Azəri
Thursday 18th of July 2024
0
نفر 0

DÖRDÜNCÜ BAB


 


DÖRDÜNCÜ BAB

DÖRDÜNCÜ BAB Hərəkət əsnasında, məqsədə yetənə qədər salik üçün baş verəcək halları zikr edər. Bu bab altı fəsildən ibarətdir:
Birinci fəsil – İradə.
İkinci fəsil – Şövq.
Üçüncü fəsil – Məhəbbət.
Dördüncü fəsil – Mə`rifət.
Beşinci fəsil – Yəqin.
Altıncı fəsil – Sükun.


Birinci fəsil

Birinci fəsil

İradə

İradə
Allah-taala iradə barəsində buyurur: “Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar.”
“İradə” fars dilində istəmək mə`nasındadır və o üç şeyə əsaslanır:
1. Muradın dərki.
2. Muradda olan kamalın dərki.
3. Muradın yoxluğu.
Deməli, əgər, murad elə bir iş olsa ki, [hələlik mövcud deyil, amma] onu əldə etmək mümkündür, bir halda ki, iradə qüdrətlə yanaşı olsa, murad əldə ediləcək. Və əgər, murad elə bir iş olsa ki, mövcud və hasil olub, amma hazır olmasa, iradə və qüdrət murada qovuşmağa səbəb olacaqlar, [bu fərqlə ki,] əgər onun qovuşmasında bir durğunluq yaransa, iradə insanda bir hal yaradacaqdır ki, ona “şövq” deyərlər. Şövq [həmişə] vüsaldan qabaq olur. Əgər vüsal tədrici olsa, elə ki, (mətləbə) qovuşmağın bir nişanəsi göründü, o hala “məhəbbət” deyərlər. Məhəbbətin dərəcələri vardır ki, onun ən axırıncı dərəcəsi kamil vüsal və hərəkətin sonu olar. Və amma iradə bir e`tibarla sülükla yanaşı, başqa bir e`tibarla sülükun zəminəsidir. Çünki bir tərəfdən kamalın tələbində olmaq bir növ iradədir, başqa bir tərəfdən əgər vüsala yetmək səbəbilə və ya vüsaldan imtina edəcəyinə olan elmi ilə iradə aradan getsə, [o zaman] hərəkət də dayanacaqdır. [Əlbəttə] sülukla yanaşı olan iradə nöqsan əhlinə məxsusdur, amma kamal əhlinin iradəsi [belə olmayıb] eyni kamal və məhz murad olar. Bu barədə bir rəvayət
Hədisdə deyilir ki, cənnətdə bir ağac vardır ki, onu “Tuba” adlandırırlar. Hər kəsin nə muradı olsa həmin ağac həmin anda onu öz muradına çatdırar. Həmçinin demişlər ki, insanların bə`zisi bu dünyadakı itaətlərinin savabını axirətdə görəcəklər, [halbuki] bə`zi adamların savabı onların əməllərinin eyni olar. Bu söz ona dəlalət edir ki, bə`zi adamların iradəsi, eyni onların muradıdır. Çünki, sülukda riza mərhələsinə çatan kəsin özündən bir iradəsi olmaz. Bu mərhələnin tələbində olan böyük şəxsiyyətlərdən biri belə deyir: “Əgər məndən soruşsalar ki, nə istəyirsən? Deyərəm: “İstəyirəm ki, heç nə istəməyim.”


İkinci fəsil

İkinci fəsil

Şövq

Şövq Allah-taala şövq barəsində buyurur: “Və elm verilən kəslər də bilsinlər ki, haqq (Qur`an) sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun.” “Şövq” böyük iradə tələb edən və ayrılıq dərdi ilə yoğrulmuş bir məhəbbətdən alınan ləzzətdir. Süluk halında şiddətli iradədən sonra şövq zəruridir. Çox vaxt sülukdan qabaq mətləbin kamalı haqqında bilik əldə ediləndə, şövq də hasil olur. Salik sülukda nə qədər irəliləmiş olsa, onun şövqü də bir o qədər artıb, səbiri isə azalacaqdır və nəhayət bu gedişlə mətləbə çatar və bundan sonra artıq onun ləzzətində qəmdən və ayrılıq dərdindən əsər qalmaz və [beləliklə də] şövq sona yetər. Çox vaxt təriqət böyükləri məhbubun müşahidəsini şövq adlandırırlar. Ona görə ki, onların mətləbi ittihad olar ki, o mərtəbəyə də hələlik çatmamışlar.

