Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual: 36. Cəmiyyətlərdəki dəyişikliklər qəti və inkarolunmaz bir həqiqətdir. Bəs dəyişkən cəmiyyəti sabit qanunlarla necə idarə etmək olar?


Cavab: Bu sual ictimai elmlərlə müxtəsər şəkildə tanış olan, adət-ənənələrin, texnoloji proseslərin dəyişkənliyini yaxından izləyən insanların müzakirəsinə verilir. Bu sual həm də İslam Peyğəmbərinin xatəmiyyəti, sonuncu olması məsələsi ilə bağlı gündəmə gətirilmişdir. İslam alimləri bu mövzular ətrafında müfəssəl danışmış, “İslam məktəbi” jurnalının müxtəlif saylarında uyğun mövzunu açıqlamışlar.
Bu irad əslində məsihilər tərəfindən də bəyan olunmuşdur. Məsələn, professor Can Alder “Müqəddəs kitaba arxeoloji baxış” kitabının müqəddiməsində “nə üçün həzrət İsa (ə) bəşəriyyət üçün ictimai qanunlar gətirməmişdir” sualı ilə bağlı yazır: “Daimi dəyişikliklərə məhkum cəmiyyətləri bir toplum əbədi qanunlarla idarə etmək olmaz. Buna görə də həzrət İsa (ə) qanun məsələsində cəmiyyətləri azad buraxmışdır ki, zaman ötdükcə vəziyyətə uyğun qanunlar müəyyənləşdirilsin.” İctimai qanunlardan məhrum olan məsihiliyi müdafiə etmək məqsədi ilə həmin bu alim hərtərəfli ictimai qanunlara malik İslama etirazını bildirmişdir. Hansı ki, bu gün məsihiliyin ictimai qanunlar məcəlləsindən məhrum olması ciddi bir eybdir və bu eybi pərdələməyə çalışan məsihilər hələ də yetərli həll yolu tapa bilməmişlər.
Ünvanlanan suala cavab olaraq bunu deməliyik ki, İslamda iki növ qanunlar var: 1. Sabit və külli, başqa sözlə, əbədi qanunlar. Bu qanunlar dəyişməzdir; 2. Şərait dəyişdikcə dəyişən qanunlar. Bu qanunlar zamanın gedişatından asılı olaraq dəyişir.
İzah: Əsas məsələ sabit və dəyişkən qanunları bir-birlərindən fərqləndirmə meyarının aparılmasıdır. İnsanın sabit fitrətindən, təbii istəklərindən qaynaqlanan əxlaqi, ictimai, mədəni qanunlar bütün cəmiyyətlər üçün dəyişməzdir. Bu sayaq qanunlar İslamda da sabitdir. Onlar İslami fiqhdə əvvəlcədən son incəliklərinədək müəyyənləşdirilmişdir.
Amma zaman və şəraitdən asılı olan qanunlar İslam dinində yalnız külli şəkildə bəyan olunmuşdur. Onların tətbiqi zamanı müxtəlif cəmiyyətlərin şəraitləri nəzərə alınır və həmin şəraitlərə uyğun xırdalıqlar bəyan olunur. Uyğun məsələnin araşdırılması, sabit və dəyişkən qanunların ölçü meyarını aydınlaşdırmaq üçün diqqətinizi bir neçə məsələyə cəlb edirik:
Zaman və məkandan asılı olmayaraq, hər bir insan üçün xarakterik olan daxili istəklər, ruhiyyə mövcuddur. Bu xüsusiyyətlər onu heyvandan fərqləndirir. Əslində onlar insan vücudunun mahiyyətini təşkil edir və zaman ötdükcə dəyişmir. Məsələn, insan ictimai bir varlıqdır və toplum şəklində yaşamaq üçün xəlq olunmuşdur. O öz həyatında ailə qurmağa məcburdur və bu kiçik cəmiyyətsiz onun təbii həyatının davamı mümkünsüzdür. Demək, insanın böyük və kiçik ictimai həyatı onun mahiyyətinin tərkib hissəsidir. Cəmiyyətdə və ailədəki münasibətləri, vətəndaş hüquqlarını, qadın və kişi hüquqlarını tənzimləyəcək qanunlar sabit və əbədi olmalıdır. Yəni hər şey dəyişsə də, insanın ictimai varlıq olması məsələsi sabitdir. Məhz insanın ictimai varlığını hifz etmək üçün dəyişməz qanunlar labüddür.
Eləcə də, insan həyatı bal arısı, qarışqa kimi varlıqlardan fərqli olaraq toplum şəkilli deyil və təkamül qanunlarına əsaslanır. Buna görə də ictimai təkamül əsaslarına aid olan qanunlar həmişə sabit qalmalıdır.
Ata-ananın körpəyə məhəbbəti fitri və təbii bir məhəbbətdir. Bu fitri bağlılığa əsaslanan irs və tərbiyə kimi haqlar, əlbəttə ki, dəyişilməzdir.
