185- ci xütbə
İmam Əli əleyhis-salamın münafiq və ikiüzlü insanları vəsf etdiyi xütbələrindəndir.
Bizə itaət və tabeçilik uğuru nəsib etdiyi və bizi günah və itaətsizlikdən saxladığı üçün Allaha şükr edirik. Ondan, bizə olan nemətini kamil həddə çatdırmasını və əlimizi ipinə (Qur’ani-Kərimə) birləşdirməsini istəyirik. Və şəhadət veririk ki, Məhəmməd Onun bəndəsi və elçisidir ki, Allahın razılığını əldə etmək üçün hər bir çətinliyə qatlaşdı və Onun (hökmlərinin təbliği) yolunda hər bir qəm-kədəri qurtum-qurtum içdi (peyğəmbərlik dövründə qarşılaşdığı hər bir çətinliyə səbr etdi). Yaxınları və qohumları neçə cür idilər. (Bir dəstəsi fədakar və onu sevənlərdən ibarət idi ki, can və mallarını o Həzrətin yolunda verirdilər. Bəziləri isə düşmən və münafiq idilər və onu məhv etmək istəyirdilər.) Uzaq və yadlar o Həzrətlə düşmənçilik etmək üçün bir yerə toplaşdılar. Ərəblər noxtalarını qıraraq o Həzrətə tərəf üz qoydular və onunla müharibə etmək üçün öz yük dəvələrinin qarnını döyəclədilər (ki, tez çatsınlar). Nəhayət ən uzaq məkan və get-gəl yerlərindən düşmənçiliklə o Həzrətin yaşadığı yerə və yurda daxil oldular. (Xülasə, onunla düşmənçilik üçün uzaq yollardan müharibə etməyə gəldilər.)
Ey Allahın bəndələri! Sizə təqvalı olaraq Allahdan qorxmağı tövsiyə edirəm və (zahirdə müsəlman, batində isə kafir olan) ikiüzlü insanlardan (onların hiylə və kələklərindən) çəkindirirəm. (Məbada onların söz və əməllərinə aldanaraq onların arxasınca gedəsiniz.) Çünki onlar azğın və azdıran (özləri zəlalət və azğınlıq yolu ilə gedir və başqalarını da doğru yoldan saxlayaraq özlərinə yoldaş edirlər), həmçinin sürüşmüş və sürüşdürəndirlər (özləri günah və səhv işlər görürlər və başqalarını da səhvə salırlar). Özlərini müxtəlif rənglərə və hallara salarlar (hər an və hər bir məclisdə öz danışıq və davranışları ilə, puç məqsəd və yanlış fikirləri ilə sadəlövh insanları aldatmaq üçün bir rəngə düşərlər). Sizin üçün bütün vasitələri nəzərdə tutublar və bütün pusqularda güdükdədirlər. (Əgər onların fikirlərini başa düşüb onlardan uzaqlaşsanız, sizi digər vasitələrlə aldatmaq qərarına gələrlər ki, hər nə cür olur-olsun sizi özlərinə qoşsunlar. Paxıllıq, ikiüzlülük, düşmənçilik və şəkk-şübhə içində olmaqdan) qəlbləri xəstədir.[1] Onların zahirləri isə pak və təmizdir. (Belə ki, onların həqiqəti sevən və haqq istəyən olmaları güman edilər.) Gizli yol gedirlər (öz planlarını heç kəsin başa düşmədiyi şəkildə işə salır və fitnə-fəsad yaradırlar) və meşənin sıx ağacları arasında (ovu tutmaq üçün yavaş-yavaş hərəkət edən ovçu kimi) tərpənirlər. Sifətləri dərmana oxşayır və sözləri şəfavericidir. Amma əməlləri əlacı olmayan bir dərddir.