Üçüncü fəsil

Üçüncü fəsil

Məhəbbət

Məhəbbət Allah-taala məhəbbət barəsində buyurur: “İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir.” “Məhəbbət”, bir kamalın əldə edilməsinə, ya xəyali bir kamalın hasil olmasına və ya idrak oluna biləcək qəti bir işə nisbətdə yaranan şadlıq, xoş əhval-ruhiyyə mə`nasındadır. Başqa ibarətlə, məhəbbət insanın ləzzət, ya kamal güman etdiyi bir şeyə meyl etməsidir. Çünki, ləzzət insana xoş gələn bir idrak, yə`ni kamala qovuşmaq olduğu üçün, məhəbbətdə də ləzzət və ya ləzzətin təxəyyülü olmamış deyil. Məhəbbət [dərəcəsinə görə] şiddətli və zəif olur. Onun ilk dərəcəsi iradədir, çünki iradəsiz məhəbbət yoxdur. Ondan sonra [gələn dərəcə] şövqlə yanaşı gələn iradədir və sonrakı mərhələ o yerdədir ki, iradə və şövq murada qovuşmağa səbəb olsunlar ki, belə olan halda məhəbbət daha çox şiddətlənir. Nə qədər ki, insan və onun mətləbi arasında fasilə var, məhəbbət də olacaqdır və eşq, ifrat məhəbbət mə`nasındadır. Ola bilsin insan və mətləbi [həqiqətdə] müttəhid olsun, amma bir e`tibarla aralarında fasilə olsun. Nə zaman bu e`tibar aradan qalxsa, [onda] məhəbbət də sona yetəcəkdir. Deməli məhəbbətin sonu ittihaddır. Məhəbbət haqqında filosofların nəzəri
Filosoflar demişlər: Məhəbbət ya fitridir, ya da [sonradan] qazanılan (kəsb edilən). Fitri məhəbbət bütün kainatda mövcuddur. [Məsələn,] fələkdə (planetdə) onun hərəkətinə səbəb olan məhəbbət vardır. Məkana və çəkiyə, miqdar, tə`sir və əks tə`sir kimi digər təbii hallara meyl edən hər ünsürdə və həmçinin, maqnitdə olan cəzbetmə qüvvəsi kimi – tərkibatda da məhəbbət vardır. Bitkilərdə məhəbbət tərkibatda olduğundan daha çoxdur, çünki inkişaf etmək, qidalanmaq, toxum vermək və növünu qorumaq qabiliyyətinə malikdirlər. Heyvanlarda [olan məhəbbət hissi] bitkilərdən daha çoxdur, çünki onlarda öz həmnövünə qarşı olan üns, ülfət, cinsi meyillilik, balalarına olan əlaqə, məhəbbət bitkilərdə yoxdur. Və amma, insanlarda məhəbbət daha çox qeyri-fitri, kəsb edilmədir. Və onun insanda mövcud olmasının səbəbi üç şeydir:
1. “Ləzzət” – istər cismani olsun, istər qeyri-cisman, istər təxəyyülü olsun, istər həqiqi.
2. “Mənfəət” – bu da, ya məcazidir, məsələn dünyəvi məhəbbət kimi ki, onun mənfəəti bil-ərəz olar, ya da həqiqi ki, onun mənfəəti biz-zat olar.
3. “Cövhəri oxşarlıq” ki, bunun özü iki növdür: 1. Ümumi cövhəri oxşarlıq, məsələn, bir-birinin əxlaqından, rəftarından razı və şad olan iki nəfərin xasiyyəti və əxlaqı arasındakı oxşarlıq kimi. “2. Xüsusi cövhəri oxşarlıq, məsələn, haqq əhli arasında olan oxşarlıq kimi ki, hamısı Mütləq Kamaldan kamal kəsb etməkdədirlər. Ola bilsin məhəbbətin səbəbi yuxarıda dediyimiz səbəblərdən ikisinin və ya üçünün birləşməsindən (mürəkkəb şəkildə) olsun (yə`ni həm ləzzət, həm mənfəət, həm oxşarlıq – birlikdə məhəbbətin yaranmasına səbəb olsun) Əlbəttə, mə`rifətə, idraka əsaslanan məhəbbət də vardır. Necə ki, arifə ləzzət, mənfəət və bütün xeyirlər Mütləq Kamil tərəfindən çatdığı üçün, Ona məhəbbət göstərir. Bu məhəbbət digər məhəbbətlərdən üstün olur. Bu ayənin mənası: “Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir.” – burada aydın olur. Məhəbbət haqqında zövq əhlinin nəzəri
Zövq əhli demişdir: Ümid, qorxu, şövq, üns, şadlıq, təvəkkül, riza və təslim – bunlar hamısı məhəbbət üçün lazım bilinən şeylərdir, çünki məhəbbət, məhbubun rəhmətinin təsəvvürü ilə “ümidi” zəruri edir, Onun heybətinin təsəvvürü ilə “qorxunu” zəruri edir, Ona qovuşmazlığın təsəvvürü ilə “şövqü”, Ona qovuşmağın təsəvvürü ilə “ünsü”, ifrat ünsiyyətin təsəvvürü ilə “şadlığı”, inayətə arxayınlığın təsəvvürü ilə “təvəkkülü”, məhbubdan gələn hər bir şeyin gözəl olduğunun təsəvvürü ilə “rizanı”, özünün aciz, qüsurlu olduğunun, Onun [məhbubun isə] kamalının, əhatəsinin və qüdrətinin təsəvvürü ilə “təslimi” zəruri edir. Xülasə, həqiqi məhəbbətin bir həddi də təslimdir. Bu o zaman olur ki, insan öz məhbubunu Mütləq hakim, özünü isə mütləq məhkum bilsin. Həqiqi aşiqin bir həddi də fənadır. Bu o zaman olur ki, aşiq bütün şeyləri mə`şuqda görür və özünü görmür. Əgər bir kəs bu məqama çatsa, Allahdan qeyri bütün şeylər onun gözündə hicab [hesab] olunacaqdır. Beləliklə, onun seyri-sülukunun nəhayəti bu olar ki, bütün şeylərdən üz çevirib [yalnız] diqqətini Ona yönəltsin. “Bütün işlər axırda Ona (Allaha) qayıdacaqdır.”


