Azəri
Wednesday 1st of May 2024
0
نفر 0

Ənam surəsi

Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi

6. Ənam surəsi

(Məkkədə nazil olmuşdur, yüz altmış beş ayədir)


Bağışlayan və mehriban Allahın adı ilə
1. Həmd və səna göyləri və yeri yaradan, qaranlıqları və aydınlığı vücuda gətirən Allaha məxsusdur. (Belə bir əzəmətli yaradılışın zatı tovhidə və bu qüdrətin yalnız Allaha məxsus olmasına dəlalət etməsinə baxmayaraq) kafirlər yenə də Rəbblərinə şərik qoşur və (bütləri Ona) tay tuturlar.
2. Sizi (birinci ata-ananızı birbaşa, o ikisinin nəslini isə vasitə və mərhələlər keçməklə) palçıqdan yaradan, sonra (sizin hər biriniz üçün ömür) müddət(i) müəyyənləşdirən Odur. Müəyyən olunmuş bir müddət də Onun yanındadır (şərti əcəli «məhv-isbat» lövhəsində yazıb, qəti əcəl isə «Lövhi-Məhfuz»dadır, yaxud bu dünyada olan gerçəkliklərdir). Siz (bu qüdrət, nəzm və hikməti müşahidə etdikdən sonra Allah və ya Qiyamət barəsində) yenə də şəkk edirsiniz.
3. Göylərdə və yerdə olan tək Allah Odur. O, sizin gizlininizi də, aşkarınızı da bilir və (yaxşı və pisdən) əldə etdiklərinizdən də xəbərdardır.
4. Onlar Rəbbləri tərəfindən onlara gələn hər bir nişanə və möcüzədən (onları qəbul etməkdən) üz döndərirlər.
5. Həqiqətən, onlar haqq (Quran və möcüzələr) onlara gələn zaman onu təkzib etdilər. Odur ki, tezliklə, istehza etdikləri şeyin xəbərləri (bu barədə vəd edilmiş cəzalar) onlara yetişəcəkdir.
6. Məgər onlardan qabaq necə çox insan cəmiyyətlərini həlak etdiyimizi görmədilər? Onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Buludları yağan halda onların üzərinə göndərmiş və çayları onların (ayaqları) altından axıtmışdıq. (Lakin onlar nankorluq etdilər.) Buna görə də Biz günahlarının cəzası olaraq onları həlak etdik və onlardan sonra digər bir toplum vücuda gətirdik.
7. Əgər sənə kağız səhifə üzərində bir yazı nazil etsək və onlar öz əlləri ilə ona toxunsalar belə, kafirlər yenə də «bu, aşkar sehrdən başqa bir şey deyildir» deyəcəklər.
8. Onlar «nə üçün ona bir mələk nazil olmur (ki, onun peyğəmbərliyinə şəhadət verərək, onunla birgə insanları qorxutsun)?» dedilər. Əgər mələk nazil etsək (və onlar inkar etsələr, Bizim ənənəvi qanunlarımıza uyğun olaraq) iş (onların həlak olmaları) mütləq sona çatar və onlara daha heç bir möhlət verilməz.
9. Əgər onu mələk etsəydik (Peyğəmbəri mələklərdən seçib göndərməli olsaydıq, mələklə insanın cövhərinin müxtəlifliyinə görə və onların qarşılıqlı anlaşma və münasibət qurmaları qeyri-mümkün olduğu üçün) onu mütləq kişi şəklinə salar və onlar (haqqı batilə) oxşar hala saldıqları kimi (Biz də mütləq bu işi) onlara örtülü və anlaşılmaz edərdik (və onlar «bu da bizim kimi bir insandır» deyərdilər).
10. Şübhəsiz, səndən əvvəlki peyğəmbərlər də istehza və məsxərə olundular. Beləliklə onları məsxərə edən kəslərə məsxərə etdikləri şey (ildırım, zəlzələ və sairə) nazil oldu və onları bürüdü.
11. De: «Yer (üzün)də gəzib-dolanın, sonra təkzib edənlərin aqibətinin necə olmasına nəzər salın!»
12. De: «Göylərdə və yerdə olan kimə məxsusdur?» De: «Allaha məxsusdur». O (Özü) Özünə (bəndələrinə qarşı) rəhmli olmağı müəyyənləşdirmişdir. (Buna görə də) sizi (əvvəlincinizdən axırıncınızadək) mütləq barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət günündə bir yerə toplayacaqdır. (Lakin) özlərini uduzmuş və ziyana salmış kəslər iman gətirməzlər.
