Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Ey iman gətirənlər, (ömürün müddəti, dostların ölümü, var-dövlətin əldən çıxması və yaradılış aləminin hikmətinə və kamil quruluşuna uyğun olaraq gizli qalan məsələlər kimi) sizə aşkar olacağı təqdirdə sizi narahat və qəmgin edəcək şeylər barəsində (Peyğə

101. Ey iman gətirənlər, (ömürün müddəti, dostların ölümü, var-dövlətin əldən çıxması və yaradılış aləminin hikmətinə və kamil quruluşuna uyğun olaraq gizli qalan məsələlər kimi) sizə aşkar olacağı təqdirdə sizi narahat və qəmgin edəcək şeylər barəsində (Peyğəmbərdən) soruşmayın. Əgər Quran nazil (və vəhy mələyi hazır) olan zaman onların barəsində soruşsanız, sizin üçün aşkar olar. Allah onlardan (keçmişdə verilmiş yersiz suallardan) keçdi (onları əfv etdi). Allah çox bağışlayan və həlimdir.
102. Əlbəttə, sizdən qabaq bir dəstə bu şeyləri soruşdu, sonra isə ona kafir oldu.
103. Allah heç bir heyvanı(n istifadəsini) «bəhirə», «saibə», «vəsilə» və «ham» (adı ilə haram və qadağan) etməmişdir. (Bəhirə beş dəfə doğmuş dəvə, saibə xəstə üçün nəzir deyildiyinə görə azad olunmuş dəvə, vəsilə balası onların və bütlərin arasında müştərək olan qoyun və ham on dəfə doğmuş dəvədir ki, cahiliyyət dövründə bunlardan istifadəni haram sayırdılar.) Lakin kafirlər Allaha qarşı yalan uydururlar və onların çoxu düşünmürlər.
104. Onlara «Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin» deyiləndə, «atalarımızın getdiyi yol (onların əqidə və əməlləri) bizə bəsdir!» deyərlər. Görəsən ataları hətta bir şey bilməmiş və (düz yola) hidayət olunmamış olsalar belə (bunlar yenə də kor-koranə surətdə onları təqlid edəcəklər)?
105. Ey iman gətirənlər, özünüzü gözləyin! Əgər siz özünüz doğru yolda olsanız, yolunu azmış kəs(in zəlaləti) sizə heç bir zərər yetirə bilməz (hərçənd ki, onu da doğru yola dəvət etməlisiniz). Hamınızın qayıdışı Allaha tərəfdir. Beləliklə O, sizi etdiklərinizdən xəbərdar edəcəkdir.
106. Ey iman gətirənlər, sizdən birinin ölümü çatan zaman, vəsiyyət vaxtı aranızdakı şahid, sizin özünüzdən (möminlərdən) iki adil kişi olsun. Yaxud əgər ölüm müsibəti sizə səfərdə olduğunuz zaman yetişsə (və möminlərdən şahid tapmasanız), özünüzdən olmayan iki nəfər (şahid) olsun. Əgər (şəhadət verdikləri zaman onların düz danışmalarına) şəkk etsəniz, hər ikisini namazdan sonra saxlayırsınız və onlar da Allaha and içirlər ki: biz (şahidlik etdiyimiz məsələ) qohumlarımız(la əlaqədar) olsa belə öz şəhadətimiz vasitəsilə azacıq (da olsa) bir qazanc əldə etmir və ilahi şəhadəti gizlətmirik, yoxsa mütləq günahkarlardan olarıq.
107. Beləliklə, əgər (yalan danışmaqla) o ikisinin (həmin iki şahidin) günaha batmaları məlum olsa, zülm və xəyanətə məruz qalan kəslərdən və ölənə yaxın olanlardan (yəni iddiaçı olmalarına baxmayaraq ölənin varislərindən olan) digər iki şahid onların yerinə keçir və Allaha and içirlər ki: bizim şahidliyimiz o ikisinin şahidliyindən daha düzgündür və biz (haqq barəsində) həddi aşmamışıq, əks halda zalımlardan olarıq.
108. Bu (üsul, yəni şəkk yaranan kimi şahidlərə and içdirilməsi və onun yalançı olması fərz olunduqda iddiaçının and içməsi) onların şəhadəti düzgün yerinə yetirmələrinə və ya onların andlarından sonra başqa andların (iddiaçılara) qaytarılmasından (və nəticədə rüsvay olmaqdan) qorxmalarına daha yaxındır. Allahdan qorxun və (Onun əmrlərini) eşidin. Allah itaətsiz camaatı hidayət etmir.
109. (Yada sal) o gün(ü) ki, Allah bütün peyğəmbərləri bir yerə toplayaraq deyəcək: «(Dəvətiniz müqabilində) sizə nə cavab verildi?» Deyəcəklər: «Bizim heç bir elmimiz yoxdur (Sənin elmin müqabilində bizim elmimiz heçdir; yaxud onların işlərinin batinini bilmirik və ya bizdən sonra etdiklərindən xəbərimiz yoxdur). Həqiqətən, gizlinləri kamil surətdə bilən Sənsən».