[2] Rifaha (insanların rifah içində olmalarına) paxıllıq edirlər (onlarla dostlaşaraq rahatlıqlarını əllərindən alırlar) və (onların) çətinlik və bədbəxtliyə düşmələrinə çalışırlar (aralarında söz gəzdirərlər ki, birlikləri dağılsın və onları bədbəxtliyə düçar etsinlər). Həmçinin ümidləri (xalqın ümidlərini) qırarlar (onları Allahın bəyəndiyi işlərdən saxlayarlar). Hər bir yolda birini torpağa səriblər (məhv etmək üçün çoxlu yollar nəzərdə tutublar), hər bir qəlbdə vasitələri var (hər bir şəxslə onun meyl və istəyinə uyğun şəkildə danışa bilirlər) və hər bir qəm-kədərdə göz yaşı tökərlər (ki, onun vasitəsi ilə öz məqsədlərini həyata keçirsinlər). Bir-birlərini tərifləməyi bir-birlərinə borc verər və onun əvəzini gözləyərlər (öz içərilərindəkilərdən birini tərifləyərlər ki, o da əvəzində onu tərifləsin). İstəkləri olanda onda (müqabil tərəfi istəklərini yerinə yetirməyə məcbur edənə kimi) israr edərlər. Danlayanda (birinin səhvini başa salmaq istəyəndə) pərdələri götürərlər (bütün eyblərini açaraq rüsvay edərlər). Əgər onları (bir işdə) hakim təyin etsələr, israf edərlər (haqqa zidd hökm çıxararlar). Hər bir haqqın qarşısında bir batil, hər bir düzlüyün müqabilində bir əyrilik, hər bir dirinin qarşısında bir qatil, hər bir qapıya bir açar və hər gecə üçün bir çıraq hazırlayıblar (məqsədlərinə çatmaq üçün müxtəlif hiylə və kələklərdən istifadə edərlər). Ümidsizlik və (xalqın malından) ehtiyacsızlığı öz tamah və hərislikləri üçün vasitə edərlər ki, bazarlarını qoruyaraq nəfis sandıqları mallarını işə salsınlar (hiyləbazlıqla özlərini dünyaya rəğbətsiz göstərərək ehtiyacsızlıq nümayiş etdirirlər ki, öz məqsədlərinə çatsınlar). (Səhv söz) deyirlər və (onu haqqa) bənzər və oxşar göstərirlər. (Məqsədlərini) açıqlayırlar və onu bəzəyirlər (haqq şəklinə salırlar). Batil yolu asan göstərərlər (ki, hamı ona qədəm qoysun) və darı (zəlalət və azğınlığı) əyərlər (ki, azğınlıqdan qurtarmaq, nicat tapmaq mümkün olmasın). Beləliklə, onlar şeytanın ardıcılları və odun şölələridirlər. (Qur’ani-Kərimin Mucadilə surəsinin 19-cu ayəsində buyurulur:) «أُوْلَئِكَ حِزْبُ الشَّيْطَانِ أَلَا إِنَّ حِزْبَ الشَّيْطَانِ هُمُ الْخَاسِرُونَ» «O dəstə şeytanın yoldaş və ardıcıllarıdır. Bilin ki, şeytanın ardıcılları ziyana uğrayanlardır.»
186- cı xütbə
İmam Əli əleyhis-salamın (Allah-təalanın vəsfi, Həzrət Peyğəmbərin mədhi, nəsihət, təqva və pərhizkarlıq barəsindəki) xütbələrindəndir.
Həmd o Allaha layiqdir ki, səltənətinin nişanələrindən və böyüklüyünün əzəmətindən qüdrət və bacarığının heyranlıqlarını aşkar etdi, gözləri mat və heyran qoydu və insanların zehnlərindən keçən fikirləri Öz sifətinin həqiqətlərinin dərkindən saxladı. (Ağıl sahibləri Onun yaratdıqlarının müqabilində mat-məəttəl qalıblar və onların ağılları Onun həqiqətlərini dərk etməkdən acizdirlər.) Şəhadət - iman, inam, niyyət saflığı və itaət üzündən olan bir şəhadət - verirəm ki, Allahdan başqa bir tanrı yoxdur. (Bu şəhadətdə qəlbimlə dilim birdir və onda təqlid və riya yoxdur.) Şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və elçisidir. Onu o vaxt göndərdi ki, qurtuluş nişanələri və dinin aşkar yolları aradan getmiş, viran olmuşdu (insanlar zəlalət və azğınlıqda addımlayır, nəfsi istəklərin arxasınca gedirdilər). Belə olan halda, o, haqqı aşkar etdi, xalqa nəsihət verdi, (danışıq və davranışda) düzlük və doğruluğa hidayət etdi və mötə’dil yolu tutmağı əmr etdi. Allah ona və onun Əhli-Beytinə salam göndərsin.
