Azəri
Thursday 18th of July 2024
0
نفر 0

QİRAƏTLƏRİN MÜTƏVATİRLİYİ HAQDA İRƏLİ SÜRÜLMÜŞ NƏZƏRİYYƏNİN ARAŞDIRILMASI



Qiraətlərin mütəvatir olduğunu iddia edən şəxslər irəli sürdükləri nəzəriyyəni sübuta yetirmək üçün bir neçə dəlilə istinad edib deyirlər:

1. Qiraətlərin mütəvatir olması icmai şəkildə qəbul olunan və bütün dövrlərdə alimlər tərəfindən hamılıqla qəbul edilən bir məsələdir.

Müəllif: Bir qədər əvvəl bu nəzəriyyənin tamamilə əsassız olduğu oxuculara bəlli oldu. O ki, qaldı onun icmai bir məsələ olmasına, bunu yalnız o zaman qəbul etmək olar ki, müxalif mövqe tutmuş şəxslər bu barədə öz ziddiyyətli nəzəriyyələrini irəli sürməmiş olsunlar. Halbukı yeddi qari üsulunun mütəvatirliyinin sübuta yetirilməsində biz bunun tam əksini müşahidə edirik. Çünki hər bir qiraət üsulunun davamçıları digər qiraətləri tənqid atəşinə tutmuşlar.

2. Hicrətin birinci və ikinci yüzilliklərində Peyğəmbərin səhabələri və sonralar ona iman gətirmiş müsəlmanların Qur᾽ana hər şeydən daha çox əhəmiyyət vermələri, bütün qiraətlərin mütəvatir olmasına səbəb olmalı idi.

Bu mətləbi hər bir ədalətli və həqiqətsevər insan dərk edir.

Müəllif: Müsəlmanların Qur᾽ana əhəmiyyət vermələri onun qiraətinin deyil, özünün mütəvatir olduğunu sübuta yetirir. Bunu da qeyd edək ki, Qur᾽an qiraətinin düzgünlüyü bə᾽zi qarilər üçün, hətta əgər bir nəfər tərəfindən olsa da, ictihad və dinləmək yolu ilə sabit olur.

Əgər bu doğrudan da həqiqətdirsə, onda bu məsələ yeddi və ya on mö᾽təbər qiraət üsullarında deyil, Qur᾽anın bütün qiraət üsullarında müşahidə olunmalıydı. O ki, qaldı istifadə olunan bə᾽zi terminlərə, biz bunun üçüncü yüzillikdən sonra meydana gəldiyinin şahidi oluruq.

Qiraətlər isə qarilər tərəfindən yeddi və ya on mö᾽təbər üsullara bölünərək, ayrı-ayrılıqda məktəblərin yaranmasına səbəb oldu. Bu məntiqə əsaslanaraq bütün qiraət üsullarının hamısını birlikdə mütəvatir və ya qeyri-mütəvatir hesab etməliyik. Birinci nəzəriyyə, yə᾽ni bütün qiraətlərin mütəvatir olması batil və əsassızdır. Belə olduqda ikinci nəzəriyyəni, yə᾽ni qiraətlərin heç birinin mütəvatir olmadığını qəbul etməliyik.

3. Yeddi qiraət üsullarının mütəvatir olmaması, Qur᾽anın mütəvatir olmaması deməkdir. Və Qur᾽anın mütəvatir olmaması nəzəriyyəsi batil olduğu üçün, yeddi qiraət üsullarının da mütəvatir olmaması batil və əsassızdır. Hamıya mə᾽lumdur ki, Qur᾽anın orijinal mətni bizlərə məhz qari və hafizlərin vasitəsilə gəlib çatmışdır. Əgər onların qiraəti mütəvatirdirsə, demək Qur᾽an da mütəvatirdir və əgər qiraətlərdə nöqsana yol verilibsə, onda Qur᾽anın orijinal mətninə də şəkk-şübhə ilə yanaşılacaqdır.