Dördüncü fəsil

Dördüncü fəsil

Mərifət

Mərifət Allah-taala mə`rifət haqqında buyurur: “Allah şahidlik etdi ki, Özündən başqa heç bir tanrı yoxdur. Mələklər və haqq-ədalətdən ayrılmayan elm sahibləri də O mütləq qüvvət, hikmət sahibindən başqa heç bir tanrı olmadığına şahidlik etdilər.” “Mə`rifət” fars dilində idrak mə`nasındadır. Burada mə`rifət dedikdə, Allahı dərkin ən yüksək mərtəbəsi nəzərdə tutulur. Çünki Allahıdərkin çoxlu mərtəbələri vardır. Mə`rifətin mərtəbələri atəşin şö`ləsi kimidir ki, bə`ziləri ancaq onun adını eşitmişlər ki, yandırıb-yaxan bir mövcuddur; ona çatan hər bir şey yanır, onun nişanəsi düşdüyü hər bir şeydə zahir olur, ondan nə qədər götürsən, azalmaz, ondan ayrılan hər bir şey, onun təbiətinin ziddinə olacaqdır. Bu mövcud atəş adlanır. Allahın dərkində də bə`ziləri bu həddədirlər ki, onlara “müqəllidlər” deyərlər, necə ki, bə`zi adamlar böyük adamların mə`rifət haqqında söylədikləri sözləri qəbul edərlər, amma qəbul etdiklərinə dəlilləri olmaz. Mə`rifətin (bundan) bir pillə yuxarı mərtəbəsinə qalxmış bə`ziləri o kəslərə bənzəyərlər ki, atəşin tüstüsü onlara çatmışdır və bilirlər ki, bu tüstü [hökmən] bir yerdən qalxır. Buna görə də nişanəsi tüstü olan mövcudun (atəşin) varlığına hökm edərlər. İlahi mə`rifətdə də bu mərtəbəyə yüksəlmiş kəslərə “nəzər əhli” deyərlər. Nəzər əhli qəti dəlillərlə bilərlər ki, Yaradan, Qur`an vardır, çünki Onun qüdrət nişanələrini Onun varlığına dəlil bilərlər. Bu mərətbədən yüksəkdə o kəslər olarlar ki, atəşə yaxın oturmaqla onun hərarətini hiss edərlər və ondan bəhrələnərlər. İlihi mə`rifətdə də bə`ziləri bu mərtəbəyə çatarlar ki, “qeybə inananlar” adlandırılarlar. Bu dəstə Allahı pərdə arxasından tanıyarlar. Bu mərtəbədən yuxarıda o kəslər durarlar ki, atəşdən çörək bişirmək, qazan asmaq və s. kimi çoxlu faydalar əldə edərlər. İlahi mə`rifətdə də bə`ziləri mə`rifətin ləzzətini dadarlar və bununla şad, xürrəm olarlar. Bura qədər elm əhlinin [ilahi mə`rifətdəki] mərtəbələrini söylədik, amma bunlardan da yüksəkdə elə kəslər vardır ki, atəşin özünü müşahidə edərlər və həmin atəşin nurunun vasitəsilə digər varlıqları da müşahidə edərlər. İlahi mə`rifətdə də belələrinə “baxış əhli” və həmçinin “ariflər” deyərlər və həqiqi mə`rifət sahibləri də bunlar olar. Bu mərtəbədən də yüksəkdə duranlara “yəqin əhli” deyərlər. Bunların məqamı ariflərdən yuxarı olar. Yəqin və yəqin əhli haqqında sonrakı fəsildə söhbət açacağıq, inşəallah. Yəqin əhli arasında bə`zilərinin mə`rifəti “müayinə” babından olar ki, onlara “hüzur əhli” deyərlər. Üns və şadlıq bu dəstəyə xas olar, amma mə`rifətin son pilləsi orada qurtarar ki, artıq arif [özü də] aradan qalxar, eynən atəşdə yanıb heçə çıxmış adam kimi.

