Azəri
Friday 19th of July 2024
0
نفر 0

İBADƏTİN FƏLSƏFƏSİ

 
Bütün İslam proqramlarının və hökmlərinin hikmət və fəlsəfəsi vardır:
1. Yüzlərlə ayə və hədis xalqı düşüncə və təfəkkürə çağırır. İslam qədər heç bir məktəb insanları düşüncəyə də’vət etməmişdir.
2. Qur’anın müşriklərə və bütpərəstlərə şiddətli e’tirazlarından biri ata-babalardan dəlilsiz və kor-koranə təqliddir.
3. Qur’an özü hökmləri bəyan edərkən onların dəlillərini göstərir. Mə’sum imamlar da rəvayətlərdə hökmlərin hikmətini bəyan etmişlər. İslam alimləri bə’zən bu mövzuda kitablar yazmışlar. (Məsələn: Şeyx Səduqun “İləluş-şəraye” kitabı, namaz, həcc və sair hökmlərin sirləri barəsində onlarla kitablar.)
Bunlardan əlavə, elmin inkişafıyla ilahi hökmlər və dini göstərişlərin sirlərindən pərdələr götürülür. İslamın yaşı ötdükcə onun əzəməti artır.
Yuxarıdakı nöqtələrə diqqət yetirdikdə bə’zi məsələlər xatırladılır:
1. Bütün zamanlarda, bütün insanların dini hökmlərin dəlilini bilməsi zəruri deyil. Bə’zi hökmlərin səbəbi hal-hazırda aydın deyil. Lakin zaman keçdikcə onların sirri üzərindən pərdə götürülür.
2. Hökmlərin fəlsəfəsində onların yalnız maddi tə’sirləri və faydaları, iqtisadi və sağlamlıq yönümləri yox, ruhi, mə’nəvi və axirət tə’sirləri də düşünülməlidir.
3. Allahı həkim, Onun göstərişlərinin hikmət əsasında olduğunu bilən şəxs bu gün hansısa hökmün səbəbini bilmədiyindən bu əməli tərk etməməlidir. Xəstə əgər “dərmanın tərkibini bilməyincə ondan istifadə etməyəcəyəm” deyərsə ağrıdan ölər. Əlbəttə, dərmanı istifadə etməklə yanaşı onu tanımağa çalışmalıyıq.
4. Hansısa bir hökmün fəlsəfəsi haqqında Qur’an və hədislərdən möhkəm bir dəlil yoxsa, yaxşı olar ki, sakit olaq və zənn-gümanlara qapılıb dəlil axtarmayaq.
5. Əgər varlıq aləminin bə’zi sirlərini biliriksə qürrələnməyək və hər bir şeyin dəlilini biləcəyimizi gözləməyək.
6. Adi gedişatdan çıxıb vəsvəsələrə qapılmayaq. Necə ki, həkimə müraciət edən şəxs özünü onun ixtiyarına verir. Yaxud avtomobili tə’mir edən mexaniklər sual-cavab edilmir. (Çünki həkim və mexanikin biliyinə inanırıq.) Dini məsələlərdə də Allahın qanunlarına boyun əyməklə əməl edilməlidir. Çünki Allah daha mehriban, daha bilikli və daha həkimdir. O həm gələcəyi, həm zahiri və həm batini tə’sirləri, həm gizlini, həm də aşkarı bilir.
7. İlahi hökmlərdən bə’zi sirlər öyrənmişiksə bütün hökmlərin sirlərini öyrənəcəyimizi xəyal etməməliyik. Əlini dənizə salıb çıxaran şəxsin haqqı yoxdur ki, xalqa əlini göstərib “dənizin suyu budur” desin. O deyə bilər ki, dəniz suyundan bu qədər mənim əlimə dəyib. Hansısa hökmün fəlsəfəsini bilən öyrəndiklərindən savay heç bir sirr olmadığını düşünməməlidir. Məgər məhdud insan ağlı ilə Allahın sonsuz elmindən qaynaqlanan hökmlərin dərinliyindən xəbər tutmaq olarmı?!
