Azəri
Saturday 4th of May 2024
0
نفر 0

Rüşvətə bürünmüş \"ədalət\"

Həyatda çox şeylərin don geyindiyinin şahidi olmuşam. Məsələn, təbiətin yazda bir don, qışda isə bir don geyindiyinin, insanların cürbəcür donlar geyindiyinin, bəzilərinin yalandan, hiylədən, ikiüzlülükdən müxtəlif donlar geyindiklərinin tez-tez şahidi olmuşam. Lakin bunların heç biri “rüşvətdən don geyinmiş məhkəmələr” qədər məni heyrətləndirməmişdir. Tale elə gətirdi ki, bu yaxınlarda xırda bir iş (mülki iş) üçün “ədalət məhkəməsi”nə müraciət edəsi oldum. Etməyimə də peşman oldum. Artıq beş aydır ki, məhkəmələrə ayaq döyürəm. Bu müddət ərzində Ali Məhkəməyə qədər gedəsi oldum. Əslində məhkəmələrə işi düşən (Allah heç kimə göstərməsin) qara camaat yaxşı bilir ki, beş ay heç də uzun müddət deyildir. Çünki illərlə məhkəmələrdə sürünənlər kifayət qədərdir. Məqsədim mənim işim barəsində yazmaq deyil. Sadəcə olaraq bildirmək istəyirəm ki, bu yazını yazmağımın səbəbi elə həmin beş ay əvvəlki təsadüfdür. Vəzifəsi ədalətin icrası, insanların itirilmiş hüquqlarının bərpası, haqqın və nahaqqın ayırd edilməsi olan Azərbaycan Məhkəmələri təəssüflər olsun ki, bu gün bir çox rüşvətxor, mənəviyyatsız, şərəfsiz insanların yuvasına çevrilmişdir. Belə insanlar məhkəmələrdə “müqəddəs hakim” xələtinə bürünüb Azərbaycanın kökünü qazıyırlar. Qanunun aliliyinin təminatçısı olmaq əvəzinə rüşvət naminə bütün qanunları ayaqlar altında qoyurlar. Bu cür hakimlərə bu gün demək olar ki, məhkəmələrin böyük əksəriyyətində rast gəlmək olur. Məhkəmələr “ədalət məhkəmələri”ndən daha çox “qul bazarı”na bənzəyir. Təsadüfən “qul bazarı” demirəm. Çünki qul bazarında olduğu kimi burada da alınan da satılan da insan taleyidir. Həm də qul bazarından fərqli olaraq burada insanlara daha biganə yanaşırlar. İnsanlar hakimlərin gözünə manat şəklində görünür. Sanki, şairin “salam verdim rüşvət deyildir deyə almadı” misrası məhkəmələrdə rüşvət yeməkdən qarın bağlamış bir çox hakimlərə ünvanlanıbmış. Belə hakimlərə rüşvətxor, cinayətkar, ləyaqətsiz, şərəfsiz və s. bu kimi adların hamısı yaraşır. Çünki ləyaqəti, şərəfi olan heç bir hakim xalqın malına tamah salmaz. Bu gün məhkəmələrimizdə elə yararsız hakimlər vardır ki, onlar sanki ovunu güdən yırtıcılardı. Pul naminə yüzlərlə günahsız insanın taleyi ilə oynayan belə hakimlər artıq insanlıq duyğusundan, mənəviyyatdan, sevgidən çox uzaq düşmüşlər. Onlardan ötrü kimin haqlı, kimin haqsız olmasından daha çox kimin pullu olması maraq kəsb edir. Hər kim rüşvət verməkdə cəld olsa öz işini nahaq olsa belə qaydasına sala bilir. Hamımız həyatda çox faciələr görmüşük, eşitmişik. Lakin tələbədən 40 manat rüşvət almış sadə bir müəllimi hər gün qucaq-qucaq rüşvət alan, ən ağır caniləri belə rüşvət alaraq azadlığa buraxan, əlinin qabarı ilə manat-manat pul toplamış insanların var dövlətini bir anda sümürən hakimlər mühakimə edirsə, bundan da böyük faciə varmı? İş üçün kabinetinə gələn qız-gəlinə tamah salan hakimdən daha alçaq bir insan varmı? Əslində bu faciələri çoxlarımız görürük, lakin hamı işi xatirinə hər şeyə göz yumur. Fikirləşirik ki, “birdən hakim bizdən “inciyər”, pulumuza yaxın durmaz və işimizi əngələ salar”. Bəli, bunu sadə insanlar da yüksək çinli məmurlar da bilir ki, yazdıqlarım hamısı həqiqətdir. İnanmayanlar da ola bilər. (“İnanmayanların başına gəlsin” deyərdim, amma buna aldığım tərbiyə icazə vermir) Oxucular məni səhv başa düşməsinlər. Mən bu yazını qisas almaq üçün yazmamışam. Vicdanlı, şərəfli hakimlər də məndən inciməsinlər, çünki bu yazı əslində onların işinin, yəni ədalətin bərpasının davamı hesab edilməlidir. Bu yazıda bir məhkəmə qurulub. Müttəhimlər isə bu dəfə hakimlər özləridir. İşinin gününün əvvəli isti yorğan-döşək, ortası rahat kabinetlərdə rüşvət yığmaq, sonu saunalarda, restoranlarda keçən hakimlər. Bir-biri ilə pul yığmaq, qızıl toplamaq, arvadlarına ən bahalı paltarlar geyindirmək, ən bahalı avtomobildə gəzmək yarışına girmiş hakimlər. Əli günahsız insanların qanına bulaşmış, neçə-neçə insanların dünyasını nahaq yerə qaraltmış, neçə ailəni dağıtmış, neçə-neçə caniləri “açburax” etmiş hakimlər. Bəli bu gün müttəhim kürsüsündə əyləşən hakimlərdir. Pambıqla baş kəsən, kəsdiyi baş üçün sorğu-sual olunmayan hakimlər. Sorğu-sual olunmadıqları üçün harınlayan, öz xəyallarında “allahlaşan”, gözü puldan başqa heç nəyi görməyən hakimlər. Burdan həmin cəllad hakimlərə səslənirəm! Çoxmu sürəcək bu əməllər? Çoxmu sürəcək bu zülm? Neçə cinayətkarı, qulduru, rüşvətxoru həbsə atıbsan. Sən özün necə?! Bu sadalananlardan uzaqsanmı? Oxu və bil! Yığdıqların irindir, qandır! Arvadının boynundan, qolundan asdığın qızıl deyil insanların daşlaşmış ürəyi, dustaqların qoluna vurduğun zəncirlərdir! Topladığın brilyantlar daş deyil, qaş deyil zülm etdiyin kişilərin axıda bilmədikləri göz yaşlarıdır – buza dönüb. Hökmən, hökmən əriyib o buzlar selə dönəcək və səni, səni də olmasa səninkilərdən kimisə aparacaq. Hökmən aparacaq!

