Azəri
Saturday 20th of July 2024
0
نفر 0

ALTI SƏHİH HƏDİS TOPLUSU




Zaman keçdikcə, əhli-sünnə alimlərinin topladıqları onlarla hədis məcmuəsi arasından 6 ədədi seçilərək, ən etibarlı elan edilmişdir. Bunlara «sihahu's-sittə» (altı səhih kitab) adı verilib. Həmin kitablar aşağıdakılardır:

1 - «Səhihu'l-Buxari»

Kitabın müəllifi Əbu Abdullah Məhəmməd ibn İsmail Cufi Buxaridir. Buxarinin ulu əcdadları fars idi. Üçüncü nəsildən babası Muğirə İslam dinini qəbul edib, Xorasan valisi Səid Cufi ilə qohumluq əlaqəsi yaratmış və o vaxtdan bu nəsil «Cufi» nəsəbini qazanmışdı.

Kiçik yaşlarında ikən atasını itirən Buxari miras aldığı varidatı öz təhsilinə sərf edir. O, hədis arxasınca Xorasanın şəhərlərini, İraq, Misir, Hicaz, Şam torpaqlarını qarış-qarış gəzib, bir müddət Nişabur və Bağdadda yaşayır, axırda vətəninə qayıdır. 870-ci ildə Səmərqənd yaxınlığındakı kəndlərin birində dünyasını dəyişir.

Buxarinin «əl-Ədəbu'l-mufrəd», «Tarix», «əz-Zuəfa» və s. kitabları məlumdur. Lakin ona dünya şöhrəti gətirən əsər – «Səhihu'l-Buxari» adlandırılan hədis məcmuəsidir. Buxari bu əsəri hədis ardınca səfərləri zamanı 16 ilə tərtib etmişdir. Müəllif kitabdakı hədisləri əzbər bildiyi 300 min hədisin arasından seçibmiş. Salnamələrin yazdığına görə, Buxari hər bir hədisi qeydə almazdan əvvəl dəstəmaz alıb, iki rükət namaz qılırmış.

«Səhihu'l-Buxari» 7563 hədisdən ibarətdir. Lakin eyni hədislər bir neçə yerdə qeyd edildiyi üçün, təkrarları çıxdıqdan sonra 2600-ə yaxın hədis qalır. Bütün hədislər 101 kitabda (bölmə) toplanmışdır. «Səhihu'l-Buxari» kitabına 80-dən artıq şərh yazılmışdır. Bunların ən məşhurları İbn Həcər Əsqəlaninin «Fəthu'l-bari», Əhməd ibn Məhəmməd Qəstəlaninin «İrşadu's-sari» və Mahmud ibn Əhməd Eyninin «Umdətu'l-qari» şərhləridir.

2 - «Səhihi-Muslim»

Əbu'l-Hüseyn Muslim ibn Həccac Quşeyri Nişaburi elm ardınca İran, İraq, Hicaz, Şam və Misir ölkələrinə səfərlər etmişdir. Əhməd ibn Hənbəl və İshaq ibn Rahiveyh kimi ustadlardan dərs almış Müslim eşitdiyi hədisləri saf-çürük edərək, ən mötəbər saydıqlarını öz kitabında toplayır. Bu böyük alim 875-ci ildə Nişaburda vəfat etmişdir.

Muslim «Səhih»dəki hədisləri 300 min hədisin içindən seçib ayırdığını yazır. Buxari kimi, Muslim də öz «Səhih»ini kitablara ayırıb. Ümumilikdə 55 kitabdan ibarət olan məcmuədə 7563 hədis vardır; bunların içindən təkrarları çıxsaq, təqribən 4000 hədis qalar. Muslim «Səhih»i bablara (fəsillərə) ayırsa da, onlara ad verməmişdir. Babların adı sonrakı tədqiqatçılar tərəfindən qoyulub. Təkrarların azlığını, hədislərin mövzuya uyğunluğunu, kitabın daha diqqətlə hazırlandığını əldə əsas tutan bir çox alimlər «Səhihi-Muslim»i «Səhihu'l Buxari»dən daha üstün bilmişlər. Hətta alimlərdən biri kitab barədə belə deyib: «Göylərin altında Muslimin kitabından daha səhih əsər yoxdur». Lakin əksəriyyətin fikrincə, «Səhihu'l-Buxari» ondan üstündür. «Səhihi-Müslim»ə çoxlu şərhlər yazılmışdır. Bunlardan ən məşhurları İmam Nəvəvinin «əl-Minhac» və Suyutinin «əl-Dibac» şərhləridir.

