66-cı xütbə
İmam Əli əleyhis-salamın Ənsarın (xilafət barədə) iddiası haqda kəlamlarındandır.
Belə deyilir ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) in vəfatından sonra Səqifə[1] xəbərləri Əmirəl-möminin əleyhis-salama çatdı.[2] Həzrət buyurdu: «Ənsarlar nə dedi?» Cavab verdilər ki, Ənsarlar dedilər ki, bizdən bir, sizdən də bir əmir olsun. Həzrət buyurdu ki, Rəsulullahın (səlləllahu əleyhi və alih) onların yaxşılarına yaxşılıq edilməsi və pis əməl sahiblərinə güzəşt olunması barədə vəsiyyətini niyə dəlil, sübut gətirmədiniz? Dedilər: «Bu cümlə Ənsarlılar üçün necə dəill və sübut ola bilər?» Buyurdu: «Əmirlik onların işi olsaydı, (xəlifəliyə layiq olsaydılar), onlar barədə tövsiyyəyə ehtiyac qalmazdı» (onlara başqaları barədə tapşırılardı). Daha sonra buyurdu: «Qüreyş (Ənsarların sübutları müqabilində) nə dedilər?» Cavab verdilər ki, Qüreyş Peyğəmbərin şəcərəsindən (bir əsil-nəsəbdən olduqlarını və xəlifəliyə daha layiqli) olmalarını sübut gətirdilər. Buyurdu: «Ağacı dəlil göstərib meyvələrini zay etdilər».[3]
67-ci xütbə
Misirə hakimiyyətin boyunduruğunu (Siffeyn hadisəsindən qabaq) Məhəmməd ibn Əbu Bəkrin boynuna keçirdiyi (oranın xeyir-şərini, əyri və düzgününü ona tapşırdığı) vaxt İmam Əli əleyhis-salamın buyurduğu kəlamlarındandır. (Lakin Siffeyn hadisəsindən sonra) Misir onun hakimiyyətindən çıxdı, özü isə öldürüldü.[4]
Mən Haşim ibn Utbəni Misirə hakim təyin etmək istəyirdim.[5] Əgər onu oranın hakimi seçsəydim, bir an belə onlarla (Əmr ibn As və qoşunu ilə) döyüş meydanını boş qoymazdı.[6] Onlara (şücaət və qəhrəmanlıq göstərmək üçün) fürsət verməzdi. Haşimi mədh etməklə Əbu Bəkrin oğlu Məhəmmədi qınamaq niyyətində deyiləm. (Çünki o, qınağa layiq deyil.) O, mənim dostum və rəbibim (arvadımın oğlu) idi.[7]
68-ci xütbə
İmam Əli əleyhis-salamın öz səhabələrini (Şam əhli, yəni, Müaviyənin qoşunu ilə döyüşə hazırlaşmadıqlarına görə) qınadığı kəlamlarındandır.
Yükün ağırlığı donqarını əzən cavan dəvələrlə yol gedilən kimi (Allah yolunda cihada hazır olmadığınıza görə) nə vaxta qədər sizinlə yola gedim,[8] dalbadal cırılan, bir yerini tikdikdə başqa tərəfdən sökülən paltarlar kimi rəftar edim? (Sizləri hər tərəfdən yığıb, müharibəyə hazırlayıram, yenə də dağılırsınız.) Şam əhlinin qoşunundan bir dəstə sizlərə yaxınlaşdıqda, hər bir kişiniz (azacıq səs eşitdikdə, öz yuvalarına qaçan) kərtənkələ və kaftar öz yuvalarında gizlənən kimi (qorxudan) evlərinizin qapısını bağlayıb, bir guşəsində gizlənirsiniz. Allaha and olsun, sizin kömək göstərdiyiniz şəxs (döyüşdə) zəlil və xardır (çünki ağıllı və igid deyilsiniz). Sizlərin köməyilə (düşmənə doğru) ox atan (düşmənin irəliləməsinə mane olmaq istəsə) ucsuz, başı sınıq ox atmışdır (belə oxun faydası olmadığı kimi, düşməni dəf etməkdə və məğlub etməkdə də sizin heç bir faydanız yoxdur). And olsun Allaha, sizlər evlərinizdə çox, bayraqların altında isə azsınız (evlərinizdə olarkən yığışıb mənasız sözlər danışır, ancaq düşmənlə döyüşmək üçün yığılmırsınız). Mən sizləri islah edib (düşmənlə döyüşə hazırlayan) və əyriliyinizi düzəldən (itaətcil edən) şeyi bilirəm.[9] Ancaq, Allaha and olsun ki, özümü puç və zay etməklə sizi islah etməyi caiz bilmirəm. (Çünki bu yolla islah etmək mənim ilahi əzaba düşməyimə səbəb olar və mən buna razı deyiləm.) Allah üzünüzü qara etsin (mənim öyüd-nəsihətlərimi qəbul etməyə layiq olmadığınıza görə əzaba düçar olun), bəhrə və nəsibinizi az etsin (axirətdə bədbəxt olacağınız kimi, dünyada da bədbəxt olun, çünki) batillə tanış olduğunuz (ona itaət etdiyiniz) qədər, haqqı tapmırsınız (ilahi hökmlərə əməl etmirsiniz). Haqqı və həqiqəti batil etdiyiniz qədər batili məhv etmək niyyətində deyilsiniz (doğru yola qədəm qoymur, həmişə batil yolda olursunuz).
69-cu xütbə
İmam əleyhis-salam mübarək başına qılınc vurulduğu gün (Hicrətin qırxıncı ili Ramazan ayının on doqquzu) gecə yarını keçdikdə (sübh açılarkən) buyurdu: (Əbdür-Rəhman ibn Mülcəm Muradinin vurduğu zərbə nəticəsində Ramazan ayının iyirmi biri gecənin əvvəlində o Həzrət vəfat etdi.)
Oturmuşdum, məni yuxu basdı, Allahın Rəsulunu (səlləlahu əleyhi və alih) gördüm. Dedim ki; Ya Rəsulullah, sənin ümmətindən çoxlu əyrilik (itaətsizlik) və düşmənçilik gördüm. Buyurdu ki, onlara qarğış et. Mən də dedim:
Pərvərdigara, onlardan daha yaxşı şəxslər mənə ver və onlara isə mənim əvəzimə ən pis şəxsi yetir. (O Həzrətin duası müstəcəb oldu. Həccac onlara hakim oldu və cürbəcür zülm və sitəm edərək onları zəlilliyə və bədbəxtliyə düçar etdi.)
Seyyid Rəzi buyurur: O Həzrətin أَوَدِ kəlməsindən məqsədi اِعْوِجاج (əyrilik və nadürüstlük), لَدَدِ kəlməsindən məqsədi isə خِصام (düşmənçilik)dir və bu, çox fəsahətli kəlamlardandır.
70-ci xütbə
İmam Əli əleyhis-salamın İraq camaatını pislədiyi kəlamlarındandır.[10] (Həzrət buyurdu:)
Böyük Allaha şükr və sitayişdən və Həzrət Peyğəmbərə salamdan sonra, ey İraq camaatı! Siz hamiləliyi başa vurduqdan sonra uşağını salaraq, ölü doğan, əri ölən və dulluq müddəti uzun çəkən, (öldükdən sonra oğlu və əri olmadığına görə) tamamilə yad adamların, irsinə sahib çıxdığı hamilə qadın kimisiniz.[11] Bilin ki, Allaha and olsun, mən öz ixtiyarımla sizə doğru gəlmədim (Mədinədən yola düşməyim, sizə tərəf gəlməyim və Kufədə qalmağım ürəyimcə deyildi). Ancaq (Cəməl döyüşündə Hicaz qoşunu kömək barədə əhdinə vəfa etmədiyinə görə, sizin qoşunu istədim. Buna görə də) naçar qalıb gəldim.[12] Mənə xəbər çatıb ki, siz (nifaqa və ikiüzlülüyünüzə görə) deyirsiniz: «Əli yalan deyir. Allah sizi həlak etsin! (Öz rəhmətini sizdən uzaq tutsun!) Kimə yalan danışıram? Allah barəsində yalan danışıram? Mən ki, ona ilk iman gətirən şəxsəm. Yoxsa onun Peyğəmbərinin adından yalan qoşuram? Mən ki, onu təsdiqləyən ilk şəxsəm. Allaha and olsun, belə (sizin dediyiniz kimi) deyil. Dediklərim doğru, sözlərim aydındır. Siz (bu sözləri Peyğəmbərdən öyrəndiyim) vaxtlar orada yox idiniz və (əgər olsaydınız belə) onu eşitməyə layiq deyildiniz (qeybin xəbərlərini başa düşmədiyinizə görə sizə gizli qalmışdır). Vay (mənim yalan danışdığımı söyləyənin) anasının halına! (Yəni, anası onun yasını tutsun. Çünki) pulsuz müamilə edirəm (umacaqsız və pulsuz hər şeyi öyrədirəm). Onun qabında bir şey olsa (bacarığı olsa), bundan sonra həqiqətən sözümün doğruluğunu başa düşəcək.[13]
[1] Bəni Saidə, yəni, Ənsardan bir dəstə adamın məsələləri həll etmək üçün Mədinədə toplaşdığı ev.