Sən elə düşünürsən ki, yalnız kiçik bir yazıdamı mühakimə olunursan? Yox! Sən hər gün zülm etdiyin insanların fikirlərində, son qəpiyinə kimi zorla dartıb əlindən aldığın fəqirlərin düşüncələrində, gecə yuxularında, tənhalıqda xəyallarında mühakimə olunursan. Əlbəttə ki, bir gün bu düşüncələr, xəyallar, yuxular gerçəkləşəcəkdir. Mütləq, mütləq O GÜN gələcəkdir! Mən də deyirəm O GÜN gələcək! Evini zorla əlindən aldığın evsizlər də, yalançı şahidlər vasitəsilə nahaq yerə həbsə atdığın məhbuslar da gözləyir O GÜNü! Müstəbid də, Müştəbeh də! Doğru da, Yalan da! Zəiflər də, güclülər də bir ağızdan deyirlər O GÜN gələcək! Yığdığın rüşvətlərin böyük hissəsini ötürdüyün, yuxarı başda oturmuş boynuyoğun da bilir, əzib, zülm etdiyin, öz övladlarının üzünə baxmağa belə həsrət etdiyin dustaqlar da bilir O GÜN gələcək! O GÜN sənin şahidlərin çox olacaq. Haram tikələri ötürdüyün qarının da, pullara hərisliklə baxan gözlərin də, yalana, zülmə imza atmış barmaqların da, rüşvət tələb edən dilin də sənin şahidin olacaq.

