151. (Bu qiblənin təyin edilməsi də) sizin aranızda (mələk və cinlərdən deyil) özünüzdən (cins və dili sizinlə bir olan), sizə daim Bizim (tovhid) nişanə və ayələrimizi oxuyan, sizi(n ruhunuzu) paklaşdıran, inkişaf etdirən, sizə (səma) kitabı(nı) və hikməti (şəriət hökmlərini və əqli maarifi), eləcə də əvvəllər bilmədiyiniz şeyləri öyrədən (insanı) peyğəmbər göndərdiyimiz kimi (nemətdir).
152. Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım. Mənə şükr edin və küfr və nemətlərimə nankorluq etməyin.
153. Ey iman gətirənlər, səbr və namazdan kömək diləyin ki, həqiqətən, Allah səbr edənlərlədir.
154. Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə (onların ruhları Bərzəx aləmində müstəqil şəkildə, yaxud «misal» qəlibinə daxil olmaqla) diridirlər və lakin (bunu) siz dərk etmirsiniz.
155. Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbr edənlərə müjdə ver.
156. O kəslərə ki, onlara hər hansı bir müsibət gəldikdə «həqiqətən, biz Allahınıq (bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün Onun həqiqi malı, mülküyük) və həqiqətən, Ona tərəf qayıdacağıq» deyərlər.
157. Onlar Rəbbi tərəfindən salamlar və rəhmət yetişən kəslərdir və onlardır hidayət olunmuşlar!
158. Həqiqətən, Səfa və Mərvə (dağları) Allahın (dininin və Ona sitayişin) əlamət və nişanələrindəndir. Odur ki, Allah evinin «həcc» ziyarətini edən, yaxud «ümrə»ni yerinə yetirən şəxsin o ikisini təvaf etməsində (ikisi arasında «səy» etməsində) ona (nəinki) heç bir günah yoxdur (əksinə vacibdir. Çünki, İslamdan qabaqkı müşriklərin Səfa və Mərvənin hər birində bir büt qoyub, hər dövrdə onlara təzim etmələri, sizin Allah üçün olan «səy» əməlinizin haramlığına səbəb olmur). Hər kim vacib miqdardan artıq xeyir bir iş görsə (səy və təvafın sayını artırsa), Allah qədirbilən (əməli qiymətləndirərək yaxşı mükafatlandıran) və (hər şeyi) biləndir.
159. Həqiqətən, (Muhəmmədin (s) peyğəmbərliyi və kitabı barəsində) nazil etdiyimiz aydın dəlillər və hidayətləri kitabda (Tövrat və İncildə) insanlara bəyan etməyimizdən sonra, (onları) gizlədən kəslər, məhz onlardır Allahın lənətlədiyi və həmçinin (bütün) lənət oxuyanların lənətlədiyi kəslər!
160. Tövbə edib (öz pis işlərini) düzəltməklə məşğul olaraq (gizlətdiklərini) bəyan edənlər istisna olmaqla! Beləliklə, onların tövbəsini qəbul edirəm və əlbəttə ki, tövbələri çox qəbul edən və mehriban Mənəm.
161. Doğrudan da kafir olub küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!
162. Əbədi olaraq onda (lənət içində) qalacaqlar. Onların nə əzabı yüngülləşdirilər və nə də onlara (üzr istəmələri üçün) möhlət verilər.
163. Sizin tanrınız tək olan Allahdır, (ibadət edilməyə layiq) Ondan başqa bir tanrı yoxdur. O, bağışlayan və mehribandır.
164. Şübhəsiz, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, insanların xeyrinə olaraq dənizdə hərəkət edən gəmilərdə, Allahın səmadan nazil etdiyi və vasitəsilə yeri ölümündən sonra diriltdiyi və müxtəlif növdən olan canlıları onun (yerin) hər tərəfinə yaydığı suda, küləklərin (bir tərəfdən başqa bir tərəfə) əsdirilməsində və göylə yer arasında təslim halda olan buludda (bu yeddi şeyin hər birində) düşünən qövm üçün (Allahın tovhid, qüdrət və hikməti barəsində) nişanələr vardır.
165. İnsanların bəziləri Allahın yerinə (bütlərdən, ulduzlardan və cinlərdən) şəriklər seçərək onları Allahı sevməli olduqları kimi sevərlər. Lakin iman gətirənlərin Allaha olan məhəbbətləri (onların öz məbudlarına olan məhəbbətlərindən) daha çoxdur. Əgər zülm edənlər (axirət) əzabı(nı) müşahidə etdikləri zaman həqiqətən, bütün qüdrət və gücün Allaha məxsus olmasını və Allah şiddətli əzab verən olmasını görsələr (çox peşiman olacaqlar).
166. O zaman ki, (küfr və zülm) başçılar(ı) öz ardıcıllarından uzaqlaşacaq, əzabı (gözləri ilə) görəcək və bütün əlaqə və bağlılıqları qırılacaqdır.
167. (Küfr və zülm başçılarına) tabe olanlar deyərlər: «Kaş bizim üçün (dünyaya) bir qayıtmaq (imkanı) olaydı və onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşaydıq». Allah onların (dünya) əməllərini bu cür həsrət amilləri kimi onlara göstərər. Onlar Cəhənnəm odundan əsla çıxan deyildirlər.
168. Ey insanlar, yer üzündə olan şeylərin (müxtəlif yeməklər və digər varlıqların) halal və paklarından yeyin, faydalanın və şeytanın addımlarına tabe olmayın ki, o sizin aşkar düşməninizdir.
169. O sizə yalnız pislik və çirkinlikləri, həmçinin bilmədiyiniz şeyləri Allaha nisbət verməyi əmr edir.
170. (Müşrik və kafirlərə) «Allahın nazil etdiyinə tabe olun» deyildikdə, onlar «(xeyr,) əksinə, biz atalarımızın getdiyi yola tabe oluruq» deyərlər. Görəsən ataları hətta bir şey anlamayıb, (düz yola) hidayət olunmamış olsalar belə (onlar yenə atalarının yoluna tabe olacaqlar)?!
171. Kafirlərin (onları haqqa dəvət edənin) məsəli anlaşılmaz fəryad və haraydan başqa bir şey eşitməyən heyvanın üstünə qışqıran şəxs kimidir (onlar da kəlamı eşidirlər, lakin sanki onun mənasını başa düşmürlər). (Onlar) kar, lal və kordurlar, buna görə də düşünmürlər.
172. Ey iman gətirənlər, ruziniz etdiyimiz pak şeylərdən yeyin (yer üzündə sizin üçün yaratdığımız və pak olan şeylərin hamısından bəhrələnin) və əgər yalnız Allaha ibadət edirsinizsə, Ona şükr edin (çünki şükürsüz ibadət kamil deyildir).
173. Həqiqətən, (Allah) sizə ölmüş heyvanı, qanı, donuz ətini və (kəsilərkən başı üzərində) Allahdan başqasının adı çəkilmiş heyvanı haram etmişdir. Amma əslində ona meyli olmadan (Allahın hökmünə qarşı çıxmaq niyyəti olmadan) və zərurət miqdarını aşmadan (onları yeməyə) məcbur olan şəxsə heç bir günah yoxdur. Həqiqətən, Allah çox bağışlayan və mehribandır.
174. Şübhəsiz, Allahın kitabdan (səma kitabı olan Tövrat və İncildən) nazil etdiyini (alimlərin öz mənafelərinə görə camaat üçün haram etdikləri şeylərin halal olması barəsindəki ayələri) gizlədən və beləliklə də azacıq bir qazanc əldə edən kəslər qarınlarına oddan başqa bir şey daxil etmirlər (onların gizlətdikləri və ya əldə etdikləri o qazanc axirətdə od yemək şəklində zahir olacaqdır). Həmçinin Allah Qiyamət günü onlarla danışmayacaq, onları (əməllərinin pisliyindən) paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır.
175. Hidayət bahasına azğınlığı və bağışlanmaq müqabilində əzabı satın almış kəslər onlardır. Vay-vay, onlar oda necə də səbrlidirlər!
176. O əzab buna görədir ki, Allah kitabı (bütün səma kitablarını) haqq olaraq (düzgün, ali və əqli bir hədəf üçün) nazil etmişdir. Həqiqətən, Allahın kitabı (onun hamısının və ya bəzisinin qəbul edilməsi, kəlmələrinin, yaxud mənasının təhrif edilməsi) barəsində fikir ayrılığına düşmüş kəslər uzun-uzadı bir düşmənçilik içərisindədirlər.
177. Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən (başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcədə də öz malını,çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir. Onlardır doğru danışanlar və onlardır təqvalılar! (Ümumiyyətlə yaxşılıq üç cəhətdən-etiqad, əməl və əxlaqdan ibarətdir.)
178. Ey iman gətirənlər, sizə (qəsdən) öldürülənlər barəsində qisas (hökmü) yazılmış və qərara alınmışdır: azad şəxsin müqabilində azad, qulun müqabilində qul və qadının müqabilində qadın. Beləliklə, kim (hər hansı bir qatil) öz (din) qardaşı (öldürülənin qəyyumu) tərəfindən müəyyən qədər əfv olunsa (qəyyum bütün qisas haqqını, yaxud onun bir hissəsini bağışlasa və ya onu qanbahası ilə əvəz etsə), onda (əfv edən tərəf qalan hissələr barəsində, ya diyənin alınmasında) bəyənilən bir yol seçməlidir və (qatil də) diyəni ona yaxşılıqla (xoşluqla), gözəl surətdə ödəməlidir. (Yerinə yetirilməsi eyni ilə zəruri deyil seçimlə ixtiyari olan) bu (qisas hökmü), sizin Rəbbiniz tərəfindən bir yüngüllük və rəhmətdir. Odur ki, kim əfv etdikdən sonra həddini aşsa (qatili öldürsə), onun üçün ağrılı bir əzab vardır.
179. Ey ağıl sahibləri, qisasda sizin üçün həyat vardır (cəmiyyətin həyatı qisas hökmünün həyata keçirilməsindədir), (ki) bəlkə (nahaq qanlar axıtmaqdan) çəkinəsiniz.
180. Sizin üçün belə yazılıb və qərara alınıb ki, birinizin ölümü çatan zaman, əgər özündən sonra bir mal qoyursa, öz ata-anası və yaxınları üçün (İslam şəriətində müəyyən edilmiş irsdən əlavə) gözəl bir tərzdə vəsiyyət etsin. (Bu hökm, vacib haqdan əlavə) pəhrizkarların öhdəsinə düşən bir haqdır.
181. Odur ki, kim onu (həmin vəsiyyəti) eşitdikdən sonra dəyişdirsə (tərk və ya təhrif etsə), günahı yalnız onu dəyişdirənlərin boynunadır. Şübhəsiz, Allah eşidən və biləndir.
182. Buna görə də, kim vəsiyyət edənin səhv etməsindən və ya günahından qorxsa (onun səhvən və ya bilərəkdən varislərin hüquqlarını pozmasını başa düşsə) və beləliklə, (vəsiyyəti dəyişdirməklə) onların (varislərlə vəsiyyət olunmuş şəxslərin) arasını düzəltsə, (bu dəyişikliyə görə) onun boynuna günah düşmür. Həqiqətən, Allah çox bağışlayan və mehribandır.
183. Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz.
184. Bir neçə gün! Odur ki, sizdən kim xəstə yaxud səfərdə olsa, bir neçə gün (tutmadığı günlərin sayı qədər) digər günlərdə (oruc tutsun). Və oruc tutmağın taqətsizləşdirdiyi kəslər (qocalar, azyaşlılar və ağır xəstələr oruc tutmaya bilərlər və onlar) üçün (oruc tutmadığı hər günün müqabilində) bir yoxsula (bir «mudd», yəni yeddi yüz əlli qram) yemək vermək onun kəffarə və əvəzidir. Kim xeyirə artırsa (və iki mudd versə) onun üçün daha yaxşıdır. Oruc tutmaq (çətin və məşəqqətli olsa da), sizin üçün daha yaxşıdır, əgər bilsəniz!
185. Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Quranın nazil olduğu bir aydır. Buna görə də sizdən bu ayı görən (öz vətənində olan) kəs, onu (o ayı) oruc tutmalıdır. Xəstə, yaxud səfərdə olan kəs isə başqa günlərdə bir neçə gün (oruc tutmadığı günlərin sayı qədər oruc tutmalıdır). Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir. Həmçinin (istəyir ki,) müəyyən olunmuş miqdarı (otuz günü) tamamlayasınız və sizi hidayət etməsinin şükrü olaraq «təkbir» deyərək Allahı əzəmətli sayasınız, bəlkə (Onun) şükrünü yerinə yetirə bildiniz.
186. Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar.
187. Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız (hər biriniz digərinin zinəti, eyiblərini örtən və onu günahdan qoruyansınız). Allah sizin (oruc gecəsi cinsi əlaqənin haram olması barəsində) özünüzə xəyanət etdiyinizi bilirdi. Buna görə də, nəzərini sizə yönəltdi və siz(in təqsiriniz)dən keçdi. Odur ki, indi onlarla yaxınlıq edin (edə bilərsiniz) və Allahın (bu əmələ görə) sizin üçün müəyyənləşdirdiyi (savabı, haramdan çəkinmək və saleh övlad kimi) şey(lər)i istəyin. (Oruc gecələri icazə verilir ki,) sübhün ağ sapı (gecənin) qara sap(ın)dan sizin üçün seçilənədək yeyin və için, sonra orucu gecəyə qədər tamamlayın. Məscidlərdə etikafda olarkən qadınlarla yaxınlıq etməyin. Bunlar Allahın (halal və haram) sərhədləridir, onlara yaxınlaşmayın (onları pozmayın). Allah Öz ayələrini insanlar üçün bu cür açıqlayır ki, bəlkə çəkinsinlər.
188. Mallarınızı öz aranızda haqsız yerə yeməyin və camaatın mallarının bir qismini günah və haqsız yolla yemək üçün (əməlininzin haram olmasını) bilə-bilə onu (rüşvət kimi) qazılara (hakimlərə) tərəf yönəltməyin.
189. Səndən yeni doğan aylar (və onun şəklinin para vəziyyətdən bütöv vəziyyətə kimi dəyişməsinin hikməti) barəsində soruşurlar. De: «O, insanların (dünyəvi işlərinin) vaxtlarının və Həccin (eləcə də, dəqiq vaxta malik digər dini əməllərin vaxtının) müəyyən edilməsi üçün vasitə (təbii təqvim)dir. Həmçinin yaxşılıq evlərə (cahiliyyət dövründə olduğu kimi) onların arxa tərəfindən daxil olmağınız deyil (cahiliyyət dövründə adət belə idi və ehram geyimində olan şəxs öz evinə giriş qapısından deyil, divarın üstündən daxil olurdu) və lakin yaxşılıq (günahdan) çəkinən şəxs(in əməli)dir. Evlərə onların qapısından daxil olun və Allahdan qorxun, bəlkə nicat tapasınız.
190. Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun və həddi aşmayın (döyüş zamanı şəriət və ağılın müharibə barəsindəki çərçivə və qanunlarından kənara çıxmayın, qanuni dəlil olmadan hücum etməyin, sülh müqaviləsi bağladığınız kəslərlə müharibə etməyin, zərərsiz zəifləri öldürməyin, ölülərin bədən üzvlərini kəsməyin və malları səbəbsiz tələf etməyin). Allah həddi aşanları sevmir.
191. Onları (Məkkə müşriklərini) harada ələ keçirsəniz öldürün və sizi qovub çıxardıqları yerdən (Məkkədən) qovub çıxardın. Fitnə (onların Allaha şərik qoşmaları, müsəlmanları incitmələri və Məkkədən çıxarmaları) öldürməkdən daha pisdir. Onlar sizinlə Məscidül-Həramın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Beləliklə, əgər sizinlə (orada) vuruşsalar, onları öldürün ki, kafirlərin cəzası elə odur.
192. Əgər (Allaha şərik qoşmaqdan və döyüşdən) əl götürsələr, həqiqətən, Allah çox bağışlayan və mehribandır.
193. Heç bir fitnə qalmayıncaya (şirkin kökü kəsilincəyə) və din və itaət yalnız Allaha məxsus oluncaya qədər onlarla vuruşun. Beləliklə, əgər (Allaha şərik qoşmaqdan) əl çəksələr, zalımlardan başqasına qarşı həddi aşmaq rəva deyildir.
194. Haram ay haram ay müqabilindədir (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm ayları haram aylardır və bu aylarda müharibə etmək və vuruşmaq olmaz. Amma əgər kimsə bu ayların ehtiramını pozub müharibəyə başlasa, onunla elə həmin haram ayda vuruşmaq lazımdır). (Hərəm, Məscidül-Həram və möminin canı, namus və şərəfi kimi) bütün möhtərəmlərin (qarşılıqlı) qisası vardır. Buna görə də, kim sizə qarşı həddini aşsa (və ehtiramı pozsa), siz də onun kimi ona qarşı həddi aşın. Allahdan qorxun (ki, əvəz çıxmaqda həddi aşmayasınız) və bilin ki, Allah təqvalılarladır.
195. (Malınızı) Allah yolunda xərcləyin və (cihad yolunda xərcləməyi tərk etməklə və ya onu Allah yolundan başqa bir yerə sərf etməklə) özünüzü öz əlinizlə təhlükəyə atmayın. Yaxşılıq edin ki, şübhəsiz, Allah yaxşılıq edənləri sevir.
196. Həcc və ümrə (əməli)ni Allaha görə tamamlayın və əgər (ehram bağladıqdan sonra düşmən və ya xəstəlik vasitəsilə) əməlləri yerinə yetirməyinizə maneçilik törənsə, (Məkkənin və yaxud Minanın qurbangahına dəvə, inək və qoyundan) sizə müyəssər olan bir qurbanlıq (göndərmək sizin boynunuzdadır). Və qurbanlıq öz yerinə çatmayınca başınızı qırxmayın. Əgər sizdən kimsə (ehram halında) xəstə olsa və ya başında bir narahatlığı olsa (və başını qırxmaq məcburiyyətində qalsa, başını qırxsın və) oruc ya sədəqə, ya da qurbanlıq qismindən kəffarə versin. Əgər (Həcc və Ümrə barəsində düşməndən və ya xəstəlikdən) xatircəm olsanız, onda «təməttö» (Allaha yaxınlaşmaqdan bəhrələnmək və ehram bağlandıqdan sonra haram olmuş şeylərdən ehramdan çıxdıqdan sonra istifadə etmək) ümrəsini qabağa salıb «təməttö» Həccinə tərəf gedən kəsin boynunadır ki, (dəvə, inək və qoyundan) müyəssər olan qurbanlıq kəssin. Qurbanlıq tapmayan (və ya ona pulu olmayan) şəxs həmin Həcc səfəri zamanı üç gün və qayıtdığınız zaman yeddi gün oruc tutmalıdır. Bu tam on gündür. («Təməttö» adlanan) bu (Həcc), (özü və) ailəsi Məscidül-Həramın (Məkkə və onun iyirmi dörd kilometrliyinin) sakini olmayan kəslər üçün olan vacibdir. Allahdan qorxun və bilin ki, Allah ağır cəza verəndir.
197. Həcc(in zamanı) müəyyən olunmuş aylardır (Şəvval, Zilqədə və Zilhiccə ayları). Buna görə də, bu aylarda (ehram bağlamaqla) Həcci (özünə) vacib edən kəs (bilməlidir ki): Həccdə (həcc ehramında olan zaman) söyüş söymək, qadınlarla yaxınlıq, günah və mübahisə etmək (icazəsi) yoxdur. Allah etdiyiniz hər bir yaxşı işi bilir. Özünüz üçün azuqə götürün ki, ən yaxşı azuqə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!
198. (Həcc əsnasında) Rəbbinizdən mərhəmət və ruzi diləməyinizdə sizə heç bir günah yoxdur. Ərəfatdan (Məşərə tərəf) axışarkən Məşərül-Həram (dağın)ın yanında (Müzdəlifə çölündə) Allahı yada salın. Sizi hidayət etməsinin şükrü olaraq Onu yada salın və əslində siz bundan əvvəl azğınlardan idiniz.
199. Sonra (müşriklərin getdikləri yol ilə deyil) camaatın axışdığı yer ilə (Məşər çölündən Minaya tərəf) yollanın. Və Allahdan bağışlanmaq diləyin ki, Allah çox bağışlayan və mehribandır.
200. Beləliklə, Həcc əməllərinizi yerinə yetirdikdən sonra, öz atalarınızı xatırladığınız kimi və ya ondan da yaxşı və dolğun şəkildə Allahı yada salın (ərəblərin adəti belə idi ki, onlar Həcc əməllərini yerinə yetirdikdən sonra Minada öz atalarının iftixar etməli işlərindən danışmağa başlayırdılar). Beləliklə, insanların bəzisi deyər: «Ey Rəbbimiz, bizə dünyada (nemət) ver!» Onların axirətdə heç bir payı yoxdur.