Quran ayələrini, kəlmələrini tərcümə edərkən, onları düşünərkən, ayə və kəlmələrin zahiri mənasını əsas tutmaq lazımdır. Belə ki, onların lüğəvi və ürfi mənaları nəzərdə tutulmalıdır. Lakin əgər, ayələrin tərkibində və ya onlardan xaricdə aşkar nişanələr mövcuddursa, ağılın hökm etdiyi, yaxud müxtəlif rəvayət və hədislərdən ələ gələn istisnalar vardırsa, (məcaz, təşbeh və s.) digər qeyri-zahiri mənalar nəzərə alınmalıdır. Bununla belə diqqət etmək lazımdır ki, söylənilən nişanələr güman, zənn üzündən yox, tutarlı dəlilə əsaslanmalıdır.
Məsələn, Qurani-Kərimdə oxuyuruq: «Hər kəs bu dünyada kordursa, Axirət (Qiyamət) günü də, kor və azğın olacaqdır!» (İsra, 72)
Bizim ağlımızın və aşkar nişanələrin hökmünə əsasən, ayədə söylənilən «kor» kəlməsindən məqsəd, gözü kor və görmək qabiliyyətinə malik olmayan insanlar yox, qəlbi, ağlı və bəsirət gözü kor olanlardır. Haqqı görüb qəbul etməyən, yaxud əsrarəngiz təbiətin, Quranın, İlahi peyğəmbərlərinin gün kimi aydın dəlillərini görməyən şəxslərdir.
Həmçinin, Quranda İslam düşmənlərinin barəsində deyilir: «Onlar kar, lal və kordurlar. Elə bu səbəbdən də heç bir şeyi anlamazlar!» (Bəqərə, 171) Məlumdur ki, onlar zahiri cəhətdən kar, lal və kor deyildilər. Onlar qəlbən və öz batini xüsusiyyətləri cəhətindən həqiqəti görmür, eşitmir və söyləmirdilər. Deməli, əgər Quranda Allah haqqında belə buyurulursa: «Allahın əlləri açıqdır! (hər iki əli)» yaxud: «Ey Nuh, bizim gözümüzün önündə gəmi düzəlt!» (Maidə 64, Hud 37) bu o demək deyildir ki, Allah ələ-qola və gözə malikdir! Çünki əvvəlki bəhslərdə söylədiyimiz kimi bütün bunlar cismin xüsusiyyətləridir. Müxtəlif hissələrə malik olan cisim isə öz hissələrinə ehtiyaclı olaraq, nəhayət faniliyə doğru yuvarlanacaqdır. Allah-Taala isə bütün bu xüsusiyyətlərdən uca və pakdır. «Əllərdən» məqsəd Allahın qüdrəti və gücüdür. Bütün dünya onun iradəsinə bağlı olaraq, sonsuz qüdrətinə baş əyir. «Gözlər»dən məqsəd isə Allahın elmi və məlumatıdır. O, hər bir şeyə alimdir və hər şeyi görür!
Biz Quran bərəsində əqli və nəqli nişanələrlə hökm edirik. Çünki dünyanın bütün bacarıqlı natiqləri də, bu növ nişanələrə etiqadlı olaraq, onlardan öz nitqlərində geniş şəkildə istifadə edirlər. Ərəb dilində də belədir. Qurani-Kərim də belə nişanələrdən istifadə olunmasını bəyənərək, təsdiqləyir: «Biz heç bir peyğəmbəri öz tayfasının dilindən başqa dildə göndərmədik ki, Allahın çağırışını onlara çatdırsınlar!» (İbrahim, 4) (Bir daha yadınıza salaq ki, bu nişanələr qəti, köklü dəlillərə əsaslanmalıdır!)
Şəxsi əqidəyə əsaslanaraq quranı şərh etməyin xətərləri
Şəxsi əqidəyə və meylə uyğun olaraq Quran ayələrini şərh etmək, ən xətərli bir iş və böyük günah sayılır. Belə əməlin sahibi Allah dərgahından uzaq düşmüş olur. Hədislərin birində buyurulur: «Hər kəs mənim sözlərimi öz meylinə (və nəfsinin tələbinə) uyğun olaraq şərh edə, mənə iman gətirməmişdir! (Mənə inanmamışdır)» (Vəsail, c 18, s 28, hədis-22) Şübhəsiz, Allaha həqiqi inamı olan hər bir kəs Quranı öz istədiyi kimi yox, olduğu kimi şərh etməlidir.
Məşhur kitabların bir çoxunda (Səhihi Termizi; Nisai; Əbi Davud...) Peyğəmbər (s. ə)-dən belə bir hədis nəql olunur; «Quranı öz meyli ilə, istədiyi kimi şərh edən (bilmədiyi sözü onun barəsində söyləyən) kəs, cəhənnəmdə yerləşən öz yeri üçün hazırlaşsın!»
Quranı «şəxsi meylilə şərh etmək» budur ki, insan onun ayələrini heç bir dəlil-sübut və nişanə olmadan, könlünün istəyinə uyğun olaraq, yaxud kiminsə əqidəsinə əsasən şərh edə. Belə bir insan, həqiqətdə Qurana tabe deyildir. Daha doğrusu, Quranı öz istək və xəyallarına tabe etmək istəyir. Qurana inanan hər bir şəxs isə bu işi etməz!
Hər kəs öz rəyinə (dəlil-sübut olmadan) əsasən Quranı şərh etsə, Quran öz etibarını itirməli olacaqdır. Çünki hər bir şəxsin şərhi, ona, yeni bir xurafat, yeni bir inhiraf əlavə edəcəkdir. Deməli, Quranı şəxsi rəylə, istəklə təfsir etmək, yəni lüğət elminin, ərəb ədəbiyyatı və qrammatikasının əksinə olaraq, onu puç və əsassız xəyallarla, hər hansı bir şəxsin və ya bir dəstənin mənafelərinə uyğun olaraq şərh etməkdən ibarətdir.
