Azəri
Thursday 18th of July 2024
0
نفر 0

NİYYƏTİN DÜNYƏVİ TƏ’SİRLƏRİ

İxlasın mə’nəvi faydaları və axirət mükafatları ilə yanaşı bir sıra dünyəvi tə’sirləri də var:
Cəmiyyətin idarə olunması
Əgər cəmiyyətin məs’ul şəxsləri xalis niyyət və ədalətlə işləsələr, cəmiyyət daha yaxşı idarə olunar. Həzrət Əli (ə) Malik Əştərə buyurur: “Yaxşı niyyət vasitəsi ilə ictimai ədalətin icrası üçün kömək al.”[236]
Xalis xeyirxahlıq ruhiyyəsi ədalətin yaranması üçün ən güclü vasitədir.
2. İqtisadiyyatın dirçəlişi
İxlaslı, xeyirxah və açıq qəlbli insanlar hətta iqtisadi işlərdə müvəffəqdirlər. Onların ixlası ictimai nüfuzun qorunmasına və xalqın müamilədə onlara e’tibar etməsinə səbəb olur. Bəlkə qeyd olunacaq dəyərli kəlam da hazırkı məsələyə aiddir: “Hər kəsin ruzisi onun niyyəti qədərindədir.”[237]
3. Müsbət ictimai əlaqələr
Xoş niyyətli insanların qəlblərdə yeri var. Onlar hətta səhv etsələr də, gözəl niyyətlərinə xatir həyatda acılıq görmürlər və xalq onları sevir. Həzrət Əli (ə) buyurur: “Hər kəsin gözəl niyyəti olarsa daha gözəl həyatı və daha gözəl mövqeyi olar. Belə şəxslə dostluq lazımdır!”[238]
Bunlar xoş niyyətin gözəl nəticələri idi. Lakin alçaq niyyətlər insanın qarşısına acı hadislər çıxarır. Belə niyyətlər axirət çətinliklərindən əlavə ictimai bəlalarla sonuclanır. Həzrət Əli (ə) buyurur: “Niyyət düzgün olmazsa, bəla nazil olar.”[239]
Xoş məqsəd və güclü niyyətlərlə zəif insanlar mühüm işlər görür. Ən güclü və ilahi məqsəd olsa, yorğunluğa, ümidsizliyə yer qalmaz. Buna görə heç bir ilahi övliyada əsəb zəifliyi görünməmişdir. Çünki qəlbləri və ruhları xalis ilahi niyyətlə alovlanır və ondan kömək alır. Onlar bütün çətinliklərin, düşmənlərin və qüvvələrin qarşısında dururlar. Nümunə üçün ümmətin imamını göstərmək olar. Sakit qəlblə Allahı düşünür və bütün şər qüvvələri yerində oturdurdu.
İmam Hüseyn (ə) aşura günü qarşıdakı şəhadətləri və ailəsinin əsarətini görürdü. Tənhalaşdıqca, dostları şəhadətə çatdıqca simasında eşq canlanırdı. Allaha arxalanıb buyururdu: “Bu hadisələri mənə asanlaşdıran odur ki, hamının Allah qarşısında durduğunu və Onun şahid olduğunu görürəm”
Həzrət Əli (ə) buyurur: “Niyyət güclü və möhkəm olanda bədən zəiflik hiss etmir.”[240]
Bəlkə də bu hədis niyyətin insan əməlində psixoloji tə’sirinə bir işarədir.
NİYYƏTİN ƏMƏL MƏQAMI
Yaxşı niyyət və xeyirli məqsəd insanı e’tinasızlıqdan uzaqlaşdırır. Yaxşı niyyət e’tibar, qəlbiyananlıq və inkişaflı gələcək nişanəsidir. Buna görə niyyət əməl kimi dəyərli və mükafatlıdır.
Allahın rəsulu (s) Əbuzərə buyurur: “Həyata keçirməyə müvəffəq olmasan da yaxşı işlər görməyi qərara al. Bununla da nadanlardan sayılmazsan.”[241]
İmam Sadiq (ə) buyurur: “Hər kəs yaxşı iş görmək niyyətində olub, bu işi görə bilməsə onun üçün savab yazılacaqdır.”[242]
İslam Peyğəmbəri (s) şəhadət arzusu haqqında buyurur: “Hər kəs qəlbən Allahdan şəhadət istəyib, lakin yataqda ölsə, Allah qiyamət günü onu şəhidlərin məqamına çatdırar.”[243]
NİYYƏT ÇATIŞMAZLIQLARI TAMAMLAYIR
İnsanın imkanı, qüvvəsi və elmi məhdud olduğu üçün bütün qəlb istəklərini həyata keçirə bilmir. Lakin niyyət istəyi sona çatmayan insan üçün məhdud şəraiti tamamlayır. Məsələn, bir şəxs bütün azğın insanları hidayət etmək istəyir. O bu yolda çalışır, müvəffəq olmur. Lakin niyyətinə xatir həmin mükafatı əldə edir.
Digər bir tərəfdən pis niyyətlər üçün də zaman və məkan məhdudiyyəti yoxdur. Pis niyyətlərin acı tə’sirləri niyyət sahibinə qayıdır. İnsan başqalarının zülmü, fəsad və günahı ilə razılaşsa, onların günahına şərik olur.
Qur’an bildirir ki, həzrət Salehin (ə) ilahi mö’cüzə olan dəvəsini müxaliflərin hamısı öldürdü. Onlar hamılıqla bu işə əl bulaşdırmasalar da, qəlbən razı idilər.
Demək, yaxşı və ya pis işə razılıq insanı zaman və məkan məhdudiyyətindən xaric edir, savab və ya cəzaya şərik edir. Bu məsələ bir çox rəvayətlərdə bəyan olunmuşdur.