Beşinci fəsil

Beşinci fəsil

Yəqin

Yəqin Allah-taala yəqin haqqında buyurur: “Onların axirətə yəqinləri olar.” Hədisdə deyilir ki: “Kimə yəqin və onun bəhrəsi verilsə, namazın və orucunun azlığı haqqında düşünməz.” Ürfdə “yəqin” zavalı mümkün olmayan, [həqiqətlə] uyğun və sabit olan qəti bir e`tiqad mənasındadır. Həqiqətdə, yəqin, mə`luma və onun xilafının imkansız olmasına olan elmdən ibarət bir tərkibdir. Yəqinin mərtəbələri
Yəqinin mərtəbələri vardır ki, Qur`anda “elmül-yəqin”, “eynül-yəqin” və “həqqül-yəqin” tə`birilə göstərilmişdir. Necə ki, buyurur: “Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) elmül-yəqinlə bilsəydiniz (fani dünya malına uymazdınız)! (Ey müşriklər! Qiyamət günü) siz o cəhənnəmi mütləq görəcəksiniz! Bəli, siz (Cəhənnəmə vasil olandan sonra) onu mütləq eynül-yəqinlə görəcəksiniz!” Başqa bir yerdə buyurur: “Və Özü də cəhənnəmə atılacaqdır. Şübhəsiz ki, bu, həmin həqqül-yəqindir!”
Mə`rifət babında atəş misal olaraq göstərildiyi kimi, yəqin babında da həmin misalı göstərmək olar. Yə`ni atəşin nuru vasitəsilə müşahidə edilən hər şey “elmül-yəqin” misalındadır. Görünə biləcək əşyalara nur saçan atəşin şö`ləsinin özünü görmək “eynül-yəqin” misalındadır. Atəşin düşdüyü hər bir şeydə, onun kimliyini məhv edəcək dərəcədə təsir qoyub, sırf özünün qalması “həqqül-yəqin” misalındadır. Baxmayaraq ki, cəhənnəm əzabdır, amma ora düşmək yanmağa və məhv olmağa səbəb olduğu üçün, onu yaxından və uzaqdan görmək və ora daxil olmaq yəqinin bu üç mərhələsi üçün misal çəkilmişdir. والله اعلم بحقائق الامور


Altıncı fəsil

Altıncı fəsil

Sükun

Sükun Allah-taala sükun haqqında buyurur: “O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (mö`minlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!” “Sükun” iki növdür:
1. Nöqsan əhlinə məxsus sükun. Bu sükun sülukdan qabaqdır, çünki onun sahibi mətləbdən və kamaldan xəbərsiz olar. Bu növ sükuna “qəflət” deyərlər.
2. Kamal əhlinə məxsus olan sükun. Bu sükun sülukdan sonra, mətləbə çatan zaman hasil olur. Bu növ sükuna “itminan” deyərlər. Bu iki sükun arasında olan hala hərəkət və [ya] seyri-süluk deyərlər. Hərəkət vüsaldan öncə məhəbbətin zərurətlərindən olar və sükun mə`rifətin zərurətlərindən olub vüsalla yanışı olar. Buna görə də demişlər: “Əgər arif hərəkət etsə həlak olar və əgər mühibb aram dursa həlak olar. Bundan da mübaliğəlisini demişlər, o budur ki: “Əgər arif danışsa həlak olar, əgər mühibb sükut etsə həlak olar.” Vüsala çatana qədər salikin əhvalı belə olar. Doğrusunu Allah bilir.