[2] Ənsarlar xəstə olan Sə’d ibn Ubadəni Səqifəyə gətirərək onu əmir və xəlifə elan etmək istədilər. Bundan xəbər tutan Əbu Bəkr və Ömər ora tələsərək onlarla danışığa başladılar. Ənsarlar dedi: «Biz xəlifəliyə daha layiqiq. Əgər qəbul etmirsinizsə, siz özünüzə, biz də özümüzə əmir seçək». Ömər dedi: «İki qılınc bir qına sığmaz. Ərəblər sizə itaət etməyəcək». Mühacir və ənsarların hər bir dəstəsi özlərinin İslamdakı fəzilət, üstünlük və hüquqlarını xatırlatdı. Bundan sonra, Bəşir ibn Sə’d Xəzrəci paxıllıq etdiyinə görə yerindən qalxaraq Qüreyşi təriflədi. O, Ömərə, Əbu Ubeydə isə Əbu Bəkrə bey’ət etdi. Sə’d ibn Ubadəni isə mənzilinə apardılar.
[3] Əgər onlar özlərini Peyğəmbərin şəcərəsindən olduqlarına görə xəlifəliyə daha layiq bilirlərsə, mən həmin ağacın meyvəsi və Həzrətin əmisi oğluyam. Xəlifəlik, əmirlik mənim haqqımdır və başqası buna layiq deyil.
[4] Çünki Siffeyn döyüşündən və iki hakimin verdiyi hökmdən sonra Müaviyənin mövqeyi yaxşılaşdı, gücü günbəgün artdı. O, Misiri ələ keçirməyə tamah saldı. Əmr ibn Asın onunla bey’ət etdiyi vaxt Ası Misirə vali təyin edəcəyinə söz verdiyindən, əksəriyyəti Osmanın intiqamını almaq niyyətində olan və Osmanı Məhəmməd ibn Əbu Bəkrin öldürdüyünü güman edənlərdən olan altı min süvari ilə Əmr ibn Ası Misirə göndərdi. O, Misirin böyük şəxsiyyətlərinə məktub yazaraq, dostlarını həvəsləndirdi və düşmənlərini qorxutdu. Məhəmməd hadisədən xəbər tutduqda vəziyyət barədə Həzrətə məktub yazaraq, kömək üçün pul və qoşun istədi. Həzrət onun məktubuna cavab göndərdi və istədiyini çatdıracağını vəd etdi. Lakin Məhəmməd tələsərək Misir əhlini Əmr ibn Asa qarşı müharibəyə çağırdı. Dörd min nəfər onun dəvətini qəbul edərək ona yoldaş oldular. Onların iki min nəfərini Konanə ibn Beşrin başçılığı altında öncədən göndərdi, özü isə iki min nəfərlə qaldı. Konanə igidlik göstərib Əmrin qoşunundan çoxlu əsgəri qətlə yetirdi, özü və yoldaşları həlak olana qədər onlarla döyüşdü. Onların ölüm xəbəri Məhəmmədin qoşununa çatdıqda, onun ətrafından uzaqlaşdılar. Məhəmməd tək qaldığını gördükdə qaçdı, Misirə üz tutaraq xarabalıqların birində gizləndi, Əmr ibn As Misirə daxil oldu və öz sərkərdələrindən Müaviyə ibn Xədic Kindini Məhəmmədin ardınca göndərdi. Müaviyə ibn Xədic çox axtarışdan sonra, Məhəmmədi susuzluqdan ölmək üzrə olarkən tapdı. Başını bədənindən ayıraraq, bədənini ölmüş uzunqulağın içinə gömüb yandırdı. Həzrət bu xəbəri eşitdikdə çox kədərləndi və dedi: «Allah Məhəmmədə rəhmət etsin. O, düşmənlərin məkr və hiyləsini görməmiş xam bir gənc idi.