13. Gecə və gündüz (çərçivəsin)də qərar tutmuş (yəni yer kürəsində, eləcə də günəşin digər planetlərində onun nur və kölgəsinin əhatə dairəsində olan hər bir) şey Ona məxsusdur və Odur eşidən və bilən!
14. De: «Göylərin və yerin yaradanı olan və (başqalarını) yedizdirib Özü yedizdirilməyən Allahdan qeyrisinimi özümə başçı və yardımçı götürüm?!» De: «Həqiqətən, mənə İslamı qəbul edən ilk şəxs olmağım əmr olunmuşdur və (mənə deyilmişdir ki,) əsla müşriklərdən olma(yım)».
15. De: «Şübhəsiz, əgər mən də Rəbbimə qarşı itaətsizlik etsəm, böyük günün əzabından qorxaram».
16. (O əzab) həmin gün kimdən döndərilsə, doğrudan da Allah ona rəhm etmişdir və odur aşkar uğur və qurtuluş!
17. Əgər Allah sənə bir zərər-ziyan yetirsə, onu Ondan başqa dəf edən yoxdur və əgər sənə bir xeyir yetirsə (onun da davam etməsi və aradan getməsi Onun əlindədir çünki,) həqiqətən, O, hər bir şeyə qadirdir.
18. Odur bəndələri üzərində hakim və qalib və Odur (bəndələrin işlərinin idarəsində) hikmətli və (onların zahir və batinlərindən) xəbərdar!
19. (Səndən peyğəmbərliyinin sübutu üçün dəlillər tələb edən kafirlərə) de: «Şahidlik baxımından nə daha böyükdür?» De: «Allah mənimlə sizin aranızda şahiddir və bu Quran mənə vəhy olunub ki, onun vasitəsiylə (həm) sizi və (həm də bəşər nəslinin kökü kəsilənədək) onun çatdığı hər bir kəsi qorxudam. Siz doğrudanmı Allahla birgə başqa məbudların olmasına şəhadət verirsiniz?» De: «Mən şəhadət vermirəm». De: «Həqiqətən, O, tək olan Allahdır və şübhəsiz, mən sizin (Ona) şərik qoşduqlarınızdan uzağam».
20. (Səmavi) kitab verdiyimiz kəslər onu (Peyğəmbəri, kitablarında yazılanlar əsasında) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Lakin özlərini uduzmuş və ziyana uğratmış kəslər iman gətirməyəcəklər.
21. Kim Allaha qarşı yalan uydurmuş və ya Onun ayələrini təkzib etmiş kəsdən daha zalımdır?! Şübhəsiz, zalımlar nicat tapmayacaqlar.
22. (Yada salsınlar) o gün(ü) ki, onların hamısını (Qiyamət səhnəsində) bir yerə toplayacaq, sonra Allaha şərik qoşmuş kəslərə «haradadır sizin (Bizim şəriklərimiz olmalarını) güman etdiyiniz şərikləriniz?! (Nə üçün sizin dadınıza çatmırlar?!)» deyəcəyik.
23. Sonra onların (axirətdə) «Rəbbimiz Allaha and olsun ki, biz əsla müşrik deyildik» deməkdən başqa bir bəhanələri olmayacaqdır.
24. Gör özlərinə qarşı necə yalan deyirlər. Və uydurduqları şey onların nəzərlərindən yox oldu (bütlər barəsində güman etdikləri işlər və əzəmət puça çıxdı)!
25. Onların bəzisi sənə qulaq asırlar. Biz (onların küfrlərinin cəzası olaraq eşitdiklərini) başa düşməmələri üçün qəlblərini pərdələrlə örtmüş və (haqq sözü eşitməsinlər deyə) qulaqlarında ağırlıq yaratmışıq. Əgər bütün ayə və nişanələri görsələr belə, yenə də iman gətirməyəcəklər. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edəcək və kafirlər «bu, (Quran) keçmişlərin əfsanələrindən başqa bir şey deyildir» deyəcəklər.
26. Onlar (başqalarını) ondan çəkindirir və özləri ondan uzaqlaşırlar. Onlar özlərindən başqa heç kəsi həlak etmirlər və (bunu) bilmirlər (də).
27. Əgər onların odun üzərində saxlanıldıqları zamanı görsən (qəribə bir mənzərə müşahidə edəcəksən)! (Onlar həmin vaxt) «kaş ki, (dünyaya) qaytarılaydıq, bir daha Rəbbimizin ayələrini təkzib etməyəydik və möminlərdən olaydıq!» deyərlər.