BEŞİNCİ BAB

BEŞİNCİ BAB Vüsal əhlinin [sülukdan sonra] başına gələn halları zikr edər. Bu bab altı fəsildən ibarətdir:
– Birinci fəsil – təvəkkül;
– İkinci fəsil – riza;
– Üçüncü fəsil – təslim;
– Dördüncü fəsil – tövhid;
– Beşinci fəsil – ittihad;
– Altıncı fəsil – vəhdət.


Birinci fəsil

Birinci fəsil

Təvəkkül

Təvəkkül Allah-taala təvəkkül haqqında buyurur: “Əgər mö`minsinizsə, Allaha təvəkkül edin!”
“Təvəkkül”, işi kiminsə öhdəsinə qoymaq mə`nasındadır. Burada bəndənin [Allaha] təvəkkülü nəzərdə tutulur. Bəndənin Allaha təvəkkül etməsi o deməkdir ki, bəndə gördüyü bir işi və ya qarşısına çıxan bir işi – Allahı özündən daha bilikli və bacarıqlı bildiyi üçün – Allaha tapşırır ki, əgər Allahın təqdiri olsa həmin işi düzəldəcək və bəndə Allahın təqdir etdiyi hər bir şeyə qane və razı olsun: “Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir...” Allahın təqdir etdiyi işə insanın qane və razı olması belə hasil olur ki, insan öz əvvəlki halı barəsində düşünsün ki, [Allah] onu əvvəl heçdən yaratdı və onun yaradılışında neçə-neçə hikmət qərar verdi ki, insan bütün ömrü boyu onun mində birini dərk edə bilməz, [sonra] onu boya-başa, ərsəyə çatdırdı, həyatını davam etdirə və nöqsandan kamala çata bilməsi üçün onu daxildən və xaricdən təchiz etdi və bu işi təmənnasız gördü. Məsləhətə uyğun onu boya-başa çatdırdı ki, bilsin ki, gələcəkdə [onun üçün lazım olacaq] hər şeyi hazır edəcəkdir və Onun təqdirindən və iradəsindən kənarda olmayacaqdır. Beləliklə Allaha e`timad edəcək və onda iztirab və nigarançılıqdan əsər – əlamət qalmayacaq. Onda yəqin hasil olacaq ki, istər iztirabı olsun, istərsə də olmasın, Allah-taala onun görməli olduğu işi Özü əncam verəcəkdir. Ona görə də buyurur: “Əgər bir kəs hər şeydən üz döndərib Allaha üz tutsa, Allah-taala onun bütün həyat ehtiyaclarını tə`min edər və ona, gümanı gəlmədiyi yerdən ruzi yetirər.” Təvəkkül o demək deyil ki, insan bütün işlərdən əl çəksin, desin ki, Allaha tapşırdım. Təvəkkül o deməkdir ki, [insan] Allahdan qeyri hər bir şeyin Allah tərəfindən olduğuna yəqin əldə edəndən sonra [bilsin ki,] aləmdə baş verin əksər işlər şərtlər və səbəblər əsasında hasil olur, çünki Allahın qüdrət və iradəsi bə`zi işlərə aid olur, bə`zi işlərə isə aid olmur. Qəti şəkildə [Allahın qüdrət və iradəsi] xüsusi şərtlər və amillər əsasında bir şeyə aiddiyyət tapır, deməli insan özünü, öz elm və qüdrətini cümlə səbəblər və şərtlərdən bilməlidir ki, bə`zi işlərin məxsus icadı [üçün hazır] olsun, hansı ki, insan o işləri özünə nisbət verir. Buna görə də bu cür işlərdə – hansı ki, insanın iradə və qüdrəti də onun vücuda gəlməsinin şərtləri və səbəbləri sırasındadır – çalışqan olmalıdır. Eynən o kəs kimi ki, həmin adamın vasitəsilə onun məhbubunun sevdiyi işlər hasil olur. Elə ki, vəziyyət belə oldu, cəbr və qədərin cəmi və ittihadı qarşıya çıxır, çünki, o işi əgər məhbuba nisbət versə, [bu işin] cəbr olduğu xəyala gəlir, əgər şərtlərə və səbəblərə nisbət versə, [bu işin] qədər olduğu sanılır. Amma, əgər diqqətlə araşdırılsa, nə mütləq cəbr, nə də mütləq qədər olur. Bu həmin (İmam Sadiq (ə) söylədiyi) kəlamdır ki, demişlər: “Nə cəbrdir, nə də qədər, məsələ bu ikisinin arasında olandır.” Deməli insan özünü [onun] özünə aid olan işlərdə qüdrət sahibi bilməlidir. Əlbəttə bu qüdrətini vasitə və alətlərdə dəxaləti olan fail kimi yox, vasitə və alət mənziləsində görməlidir. Həqiqətdə, biri failə aid olan, digəri vasitəyə aid olan o iki e`tibar müttəhid olurlar və hər ikisi faildən qaynaqlanırlar və eyni halda vasitənin rolu da nəzərdə tutulur. Əlbəttə bu olduqca dəqiq bir məsələdir və təfəkkür qüvvəsini yetərincə çalışdırmadan onu həll etmək olmaz.
Kim bu mərtəbəyə çatmış olsa, yəqin olaraq bilir ki, bütün mövcudatın təqdiri Allahın əlindədir və baş verəcək hər bir işi xüsusi vaxtda, xüsusi şərait, alətlər və səbəblərlə icad edir. Ona görə də mətləbə çatmaqda tələsikliyi və ya onun dəf` olmasında ləngiməyi təsirli bilmir, özünü də vasitələrdən, səbəb və şərtlərdən biri kimi görür. Beləliklə, dünya işlərinə ürək bağlamaqdan xilas olur və özünə aid olan işlərdə ciddi səy göstərir. Həqiqətdə bu mə`nanı təsəvvür edir: “(Ya Peyğəmbər!) Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?” Belə olan halda həmin adam mütəvəkkillər sırasında yer tutar. Bu ayə onun və onun kimiləri haqqında nazil olmuşdur: “...Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah (Ona) təvəkkül edənləri sevər!”