[5] Təcrübəli və bacarıqlı kişi olan Haşim Əmirəl-mömininin xas səhabələrindən və o Həzrəti sevənlərdən idi. O, Siffeyn döyüşündə şəhid oldu.
[6] Müqavimət göstərər, qılıncı əlindən verməz və Məhəmməd kimi qaçmazdı. Məhəmməd qaçanda, güman edirdi ki, qaçmaqla xilas olacaq.
[7] Əgər döyüş meydanını boş qoyub qaçıbsa, çarəsiz qalıb və təqsiri olmayıb. Məhəmmədin anası Əsma binti Uməys idi. O, əvvəlcə Cə’fər ibn Əbu Talibin zövcəsi olub və ondan Abdullah ibn Cə’fər dünyaya gəlmişdir. Cə’fərin Mu’tə döyüşündə şəhid olmasından sonra Əbu Bəkr onu almış və Məhəmməd anadan olmuşdur. Əbu Bəkrdən sonra Həzrət onunla evləndi. Məhəmməd Həzrətin qollarında böyüyüb boya-boşa çatdı və elə uşaqlıqdan o böyük şəxsin vilayəti və dostluğu ilə böyümüşdü. Həzrət onu çox sevər və hörmət edərdi. O, buyurmuşdur: «Məhəmməd mənim Əbu Bəkrin belindən gələn oğlumdur».)
[8] Siz də dördayaqlılar kimi ağılsızsınız. Buna görə də dözümsüzlükdən müharibənin çətinliklərinə sinə gərmir, düşmənin qarşısını almırsınız.
[9] Öz məqsədlərimə çatmaq üçün zülmkarlar kimi sizlərdən bəzilərini öldürə və ya həbs edə bilirəm ki, başqaları ibrət götürüb, qorxularından mənə itaət etsinlər.
[10] Siffeyn döyüşündə Şam qoşunu məğlub olduğuna görə Əmr ibn Asın göstərişilə Qur’anları nizələrə taxaraq, özlərini aciz və yazıq göstərdilər. Bu hiylə, məkr nəticəsində İraq qoşunu onlarla döyüşdə süstləşdi, qazanacaqları mütləq qələbədən keçərək döyüşə son qoydular.
[11] Bu müharibədə çox əziyyət çəkdiniz və fəth, qələbə sizə yaxın olduqda aldanaraq onu əldən verdiniz. İki hakimin hökmünə razılaşaraq İmamınızın sözünə əməl etmədiniz. Özünüzü başçısız fərz etdiniz. Beləliklə, yadelli düşmən şəhərlərinizi ələ keçirib sizə hakim kəsildi.
[12] Bəsrə camaatı ilə müharibədən sonra Şam camaatı ilə müharibə baş verdiyindən sizin şəhərinizdə qalmağa məcbur oldum.
[13] Qiyamətdə öz sözlərinin cəzasını çəkəcək və ya o Həzrətin vəfatından sonra Bəni Üməyyənin onlara hakim kəsilməsilə o böyük şəxsiyyətin gələcəkdən verdiyi bütün xəbərlər aydın olacaq. وَلَتَعْلَمُنَّ نَبَأَهُ بَعْدَ حِينٍ cümləsini Qur’ani-Kərimin Sad surəsinin 88-ci ayəsindən iqtibas buyurmuşdur.