8. Bizi hökmlərin fəlsəfəsini anlamağa də’vət edən ağıl deyir: Nəyisə bilmədikdə təqvalı, agah insanlardan soruş. Bu həmin din övliyaları qarşısında bəndəlikdir.
İndi isə hədis və Qur’andan hökmlərin fəlsəfəsini göstərən nümunələrə nəzər salaq.
Qur’an:
Namaz barəsində deyilir: “Namaz insanı çirkin və pis işlərdən çəkindirir.”[122]
“Məni düşünmək üçün namaz qılın.”[123]
“Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram olar!”[124]
Oruc barəsində deyilir: “Təqvalılardan olmağınız üçün oruc sizə vacib oldu.”[125] Çünki günahların çoxu qəzəb və şəhvət meylindən qaynaqlanır. Oruc bu meylin tüğyanının qarşısını alır və təqva yaradır. Buna görə də ramazan ayında cinayətlərin və günahların sayı azalır.
Həcc barəsində deyilir: “Daha çox mənfəət əldə etmək üçün həcc ziyarətinə getsinlər.”[126] Həccin siyasi və ictimai cəhətdən tə’sirli və faydalı olmasına heç bir şəkk-şübhə yoxdur.
Zəkat barəsində deyilir: “Xalqın mallarından zəkat al. Bununla onları (dünyapərəstlik və paxıllıqdan) pak etmiş olarsan.”[127]
Qumar və şərab barəsində deyilir: “Şeytan onların vasitəsilə sizin aranızda düşmənçilik, kin yaradır və sizi Allahı düşünməkdən uzaqlaşdırır.”[128]
Qur’an qisası cəmiyyətin həyat mayası hesab edir.[129]
Çünki cinayətkar cəzalandırılmasa ölü, cinayətkar və zülmkar cəmiyyət yaranar, əmin-amanlığa son qoyular.
Bütün bunlar ilahi hökmlərin hikmət və tə’sirlərini bəyan edən Qur’an ayələrindən nümunələr idi.
Hədis:
Bu mövzuda nəql olunmuş hədislər arasında yalnız “Nəhcül-bəlağə”də Əmirəl-mö’mininin (ə) sözlərindən bir cümləyə işarə edirik: “Allah-təala şirki təmizləmək üçün imanı, təkəbbürü təmizləmək üçün namazı və ruzi səbəbi olması üçün zəkatı vacib etdi...”[130] Allaha iman insanı şirk düşüncələr, puç eşqlər və zəif arxalardan azad edir.
Bütün kamilliklərin qaynağını düşünmək, əzəmət və qüdrət mərkəzindən kömək istəyi hesab olunan namaz insanı təkəbbürdən uzaqlaşdırır.
Zəkat cəmiyyətin işdən düşmüş mexanizmlərini işə salır. Zəkat məhrumlara və iflasa uğramışlara qüvvə verir, qəlblərdə xalqa qarşı məhəbbət yaradır və zəkat verən şəxsin qəlbindən dünya məhəbbəti xaric olur. Bundan əlavə insan zəkat verməklə var-dövlətindən azalmış miqdarın bərpası üçün iqtisadi fəaliyyət göstərir. Təbii ki, çox xərci olan daha çox işləyir. Demək, zəkat ruzi səbəbidir.
Bu hədisdə oruc, əmr be mə’ruf, nəhy əz-münkər, cihad barədə, eləcə də zina və şərabın haramlığı, hədlərin icra olması, imama itaət və bu kimi iyirmi ilahi hökmün hikmət və fəlsəfəsi bəyan olunmuşdur.
Fitrət:
İnsan fitrəti bə’zi hökmlərin fəlsəfəsi ilə tanışdır. Hər bir insan istənilən şəraitdə və zamanda yalanın, xəyanətin, töhmətin, qətlin, oğurluğun, zülmün, əskik satmağın və bu kimi başqa işlərin pis olmasını qəbul edir. Eyni zamanda ədalətin, paklığın, insanlara yaxşılığın və başqa xeyir işlərin yaxşı olmasını anlayır. Bütün bunlar insanın fitrətindədir. Fitrət bə’zi pislikləri və yaxşılıqları dərk edir. Fitrət ilahi ilhamdır: “Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrətdi.”[131]
Elm:
Müxtəlif sahələrdə elmin inkişafı ilə hökmlərin fəlsəfəsi bəyan olunur və bir çox pərdələr aradan götürülür.
Məsələn, donuz ətindəki trixin qurdlarının və ya spirtli içkilərin insan orqanizminə zərəri kimsəyə sirr deyil. Bunlar donuz əti və şərabın haram olmasının dəlillərindən bir qismi idi.
İslam ayaq üstə sidik ifraz etməyi qadağan edir və elm göstərir ki, ayaq üstə sidik ifraz etmək bütün sidiyin xaric olmasına mane olur. Qüslün də səbəbi var. Cənabət halında simpatik sinir sistemi və qan təzyiqi pozulur. Allaha diqqət isə qəflət halını aradan qaldırır. İslam nar çubuğu ilə diş təmizləməyə icazə vermir. Çünki diş əti nar çubuğuna qarşı həssasdır... Bəli, vaciblər, haramlar, müstəhəb işlər, məkruhlar, rəftar, geyim, yemək, yaşayış məsələləri və vasitələri barəsində İslam göstərişləri dəqiq və dərin mə’na daşıyır. Bütün bunlar barəsində İslam alimləri xeyli kitab yazmışlar. (Məsələn, şəhid doktor Paknejadın “Birinci məktəb və sonuncu peyğəmbər” kitabı) Bizim isə bu mövzu haqda söhbət açmağa imkanımız yoxdur. Lakin ümumi bir nəticə mühüm bir nöqtəni sübut edir:
Bütün İslam hökmləri hikmət və fəlsəfə əsasındadır. İstər elm vasitəsi ilə onları tanıyaq, istərsə onların gizli sirlərindən xəbərsiz qalaq! Bütün hallarda bəndəlik ruhiyyəsi ilahi hökmlərin qəbulunu, onlara əməl etməyi tələb edir.
ƏN BÖYÜK FƏLSƏFƏ TƏSLİMÇİLİKDİR
Şübhəsiz ki, şər’i hökmlər və ilahi göstərişlərin fəlsəfəsi və dəlili vardır. Lakin bütün ilahi göstərişlərin və hökmlərin iqtisadi, tibbi və elmi dəlillərini axtarmaq lazım deyil. Müsəlman vəhy göstərişinə təslim olmalıdır. Mütləqiyyət və hikmət sahibi olan Yaradan qarşısında təslimçilik və qəbul ruhiyyəsi insan üçün kamal sayılır. Bə’zi göstərişlər bəndəlik və təslim ruhiyyəsinin imtahanı üçündür.
İsmaili qurban etmək üçün Allahın İbrahimə (ə) verdiyi göstəriş bunun bir nümunəsi və kamil bəndəlik nişanəsidir.
Necə ki, həmişə harayasa getmək üçün yola çıxmırıq. Bə’zən yol getmək özü məqsəddir. Məsələn, gəzinti və ya qaçışda məqsəd harasa getmək yox, idman etməkdir. Bə’zən ibadi göstərişlər və ilahi hökmlərdə məqsəd qarşı tərəfin təslimçiliyi, göstərişləri qəbul etməsi, Allahın razılığını qazanması və yalnız Ona itaət etməsi üçün hazırlıqdır. İbadətin məqsədi insan ruhunun tərbiyəsidir. Necə ki, fiziki hərəkətlər cismin tərbiyəsi üçündür.
İmam Səccad (ə) və imam Əli (ə) buyurur: “İlahi, iftixar üçün Sənin bəndən olmağım bəs edər.”
“Şə’baniyyə münacatı”nda oxuyuruq: “İlahi, əgər məni cəhənnəmə atsan, cəhənnəm əhlinə deyəcəyəm ki, mən Səni sevirəm!”