3 - «Sunəni-Əbu Davud»

Əbu Davud Süleyman ibn Əşəs Əzdi Sicistani Xorasan, Misir, Hicaz və Kufədə hədis ravilərini dinləmişdir. O, öz «Sunən»ini 500 min hədis arasından seçib-toplamışdır. Kitabda şəriət məsələləri barədə hədislər üstünlük təşkil edir. «Sunəni-Əbu Davud» 44 kitabda yerləşdirilmiş 5274 hədisdən ibarətdir. Əsərin maraqlı cəhətlərindən biri də bundan ibarətdir ki, Əbu Davud əksər hədisləri qeyd etdikdən sonra onların səhihliyi, ya zəifliyi barədə öz fikrini bildirərək müvafiq araşdırmalar aparıb. Müəllif uzun hədisləri hissələrə ayıraraq, mövzular üzrə bablarda bölüşdürüb. Deyilənlərə görə, Əbu Davud «Sunən» üzərində işini başa vurduqdan sonra kitabı Əhməd ibn Hənbələ təqdim etmiş, o da oxuyaraq, razılığını bildirmişdir.

Əbu Davud deyirmiş ki, hər bir ağıllı şəxs üçün bu dörd hədis kifayətdir:

1. «Əməllər niyyətə görə qiymətləndirilir».
2. «Lazımsız bir şeyi tərk etməyi bacarmaq insanın imanının kamilliyini göstərər».
3. «Özü üçün istədiyini mömin qardaşı üçün də istəməyən əsl mömin deyil».
4. «Halal da məlumdur, haram da».

Əbu Davud 889-cu ildə Bəsrədə dünyasını dəyişmişdir. Onun «Sunən»i elm əhli tərəfindən elə yüksək qiymətləndirilir ki, alimlərdən biri belə demişdir: «Hər kəsin Qurani-məcid və «Sunəni-Əbu Davud»dan savayı heç bir kitabı olmasa da, bunlardan lazımınca mərifət əldə edə bilər».

«Sunəni-Əbu Davud»a müxtəlif şərhlər qələmə alınmışdır. Bunların ən məşhurları Əbu Süleyman Xəttabinin «Məalimu's-sunən» və Suyutinin «Mirqatu's-suud» şərhləridir.

4 - «Sunənu't-Tirmizi»

Əbu İsa Məhəmməd ibn İsa Tirmizi ilk təhsilini Xorasan vilayətində alıb. Buxari və Muslim də onun müəllimləri sırasındadır. Tirmizi Hicaz və İraq hədisçiləri ilə də görüşmüşdür. Onun fövqəladə hafizəsi haqqında maraqlı rəvayətlər vardır. Ömrünün sonuna yaxın gözünün nurunu itirmiş Tirmizi 892-893-cü illər arasında vəfat etmişdir.

«Sunənu't-Tirmizi» 52 fəsildən ibarətdir. Burada toplanmış hədislərin ümumi sayı 5000-ə yaxındır, lakin təkrar hədislərin də sayı həddən azdır. «Sunən»dəki təfsir və mənaqib (səhabələrin fəzilətləri) fəsilləri xüsusilə əhatəlidir. Tirmizi hər bir hədisi qeyd etdikdən sonra onun etibar dərəcəsini tədqiq edərək qiymətləndirmişdir. Əksər hədislərdən sonra müxtəlif İslam məzhəblərinin məsələyə baxışı araşdırılmış, alimlərin rəyləri incələnmişdir. Bu baxımdan, «Sunənu't-Tirmizi» tədqiqatçılar tərəfindən yüksək dəyərləndirilir.