Ey Allahın bəndələri! Bilin ki, Allah sizi boş yerə yaratmayıb, (heyvanlar kimi) özbaşına buraxmayıb (bəlkə sizin üçün vəzifə və hökmlər müəyyənləşdirib ki, hər birini öz vaxtında yerinə yetirəsiniz), sizə verdiyi nemət və bəxşişlərin miqdarını bilir və mərhəmət və lütfünü sayıb (ki, sizin şükr etməyinizi və naşükürlüyünüzü sınasın). Belə isə zəfər və qələbəni (düşmənə qalib gəlməyi) və hacətin rəva olmasını Ondan diləyin, öz istəyinizi Ondan istəyin və əta və bəxşişi Onda axtarın ki, sizinlə Onun arasında asılı pərdə və bağlı qapı yoxdur. O, hər yerdə və hər bir vaxt və zamanda hazırdır və hər bir insan və cinlə birlikdədir. Əta və bəxşiş Onu (onun nemətlərini) azaltmır və (onlarda) nöqsan yaratmır; Ondan istəyən Onun nemətini sona çatdırmır; arzulayan Onun xəzinələrinin sonuna çatmır; heç kəs Onu digərindən saxlamır; bir səs Onu özünə məşğul edərək Onun digər səsi eşitməsinə mane olmur;[3] (nemət) bağışlamaq Ona (eyni zamanda digər neməti) almağa mane olmur; qəzəb etmək Ona rəhm etməyə mane olmur; mehribanlıq Onu əzab etməkdən saxlamır; gözə görünməzlik Onun aşkar olmasına mane deyil və aşkar olmaq Onu gözə görünməzlikdən ayırmır.[4] Həm yaxındır, həm uzaq, həm yuxarıdadır, həm də aşağıda, həm aşkardır, həm gizli və həm gizlindir, həm də aşkar. Cəzalandırıb, amma cəzalanmayıb. (Hamının hesabını O edir. Amma heç kəsin Onun hesabını aparmaq dərki və qüdrəti yoxdur.) Yaradılmışları fikirlə yaratmadı və heç bir işdə onlardan yardım istəməyə möhtac deyil. (Çünki vücudu vacib olan varlıq acizlikdən uzaq və pakdır.)
Ey Allah bəndələri! Sizə təqvalı və Allaha itaətkar olmağı tövsiyə edirəm. Çünki təqva (sahibini səadətə çəkən) cilovdur və (işlərin nizam-intizamını saxlayan) sütuna bənzəyir. Belə isə onun möhkəm bağlarına sarılın və həqiqətlərindən yapışın ki, gözlərin (qorxu və vahimədən) bərəli qalaraq qırpılmadığı və ətrafına nəzər sala bilmədiyi, qaranlığın hər yeri bürüdüyü və doğmaqları yaxın olan on aylıq hamilə dəvə sürüsünün sahibsiz qaldığı gündə[5] sizi rahatlıq və əmin-amanlıq məkanları, geniş yerlər, qorunan hasarlar və hörmət bəslənilən mənzillərə çatdırsın (heç bir çətinliyi və giriftarçılığı olmayan əbədi Cənnətə aparsın). Və Sur (İsrafilin suru) çalınacaqdır. Həmin vaxt bütün canlar bədənlərdən çıxacaq və bütün dillər lal olacaqdır (ölüm hamını bürüyəcək); uca dağlar və möhkəm daşlar parçalanaraq dağılacaq, onların sərt daşı parlaq ilğım kimi görünəcək və onların durduqları və sakin olduqları yerlər hamar (alçaq-hündürsüz) olacaq (abadlıq və heç bir nişanə qalmayacaq). Beləliklə, (həmin gün) nə şəfaət edəcək (günahın əvf edilərək bağışlanmasını istəyən) şəfaətçi, nə çətinliyi dəf edəcək qohum, nə də xeyir verəcək üzr və bəhanə olacaq. (Xülasə, təqva və pərhizkarlıqdan başqa bir sığınacaq yoxdur.)