İXLASLA YAXINLAŞMA YOLU
Niyyət və əməldə ixlas əldə etmək yollarından bir hissəsi bunlardan ibarətdir:
Dəyərlərə diqqət
Qızılla dəmiri, ipəklə pambığı fərqləndirməyən, müştərini tanımayan və bazar qiymətini bilməyən şəxslər malı ucuz satırlar.
Qur’an insanın özünü və əməllərini puç etməməsi üçün hər üç zəmində yol göstərir:
1.Mal Qur’an insanın Allahın xəlifəsi, yaranmışların ən üstünü və yaranışın hədəfi olduğunu bəyan edir, ona yüksək qiymət verir.
2.Müştəri Allah özü insanın yaxşı əməllərini alır. Allah bütün alıcılardan üstündür:
a) Baha alır (behişt qiymətinə).
b) Az işləri də qəbul edir.[244]
v) Yaxşı niyyətlərə də mükafat verir.
q) Pis və çirkin işləri gizlədir, yaxşıları aşkarlayır.
3. Qiymət İnsanın qiyməti behiştdir. Özünü bundan ucuz satanlar ziyan etmişlər. Qur’an deyir ki, günahkarlar özlərini uduzub və zərər etmişlər. Qur’an dəfələrlə azğın yolda olan şəxslər haqqında “ticarətləri fayda verməyib” deyir.
İmam Əli (ə) buyurur: “Ən pis ticarət odur ki, dünyanı özünə qiymət biləsən!”[245] Öz qiymətini bilən insan Allahdan qeyrisi üçün çalışmaz.
3. Yaranış haqda düşünmək
Yaranış haqqında təfəkkür bizim Allahın qüdrətini və əzəmətini daha yaxşı tanımağımıza, nəticədə ixlasa yaxınlaşıb, Onun üçün çalışmağımıza səbəb olur.
4. Allahın sifətlərini düşünmək
Allah-təalanın sifətlərini bilmək, onları zümzümə etmək və zehndə saxlamaq Onu düşünməyə, Ondan qeyrilərindən uzaqlaşmağa səbəb olur. Bu iş insanı tədricən ilahiləşdirir. Məsələn, “Cuşən-kəbir” duasındakı ilahi sifətlərə diqqət yetirmək faydalıdır.
5. Ne’mətlərə diqqət
Allahın ne’mətlərini tanıyıb, onlar haqqında düşünmək insanı Allaha meyilli edir, qəlbi ilahi eşq mənzilinə çevirir. Buna görə dualarda və mə’sumların münacatlarında ilahi ne’mətlər yad edilir. O cümlədən “Əbu Həmzə Somali” duasında imam Səccad (ə) tək-tək ne’mətlərə işarə edir:
“İlahi, kiçik idim, boya-başa çatdırdın; zəlil idim izzət bağışladın; cahil idim, agah etdin; ac idim, doyurdun; çılpaq idim, geyindirdin; azmışdım, hidayət etdin; fəqir idim, ehtiyacsız etdin; xəstə idim, şəfa verdin; günah etdim, gizli saxladın...”
İmam Hüseyn (ə) “Ərəfə” duasında Allahın ne’mətlərini zikr edir ki, qəlbdə ilahi eşq canlansın və insan Allah aşiqi olsun; yalnız Onun razılığı üçün işləsin və ixlasa yaxınlaşsın.
6. Labüd faydaya diqqət
Dünyaya və Allahdan qeyriləri üçün çalışanlar məqsədə çatmaya da bilər. Lakin Allah və axirət üçün çalışanlar labüd fayda əldə edəcəklər. Qur’an buyurur: “Mö’min olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti qəbul olunar.”[246]
Demək, Allaha xatir görülən işlər nəticəsiz qalmır.
7. Dünyanın dəyərsizliyinə diqqət
Dünyanı olduğundan daha dəyərli görənlər qeyri-ilahi və dünyəvi məqsədlər üçün çalışırlar. Lakin agah insanlar dünyanı axirət, xalqı Allah qarşısında dəyərsiz görür və onlar üçün çalışmırlar. Qur’an dünyanın qürrələndirici, ötəri, alladıcı və dəyərsiz olduğunu bildirir. Bu sözləri deyən varlığın yaradanı və dünyanın dəyərini başqalarından daha yaxşı bilən bir kəsdir. Dünyaya aldanmayan, ona vurulmayan şəxslər ixlas əldə edə bilərlər.
8. Yaranmışların zəifliyinə diqqət
Tükənməz qüvvə Allaha məxsusdur. Bütün işlər onun əlindədir. Buna görə Allahdan savay heç kəs düşünülməyə və ibadət olunmağa layiq deyil.
Qur’an buyurur ki, batil mə’budlar hətta bir milçək yaratmaqda acizdirlər.[247] Başqa bir yerdə bəşərin acizliyi haqqında buyurur: “Əgər bir gün sular qurusa və yeri qazıb suya çatmasanız kim sizə dadlı su gətirə bilər?”[248] “Əgər Allah gecəni qiyamətə qədər üstünüzə çəksəydi haqq olan Allahdan başqa hansı tanrı sizə bir işıq gətirə bilərdi? Əgər Allah gündüzü qiyamətə qədər üstünüzə çəksəydi, haqq olan Allahdan başqa hansı tanrı istirahət etdiyiniz gecəni sizə gətirə bilərdi?”[249]
Allaha şərik qoşulanlar nə dünyada nə axirətdə heç bir iş görə bilməzlər. Allahdan qeyrisinə pərəstiş edənlər qiyamətdə həsrətə düçar olacaqlar. Çünki zəif və aciz şəxslərin razılığını əldə etməyə çalışmışlar.
Bundan əlavə tək Allahı razı salmaq saysız-hesabsız mə’budları razı salmaqdan asandır. Hər kəs tək Allahdan başqasını razı salmağa çalışsa çətinlik çəkəcək.