Müəllif: Əvvəla Qur᾽anın və qiraətin mütəvatirliyi arasında heç bir zərurət yoxdur. Çünki hər hansı bir kəlmənin tələffüzündə mövcud olan ixtilaf onun əsl mə᾽nasına heç bir mənfi tə᾽sir göstərmir. Məsələn, Mutənəbbinin şe᾽r və qəsidələrini nəql edən ravilərin, onun istifadə etdiyi ifadələrin hər hansı birində bir-birinə müxalif olan nəzəriyyələr irəli sürmələrinə baxmayaraq, qəsidənin ümumi mətninə heç bir zərər yetirməmişlər. Və qəsidələrin Mütənəbbiyə mənsub olduğuna şübhə ilə yanaşmayan şəxslər, onun mütəvatirliyinə də heç bir xələl yetirmirlər. Həzrət Peyğəmbərin hicrəti buna aid olan digər bir misaldır ki, onun xırdalıqları haqda fikir ayrılığı olmasına baxmayaraq, məsələnin ümumiliyində hamı yekdildir.

İkincisi də, qarilər tərəfindən bizə gəlib çatan yalnız onların yiyələndikləri qiraət üsullarının xüsusiyyətləridir. Qur᾽anın özü isə müsəlmanlar arasında mövcud olan ümumi təvatür vasitəsi ilə bizə gəlib çatmışdır. Hamıya mə᾽lumdur ki, müsəlmanlar bütün dövrlərdə Qur᾽anı yazılı və şifahi şəkildə hifz edərək bir-birlərinə nəql etmiş və onu bizlərə çatdırmışlar. Qarilər isə Qur᾽anın gələcək nəsillərə nəql olunmasında heç bir rol ifa etməmişlər.

Buradan belə bir nəticəyə gəlirik ki, yeddi və ya on mö᾽təbər qarinin Qur᾽anın mütəvatirliyini nəql edib-etməmələri və ümumiyyətlə onların mövcud olub-olmamaları Qur᾽anın mütəvatirliyinin sübuta yetirilməsində heç bir tə᾽sir göstərməmişdir. Çünki Qur᾽an təsəvvür olunduğundan daha uca və daha münəzzəhdir. Bu səbəbdən də onun mütəvatirliyinin sübuta yetirilməsi üçün bir neçə qarinin qiraət və nəql etdikləri rəvayətlər heç də dəlil kimi qəbul olunmur.

4. Əgər qiraətlər mütəvatir olmazsa, Qur᾽anda istifadə olunan «Məlik» və «Malik» və bu kimi ifadələri də mütəvatir hesab etmək olmazdı. Çünki bu qiraətlərdən birinin qəbul, digərinin isə rədd olunması əsassız bir iddiadır. Bu səbəbdən də biz onların hər ikisini mütəvatir hesab etməliyik.

İlk dəfə bu dəlilə İbni Hacib istinad etmiş və sonralar bir çoxları ona təqlid etmişlər.

Müəllif: Qiraətdə olan ixtilaf yalnız kəlmələrin quruluşunda və ya onun tələffüzündə nəzərə çarpır və kəlmənin özünün və Qur᾽anın mütəvatirliyinə heç bir xələl gətirmir. Belə bir məntiqə əsaslanaraq bütün qiraətləri mütəvatir hesab etməliyik, lakin bunun sübuta yetməsi üçün heç bir dəlil yoxdur.

Alimlərdən bə᾽zilərinin yeddi və ya on qarini digər qarilərdən üstün tutmasını isə xüsusilə qeyd etmək lazımdır. Fərz edək ki, doğrudan da yeddi məşhur qari digər qarilərdən daha mö᾽təbər və Qur᾽an elmlərinə onlardan daha yaxşı yiyələnmişlər. Lakin buna baxmayaraq, yeddi qarinin mö᾽təbər olduğunu bilavasitə Qur᾽anın mütəvatirliyinə də me᾽yar olaraq qəbul edə bilmərik. Bəli, yeddi qarinin üstün xüsusiyyətlərini nəzərə alaraq, onları digər qarilərdən daha mö᾽təbər hesab etmək olar. Qur᾽anın mütəvatirliyinə gəldikdə isə, bir-birindən fərqli olan bu iki şeyi əsla əlaqələndirmək olmaz.

