İslam baxımından qeybəti dinləyən və ona qulaq asan qeybət edən şəxs kimi haram iş görür, günaha sahiblənir və qeybətin hökmünə şamil olunur. Fəqihlər və İslam alimləri şəri cəhətdən qeybətə qulaq asmağın da haramlığını deyirlər. Demək olar ki, bütün fəqihlər bu mövzuda həmfikirdirlər. Bununla bağlı bir çox rəvayətlər də nəql olunmuşdur. Onlardan bir neçəsini nəzərinizə çatdırırıq:
İmam Sadiq (ə) buyurur ki, Peyğəmbəri-Əkrəm (s) insanlara qeybət etməkdən və ona qulaq asmaqdan uzaq durmağı tövsiyə edər və buyurardı:
اَلسّامِعُ لِلْغِيبَةِ اَحَدُالْمُغْتابَيْن
“Qeybətə qulaq asan, elə qeybət edən iki nəfərdən biridir.” (“Müstədrəkül-vəsail”, Mühəddis Nuri, 9-cu cild, səh.133, 10463-cü hədis.)
فَنَزِّهُوا أَسْماعَكُمْ مِنِ اسْتِماعِ الْغِيبَة
“Qulaqlarınızı qeybət etməkdən təmiz saxlayın.” (“Müstədrəkül-vəsail”, Mühəddis Nuri, 9-cu cild, səh.121, 10420-ci hədis.)
اَلْغِيبَةُ كُفْرٌ وَالْمُسْتَمِعُ لَها وَالرّاضِى بِها مُشْرِكٌ
“Qeybət küfrdür, ona qulaq asan və ondan xoşlanan adam isə müşrikdir.”
Küfr iki növdür: 1. etiqadi küfr; 2. əməli küfr. Allahı inkar edən əqidəsiz şəxslərin küfrü etiqadi küfrdür. İlahi əmrlərə qarşı səhlənkarlıq edib laqeydlik gəstərilərsə, bu əməli küfr adlanar. Əlbəttə, əməli küfr davam edərsə, etiqadi küfrlə nəticələnə bilər. Məsələn, dinin sütunu olan namaz kimi bir vəzifə bilərəkdən və qəsdən tərk olunarsa, insanın imanına xələl gətirər. Necə ki, Peyğəmbəri-Əkrəm (ə) buyurur:
مَنْ تَركَ الصَّلوةَ مُتَعَمِّدآ فَقَدْ كَفَر
“Namazı bilərəkdən tərk edən şəxs kafirdir.” (“Əvailul-ləali”, İbn Əbu Cümhur, 2-ci cild, səh.224, 36-cı hədis.)
İmam Sadiqin (ə) nəzərincə, qeybət belə məna kəsb edir:
اَلْغِيبَةُ أَنْ تَقُولَ فى اَخيكَ ما سَتَرَهُ اللّهُ عَلَيْهِ
“Qeybət, Allah-Taalanın gizlətdiyi nöqsanları açıb deməkdir.” (“Kafi”, Şeyx Kuleyni, 2-ci cild, səh.358, 7-ci hədis.)
Qeybət edən şəxs kimi ona qulaq asanın da günahkar hesab olunmasına səbəb budur ki, əgər qeybəti dinləyən olmazsa, onu danışan da tapılmaz və beləcə, kimsə harama mübtəla olmaz. Bu səbəbdən, qeybəti həm deyən, həm də ona qulaq asan şəxs günahkar sayılır.
İmam Sadiq (ə) bir hədisdə belə buyurur:
مَنْ قالَ فى مُؤْمِنٍ ما رَأَتْهُ عَيْناهُ وَ سَمِعَتْهُ اُذُناهُ فَهُوَ مِنَ الَّذينَ قالَ اللّهُ عَزَّوَجَلَّ اِنَّ الَّذينَ يُحِبُّونَ اَنْ تَشيعَ الْفاحِشَةُ فِيالَّذينَ آمَنُوا لَهُم عَذابٌ اَليم
“Bir imanlı şəxsin pis əməlini görən, yaxud eşidən adam onu başqasına danışarsa, Allah-Taalanın buyurduğu şəxslər kimi olacaq ki, buyurur: Belə şəxslər imanlı insanlar arasında pis işlərin yayılmasını istəyənlərdir və onları dəhşətli əzab gözləyir.” (“Kafi”, Şeyx Kuleyni, 2-ci cild, səh.357, 2-ci hədis.)
Qeyd etmək lazımdır ki, qeybətə qulaq asmamaq nə qədər əhəmiyyətlidirsə, ona mane olmaq da bir o qədər əhəmiyyət daşıyır. Yəni qeybətə qulaq asmamaq kifayət deyil, onun davam etməsinə də mane olmaq lazımdır. İslam fəqihləri də bu mövzu zəminində fikir birliyinə sahibdirlər. Belə ki, qeybətə qulaq asmamaqla yanaşı, qeybət edən şəxsi də bu işdən çəkindirmək də vacibdir. (“İlahi əxlaq”, Ayətullah Müctəba Tehrani, səh.24-27.)