187- ci xütbə
İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin Allah tərəfindən göndərilmə zamanına toxunaraq təqva və pərhizkarlığa tövsiyə etdiyi, dünyanın çirkinliklərini açıqladığı və ölüm çatmamışdan yaxşı işlər görməyə təşviq etdiyi) xütbələrindəndir.
Allah, Həzrət Peyğəmbəri o vaxt göndərdi ki, nə bir nişanə qalmışdı (axırıncı peyğəmbərlə o Həzrət arasındakı zaman fasiləsi insanları haqq yoldan uzaqlaşdırmışdı), nə parıldayan bir işıq (haqq şəriət gizlin qalmışdı və heç kəs Allaha itaət etmirdi), nə də aydın bir yol var idi. (Hamı azğınlıqda və nadanlıqda sərgərdan idi. Belə bir vəziyyətdə o Həzrət bəşəriyyəti hidayət edərək bədbəxtlikdən nicat verdi.) Ey Allahın bəndələri! Sizə təqvalı olmağı və Allaha itaət etməyi tövsiyə edirəm və dünyadan çəkindirirəm. Çünki dünya köç etmək diyarı və qəm-qüssə və dərd yeridir. Onun sakini gedən, məskunlaşanı ayrılandır. O öz əhlini bərk küləklər gəmiləri dənizlərdə hərəkətə gətirib titrətdiyi kimi titrədərək çəkişməyə salar. Beləliklə, sərnişinlərin bəziləri boğularaq həlak olarlar. Bəziləri isə nicat taparaq dalğaların üzərində çabalayarlar və küləklər onları bir tərəfdən digər tərəfə apararaq qorxu və nigarançılıqlara düçar edər. Boğulanı bir daha tapmaq mümkün deyil. Nicat tapan isə həlak olmağa tərəf gedir.[6]
Ey Allahın bəndələri! İndi ki, dillər açıq, cisimlər sağlam, bədən itaətkar, get-gəl yeri genişdir və fürsət qalmaqdadır, yoxluğun tələsməsindən və ölümün gəlib çatmasından qabaq iş görün (Allaha ibadət və xalqa xidmət edin). Onun sizin yanınıza gəlməsini gerçəkləşmiş bilin və intizarını çəkməyin.[7]
188- ci xütbə
İmam Əli əleyhis-salamın (özünün Peyğəmbərə yaxınlıqda tək olması, xilafətə daha layiq olması və başqasının bu məqama layiq olmaması barəsindəki) xütbələrindəndir.
