Azəri
Thursday 18th of July 2024
0
نفر 0

HƏDİSLƏRDƏ QƏLB


Din rəhbərləri və həqiqi insanşünaslar insanların qəlbləri barəsində çox maraqlı mətləblər bəyan etmişlər ki, onlardan bəzilərini burada qeyd edirik. Hədislərin bəzilərində qəlblər üç qismə bölünür.
İmam Məhəmməd Baqir (ə) buyurur: “Üç növ qəlb vardır: Birincisi, heç bir xeyir işi dərk eləməyən haqdan üz döndərmiş qəlbdir. Bu kafirin qəlbidir. İkinci növ qəlbdə qara nöqtələr əmələ gəlmişdir. Belə bir qəlbdə xeyr və şər daim bir-biri ilə çarpışmadadır. Onlardan hər biri güclü olsa qəlbə qələbə çalar. Üçüncü növ isə açıq-aydın qəlbdir. Bu qəlbdə heç vaxt sönməyən bir çıraq vardır. O da möminin qəlbidir.”
İmam Cəfər Sadiq (ə) öz atasının belə buyurduğunu nəql edir: “Qəlb üçün günahdan da pis bir şey yoxdur. Qəlb günahla qarşılaşır və onunla mübarizə edir. Nəhayət günah qəlbə qələbə çalaraq onu tərsinə çevirir.”
İmam Səccad (ə) buyurur: “İnsanın dörd gözü vardır, onun ikisi (zahiri gözlər) din və dünya ilə əlaqədar işləri, digər ikisi (batini gözlər) isə axirətlə əlaqədar işləri görür. Allah bir bəndəsinə xeyir vermək istədiyi zaman onun qəlb gözlərini açar. Bəndə onların vasitəsilə qeyb aləmini və axirət işlərini müşahidə edər. Lakin ona xeyir əta etmək istəməsə onun qəlbini elə həmin vəziyyətdə buraxar.”
İmam Cəfər Sadiq (ə) buyurub: “Qəlbin iki qulağı vardır: iman ruhu onu ahəstə olaraq xeyir işlərə, şeytan isə ahəstə olaraq pis işlərə dəvət edir. Onlardan hər hansı biri digərinə qələbə çalsa qəlbi öz ixtiyarına keçirmiş olur.”
İmam Cəfər Sadiq (ə) Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) belə buyurduğunu nəql edir: “Korluğun ən pis növü qəlbin korluğudur.”
İmam Məhəmməd Baqir (ə) buyurur: “Bəndənin qəlbi ağ və parlaq nur şəklindədir. Əgər günaha batarsa onda qara bir nöqtə də əmələ gəlir. Tövbə etdiyi təqdirdə qara nöqtə aradan gedər. Amma əgər günah iş görməkdə davam edərsə qaralıq tədricən artaraq ağlığın hər bir yerini örtür. Belə olan halda həmin qəlbin sahibi artıq yaxşılığa, xeyrə qayıtmaz və Allah-təalanın Quranda buyurduğu aşağıdakı ayənin nümunəsi olar: “Onların əməlləri qəlblərinə qələbə çalaraq onu puç etmişdir.”
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Hər kəsin təqvası və vərəsi (təqvanın yüksək dərəcəsi) az olsa qəlbi öləcəkdir. Hər kəsin də qəlbi ölsə cəhənnəmə daxil olacaqdır.”
Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) öz övladına vəsiyyət edərək buyurdu: “Oğlum! Yoxsulluq böyük bəladır. Ondan da böyük bəla bədənin xəstəliyidir. Bədənin xəstəliyindən də böyük bəla qəlbin xəstəliyidir. Var-dövlətin bol olması böyük nemətdir. Ondan böyük nemət bədənin sağlamlığıdır. Bədənin sağlamlağından da böyük nemət qəlbin sağlamlığıdır.”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Davud peyğəmbər Allaha belə ərz etdi: “Pərvərdigara, bütün padşahların xəzinəsi vardır, bəs Sənin xəzinən hardadır?” Allah-təala cavabında buyurdu: “Mənim xəzinəm ərşdən böyük, kürsüdən geniş, behiştdən daha ətirli, mələkutdan daha gözəldir. Bu xəzinənin yeri mərifət, asimanı iman, günəşi şövq, ayı məhəbbət, ulduzları zikr (Allaha diqqət və ilhamlar), buludları əql, yağışı rəhmət, meyvələri itaət, səmərəsi hikmətdir. Mənim xəzinəmin dörd qapısı vardır: 1.Elm, 2.Əql, 3.Səbr, 4.Razılıq. Bil ki, Mənim xəzinəm qəlbdir (mömin bəndələrimin qəlbidir).””