Nəticə: Yuxarıda qeyd olunan dəlilləri nəzərə alaraq, yeddi qarini digər qarilərdən daha mö᾽təbər hesab edə bilmərik. O ki, qaldı digər qiraət üsullarına, onların mütəvatir olduqlarına kimsə əsaslanmır.
araşdırma

Belə bir nəticəyə gəlirik ki, Qur᾽anla qiraətlər arasında mütəvatirliyin bərqərar olunmasına heç bir lüzum yoxdur. Bunu alimlərdən bir çoxu təsdiq etmişlər. O cümlədən Zərqani deyir: «Alimlərdən bə᾽ziləri bu məsələni daha da şişirdərək, yeddi qarinin mö᾽təbərliyini qəbul etməyən şəxsləri küfrdə ittiham etmişlər. Çünki onlar, qiraətləri mütəvatir hesab etməyən şəxsləri Qur᾽anı da mütəvatir hesab etməməkdə və bu səbəbdən də belə şəxsləri küfr etməkdə günahlandırır. Bir zamanlar Əndəlosun (İspaniyanın) müftisi olmuş Əbu Səid Fərəc ibni Ləb, bu əqidənin bünövrəsini qoymuş ilk şəxslərdən olmuşdur. O öz əqidəsini sübuta yetirmək üçün böyük sə᾽y göstərmiş, hətta bu sahədə kitab da yazmışdır. Lakin bütün bunlar bir nəticə verməmiş və Əbu Səid öz əqidəsini sübuta yetirə bilməmişdir. Bir qədər əvvəl qeyd etdik ki, qiraətlə Qur᾽anın mütəvatirliyi arasında olduqca böyük fərq vardır. Məgər Qur᾽an qiraətlər olmadan mütəvatir ola bilməzmi? Necə ki, bütün qarilərə gəldikdə, onlar hamılıqla mütəvatir hesab olunurlar.

Alimlərin bə᾽ziləri deyirlər: «Qiraətlərlə Qur᾽anın mütəvatir olması arasında heç bir əlaqə yoxdur. Üsul alimlərindən kimsə bu haqda heç bir nəzər irəli sürməmişdir. Bu barədə, sayı həddindən artıq az olan şəxsi nəzər sahiblərindən biri də İbni Hacibdir.»

Zərkeşi «Burhan» kitabında yazır: «Qur᾽an və qiraət bir-birlərindən fərqlənən iki müxtəlif həqiqətlərdir. Onların arasında olan müştərəklikdən danışa bilmərik. Çünki Qur᾽an həzrət Məhəmmədə (s) nazil olmuş ilahi vəhy, qiraət isə tələffüz və yazılış baxımından bir-birindən fərqlənən özünəməxsus bir elmdir. Bununla yanaşı bə᾽ziləri qiraətləri mütəvatir, bə᾽ziləri isə sadəcə olaraq mö᾽təbər hesab edirlər. Bunu da qeyd etmək lazımdır ki, bizə gəlib çatan qiraətlər qarilər tərəfindən mütəvatir olaraq nəql olunmuşdur. Lakin qarilərin özlərinin Peyğəmbər (s) tərəfindən mütəvatir olaraq nəql olunmaları, yə᾽ni mö᾽təbər olduqlarına dəlalət edən hədisin nəql olunması kimsəyə mə᾽lum deyildir. Çünki qiraətlər Peyğəmbər (s) tərəfindən vahid xəbər formasında nəql olunmuşdur və onlara yalnız qiraət kitablarında rast gəlmək olar. (Əl-Itqan, 1-ci cild, 138-ci səh).
YEDDİ QİRAƏT NÖVÜ İLƏ YEDDİ QİRAƏT ÜSLUBU AYRI-AYRI ŞEYLƏRDİR

Bə᾽zən belə təsəvvür olunur ki, Qur᾽anın nazil olduğu «yeddi hərf» və «yeddi oxunuş» üslubu yeddi qiraət növü ilə eyni şeydir. Onlar buna əsaslanaraq öz iddialarını sübuta yetirmək üçün «yeddi hərf» və «yeddi oxunuş» üslubu haqda varid olan hədisləri öz müddəalarının dəlili kimi göstərməyə çalışmışlar.

Çarəsizlikdən bu mövzunu burada araşdırmaq və onda olan səhvləri aydınlaşdırmaq məcburiyyətindəyik.