İkinci fəsil

İkinci fəsil

Riza

Riza Allah-taala riza barəsində buyurur: “Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür...” “Riza”, razılıq mə`nasındadır. Bu, [Allahın işlərinə nisbətdə] məhəbbətin səmərəsi və istər zahirdə, istər batində, istər dildə və istərsə də əməldə inkarın olmamasının nəticəsidir. “Nəzər əhli”nin istəyi odur ki, Allah onlardan razı olsun ki, Allahın qəzəbindən və əzabından amanda olsunlar, amma “Həqiqət əhli”nin istəyi odur ki, onlar Allahdan razı olsunlar, ölüm və həyat, bəqa və fəna, əziyyət və rahatlıq, xoşbəxtlik və bədbəxtlik, sərvət və fəqirlik kimi müxtəlif hallardan heç biri onların təbinə müxalif olmasın və birini digərindən üstün bilməsinlər, çünki bilirlər ki, bu halların hamısı Allah-taala tərəfindəndir və Allah-taalanın məhəbbəti onların qəlbində möhkəm yer tutmuşdur. Beləliklə, Onun iradə və muradından artıq bir şey istəməzlər, qarşılaşdıqları hər bir hadisəyə razı olarlar. Riza haqqında alimlərin söylədikləri
Alimlərdən biri haqqında belə nəql edirlər ki, yetmiş il ömür sürdü, bu yetmiş il müddətində bircə dəfə də demədi ki, “Ey kaş belə olmayaydı, elə olmayaydı.” Alimlərdən birindən soruşurlar ki, özündə rizanın nə təsirini gördün? Dedi: “Rizanın heç qoxusu da burnuma dəymədi, bununla belə əgər mənim zatımdan körpü düzəldib cəhənnəmin üzərində yerləşdirsələr və bütün xəlayiqi axırıncı nəfərinə kimi onun üstündən keçirib cənnətə yola salsalar və məni təkcə cəhənnəmə daxil etsələr, əsla mənim ürəyimdə nisgil qalmaz ki, niyə başqalarının payının əksinə olaraq mənim payıma bu düşdü!” Kimin ki, ürəyində dediyimiz müxtəlif halların bərabər olması (halı, baxışı) möhkəm yer tutsa, onun muradı həqiqətdə baş vermiş həmin şeydir. Ona görə də demişlər: “Kimə nə vermişlərsə, (onun ləyaqətinə görə) ona verilməli olan elə həmin şeydir (haqqıdır).” Allahın bəndədən razılığı o vaxt hasil olur ki, bəndənin Allahdan razılığı hasil olmuş olsun. “...Allah onlardan, onlar da Allahdan razıdırlar...”
Belə olan halda, madam ki, bir kəs varlıq dünyasının işlərindən birinə – hər nə olmuş-olsun – e`tiraz etsə və ya zehninə gətirsə və ya mümkündür yadına salsın – [həmin adam] riza mərtəbəsindən binəsib olar. Riza mərtəbəsinə yiyələnmiş kəs həmişə rahatlıq içində olar, – istər ona [olması] gərəkən və [olması] gərəkməyən şey olmasın. Həqiqətdə onun [olması] gərəkən və [olması] gərəkməyən şeylərinin hamısı gərəkən olar: “Allahın rizası isə [bunların hamısından] daha böyükdür...”
Buna görə də behiştin qapıçısını “Rizvan” adlandırmışlar və demişlər “Riza Allahın böyük qapısıdır”. Çünki riza məqamına çatan kəs behiştə çatacaqdır və baxdığı hər bir şeyə Allahın rəhmət nuru ilə baxacaqdır, necə ki, buyurublar: “Mö`min Allahın nuru ilə baxar.” Çünki Allah-taala bütün varlıqları var edəndir və əgər [aləmdəki] işlərdən birini bəyənməsə, həmin işin vücuda gəlməsi qeyri-mümkündür. [Beləliklə] əgər insanın nəzərində heç bir iş bəyənilməz olmazsa, [onda] onların hamısından razı olar; nə əldən çıxmış bir şeyə qəmgin, nə də ələ gətirdiyi bir şeyə şad olar. “Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!”