İlahi qəlbşünaslar bir hədisdə çox maraqlı mətləblər buyurmuşlar ki, onların bəzilərini qeyd edəcəyik. O cümlədən qəlbləri üç qismə bölmüşlər:
1.Kafir qəlbi. Kafir qəlbi barəsində buyurmuşlar ki, o, tərsinə çevrilmişdir və onda heç bir xeyir yoxdur. Belə qəlb özünün əsl fitrətindən azmışdır və yuxarı aləmə baxa bilmir. O, yalnız dünya işlərinə baxır. Buna görə də Allahı və axirət aləmini müşahidə edə bilmir. Belə bir qəlbin sahibi barəsində xeyirxahlıq, yaxşılıq və məsləhət təsəvvür oluna bilmir. Çünki xeyir işlər o zaman kamal dərəcələrində və Allah dərgahında olur ki, Allaha doğru və Onun razılığını cəlb etmək məqsədilə olsun. Amma kafir qəlbi tərsinə çevrilmişdir ki, Allahı görməsin. Onun, bütün işlərində dünyadan başqa bir hədəfi yoxdur. O, Allaha yaxın olmağı yox, yalnız dünyaya nail olmağı istəmişdir. Belə bir qəlbin əsl fitrətində gözü olmuşdur, lakin öz gözünü kor etmişdir. O, ən aydın həqiqəti, yəni Allahı dərk etmədiyindən kordur. Axirət aləmində də kor halda dirildiləcəkdir. Bu dünyada yalnız dünya işlərinə ürək bağladığından axirət aləmində də ona dünya işlərinə bağlılıq qalacaqdır. Onlardan ayrılaraq hər addımda yanacaqdır. Belə qəlbə iman nuru saçmaz və büsbütün qaranlıq və zülmətdən ibarətdir.
2.Kafirin qəlbi müqabilində kamil və saleh möminin qəlbi dayanır. Möminin qəlbinin qapısı yüksək aləmlərə və qeybə doğru açılır. Onda heç vaxt sönməyən iman nuru parlayır. Onun qəlbinin hər iki gözü görür. Qeyb aləmini və axirət işlərini onunla müşahidə edir. Belə bir qəlb həmişə kamala, camala və mütləq xeyrə, yəni Mütəal Allaha doğru yönəlir və Ona yaxın olmaq istəyir. O, Allahı istəyir, gözəl əxlaq və yaxşı əməllərlə Onun dərgahına doğru hərəkət edir. Belə bir qəlb ərş və kürsüdən geniş, behiştdən daha ətirlidir və ilahi xəzinələrin, ilahi nurun saçdığı mərkəz ola bilər. Belə bir qəlbin yeri Allaha mərifət, asimanı iman, günəşi Allahla görüşə şövq, ayı Allaha məhəbbət bəsləməkdir. Əql möminin bədəninə hakim kəsilmişdir. İlahi rəhmət yağışını öz qəlbinə doğru cəzb edir ki, onun meyvələri ibadət və itaətdən ibarətdir. Belə bir qəlbdə Allah və Onun dərgahına yaxın olan mələklərdən başqa heç bir şeyə yer yoxdur. Başdan-ayağa nur, sevinc, şövq, səfadan ibarətdir. Axirət aləmində də belə məhşur olacaqdır.
3. Bəzən günaha batan mömin qəlbi. Belə şəxslərin qəlbi tam qaranlıq və bağlı deyildir. O, iman nurunun vasitəsilə işıqlanır, kamalı əldə etmək və ilahi rəhmətə nail olmaq üçün açıqdır. Lakin günah nəticəsində onda qara bulud əmələ gəlir. Bununla da şeytan oraya yol tapa bilir. Onun batini gözü kor olmur, lakin günah nəticəsində xəstələnir və kor olmağa yaxınlaşır. Belə qəlbdə həm mələklər, həm də şeytanlar üçün yol vardır. Mələklər iman qapısından daxil olaraq bəndəni xeyir işlərə çağırır. Şeytanlar isə qara nöqtədən nüfuz edərək onu pis işlərə sövq edirlər. Belə bir qəlbdə mələklə şeytan həmişə bir-biri ilə çarpışmadadır. Mələk saleh əməl ilə bütün qəlbi öz ixtiyarına keçirmək və şeytanı oradan çıxarmaq istəyir. Şeytan da günaha mürtəkib olmaqla qəlbi daha da qaranlıqlaşdırıb, mələyi oradan çıxarmaq və bütün qəlbi öz ixtiyarına almaq, iman qapısını tamamilə bağlamaq istəyir. Bunların hər biri qələbə çalana qədər bir-biri ilə çarpışır. İnsanın axirət taleyi və batini həyatı bu məsələyə bağlıdır. Burada nəfslə cihadın zərurəti irəli gəlir ki, gələcəkdə onun barəsində söhbət edəcəyik.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

 
user comment