1. Biz «yeddi hərf» və «yeddi oxunuş» üslubu haqda nəql olunmuş rəvayətləri əsla qəbul etmirik;

2. Bu rəvayətlərin mö᾽təbərliyinə istinad etsək də belə, «yeddi hərf» və «yeddi oxunuş» üslubunu yeddi qiraət növü ilə əlaqələndirməməliyik. Çünki bu mövzu ətrafında təhqiqat və araşdırmalar aparmış alimlərdən heç biri, onların bir olduqlarına dair fikir irəli sürməmişlər. Burada Cəzairinin bu barədə söylədiklərini xatırlatmaq yerinə düşərdi. O deyir: «Əbu Bəkr Əhməd ibni Musa ibni Abbas ibni Mücahidin üçüncü yüzillikdə Bağdad qiyamına qədər mö᾽təbər sayılan yeddi qiraət üsulu digər qiraətlərdən əsla fərqlənmirdi. O Məkkə, Mədinə, Kufə, Bəsrə və Şam şəhərlərinin qarilərindən yeddi nəfəri seçib onlara rəsmiyyət verdi. Onlar aşağıdakılardan ibarətdir: Nafe᾽, Abdulla ibni Kəsir, Əbu Əmr Ə᾽la, Abdulla ibni Amir, Asim, Həmzə və Kəsai.

Bə᾽ziləri belə güman edirlər ki, yeddi qiraət üsulu ilə yeddi qiraət növü arasında heç bir fərq yoxdur. Lakin bu heç də belə deyildir... Alimlərin bə᾽ziləri hətta Əbu Bəkr ibni Mücahidi yeddi qiraət üsulunu mö᾽təbər hesab etdiyi üçün tənqid atəşinə tutmuşlar. Onlar deyirlər: Yeddi deyildikdə, bir çoxları qiraətlə üslub arasında heç bir fərqin olmadığını güman edir və bu səbəbdən də əksər hallarda səhvə düçar olurlar.

Sonra əlavə edərək deyir: Əhməd ibni Amir Məhdəvi deyir: Yeddi qiraət üsullarını mö᾽təbər hesab edən şəxslər, camaatı anlaşılmaz vəziyyətdə qoyurlar. Çünki bu barədə kifayət qədər mə᾽lumatı olmayan kütlə, nəql olunmuş rəvayətlərdən səhv nəticə çıxardaraq qiraətlərin yeddi üslubla əsla fərqlənmədiyini güman edir. İbni Mücahid qiraətləri müəyyən etdiyi zaman belə bir ixtilafın meydana gəlməməsi üçün onlardan yalnız birini müəyyən etsəydi, çox gözəl olardı...

Məşhur qiraət ustası İsmayıl ibni İbrahim ibni Məhəmməd Qurab «Şafi» kitabında yazır: Yalnız yeddi qarinin qiraətini seçib, digər qiraətləri rədd etməkdə heç bir rəvayətə əsaslanmaq olmaz.

Lakin son illərin alim və mütəxəssisləri, yeddi qaridən savayı kimsəni tanımadıqları üçün, öz əsərlərində yalnız onların qiraətlərinə işarə etmiş və onları «Kitabus-səb᾽ə» (Yeddi kitab) adlandırmışlar. Bu kitablar tədriclə camaat arasında yeddi qiraət üsulunu sübuta yetirəcək dəlilə çevrilmişdir.»

Əbu Məhəmməd Məkki deyir: «Alimlərdən bə᾽ziləri öz kitablarında yetmişə yaxın qarinin adını çəkmiş və onlardan bə᾽zilərini elmi baxımdan yeddi mö᾽təbər qaridən daha üstün tutmuşlar. Belə bir halda bu yeddi qarinin qiraətini Qur᾽anın yeddi qiraət üslubu ilə necə uyğunlaşdırmaq olar?! Görəsən bu mətləbə istinad etmək haqq və ədalətdən uzaqlaşmaq deyildirmi?! Ümumiyyətlə, bunu təsdiq edəcək hər hansı bir dəlilə istinad etmək olarmı? Peyğəmbərdən (s) bu barədə rəvayət nəql olunduğu bir halda, bu qiraətləri yeddi Qur᾽an üslubu ilə eyni hesab etmək düzgün olardımı? Tarixə nəzər saldıqda görürük ki, Kəsai, Mə᾽munun xilafəti dövründə qarilər sırasına daxil olur. Əvvəllər yeddinci qari Yə᾽qub Həzrəmi hesab olunardı və Hicrətin 300-cü ilində İbni Mücahid, Kəsaini, Yə᾽qub Həzrəminin yerinə tə᾽yin edir!!» (Tibyan, 82-ci səh).

