Azəri
Saturday 20th of July 2024
0
نفر 0

QƏLB TƏBİBLƏRİ


Yuxarıda qeyd olundu ki, qəlblər də bədənlər kimi sağlam və ya xəstə ola bilər. İnsanın axirət səadəti də bu məsələyə, yəni qəlbin sağlam halda dünyadan getməsinə bağlıdır.
İndi qəlbin sağlam və ya xəstəliyinin əlamətlərini öyrənməliyik ki, onun müxtəlif növ xəstəliklərə yoluxduğunu dərk edə bilək. Xəstəliyin səbəb və amillərini tanımalıyıq ki, onların qarşısını ala bilək, nəfsimizin sağlamlığına riayət etmək üçün çalışaq.
Görəsən bu barədə ehtiyacsızıqmı, yoxsa peyğəmbərlərə ehtiyacımız vardır? Şübhəsiz, bizim nəfs kimi mələkuti varlığın xüsusi yaradılışı və sirləri barəsində kifayət qədər məlumatımız yoxdur. Ümumiyyətlə özümüzün batini və nəfsani həyatımızdan xəbərsizik, buna görə də nəfsin xəstəlik amillərini tanıyıb ayırd edə bilmərik. Biz nəfs və ruhun müxtəlif növ xəstəliyi, onların müalicə edilməsi və qarşısının alınması yollarından kifayət qədər agah deyilik. Buna görə də bizi bu yolla hidayət etsinlər deyə, peyğəmbərlərin varlığına ehtiyac duyuruq. Peyğəmbərlər bəşər ruhlarının həqiqi mənada təbibləri və mütəxəssisidir. Onlar Allah tərəfindən olan köməklə nəfslərin dərdlərini və onun müalicə yollarını daha yaxşı şəkildə bilirlər. Onlar vəhy məktəbində insanşünas və ruhşünas olmuş, bu mələkuti varlığın sirlərindən tamamilə agahdırlar. Onlar həm təkamülün düzgün yolunu və insanı Allah dərgahına yaxınlaşdıran yolları, həm də onu azğınlığa salan səbəbləri yaxşı-yaxşı bilirlər. Buna görə də bu çətin yolu ötüb keçməkdə insanlara kömək edərək, onların azğınlığa düşməsinin qarşısını ala bilərlər.
Bəli, peyğəmbərlər tarix boyu insanlara layiqli köməklər edən ilahi təbiblərdir. Bu xidmətlər bədən təbiblərinin göstərdiyi xidmətlərdən qat-qat dəyərlidir. Peyğəmbərlər ruhun mələkuti cövhərini kəşf edərək insana təqdim etmiş, onların insani şəxsiyyətlərini dirçəltmişlər. İnsanları gözəl əxlaq, mənəviyyat və maariflə məhz onlar tanış etmiş, Allah dərgahına yaxınlaşma yollarını onlara öyrətmişlər. Onlar insanları Allahla və qeyb aləmi ilə tanış etmiş, ruhlarının saflaşdırılmasına, nəfslərinin pərvəriş olunmasına çalışmışlar. İnsanların arasında mövcud olan mənəviyyat, atifə, məhəbbət, gözəl əxlaq və sifətlər də məhz ilahi təbiblərin göstərdiyi ardıcıl səylərin bərəkəti ilədir. Peyğəmbərlər olmasaydı şübhəsiz insanların vəziyyəti indiki kimi olmazdı.
Doğrusu, peyğəmbərlər həqiqi təbiblər və bəşəriyyətin ən üstün həkimləridir. Buna görə də hədislərdə “təbib” ünvanı ilə qeyd olunmuşdur.
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) İslam Peyğəmbəri (s.ə.v.v) barəsində buyurur: “Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) səyyar bir təbib idi. Nəfslərin müalicə olunması üçün daim çalışırdı, o, (nəfsdə olan yaraları müalicə etmək, xəstəliklərin kökünü kəsmək üçün) məlhəmləri və cərrahiyyə əməliyyatı vasitələrini hazırlamışdı və münasib vaxtlarda onlardan istifadə edirdi. Kor qəlblərə, kar qulaqlara, lal dillərə şəfa verirdi. Öz dərmanlarını insanların qəflət və heyrət yerlərində hikmət nurundan istifadə etməyən, həqiqət və maarifləri istixrac etməyən və buna görə də ot yeyən heyvanlar və bərk daşlar kimi yaşayan insanlara sərf edirdi.”
Qurani-Kərim peyğəmbərləri qəlblərə şəfa verən şəxs kimi tanıtdıraraq buyurur: “Pərvərdigarınız tərəfindən sizə moizə və sinələrdə (qəlblərdə) olan dərdlərə şəfa (Quran) gəldi.”
Yenə buyurulur: “Qurandan, möminlər üçün şəfa və rəhmət olan şeyləri nazil etdik.”
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) Qurani-Kərim barəsində buyurur: “Quranı öyrənin, çünki o, kəlamların ən yaxşısıdır. Onun ayələrində yaxşı-yaxşı fikirləşin, çünki o, qəlblərin baharıdır (bahar yağışı kimi qəlbləri dirildir) və Quranın nurundan şəfa alın, çünki o qəlblərə şəfa verir.”
Başqa bir yerdə buyurur: “Bilin! Hər kəs Qurana malik olsa heç bir şeyə ehtiyacı olmaz. Hər kəs Qurandan məhrum olsa heç vaxt zəngin olmaz. Qurani-Kərim vasitəsilə öz qəlblərinizin xəstəliklərini müalicə edin və çətinliklərlə mübarizə aparmaq üçün ondan kömək diləyin. Çünki ən böyük xəstəliklərin, yəni küfr, mənəvi korluq və zəlalətin şəfası Qurandadır.”
Bəli, İslam Peyğəmbəri (s.ə.v.v) nəfsləri müalicə edən ən yaxşı təbibdir. O, bizim dərdlərimizi və dərmanlarımızı yaxşı-yaxşı bilirdi. Bizim daxili və ruhi xəstəliklərimizə şəfa verən ən yaxşı proqramları, yəni Quranı bizim ixtiyarımıza vermişdir. Bundan əlavə, müxtəlif nəfsani xəstəliklərin tanınması, qarşısının alınması və müalicə yollarını Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və bütün imamlar şərh etmişlər və bunlar da bizə hədis şəklində gəlib çatmışdır. Deməli, əgər öz nəfsimizin xoşbəxtlik və sağlamlığını istəyiriksə Quran və hədislərdən istifadə etməli və bununla da öz nəfsimizin sağlamlığına, ruhumuzun təmizliyinə çalışmalıyıq. Quran ayələrindən, Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və imamların (ə) yol göstərmələrindən istifadə edərək öz nəfsimizin xəstəliklərini tanıyıb onların müalicəsinə ciddi əhəmiyyət verməliyik. Bu həyati və müqəddəratı həll edən işdə səhlənkarlıq etsək böyük ziyana, ağır xəsarətə düçar olacağıq ki, onun da nəticəsi axirətdə aşkar olacaqdır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD
İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
İmamların anası – Həzrət Fatimə (ə)
VALİDEYNƏ İTAƏT
ZİNAKARLAR HAQQINDA
YAŞIL İNTİZAR

 
user comment