9. Özgələrdən ibrət almaq
Allahdan qeyrilərini düşünüb, davamsız mə’budlara itaət edənlər acı aqibətə düçar oldular. Bu insanların ibrət dolu sərgüzəştlərinə diqqət insanı ixlasa çatdırıb, Allahdan qeyrilərinin e’tibarsız olduğunu aşkar edir.
Nuhun oğlu Allahdan üz çevirib dağa arxalandı. Dağın zirvəsinə dırmanıb tufandan qurtulmaq istədi. Lakin dalğalar arasında qərq oldu.
Qarun həzrət Musanın (ə) haqq də’vətinə e’tinasızlıq göstərdi və öz bol sərvətləri ilə qürrələndi. Lakin yer onu uddu və tərəfdarlarından heç biri köməyinə çatmadı.[250]
Bir çox varlılar yığdıqları sərvətlərin hamısını qoyub getdilər. Onlara bu sərvətlərdən heç bir kömək çatmadı: “Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər; neçə-neçə əkinlər, gözəl yerlər!”[251]
Bir çox riyakarlar hiyləgərliklə özlərini pəhrizkar və müxlis göstərirdilər. Lakin Allah onların kimliyini aşkara çıxarıb rüsvay etdi: “Allah gizlətdiyinizi aşkara çıxarandır.”[252]
Riyakarlıqla Allahı və xalqı aldatmaq istəyənlər ilahi qəzəbə düçar olurlar. Belə insanlar haqda bir çox nümunələr göstərmək olar. İnsan ixlaslı olub, riyakarlıqdan uzaqlaşmaq üçün onların sərgüzəştlərindən ibrət ala bilər.
10. Axirətdə riyakarın aqibətinə diqqət
İndiyədək deyilənlər dünyaya aid idi. Riyakarların qiyamətdə böyük rüsvayçılığı və xəcalətli simaları dözülməz və ibrətlidir. Qur’an cəhənnəm quyusunun namaza səhlənkar yanaşan riyakar namaz qılanlar üçün olduğunu bəyan edir.[253]
Hədisdə deyilir ki, qiyamətdə riyakar dörd adla çağırılacaq: Kafir, xacir (günahkar), cadir (xain) və xasir (ziyankar). Əqidə baxımından Allaha e’tinasız yanaşdığı üçün kafir;
Yaranışın məqsədi, bəndəlik və ibadət sərhəddindən xaric olub Allahdan qeyrilərinə işlədiyinə görə facir;
Hiyləgərlik etdiyi üçün cadir;
Bir ömür xərcləyib heç nə əldə etmədiyi üçün xasir adlandırılmış!
Ona deyiləcək: “Əməllərin puç oldu və heç bir mükafatın yoxdur. Bu gün razılığını əldə etməyə çalışdığın kəslərdən öz mükafatını istə.”[254]
Demək, qiyamət günü riyakarların həsrətinə diqqət insanı ixlasa yaxınlaşdırır.
SAĞLAM NİYYƏTLƏR
Alçaq və puç niyyətlərin müxtəlif formalarına işarə olundu. İlahi niyyətlər də müxətlif formalarda ola bilər. Onlardan bə’ziləri daha dəyərli olur.
İlahi mühakimə və məqamdan qorxu
Bə’zən Allaha cavab vermək, ilahi mühakimənin çətinliyi və cəhənnəm qorxusundan günahlar tərk olunur və ya ibadət edilir. Qiyamət çətinliklərindən qorxu bə’zi işlərin görülməsi üçün amil ola bilər. Həzrət Əli (ə) və Fatimənin (ə) səmimi sədəqəsi barəsində Qur’an buyurur: “Biz (öz yeməyimizi yoxsula veririk,) qaranlıq və tutqun qiyamət günü Allahımızdan qorxuruq!”[255]
2. Mükafata ümid
Behişt mükafatlarını əldə etmək ibadət üçün səmimi niyyətdir. Qur’an yüzlərlə ayədə behişt və onun ləzzətlərinin əməli-saleh insanlar üçün mükafat olduğunu yad edir. Bir çox rəvayətlərdə saleh əməllər üçün axirət mükafatları göstərilmişdir. Bu mükafatlar insanın yaxşı əməl etməsi üçün amildir.
3. Ne’mətlərə görə təşəkkür
Allahın saysız ne’mətlərinə təşəkkür ibadət üçün səmimi niyyətlərdəndir. Həzrət Əli (ə) buyurur: “Əgər Allah-təala günaha görə əzab və’di verməsəydi, ne’mətlərinə təşəkkür olaraq günah etməmək vacib olardı.”[256]
4. Həya
Bə’zən Allah qarşısında həya onun əməllərini yerinə yetirməyə və günahlardan çəkinməyə səbəb olur. İnsan aləmin Allah qarşısında olduğunu və Allahın ona nəzər saldığını anlasa hörmət edib, günaha yol verməz. Hədisdə buyurulur: “Allaha elə ibadət et ki, guya Onu görürsən. Sən Onu görməsən də, O səni görür.”
5. İlahi məhəbbət
Bə’ziləri Allahı ibadətə layiq bilib eşqlə pərəstiş edir. Həzrət Əli (ə) belə abidlərin ən qabaqcılıdır. O həzrət Nəhcül-bəlağədə buyurur: “Bir dəstə Allaha behişt ümidi ilə ibadət edir. Bu tacirlərin ibadətidir. Bə’ziləri cəhənnəm qorxusundan ibadət edir. Bu, qulların ibadətidir. Lakin azad insanlar Allaha ne’mətlərinə təşəkkür olaraq ibadət edirlər.”[257]
Həzrət Əli (ə) bir münacatda ərz edir ki, İlahi, Səni ibadətə layiq bilib pərəstiş etdim.”
Qiyamətdə də insanlar niyyətlərinə görə seçiləcəklər.[258]
HİKMƏT MƏKTƏBİ
İxlas, həqiqət ardıcıllarını qırx gün ərzində ali hikmət dərəcələrinə çatdırır. İxlas sayəsində şagirdlər təsəvvürə sığmayan bəsirət və yəqin əldə edirlər.
Allahın rəsulu (s) buyurur: “Hər kəs qırx gün yalnız Allah üçün işləsə (Allahın xüsusi lütfünə hazır olur) qəlbindən dilinə hikmət bulaqları axar.”[259]
İXLASIN ƏSASI
Riya bəlasına düçar olanlar yəqin və inam mərhələsindən uzaqdırlar. Həzrət Əli (ə) buyurur: “İxlas yəqinin nəticəsidir.”[260]
İnsan Allahı, qiyaməti, mükafatı və sair həqiqətləri anlaya bilər. Lakin yəqin və inam mərhələsinə çatmayan elm lazımı tə’sirə malik deyil. Hamı bilir ki, ölü heç bir işə qadir deyil. Lakin bir çoxları yenə də ölüdən qorxur.
Riyakar Allahı, qiyaməti və hesab-kitabı tanıya bilər. Lakin onun elmi yəqin mərhələsinə çatmadığı üçün ixlasdan uzaqlaşır. Yəqin halı çox ibadət sayəsində əldə edilir. Qur’an buyurur: “Yəqinə çatanadək ibadət et.”[261]
Əgər yəqin etsən ki, aləm Allahın hüzurundadır, izzət və kiçiklik Onun əlindədir, dünya və dünya bərbəzəkləri xırda, ötəri və aldadıcı sərmayədir, əməl zamanı ixlasa çalışarıq.
İXLAS NİŞANƏLƏRİ
Bir çoxları səmimi, ixlasla əməl və niyyət etdiklərini düşünürlər. Amma diqqətlə baxsalar, əməllərində qeyri-ilahi niyyətlərin olduğunu görərlər. Qur’an və hədislər əsasında bə’zi ixlas nişanələrini nəzərdən keçirək:
Başqalarından ummamaq
Qur’ani-kərimin bu mövzuda işarə etdiyi nümunə həzrət Əli (ə) və Fatimənin (ə) iftar verməsidir. İmam Həsən (ə) və imam Hüseyn (ə) körpə yaşlarında xəstələnmişdilər. Həzrət Peyğəmbər (s) və səhabələr onları yoxlamağa getdilər. Əliyə (ə) təklif etdilər ki, onların şəfası üçün nəzir etsin. Həzrət Əli (ə) və Fatimə (ə) nəzr etdilər ki, körpələr şəfa tapan kimi üç gün oruc tutacaqlar. Allah körpələrə şəfa verdi. Həzrət Əli (ə) və Fatimə (ə) oruc tutdular. Bu böyük şəxsiyyətlər gün ərzində özləri çətinliklə bir ədəd çörək bişirirdilər. Birinci gün iftar vaxtı qapı döyüldü. Bir nəfər fəqir ehtiyacı üzündən bu qapıya pənah gətirib çörək istəyirdi. Onlar həmin gün üçün hazırladıqları çörəyi o fəqirə verib özləri su ilə iftar etdilər. İkinci, üçüncü gün də bu hadisə təkrarlandı. Üç gün yeməksiz oruc tutan ailə rəngləri qaçmış halda həzrət Peyğəmbərin (s) yanına gəldilər. Onlar barəsində “Dəhr” surəsi nazil oldu. Burada həmin xalis əmələ işarə olunurdu: “Biz sizə Allaha xatir təam veririk və sizdən heç bir mükafat, təşəkkür istəmirik.”[262]
Onlar ixlasla və Allaha xatir təam verdilər. Təam və bəxşiş vermək onların xarakterinin bir hissəsi idi. Yeməklərini verdilər, qonaq və yoxsulun təkrar gəlişindən narahat olmadılar, onlardan heç bir təşəkkür ummadılar. İnsan bə’zən könüllü olaraq pulsuz işləyir. Lakin istəyir ki, onun işindən cəmiyyət xəbər tutsun.
Bə’zən dildə mükafat ummadığını deyir. Lakin qəlbində mükafat gözləyir.
Bə’zən yaxşı işlərinə görə təşəkkür edilmədikdə narahat olur, süstləşir. Bütün bunlar ixlasın olmaması nişanəsidir. İxlaslı şəxs üçün xalqın tənqid, yoxsa tə’rif etməsi tə’sirsizdir. İnsan vəzifəsinə əməl etməlidir. İstər xalq bilib təşəkkür etsin, istər xəbərsiz qalıb, təşəkkür etməsin!
2. Məqam yox, öhdəyə düşmüş vəzifə əsasdır.
İxlasın başqa bir nişanəsi odur ki, insan əməl zamanı pul, məqam, şöhrət barədə düşünməyib zəruri və yerdə qalmış işlərin sorağınca getsin. Baxmayaraq ki, həmin işlər insanın ictimai məqamını, gəlirini və rifahını artırmır. Məsələn, kəndlərdə, ucqar rayonlarda, suyu və havası pis yerlərdə xidmət etmək, yaxud cəmiyyətdə gözə görünməyən lazımlı işləri yerinə yetirmək ixlasdan danışır.
Gənc yaşımda həm uşaqlara, həm də yeniyetmələrə dərs keçirdim. Yolda yeniyetmələr mənə yaxınlaşdıqda qürrələnir, uşaqlar arxamca düşdükdə azacıq kiçiklik hiss edirdim. Bazardan keçirdim. Yol üstəki dükandan savadsız bir qoca çıxıb mənə dedi: “Allah üçün dərs verirsən?” Mən də pul almadığım üçün dedim: “Bəli!” Dedi: “Əgər Allaha görə dərs verirsənsə, uşaqların Allahı cavanların Allahıyla eynidir. Sənə “uşaqların müəllimi” desələr, narahat olmamalısan.”
Qocanın sözünü ilham olmuş ilahi dərs hesab etdim. O deyirdi: “Böyüklərlə kiçiklərin Allahı birdir.” Kaş elə bir məqama çataq ki, əzəmətli və ya sadə məclislərdə iştirak etmək, tanınmış şəxslərdən və ya adi insanlardan təhsil almaq, ibtidai və ya ali təhsil öyrətmək bizim üçün eyni olsun; pul, şöhrət geyim və məqam yox, Allaha yaxınlaşmaq vasitəsi ilə ucalmaq istəyək!
3. Peşiman olmamaq
Allaha xatir işləyənlər və başqalarından umacağı olmayanlar heç zaman işlərindən peşiman olmurlar. Onlar Allaha xatir işlədikləri üçün mükafatlarını almışlar. İstər dünyəvi nəticəsi olsun, istər olmasın!
Əgər Allaha xatir bir mö’minin və ya xəstənin görüşünə gedib, onu evdə tapmasanız peşiman olmayın. Çünki savabınızı almısınız. Gündəlik qarşılaşdığımız hadisələr peşmançılıq çəkməyimizə səbəb olursa, niyyətimizə diqqət etməliyik!
4. E’tinasızlıq, yaxud diqqət mərkəzində olmaq eynidir.
Vəzifələri yerinə yetirərkən ixlaslı şəxslər üçün xalqın onları qəbul edib-etməməsi, diqqət və ya e’tinasızlıq göstərməsi fərqsizdir. Onların fikrincə tə’rif və tənqid eynidir. Əgər bir şəxs xalq tərəfindən qəbul edildikdə sevinib, e’tinasızlıq gördükdə pərişan olursa, bu hal zəif ixlas əlamətidir. Əlbəttə, mümkündür ki, insan öz sevincini xalqın haqqa gəlişi, öz narahatçılığını xalqın dinə soyuq yanaşması ilə əlaqələndirsin. Lakin zahiri əlaqələndirmə kifayət etmir və qəlbə nəzər salmaq lazımdır. Həzrət Əli (ə) buyurur: “Riyakarın üç nişanəsi var: Təklikdə yorğun və halsız olur; xalq arasında (ibadət və əməldə) əhval-ruhiyyə tapır; tə’rif edildikdə çox, tənqid olunduqda az işləyir.”[263]
Allah bizi bu qorxulu xəstəlikdən qorusun! Mütəxəssis olduğu bu sahəyə uyğun xəstəliklə dünyadan gedən həkimlər kimi olmayaq! Özümüz ixlasdan yazıb, riya və şirklə dünyadan getməyək!
5. Sabit hərəkət
İxlaslı insan zaman və məkan yox, ilahi göstərişlər əsasında yaşayır. Buna görə vəzifələrini ardıcıllıqla və sabit şəkildə yerinə yetirir. Təkrar-təkrar əməllərdən yorulmur. Onun qocalıq və ya fiziki zəifliyə görə az əməl etməsi mümkündür. Lakin əhval-ruhiyyəsi və məqsədi dəyişmir.
6. Var-dövlət və məqamın maneçilik törətməməsi
İxlaslı şəxslərin öz vəzifələrini yerinə yetirməsinə var-dövlət və məqam maneçilik törətmir. İxlaslı şəxslər hətta özlərini də fəda etməyə hazırdırlar. Onlar bu yolda şəxsi istəklərindən keçirlər. Var-dövlət, məqam, yaxınlar və dostlara bağlılıq vəzifələrin yerinə yetirilməsinə mane olarsa ixlas məhv olar. Qur’an buyurur: “...Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən (s) və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın qəzəbini və əzabını gözləyin.”[264]
İxlaslı insan məkana, zamana, qadına, məskənə və özünə bağlı deyil. O yalnız Allahın razılığını düşünür.
Deyirlər ki, bir atlı su arxına yaxınlaşdı. Nə qədər şallaq vurdusa at suya girmədi. Atlı özü suya girdi və atı cilovundan çəkməyə başladı. Lakin at yenə də gəlmədi. Yaxınlıqda olan bir aqil dedi: “Ata minib əlindəki çubuqla suyu bulaşdırsan, at keçər.” Atlı belə də etdi və at rahat-rahat sudan keçdi. O bu işin hikmətini soruşdu. Aqil dedi: “At təmiz suda öz əksini görürdü və özünü tapdamaq istəmirdi. Lakin su bulaşan kimi ötüb keçdi!”
Bəli, özünü bəyənən, var-dövlət, məqam, övlad və sənətə tam bağlanan şəxslər ixlaslı ola bilməzlər. Çünki ixlas yolunda hər şeydən keçilməlidir.
7. Zahir və batinin bir olması
Mümkündür ki, insan müəyyən şəraitdə və ya kiminsə yanında daxilinə zidd zahiri işlər görsün. Bə’zən insan təklikdə bir cür, insanların yanında başqa cür olur. Bu bir növ riyadır. Əlbəttə, insanların yanında ədəbli olmaq və hörmət saxlamaq ayrı bir məsələdir. Həzrət Əli (ə) buyurur: “Batini və zahiri bir olan, sözü ilə əməli uyğun gələn şəxs Allahın əmanətini ödəmiş və xalis ibadət etmişdir.”[265]
İxlaslı insan başqlarının razılığını və münasibətini düşünmədən vəzifələrinə əməl edir, Allah yolunda heç bir danlaqdan qorxmur: “Allah yolunda vuruşar və heç kəsin tə’nəsindən qorxmazlar.”[266]
8. Firqə təəssübündən uzaqlıq
İxlas insanı hər yerdə ardıcıl və yorulmadan təlaşa vadar edir. Lakin ixlassız işlərdə bə’zən qrup təəssübkeşliyi yaranır. İxlassız şəxs uyğun firqəyə üzv olduqda fəal və şad olur. Lakin bu firqə və ya qrupdan ayrıldıqda əvvəlki əhval-ruhiyyəsini itirir, kənara çəkilir, bə’zən də müxalif olur. İxlaslı insan xüsusi təşkilat və ya qrupa bağlı deyil. O istənilən bir firqənin batil olduğunu müəyyən edərkən kənara çəkilir və (ixlas ruhiyyəsi ilə uyğunlaşmayan) qrup, firqə, məntəqə təəssübkeşliyindən uzaqlaşır. Qur’ani-kərim buyurur ki, millətpərəst yəhudilər məsihiləri, təəssübkeş məsihilər isə yəhudiləri puç sayırdı.[267]
Əlbəttə, haqq olan qrup və təşkilatları himayə etmək lazımdır. Məqsəd budur ki, batil özünü haqlı görüb, başqalarının haqqını batil saymamalıdır.