Sən bir balaca gərgin vəziyyət yarananda təbəssümləri dərhal çəkilib gedən çox adam görmüsən. Ona görə də güman etmək olar ki, özün belə xislətdən uzaqsan və mənim yazdıqlarımı təbəssümlə oxuyacaqsan. Sanki bu cümlələr əsassız və yaxud sənə aid olmayan sözlərdən təşkil tapıb. Unutma! Səni ətrafındakılar daha yaxşı tanıyır. Sənin üzünə gülənlər də, nifrətlə baxanlar da, dəbdəbəli sözlərlə səni tərif edənlər də, son qəpiyini belə verərkən “Allah balanı saxlasın” deyənlər də səni necə varsan elə də tanıyır. Hətta səni indi olmasa da vaxt gələcək öz övladın da tanıyacaq və sənə nifrət edəcək. Ona yedirtdiklərinin, içirtdiklərinin, geydirdiklərinin özgə malı olduğunu bildiyi üçün sənə nifrət edəcəkdir.

Mən səni və sənin kimiləri görənədək qanunun aliliyinə, məhkəmələrin ədalətinə necə də inanırdım?! Ədalət haqqında neçə məqalələr oxumuş, mahnılar dinləmiş, kitablar vərəqləmişdim. Sən mənim bu ülvi hisslərimi özünün alçaqlığınla, tamahınla darmadağın etdin. Səni tanıdığım an oxuduqlarımla gördüklərim arasındakı uçurumun nəhəngliyinə təəccüblənmiş, ondan heyrətə gəlmişəm. Əslində sən sənin haqqında yazılmayacaq qədər şərəfsizsən. Bu yazı sənin qaraltdığın dünyaların, axıtdığın qanların təcəssümüdür. Yox, bu yazı deyil, bu bir ovuc qandır. Qoy bu bir ovuc qan sənin şər, böhtan, nahaq qərarlar və hökmlər verərkən qələm tutan əllərinə tökülsün. Qoy indən sonra bir sətir belə nahaq yazmaq istəyəndə əllərində qan ləkələri görünsün.

Sənə sözüm çox olsa da, oxucuların “çox oldu” deməsindən qorxuram. Bir də ki, səndən fərqli olaraq mən həmişə qanunlara riayət etmişəm. Yazıların da yazılmayan qanunları var deyə, burda yekunlaşdırıram.

Bu yazının müəllifinin adı yazılan yerə çox istərdim ki, “Hakimlərin Vicdanı” yazılsın, lakin fikirləşdim ki, deyərsən qorxdu, çəkindi, öz adını yazmadı. Odur ki, öz adımı yazıram. VÜQAR! İşdir bu sətirləri oxusan, yığdığın milyonlardan bir balaca xərcləyib yandır məni, ağlatdır məni, bağlatdır məni. Sənə də bu yaraşar. Rüşvətxor!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Doqquzuncu imam imam həzrət Məhəmməd Təqi (ə)
İmam Əliyyibnil-Hüseyn Zeynül-abidin (əleyhissəlam)
Müqəddəs Quran və əsas insan haqları (3)
MÜHARIBƏDƏN QAÇMAQ
İmam Səccadın(ə) şəhadət günü
YƏ᾽QUB İBNİ İSHAQ
İlahi bərəkəti cəlb etməyin 8 yolu
BU SUALLARIN IZAHI
ÜÇÜNCÜ HEKAYƏT
İslamda əsas hədis qaynaqları

 
user comment