Şəxsi rəylə olan şərhlərdən biri də, Quranın bəzi ayələrini (o ayələr ki, şəxsin özünün əqidəsinə uyğundur) seçib qəbul etmək, lakin öz əqidə və xəyallarına uyğun olmayan digər ayələri isə kənara qoymaqdır.
Əziz oxucu, nəhayət məlum oldu ki, Qurana məxsus olan əqli və nəqli nişanələrdən üz çevirərək, onu fəqət zahiri mənada qəbul etmək səhv bir əməl olduğu kimi, onu şəxsi rəylə şərh etmək də, olduqca qorxulu və günah bir işdir!
Allahın kitabından nəşət tutan sünnə (rəftar-əməl-buyuruq)
Biz inanırıq ki, heç bir müsəlman yalnız Qurani-Kərimlə kifayətlənə bilməz və «Yalnız Quran bizə bəsdir!» - deyə iddia edə bilməz! Çünki müxtəlif hədislər və Peyğəmbərin (s) sünnəsi (rəftar, əməl və buyuruqları) Quranın şərhində, ilahi həqiqətlərin bəyan olunmasında, nasix-mənsux ümumi və xüsusi ayələri anlamaqda, usuliddin-furuiddinin təlimatlarında bizə ən əsaslı, ən gözəl yardımçıdır. Yalnız Quranla kifayətlənib müqəddəs hədisləri kənara qoyan şəxslərin nəzərinə çatdırmaq lazımdır ki, Quran ayələrinin özü Peyğəmbərin (s) rəftarını, əməlini və buyurduqlarını bütün müsəlmanlara vacib, və etibarlı sayır. Həşr surəsinin 7-ci ayəsində belə əmr olunur: «Peyğəmbər (s) sizə hər nə verirsə (əmr edirsə) alın (əməl edin) və hər nədən uzaq olmanızı əmr edirsə uzaq olun!» yaxud; Əhzab surəsinin 36-cı ayəsində buyurulur: «Heç bir mömin kişinin və qadının haqqı yoxdur ki, Allah və Peyğəmbərinin (s) hökm etdiyi bir işdə ixtiyar sahibi olsunlar! Hər kəs Allahın və Peyğəmbərinin (s) hökmündən boyun qaçırsa, aşkar azğınlığa düşmüşdür!»
Göründüyü kimi Peyğəmbərin (s) sünnəsinə (rəftar-əməl-buyuruq) etinasız olan müsəlmanlar, həqiqətdə Qurana etinasızlıq etmişlər. Aydındır ki, Peyğəmbərin (s) sünnəsi də, etibarlı mənbələrə əsaslanmalıdır. Peyğəmbərin (s) sünnəsi adlanan hər bir hədisi və rəvayəti qəbul etmək olmaz! Həzrət Əli (ə) öz çıxışlarından birində buyurur: «Peyğəmbər (s) hələ sağ olarkən, onun adından çoxlu yalanlar uydurdular. İş o yerə yetişdi ki, Həzrət Məhəmməd (s. ə) ayağa qalxaraq (dözməyərək) belə bir xütbə oxudu: «Hər kəs bilərəkdən mənə yalan uydursa, mənim adımdan yalan hədis quraşdıra, özünün (cəhənnəmdə olan) odlu məkanına hazırlaşsın!» (Nəhcül-bəlağə, xütbə, 210) .
Əhli-beyt imamlarının (ə) sünnəsi
Əhli-beyt (ə)-ın hədisləri də, Peyğəmbər (s)-in əmrinə əsasən mötəbərdir. Bu hədislərə etiqad və onlardan itaət etmək vacibdir. Çünki;
1 – Ən tanınmış (mütəvatir) bir hədisdə (ki, əhli sünnət və Şiə alimləri tərəfindən təsdiq edilərək, nəql olunmuş və Səhihi-Termizidə də gəlmişdir) buyurulur; «Ey camaat! Mən özümdən sonra sizin aranızda iki əmanət qoyuram! Əgər onlara üz gətirsəniz, onlardan kömək istəsəniz, heç vaxt azğınlığa düçar olmayacaqsınız! Biri Allahın kitabı (Quran,) o biri də, mənim itrətim yəni Əhli-Beytimdir!»
2 – Əhli-beyt İmamları (ə) özlərinin söylədikləri bütün hədisləri Peyğəmbər (s. ə.)-dən nəql edirlər. Və buyururlar ki, biz nə söyləyiriksə hamısı, atalarımızın (ə) babamız Peyğəmbər (s. ə.)-dən bizə çatdırdıqlarıdır.
Bəli, İslam Peyğəmbəri (s) müsəlmanların gələcəyini qabaqcadan görmüş və onların üzləşəcəyi çətinlikləri (qiyamət gününədək) Quran və Əhli-beyt (ə)-ın vasitəsilə həll etmək tövsiyəsi vermişdir. Sizcə, biz bu qədər tanınmış, hamı tərəfindən təsdiqlənmiş, (təvatur həddində olan), ən etibarlı sənədlərə malik olan bir hədisi qəbul etməməyə və kənara qoymağa haqlıyıqmı? Əgər biz bu məsələyə diqqətlə yanaşsaydıq müsəlmanların üzləşdiyi bir çox çətinliklər (əqidəvi məsələlərdə, təfsirdə və fiqhi məsələlərdə) asanlıqla həll olunmuş olardı!
source : الشیعه