Allah bir qövmə qarşı qəzəblənib əzab göndərsə, onların malları baha, ömürləri qısa, ticarətləri xeyirsiz, meyvələri dadsız olar
Peyğəmbərdən (s) nəql olunan hədislər
Əbuzərə nəsihətində buyurur: “Həmişə səndən aşağıda olana bax, səndən yuxarı olana yox, yoxsulları sev və onlarla yoldaşlıq et, acı olsa da haqqı de, qohumların səndən uzaqlaşsalar da sən onlarla əlaqəni kəsmə, Allaha aid olan işlərdə heç kəsi danlamaqdan qorxma, “La hovlə və la quvvətə illa billahil əliyyil əzim” zikrini çox de, çünki, bu zikr behişt xəzinələrindəndir.
Həzrət Əliyə (ə) nəsihətlərində buyurur: “Ey Əli! Yeddi xüsusiyyət var ki, hər kəsdə olsa imanını kamil etmişdir və behiştin qapıları onun üzünə açıqdır; fərəhlə dəstəmaz almaq, gözəl namaz qılmaq, malın zəkatını vermək, qəzəbi boğmaq, dilini saxlamaq, günahdan istiğfar etmək və Peyğəmbərin (s) Əhli-beytinə (ə) qarşı xeyirxah olmaq.”
Elə bir mömin yoxdur ki, ramazan ayında Allaha görə oruc tutsun, Allah ona yeddi imtiyaz verməsin; bədənində haramdan əmələ gəlmiş ət əriyib gedər, Allahın rəhmətinə yaxınlaşar, bu ayda oruc tutmaq günahlarının kəffarəsi hesab olunar, ölümün çətinlikləri onun üçün asanlaşar, Qiyamət gününün aclığından və susuzluğundan amanda olar, Behiştin ləziz və dadlı yeməklərindən bəhrələnər və Cəhənnəmin atəşindən amanda qalar.
Mən yeddi nəfərə lənət etmişəm, Allah da onlara lənət edib və məndən əvvəlki peyğəmbərlər də onlara lənət etmişlər. Onlar bunlardır: Allahın kitabına bir şey artıran kəslər, qəza-qədəri təkzib edənlər, mənim sünnə və dinimə müxalif olanlar, əhli-beytimə (ə) qarşı düşmən münasibətdə olanlar, Alalhın dostlarını zəlil, düşmənlərini isə əziz etmək məqsədi ilə hakimiyyəti zorla ələ alanlar, camaatın ümumi malını öz çənginə keçirən qəddar hakim və bir də Allahın halallarını haram, haramlarını isə halal bilənlər.
Bir gün bir neçə yəhudi alimi Peyğəmbər (s) ilə mübahisəyə gəlirlər. Söhbət əsnasında Həzrətdən (s) soruşurlar: Allahın yalnız sənə verdiyi yeddi xüsusiyyət hansılardır? Həzrət (s) buyurdu:
1. Həmd surəsi.
2. Azan.
3. Məsciddə cəm olma və Cümə günü.
4. Meyit namazı.
5.Üç namazı ucadan qılmaq.
6. Xəstə və səfərdə olan zaman ibadətlərin güzəşti.
7. Ümmətimdən böyük günahlara mürtəkib olanlar üçün şəfaət.
Dedilər: Düz dedin.
Allah bir qövmə qarşı qəzəblənib əzab göndərsə, onların malları baha, ömürləri qısa, ticarətləri xeyirsiz, meyvələri dadsız olar; məskunlaşdıqları yerə yağış yağmaz, gölləri quruyar və şər insanlar onlara hakim kəsilər.
Mənimlə və mənim əhli-beytimlə dostluq dəhşətli qorxuya səbəb olan yeddi yerdə dada çatar; ölüm vaxtı qəbirdə, (Qiyamət günü) qəbirdən qalxan zaman, əməl dəftərləri paylananda, haqq-hesab çəkiləndə, əməllər ölçüləndə və sirat körpüsündən keçən zaman.
Həzrət Əliyə (ə) buyurub: Mən peyğəmbər olduğuma görə səndən üstünəm. Çünki, məndən sonra peyğəmbər yoxdur. Sən də yeddi xüsusiyyətə görə başqalarından üstünsən və bu xüsusiyyətlərə görə Qüreyşdə bir nəfər də sənə qarşı çıxa bilməz. Həmin xüsusiyyətlər bunlardır:
1. Hamıdan birinci iman gətirmisən.
2. Əhd-peymanda hamıdan vəfalısan.
3. Allaha aid olan işlərdə hamıdan möhkəmsən.
4. Bölüşdürmə zamanı hamıdan ədalətlisən.
5. Rəiyyət arasında ən çox dada yetişənən.
6. Qəzavət zamanı hamıdan daha müdriksən.
7. Allah yanında hamıdan daha əzizsən.
Cəbrail mənə nazil oldu və dedi: “Allah sənə salam göndərib buyurur. Mənimlə sənin ümmətin arasında yeddi qərar var:
1. Əgər mənə itaət etsələr, müqəssir də olsalar itaətlərini qəbul edərəm. Çünki, Mən Kərim olan Allaha məxsus olanı yerinə yetirərəm, bəndə isə zəif olan bəşərə layiq olan bir iş yerinə yetirər.
2. Tövbə etsələr və bir daha günaha geri dönməsələr, onları anadan olduqları gündəki kimi pak-pakizə dünyadan apararam.
3. Onların yeddi bədən üzvlərindən olan dil, qulaq, göz, əl, ayaq, qarın və cinsiyyət üzvünün altısı günahkar, biri isə günahsız olsa, həmin bir üzvə görə o birilərinin də günahından keçərəm.
4. Bir kəs günah etsə və bilsə ki, Allah bağışlayandır, onun günahlarından keçərəm.
5. Onları müxtəlif xəstəliklərə düçar etməklə günahlarını yuyub apararam.
6. Hər qış və yayda onlara soyuq və istilik göndərməklə onları Qiyamətin isti-soyuğundan qoruyaram.
7. Onlar üçün fəzilətlə dolu olan aylar və günlər müəyyən edərəm ki, həmin vaxtlarda ibadətlərinin savabını qat-qat artırım, günahlarını bağışlayım və Öz rəhmətimlə onları behiştə daxil edim.