər.

Şeyx Tusi mö᾽təbər mənbəyə istinad edərək İmam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyir: Əgər yəhudi və məsihilər öz şikayətlərini müsəlman qazisinə təqdim edərlərsə, həmin qazi onların arasında hökm çıxarmaq və ya bundan boyun qaçırmaqda tam ixtiyara malikdir.[4]

Əhli-sünnə və şiə alimləri, o cümlədən İbrahim Nəxəi, Əta və Malik ibni Ənəs də bu fikirdə olmuşlar.

Lakin əhli-sünnə alimlərinin bə᾽ziləri ayənin növbəti 48-ci ayə ilə nəsx olunduğuna dair fikir irəli sürmüşlər.

فَاحْكُم بَيْنَهُم بِمَا أَنزَلَ اللّهُ وَلاَ تَتَّبِعْ أَهْوَاءهُمْ

“Sən Allahın nazil etdiyi [Qur᾽an] ilə hökm et. Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istəyinə uyma.) (5/8).

Mucahiddən nəql olmuş rəvayətdə bu nəzəriyyənin tam əksinə birinci ayənin ikinci ayəni nəsx etdiyi göstərilir.

Müəllif:

Ayənin nəsx olunduğu müşahidə olunmur. Çünki ikinci ayədə Allah-taala qaziyə [Peyğəmbərə (s)] ona nazil olan [Qur᾽anla] kitab əhli arasında hökm etməyə əmr edir. Lakin birinci ayədə qazinin hökm çıxarıb-çıxarmamaqda tam ixtiyara malik olduğuna işarə olunur. Yə᾽ni, əgər hökm çıxarmaq istəyərsə öz istəyi ilə deyil, İlahi qanunlar əsasında ədalətlə hökm çıxarmalıdır.

Başqa sözlə desək, hər iki ayə eyni mə᾽na daşıyır. Lakin birinci ayə əslində ikinci ayənin verdiyi hökmü bəyan edir və müsəlman qazisi kitab əhli arasında hökm çıxardığı zaman İlahi qanunlara əsaslanaraq ədalətlə hökm çıxarmalıdır.

Bununla yanaşı bu məzmuna dəlalət edəcək digər rəvayətlər də nəql olunmuşdur və bütün bu rəvayətlərdən belə qənaətə gəlmək olur ki, Maidə surəsi bütünlüklə Peyğəmbərə (s) səfər zamanı nazil olmuşdur. Demək, hər iki ayə həmən surəyə aiddir, eyni vaxtda nazil olmuşdur və onlardan birinin digərini nəsx etməsi təsəvvür olunası deyildir.

Bu səbəbdən də deməliyik ki, ayələr arasında nəsx müşahidə olunmur. Mətləbin daha açıqlanması üçün bir neçə rəvayətə işarə edirik:

1) İsa ibni Abdulla atasından, o da öz atasından və o da Əli (ə)-dan nəql etdiyi rəvayətdə deyir: Maidə surəsi Peyğəmbərə (s) nazil olmuş son surələrdəndir. Surə Peyğəmbərə (s) səfər zamanı qatırın üzərində olarkən nazil olmuşdur. Belə ki, vəhyin ağırlığından «Şəhbanın» (qatırın) ayaqları yerə batmışdır.[5]

2) Yəzidin qızı Əsmadan nəql olmuş rəvayətdə deyilir: «Peyğəmbərin (s) dəvəsinin «Şəhbanın» adlı yüyənini tutmuşdum. Bu zaman Maidə surəsi bütünlüklə ona nazil oldu. Belə ki, az qaldı dəvənin dizləri yerə batsın.»[6]

3) Əsmadan nəql olmuş başqa bir rəvayətdə deyilir: «Maidə surəsi Peyğəmbərə (s) bütünlüklə nazil oldu və surə nazil olarkən oturduğu dəvənin beli az qaldı sınsın.»[7]

4) Cubeyr ibni Nəfir nəql etdiyi rəvayətdə deyir: «Həcc ziyarəti zamanı Aişənin yanına getdim. Aişə məni görcək soruşdu: Cubeyr! Maidə surəsini oxuyursanmı?

Dedim: Bəli.

Dedi: Bilin ki, Maidə surəsi Peyğəmbərə (s) nazil olmuş son surə olmuşdur. Onun halalını halal, haramını da özünüzə haram bilin.

5) Əbu Ubəyd, Zəmrət ibni Həbib və Ətiyyət ibni Qeys nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s) buyurmuşdur: «Maidə, Qur᾽anın nazil olmuş son surəsidir. Onun halal etdiyini özünüzə halal, haram etdiyini də haram edin.»[8]

Digər bir rəvayət də vardır ki, Maidə surəsinin kamil surətdə və sonuncu surə olaraq nazil olduğunu çatdırır.

Əziz oxucular, əlimizdə belə hədislər olduğu halda necə iddia etmək olar ki, bu surənin bir ayəsi digər bir ayəni nəsx edir və bu nəsx də əməl vaxtı çatmamış həyata keçirilir. Belə bir halda nəsx olunmuş ayənin hökmünün qanuniləşdirilməsi faydasız olacaqdır və məhz buna görə də bu iddianı qəbul etmək mümkün deyildir.

Bundan əlavə, həmin hədisdən bizim qeyd etdiyimiz məsələni təsdiq edən digər bir mətləb də başa düşülür. O da bu surənin heç bir ayəsinin nəsx olunmamasıdır.



[1] Musnәdi-Әhmәd ibni Hәnbәl, 2-ci cild, 351-ci sәh.

[2] Әl-Muntәqi, 2-ci cild, 745-ci sәh.

[3] Fәthul-Qәdir, 4-cü cild, 86-cı sәh.

[4] Vәsailuş-şiә, 3-cü cild, 406-cu sәh.

[5] Tәfsiri-Burhan, 1-ci cild, 293-cü sәh.

[6] Ibni Kәsirin tәfsiri.

[7] Musnәdi-Әhmәd ibni Hәnbәl, 6-cı cild, 458-ci sәh.

[8] Musnәd, 6-cı cild, 485-ci sәh.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

 
user comment