Üçüncü fəsil

Üçüncü fəsil

Təslim

Təslim
Allah-taala təslim barəsində buyurur: “Amma xeyr! (Ya Rəsulum) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) tə`yin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə təslim olmayınca, (həqiqi surətdə) iman gətirmiş olmazlar. “Təslim” lüğətdə yenidən geri qaytarmaq mə`nasındadır, amma burada təslim deyəndə məqsəd odur ki, Salik özünə nisbət verdiyi hər bir şeyi Allaha tapşırsın. Bu təvəkkül mərtəbəsindən yuxarıdadır, çünki təvəkküldə insan işi Allaha tapşırır və həmin işə Allahı vəkil tutur; deməli insan özünün o işlə əlaqəsinin [üzülmədiyini] yerində qaldığını görür, amma təslimdə bu bağlılığı da bütövlükdə qırır ki, özünə aid hesab etdiyi hər bir işi Allaha aid bilsin. Və həmçinin təslim məqamı riza məqamından yüksəkdə olar, çünki riza mərtəbəsində Allahın gördüyü hər bir işdən bəndə razı qalar, amma təslim mərtəbəsində insan əsasən öz istəyini, istəyinə müvafiq və müxalif olan hər bir şeyi Allaha tapşırır, onun heç bir istəyi qalmaz ki, bir şeyə müxalif və ya müvafiq olmuş olsun. Deməli “verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymazlar” riza mərtəbəsinə aid olar və “sənə tam bir itaətlə təslim olarlar” bu mərtəbədən yuxarısına aid olar. Çünki Salik təhqiq nəzəri ilə baxsa özünü nə riza həddində görər, nə də təslim. [Özünü bu həddən üstün bilər], çünki hər iki mərhələdə insan özünü Allahın qarşısında qoymuş olur, yə`ni riza mərhələsində o razıdır və Allah ondan razı, təslim mərhələsində o təslim edəndir, Allah qəbul edən. Amma tövhid mərhələsində bu e`tibarlar da aradan qalxır.


Dördüncü fəsil

Dördüncü fəsil

Tövhid

Tövhid Allah-taala tövhid barəsində buyurur: “Allahla yanaşı başqa tanrı qəbul etmə...”
“Tövhid” biri demək, biri etməkdir. Birinci mə`nada (danışıqda) tövhid, imanın mə`rifətin başlanğıcına olan şərti və Allahın vəhdaniyyətinin təsdiqi mə`nasındadır. “...Həqiqətən, Allah tək bir tanrıdır...” İkinci mə`nada (əməldə) tövhid, imandan sonra hasil olan mə`rifətin kamalıdır, belə ki, əgər bir kəs yəqin etsə ki, Allahdan başqa kimsə vücudu inayət etmir və Allahın inayəti də ayrıca vücud deyil, belə olan yerdə çoxluqdan gözünü çəkər və hamını bir görər və bir bilər. Deməli, nəhayətdə çoxluğun bir vəhdəti olduğuna gəlib çıxar və “Allahın üluhiyyətdə şəriki yoxdur və [Allah] yeganədir” mərtəbəsindən “Allahın vücudda şəriki yoxdur və [Allah] yeganədir” mərtəbəsinə çatar. Bu mərtəbədə Allahdan sivayı hər bir şey salik üçün hicab olar və Allahdan qeyrisinə nəzər salmağı “mütləq şirk” hesab edər və bu halın dili ilə deyər: “Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!”