Həzrət Əli (ə) bildirir ki, İlahi, mənim ibadətim behişt tamahı və ya cəhənnəm qorxusundan yox, Səni ibadətə layiq bildiyim üçündür. İlahi övliyalar Allaha ibadətdən ləzzət alırlar. Günahkarlar isə Allahı düşünmək və ibadətin şirinliyindən məhrumdurlar. Bə’zən bir şəxs maddi təmənnasız kiməsə xidmət göstərmək istəyir. Həmin şəxsiyyətə xidmət onun üçün dəyərli məqsəddir. O hətta elm kəsb etmək və ya ictimai mövqeyə çatmaq haqda düşünmür.
Böyük şəxsiyyətlərlə yaxın olmaq, onlarla birlikdə şəkil çəkdirməkdən fərəh hissi duyanlar çoxdur. Baxmayaraq ki, onların bu işdə heç bir mənfəəti yoxdur. Təkcə bu yaxınlıq onlar üçün sevimlidir. İnsanlar üçün bu dünyada bu növ işlər qiymətlidirsə, Allaha bəndəlik, Onun hüzurunda olmaq iftixar sayılmazmı?!
BƏHANƏ, YOXSA ARAŞDIRMA?
Deyilənlərdən mə’lum olur ki, bə’zilərində təslimçilik və bəndəlik ruhiyyəsi olmadığından dindarlıq və vəzifədən boyun qaçırmaq üçün bəhanə axtarırlar. Buna görə də araşdırma aparır, hər dini göstərişin fəlsəfə və dəlilini axtarır, özlərini ziyalı göstərirlər. Qur’ani-kərim bu kimi şəxslərin qiyamətə e’tiqadları barəsində buyurur: “Lakin insan bundan sonra da günah etmək, pis işlər görmək istəyir. “Qiyamət günü nə vaxt olacaqdır?” –deyə soruşar.”[132]
Onlar bəhanəçil uşaqlar kimidir. Bəhanələr kəsildikdə, başqa bir bəhanə axtarırlar. Qur’an bu şəxslər barədə buyurur: “Əgər müşriklər Allahın qüdrətini və peyğəmbərlərin mö’cüzələrini görsələr üz döndərib: “Bu uzun müddət davam edən bir sehrdir!” –deyərlər.”[133]
Bu kimi şəxslər başçı, mexanik, həkim, xarici dəblər, nəfsani vəsvəsələr və şeytani meyllər qarşısında təslimdirlər. Lakin dini göstərişlərə gəldikdə tədqiqatçı və müstəqil fikirli olurlar.
BİR SÖHBƏT
Bir gün bir şəxs soruşdu: “Nə üçün sübh namazı iki rəkətdir?” Dedim: “Bilmirəm. Allahın göstərişidir, yerinə yetirilməlidir.”
Bilmədiyimi anlayan kimi ziyalı qiyafəsi aldı və dedi: “Dünya elm dünyasıdır, elmsiz din məqbul deyil...” Soruşdum: “Nə üçün nar ağacının yarpağı kiçik, üzüm yarpağı isə böyükdür?” Dedi: “Bilmirəm.” Təkəbbürü azaldı. Mən də həmin qiyafəni alıb dedim: “Qardaş, dünyanın elm dünyası olmasını qəbul edirik. Lakin bu o demək deyil ki, varlığın bütün sirlərini bu gün öyrənməliyik. Şübhəsiz, narın nazik, üzümün enli yarpaqları, onların meyvələrinin dadı arasında təbiətşünaslar tərəfindən nə vaxtsa kəşf olunacaq bir rabitəsi vardır. Demək, sirlərin varlığını qəbul edirik. Lakin onların hamısını bilmək iddiasında olan şəxsi qəbul etmirik. Əgər hər bir əməldən öncə onun fəlsəfəsini öyrənsək, allahpərəstlik və təslimçilik necə olsun? Vəhy elmdən daha üstün və daha sirlidir. Nə üçün ziyalılar hər bir qanun və proqramı qəbul edir, lakin din və Allah qanunlarına gəldikdə çətinliyə düşür və məntiq əhli olurlar?!
