İƏT Xarici İşlər Nazirləri Şurası üzv dövlətləri Xocalı soyqırımını tanımağa, Azərbaycanın “Expo-2025”-ə ev sahibliyini dəstəkləməyə çağırıb.
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Banqladeş Xalq Respublikasının Dəkkə şəhərində 5-6 may tarixlərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyası keçirilib.
Sessiyada Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Sessiyada E.Məmmədyarov çıxış edərək bir sıra fundamental məsələlərə dair ölkəmizin mövqeyini iştirakçıların diqqətinə çatdırıb. Sessiyada qəbul olunmuş Dəkkə bəyanatının 18-ci bəndində İƏT üzv ölkələrində olan münaqişə və böhranların BMT və İƏT-in nizamnamələrində təsbit olunmuş beynəlxalq hüquq normaları əsasında həlli, onların doğurduğu neqativ və dağıdıcı təsirlərin aradan qaldırılması zərurəti qeyd olunaraq, bu xüsusda Azərbaycanla qəti həmrəylik bir daha ifadə olunur və münaqişənin dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həll edilməli olduğu vurğulanır.
Sessiyada ölkəmizlə bağlı bir sıra mühüm qətnamələr, o cümlədən Ermənistanın ölkəmizə qarşı təcavüzünə və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul edilib.
“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsi tələb edilir və qətnamədə əks olunmuş tələblərin Ermənistan tərəfindən hələ də yerinə yetirilməməsinə dair narahatlıq ifadə olunur.
Həmçinin, bütün dövlətlər Ermənistanın silah və hərbi təchizatlarla təmin edilməsinə və öz ərazilərindən bu kimi təchizatların ötürülməsi məqsədilə istifadə edilməsinə yol verməməyə çağırılır. Eyni zamanda, Azərbaycanın işğal edilmiş ərazilərindəki arxeoloji, mədəni və dini abidələrin dağıdılması, talan edilməsi və vandalizm aktları kəskin şəkildə pislənilir.
Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, həmçinin ATƏT-in sənədləri və qərarlarına uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsi əsasında tez bir zamanda siyasi həllinin tapılmasına çağırış edilir.
Sözügedən qətnamədə digər bir məqam üzv dövlətlərin BMT yanında daimi nümayəndələrinin BMT-nin Baş Assambleyasında səsvermə zamanı Azərbaycanın ərazi bütövlüyü məsələsinə tam dəstəyin verilməsi üzrə təlimatlandırma barəsində qərarın əks olunmasıdır. Qətnamədə həmçinin, Azərbaycan hökuməti və xalqı tərəfindən ölkənin müdafiəsi üçün edilən səylərə həmrəylik və tam dəstək ifadə olunur.