9. Diqqətdən kənarda qalmış işləri görmək
İxlaslı insan mühüm hesab olunmayan, gözə dəyməyən, lakin boşluq yaradan və yerdə qalmış işləri görməyə çalışır.
Ev üçün şüşə və pərdə lazım olduğu kimi hamam və ayaqyolu da lazımdır.
Süfrədə yemək, ət lazım olduğu kimi, duz da lazımdır. İxlaslı insanlar yerdə qalmış işlərdən çəkinmirlər. Onlar işin kiçikliyinə və ya böyüklüyünə baxmırlar. Onlar inanırlar ki, bə’zən Allah kiçik yaxşı işləri bərəkətli və tə’sirli edir.
Əllamə Təbatəbai (r) Nəcəfi-əşrəfdən Quma gələrkən fiqh və üsul dərslərinin çox olduğunu gördü. Lakin həmin vaxtlar təfsir və fəlsəfə dərsi deyilmirdi. O bu iki dərsi tədris etməyə başladı. Baxmayaraq ki, bir çoxları xeyirxahcasına e’tiraz edir, bu işi mərcəiyyətin şə’ninə uyğun saymırdı. Lakin o mədrəsənin xeyrinə və yaranmış ehtiyaca əsasən təfsir və fəlsəfə dərsinə başladı, “Əl-Mizan” təfsirini yazdı. Bəli, Allah insanların şöhrətinə yox, ixlasına görə lütf edir.
10. Səhv işlərdən daşınmaq
Səhv işlərindən inadkarcasına əl çəkməyənlər ixlaslı deyil. İxlaslı şəxs daha yaxşı yol və ya iş olduğunu müəyyən etdikdə səhv yoldan daşınır və ya işi daha bacarıqlı birinə tapşırır. Bir çox şəxslər uzun müddət azğın yol getdikdən sonra səvhlərini anlayırlar. Lakin yenə də bu yoldan daşınmaq istəmirlər və bu işi bir növ məğlubiyyət hesab edirlər. Lakin səhvlərdən daşınmamaq daha böyük məğlubiyyətdir.
İxlaslı insanlar böyük ruh və geniş qəlb sahibidirlər. Bu səciyyə onların alçaq və pis işlərə boyun əyməsinə mane olur.
İXLAS NƏTİCƏSİ
İnsanın Allahla xalis əlaqəsi batinin nurlanmasına, səfalanmasına və qəflət pərdələrinin götürülməsinə səbəb olur. Nəticədə həyatın çətin anlarında insana yol açılır. Həzrət Əli (ə) buyurur: “Qəlbə ixlasla yanaşı nuraniyyət və bəsirət gələr.”[268] Bu Qur’ani-kərimin təqvanın nəticəsi kimi bəyan etdiyi həmin “fürqan”dır. (Haqla nahaqqı ayırd edən)[269] Başqa bir ayədə buyurulur ki, əgər təqvalı olsanız, Allah sizə bir nur verər və bu nurla yolunuzu gedərsiniz.[270]
İxlas, nəfsə tabe olmamaq və təqva insanın gözünü açır, onu həvəs, cəhalət və şirk qaranlıqlarından elm, tövhid və nur fəzasına çıxarır. Hər kəsin ixlası olsa, nicat tapacaq.[271]
İxlas böyük, eyni zamanda çətin əldə olunan bir dəyərdir. İmam Səccad (ə) ramazanın səhər dualarında Allahdan istəyir ki, qəlbini nifaqdan, əməlini riyadan təmizləsin. İmam Hüseyn (ə) Ərəfə duasında Allahdan  ixlaslı əməl diləyir.
CƏMİYYƏT ARASINDA İXLAS
Dəyərli ixlas cəmiyyət arasında ictimai fəaliyyətlər və məs’uliyyətlərlə yanaşı olan ixlasdır. Bə’ziləri yanılaraq xalqdan kənarda ixlas axtarırlar. Allah dadlı və xalis südü qida ilə qan arasında yaradır.[272] Xalis insan özünü cəmiyyətdəki hər növ çirkin işlərdən təmiz saxlamalıdır. O, niyyətini və əməlini riya çirkabından qorumalıdır. Belə əldə olunan ixlas dəyərli və mühümdür.
İxlaslı şəxs özünü Allahın ixtiyarına verir və qəlbini ilahi eşq mənzili edir. Onun bütün əməllərinə ilahi məqsəd hakim olur və bu yolla izzətə çatır.
NAMAZA DAXİL OLURUQ
Niyyət, namazı Allah üçün ibadət qərarı və Ona yaxınlaşmaq məqsədi ilə əda etməkdir. Niyyətdən sonra namaza daxil oluruq. Qəlb iştirakı, ruhi hazırlıq və Allaha tam diqqətlə təkbir deyirik. Bu diqqət və qəlb iştirakı namaz üçün ruh kimidir.
“ƏLLAHU ƏKBƏR”
Allah düşüncə və xəyalımızdan daha böyükdür. Onu qələmlə vəsf və dillə bəyan etmək gücümüz yoxdur.
Onun əzəməti düşüncə, mə’rifət və təsəvvürümüzün fövqündədir.
Hər nə istəsə həmin an baş verər. Əmrinə itaət olunar. İnsan və bütün varlıqlar yoxdan yarandı. Hər birinə ruzi verər, hidayət edər. Hamı Ona doğru qayıdacaq. Bütün canlıların və bitkilərin varlığı və canı Onun qüdrət əlindədir. Ucaldan da, kiçildən də Odur. Ehtiyacsızdır, hamı Ona möhtacdır. İnsanı ana bətnində formalaşdırır. Onların fitrətində yönəldici meyllər qərar verir. Xəstələrə şəfa verir, zəiflərə qüvvə əta edir. Onun zatından başqa hər şey ölümə məhkum və fanidir. Qiyamətdə hesab-kitab mükafat və cəza Ona bağlıdır. Qiyamət günü mə’lum olacaq ki, bütün işlər Onun əlindədir və başqaları heç nəyə qadir deyil. Allahdan qeyrilərinin dərgahına üz tutanlar uduzmuş və ziyan etmişlər... (Qeyd olunan bütün sifətlər Qur’an ayələrindən götürülmüşdür.)
Namazımız belə əzəmətli bir Allahın adı ilə başlayır.
Niyyətdən sonra təkbirətul-ehram deyir və namaza daxil oluruq. “Əllahu əkbər!”
“Əllahu əkbər” əqidə və dinimizin ucalıq şüarıdır.
Namaz “Əllahu əkbər” kəlməsi ilə başlayır və “rəhmətullah” kəlməsi ilə xətm olunur.
Elə bir namaz ki, həm qəlb iştirak edir, həm də dil mədh oxuyur, vəsf edir. Namazda həmd və zikri eşidir, eyni zamanda bədən üzvlərinin hərəkəti ilə ibadət edirik.
Elə bir namaz ki, bütpərəstlik və məsihilikdə olduğu kimi bütlərin və İsanın adı ilə yox, Allahın adı ilə başlayır.
Elə bir namaz ki, “Əllahu əkbər”lə yanaşıdır. Batil və puç qüdrətlər üzərindən xətt çəkən bu şüar gündəlik müstəhəb və vacib namazlarda 85 dəfə təkrarlanır, namazdan əvvəl və namazdan sonra da müxtəlif şəkillərdə savab üçün zikr olunur.
Bu şüar namaz boyu təkrarlanır və bizim mə’nəvi tərbiyəmiz, inkişafımız həmin təkrarların bəhrəsidir.
Allah hər şeydən böyükdür!
Allah heç bir şeylə müqayisə olunmaz dərəcədə böyükdür və zahiri hisslərlə dərk olunmur.
Allah həvəslərimizdən, sözlərimizdən, şeytan vəsvəsələrindən və dünya bəyanlarından daha böyükdür.
Əgər Allah düşüncəmizdə ən böyük sayılsa və “Əllahu əkbər” kəlməsi qəlbən, iman və inamla deyilsə, dünya, onun cazibəsi və bütün qüvvələr gözümüzdə kiçiləcək, Onun razılığı bizim üçün hər şeydən üstün olacaq.
İmam Sadiq (ə) buyurur: “Namazın başlanğıcında təkbir deyərkən Ondan (Allahdan) başqa bütün varlıq sənin düşüncəndə kiçilməlidir. Yoxsa, xitab olunar: Sən yalançısan! Əgər namaz qılan şəxsin fikrində ayrı bir şey böyük olarsa, o yalançı sayılır. Necə ki, münafiqlər dildə Allah rəsulunun (s) peyğəmbərliyinə şəhadət verir, amma öz sözlərinə inanmırdılar. Allah onları yalançı adlandırdı: “...Allah münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.”[273] Dillə əqidə arasında fərq bir növ nifaqdır. İmam Sadiq (ə) buyurur ki, Allah belə namaz qılanlara xitab edir: “Yoxsa mənə hiylə gəlirsiniz? And olsun izzət və cəlalıma, öz zikrimin şirinliyini səndən alar, yaxınlıq məqamından və münacatımın ləzzətindən məhrum edərəm.”[274] Mərhum Feyz Kaşani bu hədisi nəql etdikdən sonra buyurur: “Namaz zamanı münacat şirinliyi və ruhiyyə əldə etsəniz, bilin ki, sizin təkbiriniz Allah-təala tərəfindən qəbul olunmuşdur. Əgər belə olmasa, bilin ki, Allah sizi dərgahından qovmuş, sözünüzü təsdiq etməmişdir və bizi yalançı hesab edir.”[275]
Bəli, Allah daha böyükdür. Bütün sözlərdən, yazılardan və düşüncələrdən daha böyük!
Bu əqidədə olan şəxsin nəzərində hər şey kiçilir. Təyyarə nə qədər yuxarı qalxsa, evlər, binalar və yer daha kiçik görünər. Allahı əzəmətli sayan Ondan başqalarını kiçik görür. Həzrət Əli (ə) bu xarakteri təqvalı insanların sifətlərindən hesab edir: “Allah onların batinlərində əzəmətlidir və Ondan başqalarını kiçik görürlər.”[276]
HƏMD SURƏSİ
Bütün namazlarda “Həmd” surəsini oxumaq vacibdir. Bu surədə ne’mətlər üçün Allaha həmd edilir, Onun sifətləri, qiyamət günü hakimiyyəti və doğru yola yönəldən hidayətin Onun tərəfindən olması bəyan olunur.
İndi isə surənin ayələri haqqında bə’zi nöqtələri bəyan edirik.
“BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM”
Bağışlayan və mehriban Allahın adı və köməyi ilə başlayırıq.
Elə bir Allah ki, hər kəsə, hər nəyə mərhəmət edir. Elə bir Allah ki, daim və hər şeyə məhəbbət göstərir. Ondan başqaları ya lütf göstərmirlər, ya da lütfləri daimi və əhatəli olmur.
Bə’zən də məqsədləri mehribanlıq deyil. Lakin Allah hətta yaradanda lütf və mehribanlıq əsasında yaradır: “Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. Rəbbin onları bunun üçün yaratmışdır. ..”[277] Əgər bə’ziləri Allahın rəhmətinə nail olmurlarsa, bu onların özündən asılıdır.
Əgər çayın suyu şara dolmursa, çayın təqsiri yoxdur. Çünki şarın hər tərəfi bağlıdır.
Əgər günəş şüası divardan keçmirsə, bu şüanın yox, divarın təqsiridir.
Allahın rəhməti genişdir. Lakin bə’zən insanlar batil fikir və işlərlə rəhmət qapılarını öz üzlərinə bağlayırlar.
Hər işin əvvəlində “Bismillah” Allaha eşq və təvəkkül, Ondan kömək diləmək və Ona bağlılıq rəmzidir.
“Bismillah” Allahın ilhamverici adına sarılmaq, şeytan vəsvəslərindən uzaqlaşmaqdır.
“Bismillah” bütün səmavi kitabların başlanğıcıdır.[278] Peyğəmbərlər bütün işlərə Allahın adı ilə başlamışlar. (Məsələn, həzrət Nuh (ə) gəmini hərəkətə gətirəndə “Bismillah” dedi.) Bu iş insanın Allaha pənah aparıb, Onun tərəfindən qorunmasına səbəb olur. Allaha sığınmış şəxs doğru yola yönəlir: “Allaha sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir.”[279]
“Bismillah” Allaha bəndəlik və Ona bağlılıq nişanəsidir. Yə’ni: İlahi, Səni unutmamışam, bütün işlərimə Sənin adınla başlayıram, özümü sığortalayıram və Sənin köməyinlə şeytanı qaçırıram.
İmam Sadiq (ə) buyurur: “Bismillah” surələrin tacıdır.[280] Bismillah iman və rəhmət nişanəsidir. “Bəraət” surəsinin əvvəlində “Bismillah” kəlməsi yoxdur. Çünki surədə kafirlərdən üz döndərmək əmr olunur və rəhmətə yer qalmır.[281] Hədisdə buyurulur ki, hər bir işə hətta bir beyt şe’r yazmağa “Bismillah”la başlayın. Allahı yad etmədən görülən işlər sona çatmır.[282]


[236]“Nəhcül-bəlağə”, 53-cü məktub.
[237]“Fehresti Ğurər”, səh.398.
[238]“Fehresti Ğurər”, səh.399, “Niyyət” kəlməsi.
[239]“Fehresti Ğurər”, səh.398, “Niyyət” kəlməsi.
[240]“Bihar”, 70-ci cild, səh.205.
[241]“Muhəccətul-bəyza”, 5-ci cild, səh.74.
[242]“Bihar”, 70-ci cild, səh.199.
[243]“Bihar”, 70-ci cild, səh.201.
[244]bax: “Zilzal” surəsi, ayə 7.
[245]“Nəhcül-bəlağə”, 32-ci xütbə.
[246]“İsra” surəsi, ayə 19.
[247]bax: “Həcc” surəsi, ayə 73.
[248]bax: “Mulk” surəsi, ayə 30.
[249]“Qəsəs” surəsi, ayə 71 və 72.
[250]bax: “Qəsəs” surəsi, ayə 81.
[251]“Duxan” surəsi, ayə 25 və 26.
[252]“Bəqərə” surəsi, ayə 72.
[253]bax: “Maun” surəsi, ayə 5-6.
[254]bax: “Səfinətul-bihar”, 1-ci cild, səh.499.
[255]bax: “Dəhr” surəsi, ayə 10.
[256]“Nəhcül-bəlağə”, 290-cı hikmət.
[257]“Nəhcül-bəlağə”, 237-ci hikmət.
[258]bax: “Muhəccətul-bəyza”, 5-ci cild, səh.77.
[259]“Cameus-səadət”, 2-ci cild, səh.404.
[260]“Fehresti Ğurərul-hikəm”.
[261]“Hicr” surəsi, ayə 99.
[262](“İnsan” surəsi, ayə 9.
[263]“Muhəccətul-bəyza”, 6-cı cild, səh.144.
[264]“Tövbə” surəsi, ayə 24.
[265]“Nəhcül-bəlağə”, 26-cı məktub.
[266]“Maidə” surəsi, ayə 54.
[267]bax: “Bəqərə” surəsi, ayə 113.
[268]“Fehresti Ğurərul-hikəm”.
[269]bax: “Ənfal” surəsi, ayə 29.
[270]bax: “Hədid” surəsi, ayə 28.
[271]bax: “Fehresti Ğurər”, səh.92.
[272]bax: “Nəhl” surəsi, ayə 66.
[273]“Munafiqun” surəsi, ayə 1.
[274]“Muhəccətul-bəyza”, 1-ci cild, səh.385.
[275]“Muhəccətul-bəyza”, 1-ci cild, səh.385.
[276]“Nəhcül-bəlağə”, Həmmam xütbəsi.
[277]“Hud” surəsi, ayə 119.
[278]“Təfsiri Safi”, 1-ci cild, səh.51.
[279]“Ali İmran surəsi, ayə 101.
[280]“Təfsiri Qurtəbi”, 1-ci cild, “Bismillah”ın təfsiri.
[281]“Təfsiri Fəxr Razi” və “Məcməul-bəyan”, 1-ci cild, “Bismillah”ın təfsiri.
[282]“Təfsiri Safi”, 1-ci cild, səh.52.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

 
user comment