28. (Onlar dünyaya qaytarılmaq arzusunda səmimi deyildirlər,) əksinə, qabaqcadan gizlətdikləri şey onlara aşkar olub. Əgər (dünyaya) qaytarılsalar, mütləq (yenə də) çəkindirildikləri şeyə qayıdarlar. Şübhəsiz, onlar yalançıdırlar.
29. Və (elə onlar) «bizim bu dünyadakı həyatımızdan savayı başqa bir həyat yoxdur və biz (öləndən sonra) əsla dirildilən deyilik» dedilər.
30. Əgər onları Rəbblərinin hüzurunda (hesab vermək üçün) saxlanılan zaman görsən! (Allah) buyuracaq: «Bu, (ölümdən sonra dirilmək) haqq deyilmi?» Deyəcəklər: «Bəli, Rəbbimizə and olsun (ki, haqdır)». Buyuracaq: «Elə isə, etdiyiniz küfrün cəzası olaraq dadın bu əzabı!»
31. Allahla görüş(əcəkləri Qiyamət günün)ü təkzib etmiş kəslər doğrudan da ziyana uğradılar. (Onların bu inkarları) o vaxta kimi (davam edəcək) ki, Qiyamət qəflətən onlara yetişən zaman, «barəsində səhlənkarlıq etdiyimiz şeyə görə vay olsun bizə!» deyəcəklər. Onlar (həmin gün) öz günahlarının ağır yükünü dallarında daşıyacaqlar. Bilin! Onların dallarında daşıyacaqları yük necə də pisdir!
32. Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir və şübhəsiz, axirət evi təqvalılar üçün daha yaxşıdır. Heç düşünmürsünüz?
33. Şübhəsiz, Biz onların dediklərinin (səni sehrbaz, şair və dəli adlandırmalarının) səni kədərləndirməsini bilirik. Əlbəttə onlar səni təkzib etmirlər, lakin zalımlar Allahın ayə və nişanələrini inkar edirlər.  
34. Şübhəsiz, səndən qabaq (da bir sıra) peyğəmbərlər təkzib olundular. Beləliklə, onlar edilən təkzib və əziyyət müqabilində səbr etdilər (və) nəhayət, Bizim köməyimiz onlara yetişdi. Allahın kəlmələrini (peyğəmbərlərə verdiyi kömək və qələbə vədəsini) dəyişdirə biləcək bir kəs yoxdur. Şübhəsiz, peyğəmbərlərin (səbr və dözümlülük) xəbərindən (bəziləri) sənə çatmışdır.
35. Əgər onların (sənin dəvətindən) üz döndərmələri sənə çətin və ağırdırsa, yerdə bir dəlik açıb, yaxud göyə (daxil ola bilmək üçün) bir nərdivan axtarıb onlar üçün (yerin və göyün dərinliklərindən başqa) bir nişanə və möcüzə gətirə bilsən (et bunu)! Əgər Allah istəsəydi, onların hamısını (məcbur surətdə, hətta iradə məcuriyyəti ilə olsa belə) hidayət yoluna toplayardı (lakin məcburi hidayətin təsiri yoxdur). Odur ki, əsla nadanlardan olma.
36. Həqiqətən, (sənin dəvətinə) yalnız (kəlamı idrak və düşüncə ilə) eşidənlər (müsbət) cavab verərlər. (Bu üz döndərənlər isə ölüdürlər) və ölüləri Allah (Qiyamətdə) dirildəcək, sonra onlar (hesab aparılmaq üçün) Allah(ın hüzurun)a tərəf qaytarılacaqlar.
37. (Kafirlər) dedilər: «Nə üçün ona (Musanın əsası və Salehin dəvəsi kimi) bir nişanə və möcüzə nazil olmayıb?». De: «Allah (sizin istədiyiniz qəbildən olan) bir nişanə nazil etməyə qadirdir. Lakin onların çoxu bilmirlər (ki, əgər bu nişanələrdən nazil olsa, Allahın ənənəvi qanunlarına əsasən, kafirlər onu inkar edən kimi əzab nazil olacaqdır)».
38. Yer (üzün)də elə bir hərəkət edən heyvan və iki qanadı ilə uçan elə bir quş yoxdur ki, (yaradılışının hədəfi, ömür müddətinin müəyyənləşdirilməsi, nəslinin artımı və həyat tərzi baxımından) sizin kimi ümmətlər olmasınlar. Biz Öz kitabımızda (bəyan etmək baxımından Lövhi-Məhfuz kitabında və yaratmaq baxımından Təkvin kitabında) heç nəyi nəzərdən qaçırmamışıq. Sonra onlar (Qiyamət günü) hamılıqla (öldükləri yerlərdən) öz Rəbblərinə tərəf toplanılacaqlar.