Şərəf Musa deyir: «Bir çoxları qiraətlə yeddi Qur᾽an üslubunu eyni hesab etməklə böyük bir səhvə yol vermiş olurlar. Şübhə yoxdur ki, belə bir təfəkkür tərzi onlarda kifayət qədər mə᾽lumat əldə edə bilmədikləri üçün yaranmışdır.»(Tibyan, səh.61.)

Qurtubi deyir: «Davudi və İbni Səfrə kimi bir çox alimlərimiz də qiraətlərlə üslublar arasında heç bir fərqin olmamasına dair fikir irəli sürmüşlər. Onlar deyirlər: Səhabələr qiraətlərin hər hansı birini seçməkdə tamamilə azaddırlar.»

İbni Nuhas və başqaları bu haqda deyir: «Üslub dedikdə, biz yalnız bir şeyi nəzərdə tutmalıyıq. O da xəlifə Osmanın dövründə yığılmış Qur᾽an nüsxələridir. O ki, qaldı qiraət üslublarına, bu sonralar alimlər tərəfindən müəyyən olunmuş müxtəlif oxunuş qaydalarıdır.» (Təfsiri-Qurtubi, 1-ci cild, 46-cı səh).

İbni Cəzri də Kəsainin Qur᾽anın yeddi üslubda nazil olduğunu, qiyamət gününədək bu əsasda oxunacağına dair irəli sürdüyü nəzəriyyəsini tamamilə batil və əsassız hesab edərək demişdir: Siz özünüz bu nəzəriyyənin nə qədər zəif və əsassız olduğunun şahidisiniz. Çünki kifayət qədər mə᾽lumat əldə etmiş şəxslər yeddi, on, on üç qiraət üslublarının yalnız son illərdə meydana gəlib məşhurlaşdığını çox gözəl dərk edirlər. Bu qiraət üsullarını hicrətin birinci yüz illiyində istifadə olunan qiraətlərlə müqayisə etsək, sanki dənizdən bir damla su götürmüş kimi oluruq. Belə ki, yeddi mö᾽təbər qarinin qiraətindən təqlid və istifadə etmiş şəxslər olduqca çox olmuşlar.

Biz burada onlarla yanaşı, saysız-hesabsız qiraət nəql etmiş ravilərin də fəaliyyətinin şahidi oluruq. Hicrətin üçüncü yüzilliyinə qədər onların fəaliyyəti bu minvalla davam etmiş və üçüncü yüzilliyin axırlarında özünün ən son həddinə çatmışdır. Üçüncü yüzillik sona çatdıqda məşğuliyyətlər çoxalır və yaddaşlarda zəiflik yaranmağa başlanır. Bir tərəfdən də digər elmlərlə müqayisədə hədis və təfsir elmlərinə daha çox diqqət yetirilməyə başlanır. Alimlərdən bə᾽ziləri özlərinin və ya təhsil aldıqları qiraət ustalarının qiraətini yazılı şəkildə qoruyub saxlamağa daha çox üstünlük verirdilər.

Hamının e᾽timadını qazanmış Əbu Ubeyd Qasim ibni Səlami ilk dəfə olaraq qiraətləri bir yerə toplayaraq kitab halına salmışdır. Hicrətin 224-cü ilində vəfat etmiş Əbu Ubey nəql olunmuş bu qiraətləri 25 qiraət üslubunda xülasə və tənzim edə bilmişdir. Sonra Əhməd ibni Ubeyr ibni Məhəmməd Kufi (258-ci Hicri ili) Antakiyada yaşadığı illərdə beş böyük şəhərin hər birindən (Məkkə, Mədinə, Bəsrə, Kufə, Şam) bir qari seçərək onlar barəsində ayrıca kitab yazmışdır.

Qalun ilə birlikdə təhsil almış Qazi İsmayıl ibni İshaq Maliki (282-ci Hicri) öz kitabında iyirmi məşhur qari haqda ətraflı mə᾽lumat vermişdir. Onların siyahısında yeddi mö᾽təbər qarinin adlarını da görmək olur. Qazidən sonra Məhəmməd Cərir Təbəri (301-ci Hicri) «Əl-cam» adlı kitabını yazmış və orada iyirmidən çox qari haqda ətraflı mə᾽lumat vermişdi. Sonra Əbu Bəkr Məhəmməd ibni Əhməd ibni Əmr Dağuyi (324-cü Hicri) məşhur qiraətlər haqda kitab tərtib edərək orada Əbu Cə᾽fər Təbərinin də on mö᾽təbər qaridən biri olduğunu qeyd etmişdir. Və nəhayət Əbu Bəkr Əhməd ibni Musa ibni Abbas ibni Mücahid (324-cü Hicri) ilk dəfə bu qiraətləri yeddi mö᾽təbər qiraət adlandırmışdır. O öz kitabında Dacuyi və Təbəri haqda da ətraflı mə᾽lumat vermişdir.