NAMAZ
VƏHY MƏKTƏBİNDƏ NAMAZ
İbadət, onun fəlsəfəsi və şərtləri barəsində söhbətlər oldu. İndi isə ibadətin ən bariz nümunəsi olan “namaz” mövzusunu araşdıracağıq. Öncə Qur’an və hədisdə namazın məqamı ilə tanış olaq. Sonra isə onun xırdalığına və sirlərinə əl ataq. Beləliklə, namaz haqqında vəhy məktəbinin baxışlarına diqqət yetirək:
Namaz peyğəmbərlərin ən mühüm tövsiyələrindən biri və ibadətin ən bariz nümunəsidir. Həzrət Loğman övladına deyir:
“Oğulcan, namaz qıl.”[134]
Namaz unutqanlıq üçün dərman və Allahın zikri üçün vasitədir: “Məni düşünmək üçün namaz qıl.”[135]
Namaz Allahın əhdidir.[136]
Namaz Peyğəmbərin (s) gözünün nurudur.[137] Namaz çətin və kədərli anlarda köməkdir. Allah-təala buyurur: Çətinliklərdə namaz və səbrdən kömək alıb, onlara qalib gəlin: “Səbr etmək və namaz qılmaqla kömək diləyin!”[138]
Namaz təkəbbür üçün dərmandır. Həzrət Əli (ə) buyurur: Allah insanı təkəbbürdən uzaqlaşdırmaq üçün namazı vacib etdi.[139]
Namaz Allahın verdiyi ne’mətlərə görə Ona təşəkkür vasitəsidir: “Ona görə də (bu ne’mətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!”[140]
Namaz dinin simasıdır.[141]
Namaz İslam dininin nişanı, gerbi və bayrağıdır. Peyğəmbər (s) buyurur: “Namaz İslamın bayrağıdır.”[142]
Namaz dinin sütunudur.[143]
İslam Peyğəmbəri (s) buyurur: “Namazın dində rolu başın insan bədənindəki rolu kimidir.”[144]
Namaz behiştin açarıdır.[145]
Namaz insanları dəyərləndirmə me’yarıdır.[146] Namaz dinin köküdür.[147]
Qiyamətdə veriləcək ilk sual namaz haqqındadır.[148]
Namaz günahları məhv edir. Hədislərdə namaz insanın gün ərzində beş dəfə yuyunub, bütün çirklərdən təmizləndiyi bir çaya bənzədilir.[149]
Namaz məxluqla xaliqin rabitəsidir. Namaz maddi insanı mə’nəviləşdirir və insanı Allahla tanışlıqdan əlavə, su, torpaq, qiblə, tülu (doğuş), qürub, vaxt və bütövlükdə təbiətlə tanış edir.
Namaz yeganə ibadətdir ki, hətta qərq olduqda və döyüşdə insanın öhdəsindən götürülmür. Namaz zülmkar hakimiyyətdə insanın ən uca azadlıq fəryadı və Allah dərgahında bəndəliyin e’lanıdır.
Namaz İbrahim (ə), Məhəmməd (s), Hüseyn (ə) və Mehdi (ə) sünnəsini diriltməkdir.
Namaz insanın Allaha yaxınlaşması üçün vasitədir.[150]
Namaz peyğəmbərlərin axırıncı tövsiyəsidir. İmam Sadiq (ə) vəfatından öncə bütün yaxınları və övladlarını ətrafına toplayıb bildirdi ki, namaza yüngül yanaşan şəxsə qiyamətdə bizim şəfaətimiz şamil olmayacaq.[151]
Namaz Allahın dostları üçün şirin, münafiqlər üçün isə çətin və ağır bir yükdür: “Həqiqətən, o təvazökar olmayanlara ağır bir yükdür.”[152]
Namaz şeytanı məhv edir.[153]
NAMAZIN ƏHƏMİYYƏTİ
Nəql olunmuş ayə və hədislərdən əlavə, ilahi övliyaların rəftarı namazın əhəmiyyətini və məqamını bəyan edir. Namaz peyğəmbərlərin proqramlarındandır. Həzrət İsa (ə) beşikdə deyir: “Mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə etdi.”[154]
İmam Hüseyn (ə) da aşura günü günorta mübarizə meydanında, düşmən oxlarının qarşısında namazı tərk etmədi.