Məhəmmədin (səlləllahu əleyhi və alih) qoruyucu olan (Qur’an və onun sünnəsini qoruyan və onun sirlərindən xəbərdar) səhabələrinin böyükləri bilirlər ki, mən heç vaxt bir saat belə Allah və Peyğəmbərin əmrindən kənarda olmamışam və igidlərin qaçdıqları və addımların qayıtdıqları (heç kəsdə düşmənin qarşısını almaq cürəti olmayan) yerlərdə (çətinlik və müharibələrdə) Allahın məni əziz tutduğu şücaət və igidliklə öz canımı Həzrət Peyğəmbərdən əsirgəməmişəm. Allahın Peyğəmbəri - səlləllahu əleyhi və alih - başı mənim sinəmdə olan halda canını tapşırdı və onun ruhu o mənim əllərim üzərində olanda bədənindən ayrıldı və mən (təbərrük və türbət kimi) əlimi üzümə çəkdim. O Həzrətin (səlləllahu əleyhi və alih) qüslünü öz öhdəmə götürdüm və mələklər mənə kömək etdilər. Sonra ev və onun ətrafı (orada olanlar və get-gəl edən mələklər) ağlayaraq nalə qopardılar. Mələklərin bir dəstəsi enir, digər bir dəstəsi isə yuxarı qalxırdılar. Onların o Həzrətə qıldıqları namazın səsi, onu qəbrinə qoyana kimi qulağımdan getmirdi. Belə olan halda, kim o Həzrətə həyat və ölümündə məndən daha yaxın və layiqdir?! (Kim layiq və yaxın olmaq iddiası etsə yalan deyib və özünü nahaq yerə onun xəlifə və canişini hesab edib.) Gözüaçıqlıq və bəsirətlə (şəkk və tərəddüd etmədən) tələsin. Gərək düşmənlə müharibədə sizin niyyətləriniz düz olsun (nifaq və ikiüzlülük olmadan öz haqq imamınıza tabe olasınız). Ondan başqa bir tanrı olmayan Allaha and olsun ki, mən haqq yoldayam (söz və əməllərim eyni ilə Allah və Peyğəmbərin buyurduqlarıdır). Bizim düşmənlərimiz isə batil sürüşkənliklərdədirlər (pis işlərə əmr edən nəfsə və şeytana tabedirlər). Eşitdiklərinizi deyirəm (ki, haqqı batildən seçəsiniz) və Allahdan (sizə giriftar olmuş) özüm üçün və sizə (keçmiş əməlləriniz üçün) bağışlanma istəyirəm (ki, bir də azğınlıq yoluna qədəm basmayasınız və haqq imama tabe olasınız).
189-cu xütbə
İmam Əli əleyhis-salamın (Allahın elminin varlıqları əhatə etməsi, təqva və pərhizkarlığa təşviq, müqəddəs İslam dininin vəsfi, Həzrət Peyğəmbərin Allah tərəfindən göndərildiyi zaman və Qu’rani-Kərimin mədhi barəsindəki) xütbələrindəndir.
Allah, otlayan heyvanların çöllərdəki səs və naləsindən, bəndələrin gizlindəki günahlarından, balıqların böyük dənizlərdəki get-gəllərindən və suyun bərk küləklər vasitəsi ilə dalğalanaraq bir-birinə dəyməsindən xəbərdardır. Şəhadət verirəm ki, Məhəmməd Allahın seçilmişi, vəhy (hökmü) gətirəni və Onun rəhmət və mehribanlıq elçisidir.
Allah-təalaya həmddən və Həzrət Mustafanın mədhindən sonra, sizi pərhizkarlığa və yaradılışınızın başlanğıcı Ondan olan, qayıdış və dönüş yeriniz Ona tərəf olacaq, ehtiyac və istəklərinizin həyata keçməsi Ondan asılı olan, arzu və diləyinizin sonu olan, doğru yolunuz Ona tərəf olan və pənah və sığınacağınız O olan Allahdan qorxmağa tövsiyə edirəm. Çünki təqva və Allahdan qorxmaq ürəklərinizin dərdlərinin dərmanı, qəlblərinizin korluğunun görməsi, cisimlərinizin xəstəliyinin şəfası, sinələrinizin fəsadının düzəlməsi, nəfslərinizin çirkinin təmizlənməsi, gözlərinizin örtüklərinin aydınlığı, qəlblərinizin qorxusunun əmin-amanlığı və (nadanlıq) zülmətlərinizin qaranlıqlarının nurudur. Buna görə də Allaha itaət və tabeçiliyi (bədənə yapışmayan) üst paltarı deyil, alt köynəyi kimi öz adətiniz edin. Və (hətta onu) köynəyin altında bədəninizin daxili bir hissəsi edin, əndamınızda gizlədin onu. (Xülasə, elə bir iş görün ki, sizin bütün bədən üzvləriniz Allaha itaətkar və tabe olsun.) İşlərinizdə Onu hakim bilin (bütün işlərdə Allahın əmr və qadağalarına tabe olun) və (onu qiyamətə) daxil olacağınız zaman üçün çeşmə, istəyinizi almaq vasitəsi, (çətin hadisələrdən) qorxu gününüz üçün qalxan, qəbirləriniz arasındakı çıraqlar, qorxu