Ramazan ayının 18-də Misirin Qahirə şəhərində başlayacaq hifz və təcvid üzrə 19-cu Beynəlxalq Quran Müsabiqəsində ərəb və sair İslam ölkələrində 99 nümayəndə iştirak edəcək.
İqna Quran Xəbər Agentliyi : Lahaonline xəbər agentliyinin verdiyi məlumata görə, Misirin İslam vəqfinin rəhbəri Əbdülfüzeyl əl-Qovsi bu xəbəri bəyan edərək deyib: “Misirin 19-cu Beynəlxalq Quran Müsabiqəsi 5 kateqoriya üzrə keçiriləcək; təcvid və 15-ci cüzün təfsiri ilə Quranın kamil hifzi, təcvid və tərtil ilə Quranın kamil hifzi, Quranın ilk 20 cüzünün təcvidlə hifzi, Quranın ilk 10 cüzünün hifzi və nəhayət qeyri-ərəb dilli müsabiqə iştirakçıları üçün Quranın 6 cüzünün hifzi.”
Əbdülfüzeyl əl-Qovsi sözünün davamında deyib: “Beynəlxalq Quran yarışması Ramazanın 18-də Qahirənin “İmam Muhəmməd Əbduh” salonunda başlayacaq və 26-da təntənəli bağlanış mərasimi və qaliblərin mükafatlandırılması ilə sona çatacaq.”
Birinci kateqoriyanın qalibinə 75.000 misir funtu (±14.000 $), ikinci kateqoriyanın qalibinə 60.000 (±11.000 $), üçüncü, dördüncü və beşinci kateqoriyaların qaliblərinə isə müvafiq olaraq 35.000, 30.000 və 25.000 (± 6.500, 5.500, 4.500 $) pul mükafatı veriləcək.
Müsabiqə Misirin Quran qiraəti ustadlarından olan Əbdülhəkim Əbdüllətif rəhbərliyi altında təşkil olunur. Bu ölkənin məşhur qarilərindən olan Salim Əbdülcəlil bu işdə ona kömək edəcək.
Misirin İslam vəqfinin rəhbəri sözünün sonunda qeyd edib ki, Misirdən Şeyx Əbdüssəlam Davud, Həkəm İbrahim, Muhəmməd Əhməd Cueydi, Ərəbistandan Haşim Əbu Şurhə, Bəhreyndən Cəfər Yusif, Seneaqaldan Muhəmməd Həsən Busve, Livandan İbrahim Səlim İqad, Suriyadan İhsan Seyyid Həsən, Əlcəzairdən Kəmal Əli və Omandan Əbdullah ibn Salim müsabiqənin münsiflər heyətinin üzvləridirlər.
source : ایکنا