Həzrət İbrahim (ə) zövcəsini və uşağını heç bir ot və su olmayan qızmar Məkkə çöllərində qoyub dedi: “Ey Rəbbimiz! Mən əhli-əyalımdan bə’zisini (İsmaili və anası Hacəri) sənin Beytul-həramının (Kə’bənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim.”[155]
Namaz zamanı mə’sum rəhbərlərimizin rəngi qaçar, deyərdilər: “İlahi əmanəti qaytarmaq, Allah dərgahında hazır olmaq vaxtıdır.”[156]
Bə’ziləri namazı behişt tamahı ilə və ya cəhənnəm qorxusundan qılırlar. Lakin Əmirəl-mö’minin (ə) Allahı ibadətə layiq bilib namaz qılırdı.[157]
Bu həyatverici proqramı işə salmaq üçün İslam ata-analara tövsiyə edir ki, öz uşaqlarını yetkinlikdən öncə (məsələn, 8 yaşda) namaza vadar etsinlər. Bə’zən e’tinasızlıq göstərdikləri üçün onlara qəzəblənsinlər.[158]
Namaz qılan şəxs varlığın qaynağı ilə əlaqədədir. Necə ki, təyyarəçi sükan olan otaqla əlaqədədir.
Namaz günahların bağışlanma səbəbidir. Namaz günahların pis tə’sirlərini təmizləyir. Qur’an namazı əmr edəndən sonra buyurur: “Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar.”[159]
NAMAZI TƏRK ETMƏK
Namazı tərk etmək varlığın yaradanı ilə rabitəni kəsməkdir. Bu iş dünya və axirətdə acı aqibətlə sonuclanır. Qiyamətdə behişt əhli cəhənnəm əhlindən soruşar: “Sizi cəhənnəmə nə göndərdi?” Onların verdiyi cavablardan biri budur: “Biz namaz qılanlardan deyildik.”[160]
Başqa bir yerdə namaza səhlənkar yanaşan, e’tinasızlıq göstərən, gah qılıb, gah qılmayan namaz əhlinə deyilir: “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər.”[161]
Allahın rəsulu (s) buyurur: “Namazı bilərəkdən tərk edən şəxs dindən xaric olur.”[162] “Namazın tərki İslamla küfr arasında sərhəddir.”[163]
NAMAZA E’TİNASIZLIQ
Namaza qiymət vermək Allaha iman nişanəsidir. Namaza e’tinasızlıq isə mə’nəviyyata məhəbbətin zəif olması dəlilidir. Həzrət Əli (ə) buyurur: “Xalq arasında ən oğru şəxs namazını azaldan şəxsdir.”[164] “Namaza yüngül yanaşanlar uşaq salmış qadın kimidir. Onları nə hamilə, nə də ana adlandırmaq olur.”[165] “Namaza yüngül yanaşanlar, onu zay edənlər namaz qılmayanlardan daha çox ziyan görəcəklər.”[166]
İslam Peyğəmbəri (s) buyurdu: “Namazını puç edən şəxs qiyamətdə Qarun və Hamanın yanında olacaq. Vay olsun öz namazını qorumayan şəxslərə...”[167] Allah namaza yüngül yanaşan şəxsin ömür və malından bərəkəti, xeyiri kəsər. Onun işlərinin mükafatı məhv olar, duaları qəbul olmaz, ölüm zamanı aclıq, susuzluq və xüsusi bir zillət hiss edər, bərzəxdə işgəncə, zülmət, sıxıntı dadar və qiyamətdə ciddi hesaba çəkilər.”[168] “Namaza yüngül yanaşan şəxs mənim ümmətimdən deyil.”[169]
Həzrət Peyğəmbər (s) nəql edir ki, insan namaz zamanı Allahdan qeyrisini düşündükdə Allah ona buyurur: “Kimi düşünürsən? Məndən savay tanrı tanıyırsanmı? Məndən savay səni qoruyan varmı? Yoxsa qəlbini məndən başqa bir bağışlayana bağlamısan? Bağışlayanların bağışlayanı mənəm... Əgər məni düşünsən, mən və mələklərim səni düşünərik...”[170]


 [122]bax: “Ənkəbut” surəsi, ayə 45.