Beşinci fəsil

Beşinci fəsil

İttihad

İttihad Allah-taala ittihad barədə buyurur: “Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir tanrı yoxdur...”
“Tövhid” bir etmək, “ittihad” bir olmaqdır. Orada [tövhid barəsində Allah buyurur]: ”Allahla yanışı başqa tanrı qəbul etmə!” Burada [isə ittihad barəsində Allah buyurur]: “Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə.” Çünki tövhiddə, [zahirən] riyakarlıq nöqsanı var, amma ittihadda yoxdur.
Deməli, nə vaxt yeganəlik mütləq olsa və insanını zehnində, [özü və Allah arasında] ikililik hiss etməyəcək şəkildə möhkəm yer tutsa, ittihada çatmış olar. İttihad heç də bə`zi dardüşüncəli adamların düşündüyü kimi deyil ki, elə fikirləşirlər ki, ittihad, bəndə ilə Allahın bir olmasıdır: تعالی الله عن ذلک علوا کبیرا Bəlkə [ittihad] odur ki, hamı onu görür və belə bir riyakarlığa ehtiyacları yoxdur ki, desinlər ki, Ondan qeyri hər nə varsa, Ondandır, deməli hamı birdir. Əslində [ittihadda batini gözlər] Allahın təcəlla nuru ilə aydınlıq tapıb Ondan qeyrisini görmürlər, [belə olan halda] görən, görmək və görüş [məfhumunu itirib] aradan qalxar və hamı bir olar. Və Hüseyn bin Mənsur Həllacın duasıdır ki deyir: “Mənimlə Sənin aranda, mənim varlığım mənimlə döyüşə qalxmışdır. Ey Allah! Öz lütfünlə mənim bu varlığımı aradan götür.” Duası müstəcab olur; varlığı aradan qalxır ki, nəhayətdə deyə bilsin: “Bu mənəm ki istəyirəm və istədiyim şey də elə mənəm.” Bu məqamda mə`lum olur ki, o kəs ki, dedi: “Ənəl-həqq” və o kəs ki, dedi: “Pakam mən, mənim şə`nim necə də yüksəkdir” – heç də Allahlıq iddiası etməmişdir, əslində öz varlığının inkarını və özündən qeyrisinin varlığının isbatını iddia etmişdir.


Altıncı fəsil

Altıncı fəsil

Vəhdət

Vəhdət Allah-taala vəhdət barəsində buyurur: “(Allah buyuracaq:) Bu gün hökm kimindir? (Heç kəsin qımıldanmağa belə cür`əti çatmadığından Allah Özü cavab verəcəkdir:) “Bir olan (heç bir şəriki, bənzəri olmayan), qəhr edən (qadir) Allahındır!” “Vəhdət” yeganəlik mə`nasındadır. Bu [məqam] ittihaddan üstündür, çünki mə`nası birlik olan ittihaddan çoxluq qoxusu gəlir, lakin vəhdətdə belə bir nöqsan yoxdur. Orada (vəhdətdə) sükun, hərəkət, fikir, zikir, seyr, süluk, tələb, talib, mətlub, nöqsan, kamal – hamısı aradan qalxar. “Nə vaxt ki, söhbət Allaha yetişdi, sakit olun (susun)!”


ALTINCI BAB

ALTINCI BAB

Fəna

Fəna Allah-taala fəna barəsində buyurur: “Allahdan başqa hər şey məhvə məhkumdur.”
Vəhdət məqamında salik, süluk, seyr, məqsəd, tələb, talib, mətlub – hamısı aradan qalxar. “Allahdan başqa hər şey məhv olar.”
Bu sözün isbatı və onun bəyanı da olmaz və bu sözün inkarı və onun bəyanının inkarı da olmaz. Çünki isbat və inkar bir-birinin qarşılığıdırlar və ikilik çoxluğun başlanğıcıdır, ona görə də inkarın və isbatın orada mə`nası yoxdur, inkarın inkarı, isbatın isbatı da olmaz, [həmçinin] isbatın inkarı, inkarın isbatı da olmaz. Buna “fəna” deyərlər ki, məxluqatın mə`adı onların fənası ilə olar, necə ki, onların başlanğıcı yoxluqdan idi: “Sizi (yoxdan) yaratdığı kimi, yenə (o cür də) Onun hüzuruna qayıdacaqsınız!” Fənanın mə`nası ilə çoxluğun (kəsrətin) [arasında onları bir-birindən ayıran] bir həddi vardır: “(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur). Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir.” Fəna bu mə`nada da olmaz, dilə gələn, ağla gələn, xəyaldan keçən hər nə varsa, – hamısı (fənada) sona yetər: “Hər bir şey kamil şəkildə Allaha qayıdar.” و السلام علی من اتبع الهدی و سبحان ربک رب العزة
Son.

source : http://www.alhassanain.com
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

 
user comment