Bizim etiqadımız budur ki, Allah-Taala vacib, haram və s. kimi bütün hökmləri bəndələrin əməllərində olan məsləhətə uyğun olaraq qərar vermişdir. Tam məsləhətli olan işləri vacib, son dərəcə fəsad törədən işləri, əməlləri haram, müəyyən qədər məsləhətli işləri müstəhəb s. qərar vermişdir.
Sair hökmlər də eyni qayda ilə. Bu hökmlər Onun Öz bəndələrinə lütfü və ədaləti sayəsindədir.
Hər bir hadisə, iş barəsində mütləq Allahın qərar verdiyi bir hökm olmalıdır. Hadisələrdən heç biri–hətta bizim məlumat əldə etmək üçün yolumuz olmadığı halda da belə–şəri hökmdən xali deyil.
Həmçinin, biz inanırıq ki, Allah-Taalanın bizi fəsad gətirən işləri görməyə, yaxşı işləri tərk etməyə əmr etməsi Onun üçün qəbahətlidir. (Və qəbahətli işlər Ondan baş verməz!)
Amma bəzi müsəlman firqələrinin inancına görə, qəbih (çirkin) iş elə Allahın nəhy etdiyi işlər, yaxşı iş də elə Onun əmr etdiyi işlərdir. Fellərin isə öz-özlüyündə (zatən) nə məsləhəti var, nə də fəsadı. Həmçinin fellər zatən nə yaxşıdır, nə də pis. Bu nəzəriyyə əqli zərurətlə müxalif olan bir nəzəriyyədir. Həmçinin onlar Allahın pis və qəbih işlər görməsini, yaxşı və məsləhətli işləri tərk etməyi əmr etməsinə inanırlar. Əvvəldə qeyd olunduğu kimi, bu əqidədə əql meyarları ilə ölçülməyən, hesab-kitabsız sözlər vardır. Çünki bu əqidə Allah-Taalada cəhl (elmsizlik) və acizliyin olmasına gətirib çıxarır. Allah isə belə şeylərdən (cəhl və acizlik) çox-çox uca, pak və münəzzəhdir.
Xülasə: Etiqad üsullarında səhih kəlam budur ki, həqiqətət Allah-Taalanın bizə bir şeyi vacib, başqa bir şeyi haram etməsində heç bir şəxsi mənfəəti, məsləhəti yoxdur. Əksinə, bütün əmr və nəhylərdə olan mənfəət və məsləhətlər elə bizim özümüz üçündür. Əmr və nəhy olunmuş hansısa əməllərdə mənafeyi, məsləhəti nəfy etməsinin (aradan götürməsinin) mənası yoxdur. Çünki Allah-Taala əbəs yerə bir şeyi əmr etməz, boş yerə nəyisə nəhy etməz və O, Öz bəndələrindən ehtiyacsızdır.
source : الشیعه