və vahimənizin uzunluğunda ünsiyyət yoldaşı və kədərli yerlərinizin yüngüllüyü təyin edin. Çünki Allaha itaət və tabeçilik üz tutan təhlükəli (və məhvə səbəb olan) yerlərdən, qarşıya çıxması gözlənilən qorxulardan və (günahkarlar üçün) yandırılmış odun istiliyindən qoruyucudur. Buna görə də kim təqva və pərhizkarlığı öz peşəsi etsə, çətinliklər ona yaxınlaşandan və üz tutandan sonra ondan uzaqlaşar; işlər acılıqdan sonra onun üçün şirinləşər; dalğalar (fitnə-fəsad) ardıcıl gəldikdən sonra ondan uzaqlaşar, çətinliklər incidərək əziyyətə saldıqdan sonra ona asanlaşar; lütf və ehsan (Allahın lütf və mərhəməti) qəhətlikdən sonra ona çoxalar; rəhmət və mərhəmət uzaqlaşdıqdan sonra ona üz tutar; nemətlər azalandan sonra ona artar və bərəkət az yağışdan sonra yağan dolu yağış kimi ona çatar. Belə isə Özünün (Qur’ani-Kərimdəki) öyüdləri ilə sizi bəhrələndirmiş, (peyğəmbərlər vasitəsi ilə) sizə Öz hökmləri ilə nəsihət vermiş və nemət verməsi ilə sizə minnət qoymuş Allahdan qorxun. Buna görə də Ona ibadət və bəndəlik üçün öz nəfslərinizi ram edin və Ona itaət haqqını yerinə yetirin (əmr etdiklərini yerinə yetirərək qadağan etdiklərindən çəkinib uzaq olun).
(Təqva və itaətin vəsfindən) sonra (bilin), bu İslam Allahın dinidir ki, (O ondan başqasını bəyənmir və) onu Özü (Özünü tanıtdırmaq) üçün seçib, Öz qayğısı ilə bəsləyib, onun təbliği üçün yaratdıqlarının ən yaxşısını (Həzrət Peyğəmbəri-səlləllahu əleyhi və alih-) seçib və onun sütunlarını (qanun və hökmlərini) Öz məhəbbəti üzərində qurub. (Buna görə də Allahı sevən kəs İslamın hökmlərinə tabedir.) Onun izzəti ilə (başqa) dinləri xar və həqir (nəsx) edib; onun böyüklüyü ilə millətləri cılızlaşdırıb; onun qələbəsi ilə düşmənləri qədir-qiymətsiz və kiçik edib; onun köməyi ilə müxalifləri məğlub edib; onun sütunu (əsas kök və qanunları) ilə azğınlıq (nadürüst əqidələr) dirəklərini viran edib; teşnələri (elm və maarif susuzlarını) onun hovuzlarından doydurub; onun su daşıyanları (imamlar əleyhimus-salam) vasitəsi ilə hovuzları doldurub (Qur’ani-Kərimin ayələrinin təfsir, yozum və hökmlərinin yerlərini bəyan edib). Sonra onu elə (möhkəm və qüvvətli) edib ki, dəstəyi ayrılan və zəncirləri açılan deyil. Təməli viran, sütunları xarab olmaz. Onun ağacı yerindən çıxarılmayacaqdır. Onun müddətinin sonu yoxdur (qiyamətə kimi bərqərar olacaq və onu nəsx etmək üçün peyğəmbər göndərilməyəcəkdir). Hökmləri köhnəlməyəcək və budaqları sındırılmayacaq. (Heç vaxt hansısa bir alim, elmi əsaslarla onun hökmlərindən hansı birininsə düzlüyünü inkar edə bilməz.) Yolları daralmayacaq, asanlıqları çətinləşməyəcək, ağlığı qara, düzlüyü əyri, çubuğu əyilmiş, geniş yolu qumluq, çıraqları söndürülmüş və şirinliyi acılıq olmayacaq. Buna görə də İslam, Allahın onun təməlini haqda yerləşdirdiyi (batil və əyriliyin işləmədiyi) və özülünü möhkəm etdiyi sütunlardır. O, arxları su ilə dolu olan çeşmələr, işıqları parlaq olan çıraqlar, gedənlərin, vasitəsi ilə yol axtardıqları nişanələr,[8] vasitələri ilə yollar tapılan əlamətlər və daxil olanların onlarla doyduqları (tabe olanların dünya və axirətdə xoşbəxt olduqları) bulaqdır. Allah razılığının sonunu, hökmlərinin ən üstününü, itaət və bəndəçiliyinin ən yüksəyini onda qoyub. Buna görə də Allah yanında bu dinin təməli möhkəm, binası uca, dəlili aşkar, işığı parlaq, səltənəti əziz və nişanələri ucadır. Onu yox etmək mümkün deyil. (Heç kəsdə onu məhv etmək və ya ona tənə vurmaq qüdrəti yoxdur.) Belə isə onu möhtərəm və böyük tutaraq ona tabe olun. Onun haqqını əda edin (əmrlərini yerinə yetirərək qadağan etdiklərinin ətrafına belə fırlanmayın). Onu öz yerinə qoyun (hökmlərindən heç birini dəyişdirməyin ki, dünyada ziyan görər, axirətdə isə əzaba düçar olarsınız).
(İslam dininin şərafət və böyüklüyünün bəyanıdan) sonra (bil ki,) eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (onun təbliği üçün) Məhəmmədi (səlləllahu əleyhi və alih) haqq olaraq göndərdi, o zaman ki, (çaxnaşma, giriftarçılıq və nahaq qan tökülməsinin çoxluğundan) dünyanın bitməsi (hər bir millətin dünyasının sonu, fəsad nəticəsində) yaxınlaşmışdı, (onların, ölümləri vasitəsi ilə) axirət işindən xəbərdar olmaları (onlara) üz tutmuşdu, onun şadlıq və sevinci parladıqdan sonra qaranlıqlaşmışdı, öz əhlini (çətinliklərə düçar etmişdi və çıxış yolu tapa bilmirdilər), onun yatağı narahatlaşmışdı və cilovu qatilin əlinə verilmişdi. Bu, müddətin sona çatdığı, (viranlıq) əlamətlərin(in) yaxınlaşdığı, əhalinin əldən getdiyi, halqanın sındığı, kəndirin qırıldığı, nişanələrin köhnəldiyi və məhv olduğu, eyblərin aşkar olduğu və onun uzun müddətinin qısaldığı zamanda idi.[9] Eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allah o Həzrəti Öz peyğəmbərliyinin təbliğatçısı, ümmətin kəramətlilik amili, zəmanə əhlinin baharı (sevinci), köməkçilərin baş ucalığı və yardımçılarının izzəti etdi. Sonra ona Qur’anı nazil etdi. Qur’an, nuru azalmayan çıraq, işığı sönməyən məşəl, dibi bilinməyən dəniz, gedərkən azğınlığa aparmayan yol, nuru tükənməyən parlaq şüa, dəlili azalmayan ayıran (haqqı batildən ayıran), təməli viran olmayan bina, (əhlinin) xəstəliklərində qorxu olmayan şəfa (çünki o, cismi və ruhi olmasından asılı olmayaraq qarşıya çıxa biləcək bütün xəstəliklərə şəfadır), yardımçıları məğlub olmayan şərəf və izzət, köməkçiləri basılmayan haqdır. Buna görə də Qur’an imanın mə’dəni və onun mərkəzidir; ədalət bağları və onun hovuzlarıdır; elmin çeşmələri və onun dənizləridir; İslamın binasının daşları və onun sütunlarıdır; haqqın səhraları və onun hamar çölləridir. O, elə bir dənizdir ki, su daşıyanlar onu boşaltmazlar; elə bir bulaqdır ki, su çəkənlər onun suyunu azaltmazlar; elə bir çeşmədir ki, daxil olanlar onu əskiltməzlər (alimlər onun bütün sirrini dərk edə bilməyəcəklər), elə mənzillərdir ki, müsafirlər onların yolunu itirməzlər; elə nişanələrdir ki, yol gedənlər onları nəzərdən qaçırmazlar; elə təpələrdir ki, üz tutanlar onlardan aşa bilməzlər. Allah onu alimlərin susuzluqlarının yatırıcısı, müctəhidlərin qəlblərinin baharı, yaxşıların yollarının məqsəd və sonu, sonrasında ağrı qalmayan dərman, onunla zülmət olmayan nur, tutacaq yeri möhkəm olan ip, hündür qalası möhkəm olan sığınacaq, onu sevənin izzət və baş ucalığı, ona daxil olanın sülh və əmin-amanlığı, tabe olanın hidayət və qurtuluşu, onu özünə nisbət verənin üzrü, ona əsaslanaraq danışanın dəlili, onun vasitəsi ilə düşmənlə mübahisə edənin şahidi, onu dəlil gətirənin qələbəsi, ona əməl edənin qoruyucusu, onu işlədənin iti miniyi, nişanə axtaranın nişanəsi, başa tutanın qalxanı, yadında saxlayanın elmi, nəql edənin xəbəri, (xalq arasında) hökm verənin hökmü edib (çünki Qur’an hər bir iş barəsində haqq olan hakimdir və ondan başqa bir şeyin hökm vermək haqqı yoxdur. Buna görə də Qur’andan başqasından olan hökm nadürüstdür).
[1] Necə ki, Qur’ani-Kərimin Bəqərə surəsinin 10-cu ayəsində buyurulur: «فِي قُلُوبِهِم مَّرَضٌ فَزَادَهُمُ اللّهُ مَرَضاً وَلَهُم عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ» «Münafiqlərin ürəyində xəstəlik var. Allah da həmin xəstəliyi daha da artırar. Onlar üçün yalan sanıb inkar etdikləri şeyə görə ağrılı bir əzab vardır.»
[2] Xoşagələn sözləri ilə xalqı öz ətraflarına toplayaraq nadürüst məqsədlərini həyata keçirərlər. Necə ki, Qur’ani-Kərimin Bəqərə surəsinin 204-cü ayəsində buyurulur: «وَمِنَ النَّاسِ مَن يُعْجِبُكَ قَوْلُهُ فِي الْحَيَاةِ الدُّنْيَا وَيُشْهِدُ اللّهَ عَلَى مَا فِي قَلْبِهِ وَهُوَ أَلَدُّ الْخِصَامِ» «İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr və o, qəlbi ilə dilinin bir olmasına Allahı şahid gətirər, halbuki düşmənlərin ən qəddarıdır.»
[3] Çünki bir işə məşğul olaraq digər işdən qalmaq qəflətdən doğur və bu, cismin xüsusiyyətlərindəndir.
[4] Çünki O, həm aşkardır, həm gizli; nişanələri ilə aşkar, həqiqəti isə gözlərdən gizlindir.
[5] Hamının çətinlik və giriftarçılığın çoxluğundan öz nicat və qurtuluşu ilə məşğul olduğu və ən nəfis mallarına göz yumduqları (gün).
[6] Xülasə, insanlar dünyada dənizdə gəmisi xarab olmuş kəslər kimidirlər ki, bəziləri məhv olaraq aradan gediblər və onlardan heç bir xəbər və əlamət yoxdur. Bəziləri isə nəfsi istəklərə düçar olublar və həlakət yolunda hərəkət edirlər.
[7] Ölümün sizi haqlayacağı qəti olduğu üçün onu gəlmiş bilin. Amma intizar çəkən adam kimi gözü yolda olub bekar oturmayın.
[8] Yol gedən səfər adamı çöllükdə yolu nişanələrlə tapdığı kimi onun da dəlil və sübutları vardır ki, alimlər onlara əsaslanaraq dəlil gətirir, fikirlərini əsaslandırırlar.
[9] Xülasə, Allah Həzrət Peyğəmbəri dünyanın hər yerini nadanlıq və azğınlıq bürüdüyü bir zamanda göndərdi və o Həzrət az bir müddətdə insanları hidayət və qurtuluşun əsas yolu ilə, eləcə də ilahi elm və maariflə tanış etdi.