[123]bax: “Taha” surəsi, ayə 14.
[124]bax: “Rə’d” surəsi, ayə 28.
[125]bax: “Bəqərə” surəsi, ayə 183.
[126]bax: “Həcc” surəsi, ayə 28.
[127]bax: “Tövbə” surəsi, ayə 103.
[128]bax: “Maidə” surəsi, ayə 91.
[129]bax: “Bəqərə” surəsi, ayə 179.
[130]Sübhi Saleh, “Nəhcül-bəlağə”, 252-ci hikmət, Feyzul-İslam, 244-cü hikmət.
[131]“Şəms” surəsi, ayə 8.
[132]“Qiyamət” surəsi, ayə 5 və 6.
[133]“Qəmər” surəsi, ayə 2.
[134]“Loğman” surəsi, ayə 17.
[135]“Taha” surəsi, ayə 14.
[136]bax: “Kənzul-ummal”, 7-ci cild, səh.279.
[137]bax: “Bihar”, 77-ci cild, səh.77.
[138]“Bəqərə” surəsi, ayə 45.
[139]“Nəhcül-bəlağə”, 252-ci hikmət.
[140]“Kövsər” surəsi, ayə 2.
[141]bax: “Fürui-Kafi”, 1-ci cild, səh.270.
[142]“Kənzul-ummal”, 7-ci cild, səh.279.
[143]bax: “Mustədrək”, 1-ci cild, səh.172.
[144]“Nəhcül-fəsahə”, 3075-ci cümlə.
[145]bax: “Nəhcül-fəsahə”, 1588-ci cümlə.
[146]bax: “Fürui-kafi”, 1-ci cild, səh.267.
[147]bax: “Vəsail”, 1-ci cild, səh.4.
[148]bax: “Nəhcül-fəsahə”, 979-cu cümlə.
[149]bax: “Vəsail”, 3-cü cild, səh.7.
[150]bax: “Fürui-kafi”, 1-ci cild, səh.265.
[151]bax: “Fürui-kafi”, 1-ci cild, səh.264.
[152]“Bəqərə” surəsi, ayə 45.
[153]bax: “Ğurərul-hikəm”, səlat.
[154]“Məryəm” surəsi, ayə 31.
[155]“İbrahim” surəsi, ayə 37.
[156]bax: “Bihar”, 81-ci cild.
[157]bax: “Nəhcül-bəlağə”, 237-ci hikmət.
[158]bax: “Vəsail”, 3-cü cild, səh.13.
[159]“Hud” surəsi, ayə 114.
[160]“Muddəssir” surəsi, ayə 42.
[161]“Maun” surəsi, ayə 4 və 5.
[162]“Muhəccətul-bəyza”, 1-ci cild, səh.301.
[163]“Nəhcül-fəsahə”, 1098-ci cümlə.
[164]“Bihar”, 84-cü cild, səh.242.
[165]“Bihar”, 84-cü cild, səh.284.
[166]“Vəsail”, 3-cü cild, səh.19.
[167]“Vəsail”, 3-cü cild, səh.19.
[168]“Səfinətul-Bihar”, 2-ci cild, səh.43.
[169]“Vəsail”, 3-cü cild, səh.15.
[170]“Mustədrəkul-vəsail”, 1-ci cild, səh.173.
[171]“Bihar”, 84-cü cild, səh.242.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ZİNAKARLAR HAQQINDA
YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur

 
user comment