Hələ Tirmizinin sağlığında onun «Sunən»i hədisçilərin rəğbətini qazanmışdı. Müəllif öz əsərini tamamladıqdan sonra Hicaz, İraq və Xorasan alimlərinə təqdim etmiş və onların müsbət rəyini almışdır. Tirmizi öz kitabı haqqında belə deyirdi: «Hər kimin evində bu kitab varsa, sanki o evdə danışan peyğəmbər vardır». «Sunənu't-Tirmizi»yə çoxlu şərhlər yazılmışdır ki, bunların ən məşhurları Suyutinin «Qut'u'l-muğtəzi» və Mubarəkfurinin «Töhfətu'l-əhvəzi» şərhləridir.

5 - «Sunəni-İbn Macə»

Əbu Abdullah Məhəmməd ibn Yəzid Rəbəi Qəzvini hədis ardınca İraq, Misir, Hicaz və Şam bölgələrinə səfərlər etmiş, bu səfərlərin bəhrəsi olaraq, «Sunən» kitabı meydana çıxmışdır.

«Sunəni-İbn Macə» 40 fəsildə yerləşdirilmiş 4341 hədisdən ibarətdir, təkrar hədislər azdır. Tədqiqatçılar, içində bəzi şəxslərin və məkanların fəzilətləri barədə ifrata yol verən qeyri-mötəbər hədislər olduğuna görə, bu kitabı o biri 5 ana qaynaqdan daha zəif bilmişlər. Hətta bir sıra alimlər «Sunəni-İbn Macə»ni «sihahu's-sittə»yə aid etməmişlər. Kitaba yazılan şərhlər arasında Suyutinin «Misbahu'z-zucacə» şərhi daha məşhurdur. İbn Macə 887-ci ildə vəfat etmişdir.

6 - «Sunənu'n-Nəsai»

Əbu Əbdürrəhman Əhməd ibn Şueyb Nəsai (vəf. 915-916) hədis elminin incəliklərini öyrənmək üçün müxtəlif bölgələrə səfərlər etmiş, uzun müddət Misirdə yaşadıqdan sonra Şama gəlmişdir.

Nəsai gözəl əxlaqa, vüqar və əzəmətə malik idi. İki gündən-bir oruc tuturdu. İmam Əliyə (ə) dərin məhəbbət duyduğuna və Əhli-beytə sevgisi uğrunda şəhid olduğuna görə, bir çox tədqiqatçılar onun şiə məzhəbində olduğunu iddia etmişlər.

«Sunənu'n-Nəsai» 57 fəsildə toplanmış 5729 hədisdən ibarətdir. Kitabda heç bir başqa hədis məcmuəsində rast gəlinməyən nadir mövzularda hədislər mövcuddur. Nəsai hədis seçimində vasvasılığı ilə hətta Muslimi də üstələyir. Bununla yanaşı, «Sunənu'n-Nəsai»də təkrar hədislərin sayı çoxdur; hətta bir hədis 16 yerdə təkrar edilib.

Nəsai hazırki «Sunən»dən əvvəl daha geniş bir hədis məcmuəsi hazırlamış və adını «Muctəna» qoymuşdu. Bu kitabda 12 mindən artıq hədis vardır. Ehtimala görə, Nəsai sonralar onu ixtisar edib yenidən işləmiş və hazırki «Sunən»i tərtib etmişdir. Buna görə də, hazırda istifadə edilən «Sunənu'n-Nəsai» «suğra» (kiçik) ləqəbi ilə tanınır. Kitaba yazılmış şərhlərdən Suyutinin «Zəhru'r-rəbi»sini qeyd etmək yerinə düşər.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD
İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
İmamların anası – Həzrət Fatimə (ə)
VALİDEYNƏ İTAƏT
ZİNAKARLAR HAQQINDA
YAŞIL İNTİZAR

 
user comment