“Əxlaqsızlığı, yaxud aqressiyanı, cəhaləti, xurafatı, mənəviyyatsızlığı təsvir edən ədəbiyyat, əşyalar və o məzmunlu materialları istehsal və idxal etmək, satmaq və yaymağa görə qanunda heç bir maneə nəzərdə tutulmur, bunlar qanunla məhdudlaşdırılmır. Amma məsələn, biri Quran ayəsi təsvir olunmuş bir tablo - dini əşyadır deyə, satacaqsa, onu 2 il həbs də gözləyə bilər. Qanunda dinə belə aqressiv münasibət hətta SSRİ zamanı da müşahidə olunmayıb”.
Hacı Elşən Mustafaoğlu: “Dinə belə münasibət heç SSRİ zamanında da olmayıb”
Əhli Beyt xəbər agentliyinin verdiyi xəbərə əsasən: Milli Məclis Cinayət Məcəlləsinə dəyişiklikləri müzakirə edib. Təklif olunan dəyişikliklər əsasən dini fəaliyyət, eləcə də dini kitab və əşyaların qanunsuz satışı, idxalına qoyulan cərimələri daha də ağırlaşdırır, eyni zamanda həbs cəzası nəzərdə tutulur.
Dəyişikliklərə görə, dini ədəbiyyat və əşyaların yayılmasına sərt cəzalar müəyyən olunur. CM-in 167-2.1-ci maddəsinə əsasən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və yaymaq məqsədilə idxal etmə, satma və yayma 5000 manatdan 7000 manatadək cərimə və ya 2 ilədək müddətində həbslə cəzalandırılır. 167-2.2 maddəyə əsasən eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, təkrar törədildikdə, vəzifəli şəxs tərəfindən və qulluq mövqedən istifadə etməklə törədildikdə 7000 manatdan 9000 manatadək cərimə və ya 2 ildən 5 ilədək həbslə cəzalandırılır.
Təklif olunan əlavələr dindarlar tərəfindən birmənalı qarşılanmayıb. Bir çoxları bunu ölkədə dini fəaliyyəti daha çox nəzarət altına almaq cəhdi sayır. Qeyd edək ki, Azərbaycan qanunvericiliyində hökumətin razılaşdırmadığı dini ədəbiyyatı yaymaq, satmaq və ya ölkəyə gətirmək qadağandır. Digər tərəfdən, onsuz da müvafiq dövlət qurumları artıq neçə ildir dini ədəbiyyat sahəsini ciddi nəzarətə götürüb, xaricdən Azərbaycana dini ədəbiyyat demək olar ki, gətirilmir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də qadağan olunmuş dini ədəbiyyatın siyahısını hər il elan edir. Belə olan təqdirdə CM-ə dəyişiklik edib bir dini kitab satanı və ya dini əşyanı - təsbeh, möhür və ya digər dini əşyanı - satmağa görə insanlara ağır həbs cəzasının müəyyən edilməsinə nə ehtiyac vardı?
“Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədri, fəlsəfə doktoru, ilahiyyatçı Elşən Mustafaoğlu yeni dəyişikliyi absurd addım sayır. Onun fikrincə, qanuna yeni dəyişiklikdə cəzalar çox sərtdir: “Əxlaqsızlığı, yaxud aqressiyanı, cəhaləti, xurafatı, mənəviyyatsızlığı təsvir edən ədəbiyyat, əşyalar və o məzmunlu materialları istehsal və idxal etmək, satmaq və yaymağa görə qanunda heç bir maneə nəzərdə tutulmur, bunlar qanunla məhdudlaşdırılmır. Amma məsələn, biri Quran ayəsi təsvir olunmuş bir tablo - dini əşyadır deyə, yaxud Qurani-Kərim və ya İncil - dini ədəbiyyatdır deyə, satacaqsa, onu 2 il həbs də gözləyə bilər. Qanunda dinə belə aqressiv münasibət hətta SSRİ zamanı da müşahidə olunmayıb”.
E.Mustafaoğlu deyir ki, vergilərdən yayınan, dövlət malını talan edənlərə qarşı belə 5-9 min manatlıq cərimələr tətbiq edilmədiyi təqdirdə təsbeh satanı bu şəkildə cəzalandırmağa adı vermək mümkün deyil: “Biri canamaz, Kəbə şəkli, yaxud qibləni göstərən kompas, xaç satmağa görə bu qədər sərt cəzalarla üzləşəcək, amma digəri mənəviyyatsızlığı təbliğ edən məhsulları sərbəst satacaq. Biri dini məzmunlu filmi satmaqda əngəllərlə üzləşəcək, digəri əxlaqsızlığı təbliğ edən filmləri rahatca yayacaq. Bunu necə izah edək? Quran satışı, yaxud çapına görə də 5-7 min manat cərimə olar? Əlbəttə, qanunvericilik bu məsələləri tənzim etməlidir, amma bu insanların dini haqlarının belə sərt şəkildə məhdudlaşdırılması hesabına olmamalıdır. Qanun tam mənası ilə vətəndaşlarımızın dini etiqad azadlığını təmin etməlidir”.
İlahiyyatçı-alimin fikrincə, konstitusiyamız dini etiqad azadlığını tanıyır və bütün qanunlar, onlara edilən düzəlişlər onun tələblərinə cavab verməlidir: “Konstitusiyamız dini yaymaq hüququnu tanıdığı və dəstəklədiyi halda başqa bir qanunun buna görə 5 ilədək həbs, yaxud 5-9 min manat cərimə tətbiq etməsi nə dərəcədə düzgündür? Konstitusiyada qeyd edildiyi kimi, ölkədə hər kəs öz dini inancını ifadə etməkdə və yaymaqda sərbəst olmalıdır”.
source : ابنا