110. (Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey Məryəm oğlu İsa, Mənim sənə və anana olan nemətimi xatırla, o zaman ki, səni Ruhul-Qudusla qüvvətləndirdim və sən camaatla beşikdə ikən (möcüzə yolu ilə) və orta yaşlarında (vəhy yolu ilə) danışırdın; o zaman ki, sənə kitab (öz kitabını və səmavi kitabları), şəriət hökmlərini, əqli elmləri, Tövratı və İncili öyrətdim; o zaman ki, Mənim (yaradılış) iznimlə gildən quş şəklinə bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün və o, Mənim iznim və iradəmlə quş olurdu; Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin; o zaman ki, Mənim iznimlə ölüləri (qəbirdən diri) çıxarırdın; o zaman ki, İsrail övladları üçün (peyğəmbərliyə dair) aydın dəlillər gətirdiyin vaxt, onların (şərinin sənə dəyməsinin) qarşısını aldım, beləliklə, onlardan kafir olanlar dedilər: «Bu (möcüzələr), aşkar cadudan başqa bir şey deyildir!»
111. Həvarilərə (İsanın vəzirlərinə və xas səhabələrinə) «Mənə və Mənim peyğəmbərimə iman gətirin» deyə vəhy göndərən zaman onlar «iman gətirdik, şahid ol ki, biz Sənin əmrinə təslim olanlarıq» dedilər.
112. (Və yada sal) o zaman(ı) ki, həvarilər dedilər: «Ey Məryəm oğlu İsa, sənin Rəbbin bizə göydən «maidə» (tabaq, yaxud yeməklə dolu bir süfrə) göndərə bilərmi (zamanın məsləhəti bunu tələb edirmi)?» Dedi: «Əgər möminsinizsə, Allahdan qorxun». (Olmaya mənim peyğəmbərliyimdə şəkkiniz var və bu səbəbdən möcüzə istəyirsiniz?!)
113. Dedilər: «İstəyirik ki, ondan yeyək və qəlblərimiz rahatlıq və sakitlik tapsın və (gözlə görüb yəqinlik əldə edərək) bilək ki, sən bizə doğru demisən və biz də buna şahidlərdən olaq».
114. Məryəm oğlu İsa dedi: «İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir «maidə» (süfrə) nazil et ki, o bizim üçün – həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan».
115. Allah buyurdu: «Həqiqətən, Mən onu sizə nazil edəcəyəm. Beləliklə, əgər bundan sonra kimsə kafir olsa, şübhəsiz, Mən ona aləmdə hələ heç kimə vermədiyim bir əzab verəcəyəm».
116. Və (yada sal Qiyamət gününü) o zaman(ı) ki, Allah buyuracaq: «Ey Məryəm oğlu İsa, insanlara sən demisən ki, «məni və mənim anamı Allah yerinə iki tanrı kimi qəbul edin?» Dedi: «(Ey Rəbbim,) Sən (hər bir eyb və nöqsandan) paksan, mənə haqqım olmayan şeyi demək yaraşmaz, əgər demiş olsaydım şübhəsiz, Sən onu bilərdin, Sən mənim nəfsimdə olanı bilirsən, (amma) mən Sənin zatında olanı bilmirəm, həqiqətən, Sənsən gizlinləri kamil bilən!»     
117. Mən onlara yalnız Sənin mənə əmr etdiyini – «mənim Rəbbim və sizin Rəbbiniz olan Allaha ibadət edin» demişəm. Nə qədər ki, onların arasında idim, onlara şahid idim. Elə ki, məni (Özünə tərəf) qaldırdın, Sən Özün onlara nəzarətçi idin. Sən hər bir şeydən xəbərdar və (hər bir şeyi) bilənsən».    
118. «Əgər onlara əzab versən, onlar Sənin bəndələrindir (və Sənin əzabın eynilə ədalətdir) və əgər onları bağışlasan (bu qüdrət və hikmət əsasındadır və) həqiqətən, Sən Özün yenilməz qüdrət və hikmət sahibisən».    
119. Allah buyurar: «Bu doğruçulara (əqidə, danışıq və əməldəki) düzlüklərinin fayda verdiyi bir gündür. Onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər vardır, orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Budur böyük uğur!» 
120. Göylərin, yerin və onlarda olanların həqiqi malik və hakimi Allahdır (çünki, onların yaradılışı, qorunması, işlərinin nizama salınması və sonra nəzərdə tutulan vaxtda yox edilməsi Allahın kamil istək və iradəsindən asılıdır) və O hər şeyə qadirdir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

 
user comment