Qiraət barəsində kitab yazmış İbni Cəzri öz əsərində digər təhqiqatçıların həyat və yaradıcılıqları haqda söhbət açdıqdan sonra deyir: «Qiraətlərin tarixi haqda ətraflı mə᾽lumat verməkdən əsas məqsəd, kifayət qədər mə᾽lumat əldə etməyən şəxslərə həqiqəti bildirməkdir.»

Çünki onlar, Peyğəmbərin (s) dəfələrlə işarə etdiyi «yeddi hərf» və «yeddi oxunuş» üslubu ilə yeddi mö᾽təbər qiraətlər arasında heç bir fərqin olmadığını güman edirlər. Bu isə tamamilə yanlış bir əqidədir. Bə᾽zi mə᾽lumatsız şəxslər belə güman edirlər ki, mö᾽təbər hesab olunan qiraətlər yalnız «Əşşatibiyyə» və «Əttəysir» adlı kitablarda, haqqında söhbət açılan qiraətlərdir. İstinad etdikləri yeganə mənbə isə Peyğəmbərdən (s) nəql olunmuş «yeddi hərf» və «yeddi oxunuş» hədisidir. Onlar hətta bu kitabda adları çəkilməyən qiraətləri qeyri-mö᾽təbər və əsassız hesab etmişlər. Halbuki, orada adları çəkilməyən və yeddi qiraət üsullarından hesab olunmayan bə᾽zi qiraətlər onların bir çoxundan daha mö᾽təbər və daha düzgündür. Belə bir böyük səhvə yol vermələrinin əsas səbəbi, onların «Qur᾽an yeddi üslubda nazil olmuşdur» hədisindən çıxardıqları səhv nəticə, digər tərəfdən isə yeddi qiraət üslubu haqda əldə etdikləri bə᾽zi mə᾽lumatlardır. Buna əsasən də onlar yeddi qiraət üslubu ilə Qur᾽anın «yeddi hərf» və «yeddi oxunuş» üslubu arasında heç bir fərqin olmadığını zənn etmişlər. Keçmişdəki bir çox alimlər İbni Mücahidi qiraətləri yeddi hissəyə böldüyünə və onun sayını yeddidən nə çox, nə də az qeyd etmədiyinə görə tənqid atəşinə tutmuşlar. Çünki mə᾽lumatı olmayan bir çox şəxslər qiraətlərlə üslublar arasında heç bir fərqin olmadığını güman edərək böüyk səhvlərə yol verirlər.

Əbu Şammə deyir: «Bir çoxları belə güman edirlər ki, yeddi qiraət deyildikdə hədisdə olan ifadələr nəzərdə tutulur. Halbuki, alimlər belə bir nəzəriyyəni rədd edirlər. Bəli, belə bir yanlış fikrə bu haqda heç bir mə᾽lumatı olmayan cahil insanlar əsaslanırlar.» (Əl-İtqan (Süyuti), 1-ci cild, 138-ci səh).

Dediklərimizdən belə bir nəticəyə gəlmək olur ki, qiraətlərin heç biri mütəvatir olaraq qarilərin özləri və ya Peyğəmbər (s) tərəfindən nəql olunmamışdır. Onların mütəvatirliyinin qarilər tərəfindən nəql olunduğu fərz olunsa da, qəti şəkildə bilmək lazımdır ki, Peyğəmbərdən (s) bu məzmunda mütəvatir olaraq bircə rəvayət də nəql olunmamışdır.

Demək, mö᾽təbər qiraətlər ya vahid xəbər formasında nəql olunmuş, ya da qarilərin özlərinin ictihadı nəticəsində meydana gəlmişdir. Belə olduqda biz burada iki mətləbi aydınlaşdırmalıyıq:

1. Bütün qarilərin mö᾽təbər olub-olmaması;

2. Bu qiraətlərdən namazda istifadə olunub-olunmamasının düzgünlüyü.

Gələcək fəsillərdə biz onların hər biri haqda ətraflı söhbət açacağıq.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

 
user comment