Beynəlxalq şöbə: Əfqanıstanın paytaxtı Kabildə müsəlmanlar, tələbələr ABŞ-da Quranı yandırmaq istəyən qrupun əleyhinə etiraz mitinqi keçiriblər.
İQNA Quran Xəbər Agentliyinin Lefigaro-ya istinadən verdiyi məlumata görə, Kabil şəhər sakinləri, tələbələr və din xadimləri sentyabr ayının 11-ni "Quran yandırma günü " kimi adlandırılmasına qarşı etiraz mitinqi keçiriblər.
Mitinq iştirakçıları "Əl-Nəbi" məscidinin qarşısında ABŞ-ın İslam və Qurana qarşı siyasətlərini pisləyib və "Amerikaya ölüm" şarları səsləndiriblər.
Amerikadakı dini icmalardan biri sentyabrın 11-də Quranı yandırmağı planlaşdırır. Onlar bununla radikal islamçıların 2001-ci ildə ABŞ-da törətdikləri terror aktlarının qurbanlarını anmaq istədiklərini bildirirlər.
ABŞ-ın Əfqanıstandakı səfirliyi bəyanat yayaraq bildirib ki, ABŞ hökuməti və bu ölkədəki bütün dinləri təmsil edən insanlar Floridadakı kiçik icmanın planlarını pisləyirlər və həmin qrupun zərərli bəyanatlarının əleyhinə çıxırlar.
source : www.iqna.ir