39. Bizim ayə və nişanələrimizi təkzib edənlər (cəhl və küfr) zülmətlər(in)də olan karlar və lallardır. Allah istədiyini (hidayət olunması üçün kifayət edəcək qədər dəlil və nişanələr təqdim olunduqdan sonra) azğınlıqda boşlayar və istədiyini (dəvəti qəbul etdikdən sonra) doğru yola qoyar.
40. De: «Əgər doğruçusunuzsa mənə xəbər verin ki, əgər sizə Allahın əzabı gəlsə, yaxud Qiyamət (qəfildən) sizə yetişsə, Allahdan qeyrisinimi çağıracaqsınız?!»
41. Əksinə, yalnız Onu çağıracaqsınız – O da əgər istəsə, aradan qaldırılması üçün dua etdiyiniz şeyi aradan qaldıracaqdır – və (Ona) qoşduğunuz şərikləri unudacaqsınız.
42. Şübhəsiz, Biz səndən əvvəlki ümmətlərə (də peyğəmbərlər) göndərdik. Beləliklə onları yoxsulluq və kasıblığa, xəstəlik və cismani əziyyətlərə düçar etdik (ki,) bəlkə (Bizim dərgahımıza) boyun əyələr və yalvarıb-yaxaralar.
43. Bəs nə üçün Bizim əzabımız onlara yetişəndə boyun əymədilər və yalvarıb-yaxarmadılar? Əksinə, onların qəlbləri daşlaşdı və Şeytan etdiklərini (günahları) bəzəyərək onlara gözəl göstərdi.
44. Beləliklə, elə ki, yadlarına salınmış şeyi unutdular, (imtahanın sona çatdırılması və nəzərdə tutulan şeylərin tədricən həyata keçirilməsi məqsədi ilə dünya nemətlərindən) hər şeyin qapılarını onların üzünə açdıq. Onlara verilən şeyə xoşhal olaraq ürək bağladıqları zaman, (günahlarının cəzası olaraq) onları qəflətən yaxaladıq. Beləliklə, birdəfəlik aciz və naümid oldular.
45. Beləliklə, zülm etmiş dəstənin kökü və nəsli kəsildi. Həmd və şükr aləmin və aləmdəkilərin Rəbbi olan tək Allaha məxsusdur.
46. De: «Mənə xəbər verin, əgər Allah sizin qulaq və gözlərinizi(n gücünü) alsa və qəlblərinizə (anlamazlıq və bədbəxtlik) möhürü vursa, onları sizə Allahdan başqa hansı məbud gətirəcək?» Gör Biz Öz ayələrimizi necə müxtəlif (surətdə) gətiririk, sonra onlar (yenə də) üz döndərirlər.
47. De: «Mənə xəbər verin, Allahın əzabı (zəlzələ və sel kimi) qəflətən, yaxud (tədricən ölümlə nəticələnən vəba və buna bənzər xəstəliklər kimi) aşkar halda sizə gəlsə, zalımların dəstəsindən başqası həlak olarmı?! (Şübhəsiz, bədbəxtcəsinə ölüm zalımlara məxsusdur və yaxşıların onların arasında həlak olmaları şəhadətdir.)
48. Biz Öz peyğəmbərlərimizi yalnız mücdə verən və qorxudan olaraq göndəririk. Beləliklə iman gətirib ləyaqətli olaraq (özlərini) düzəltməklə məşğul olanlar üçün (axirət aləmində) əsla qorxu yoxdur və onlar əsla qəmgin olmayacaqlar.
49. Bizim ayə və nişanələrimizi təkzib edənlərə itaətsizliklərinin cəzası olaraq əzab yetişəcəkdir.
50. De: «Mən sizə Allahın xəzinələri mənim yanımdadır demirəm (şeyləri «ol» deməklə yaratmaq və bir şey istəyənlərin ehtiyacını əldəki miqdar azalmadan təmin etmək qüdrətim yoxdur), qeyb elmini də bilmirəm və (həmçinin) sizə «mən mələyəm» demirəm. Mən yalnız mənə edilən vəhyə tabe oluram. (Buna görə də mən vəhyə tabe olduğum üçün gözüaçıq və hər şeyi görənəm, vəhydən üz döndərən hər bir kəs isə kordur.)». De: «Korla görən birdirlərmi? Bəs niyə fikirləşmirsiniz?»

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

NIYƏ RƏNGLI SÜFRƏ BAŞINDA ƏYLƏŞDIN?!
Vahabi əqidəsində Tovhid
ƏDƏBİ İZAH
Quran bəlağətinin ecazkarlığı
MƏHƏMMƏD İBN ƏBU BƏKRİN HƏYATI
təbliğedici nübuvvətin
Adəm Peyğəmbər (ə) və onun yaranması
İBADƏTİN BƏLALARI
. Ənam surəsi
“BISMILLAHIN” LƏTIF GÖRÜNTÜLƏRI-1

 
user comment