Bu mövzuda başqa nümunələr də göstərmək olar. Çoxsaylı nümunələr sübut edir ki, İslam qanunları insanın sabit və möhkəm fitrətinə və təbiətinə əsaslanır. Fitri istəklər sabitdirsə, bu istəklərlə bağlı qanunlar da sabit olmalıdır. Qiyafələr, zahir dəyişsə də, iyirmi birinci əsrin insanı fitri və təbii meylləri baxımından elə altıncı əsrdəki insanla eynidir. Zaman dəyişsə də, müasir və qədim insanın təbii istəkləri arasında heç bir fərq yaranmamışdır.
Bütün bunları nəzərə alaraq, İslam dinində cəmiyyət, fərdlərin hüquq əsasları, xalqların ümumi rabitələri, ailə münasibətləri, nikah, ticarət, iqtisadi məsələlər üçün sabit qanunlar müəyyənləşdirilmişdir. Bundan əlavə, bir sıra ictimai və fərdi işlər var ki, zamanın ötməsi ilə həmin işlərin xarakteri dəyişmir. Məsələn, yalan, xəyanət, hərbə-zorba, iffətsizlik həmişə pis olmuşdur, bu gün də pisdir. Ona görə də bu kimi pis işlər daimi olaraq qadağan edilməlidir. Çünki ictimai forma dəyişsə də, sadalanan işlərin zərər-ziyanı dəyişmir. Nəfsin paklanması, əxlaqi fəzilətlərin qazanılması, insani səciyyələrin əldə olunması da bu kimi dəyişməz işlərdəndir. Ədalətə riayət edilməsi, insanların hüquqlarının qorunması həmişəlik bir vəzifədir. Demək, min dörd yüz il bundan qabaq insanların sabit fitrəti əsasında müəyyən edilmiş qanunlar bu gün də aktual və işləkdir. İnsanın mahiyyətini, onun fitri istəklərini düzgün qiymətləndirməklə tənzimlənmiş qanunlar bu günki və sabahki cəmiyyəti lazımınca idarə etmək gücündədir. Bura qədərki söhbətimiz yalnız sabit qanunlar haqqında idi.
İnsan üçün dəyişməz fitrətdən əlavə, zaman və məkandan asılı olan bir sıra şərtlər də mövcuddur. Həmin şərtlər dəyişdikcə vəziyyət də dəyişir. Ona görə də əvvəlki şərait üçün müəyyənləşdirilmiş qanunlar yeni yaranmış şəraitdə özünü doğrulda bilməz. İslam dinində uyğun məsələ ilə bağlı xüsusi külli qanunlar fəaliyyət göstərir. Bu qanunlar şəraitə tabedir. Və şərait dəyişdikcə onlarda islahat aparılır. Bu o demək deyil ki, şəraitlə bağlı tənzimlənən qaydaların əsası yoxdur. Ümumi şəkildə bəyan olunmuş qanunlar vardır və şəraitə uyğun hazırlanmış qaydalar həmin ümumi qanunlara əsaslanır. Məsələn, İslam hakimiyyəti əcnəbilərə münasibətdə qanun dəyişiklikləri nəzərdə tutur. Bəzən şərait tələb edir ki, münasibətlər dostluq əsasında qurulsun, iqtisadi əlaqələr möhkəmləndirilsin. Bəzən isə əlaqələri kəsmək, müqavilələri pozmaq zərurəti yaranır. Böyük İslam alimlərindən biri tərəfindən vaxtilə tütünün haram edilməsi böyük bir istismarçının ağzına daş vurdu. İranda tütünün haram edilməsi ilə İngilis müstəmləkəçilərinin dayaqları sarsıldı. İslam dinində müdafiə məsələləri, silah çeşidləri qəti hökmlərlə məhdudlaşdırılmamışdır. Bu sahələrdə qərar çıxarılarkən vəziyyət, eləcə də, İslami hədlər nəzərə alınmalıdır. Yalnız və yalnız ilahi hədəflərə aparan yol seçilməlidir.
Bu baxımdan İslam öz müdafiə qüdrətini gücləndirərkən külli, ümumi qanunlardan istifadə edir və cüzi məsələləri əvvəlcədən konkretləşdirmir.
Qurani-kərimdə buyurulur: “Düşmənləri qorxutmaq üçün bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin.”
Eləcə də, ölkənin mədəniyyəti, elmi tərəqqisi, əmin-əmanlığının qorunması məsələlərində sabit qanunlar fəaliyyət göstərmir. Uyğun sahələrdə fəaliyyət göstərən qanunlar zaman və məkandan asılı olan şəraitə uyğun müəyyənləşdirilir və bu iş İslam qanunlarını hifz edən hökumətin nəzarəti altında həyata keçirilir.
İslam yalnız faydalı elmlərin təhlilinə dəvət edir və İslami, bəşəri dəyərlərin genişlənməsinə rəvac verir. Şübhəsiz ki, zaman və məkandan asılı olaraq uyğun sahələrin genişlənmə vasitələri də dəyişir. Ölkədə asayişin qorunması da bu qəbildəndir.
Unutmamalıyıq ki, sabit hökmləri dəyişkən hökmlərdən fərqləndirmək şəriət başçılarının səlahiyyətidir və kimsənin haqqı yoxdur ki, həmin şəxslərə müraciət etmədən bu mövzuda mövqe bildirsin.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment