Azəri
Saturday 27th of April 2024
0
نفر 0

Xəlvət

 
Allah-taala xəlvət barəsində buyurur: “Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi (və ya aldatdığı) kəsləri boşla getsinlər.”
Həqiqi elmlərdə sübuta yetmişdir ki, ilahi feyzi qəbul etməyə iste`dadı olan hər bir zat, nə qədər ki, bu iste`dad var və maneə yoxdur, həmin feyzdən məhrum olmayacaqdır. İlahi feyzi o kəs tələb edə bilər ki, iki işdən agah olmuş olsun və bu agahlığı bütün hallarda həmin feyzin qəbulu iste`dadı ilə yanaşı saxlamış olsun.
1. Bilməlidir ki, qəti və şəksiz ilahi feyz var.
2. Bilməlidir ki, hər kəsdə o feyz olsa, [həmin feyz] o şəxsin kamalının zəminəsi olacaqdır.
Seyri-sülukün mühüm maneələri
Bu müqəddimə aydın olandan sonra xatırlatmalıyıq ki, kamal tələbində olan şəxs ilahi feyz iste`dadına yiyələndikdən sonra [seyri-süluk] yolunda maneələrin aradan qaldırılmasına başlamalıdır. Bu maneələrin ən başlıcası məcazi məşğələlərdir ki, insanı Allahdan qeyri şeylərlə məşğul etməklə onu həqiqi məqsədə tam diqqət yetirməkdən saxlayır. İnsanı məşğul edən böyük maneələr ibarətdir:
1. Zahiri hisslər;
2. Batini hisslər;
3. Heyvani qüvvələr;
4. Məcazi fikirlər.
“Zahiri hisslər” [məsələn,] gözün görməsiylə insanı özünə çəkən mənzərələr, qulağın eşitməsiylə insanı yerindən oynadan səslər və həmçinin [burunla duyulan] xoş qoxular, [dadbilmə hissi ilə duyulan ləziz] yeməklər və [toxunmaqla] ləms edilənlər – insanı [əsas hədəfdən yayındırıb] özünə məşğul edən məşğuliyyətlərdir.
“Batini hisslər” [məsələn,] məhəbbətə, nifrətə, [müxtəlif] surət və hallara və bu kimi şeylərə nisbətdə yaranan xəyal və vahimələr və ya keçmiş xatirələrin xəyalda canlanması və ya mal-dövlət, vəzifə kimi cazibəli görünəcək işlərdə fikrə dalmaq insanı özünə məşğul edən məşğuliyyətlərdir.
“Heyvani qüvvələr” [məsələn,] qorxu, qəm, qəzəb, şəhvət, xəyanət, xəcalət, [yersiz] qeyrət, [düzgün olmayan] rəqabətlər, acı hadisələrdən pəhriz etmək insanın məşğuliyyətinə səbəb olur.
“Məcazi fikirlər” [məsələn,] mühüm olmayan işlərdə və faydasız elmlərdə təfəkkür insanın məşğələsinə çevrilir.
Xülasə, insanın yersiz [məşğuliyyətinə,] kamalı yolunda hicaba səbəb olacaq bu kimi işlər maneə sayılır. “Xəlvət” bu cür maneələrin aradan qaldırılmasından ibarətdir. Beləliklə, xəlvət sahibi elə bir yer seçməlidir ki, zahiri və batini hisslər onu özünə məşğul edə bilməsin və heyvani qüvvələri də tərbiyə etməlidir ki, onu həmin qüvvələrə xoş gələn şeylərin cəzbinə və xoş gəlməyən şeylərin dəfinə təhrik etməsin. Məcazi fikirlərdən də külli olaraq üz döndərməlidir, çünki bu cür fikirlərin hamısı sonra fani dünyanın məsləhətinə görə olur, amma axirət məsləhəti bilinən işlərin sonu, insan ruhunda əbədi qalacaq ləzzətlərin əldə edilməsidir. [Salik] zahiri və batini maneələri, insanı Allahdan qeyri işlərə məşğul edən amilləri aradan qaldırdıqdan sonra bütün bacarığını, iradəsini işə salıb qeybi töfhələri və həqiqi zehniyyəti, yə`ni təfəkkürü – ki, ayrıca fəsildə zikr olunacaq – ələ gətirməyə çalışmalıdır.

İkinci fəsil
Təfəkkür
Allah-taala təfəkkür barəsində buyurur: “Məgər onlar öz-özlərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq haqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi?”  Hərçənd “təfəkkür” üçün çoxlu mə`nalar söyləmişlər, amma onların hamısının xülasəsi bir cümlədə öz əksini tapır və o da budur ki: Təfəkkür, yə`ni insaniyyət batininin məbdədən məqsədə doğru seyri və alimlərin istilahında “nəzər” də bu mə`nadadır. Heç kəs seyr etmədən nöqsan mərtəbəsindən kamal mərtəbəsinə yetişə bilməz. Buna görə də demişlər: “İlkin vacib, təfəkkür və nəzərdir”. Qur`ani-məciddə də təfəkkürə təşviq edən ayələr çoxdur, onların hamısını [burada] saymaq mümkün deyil. Misal olaraq: “Həqiqətən, bunda (bu yaradılışda) təfəkkür edən bir qövm üçün ibrətlər vardır!”
Hədisdə deyilir: “Bir saatlıq düşüncə və təfəkkür yetmiş illik ibadətdən üstündür.”
Onu da deyək ki, seyrin məbdəsi, yə`ni haqqa doğru hərəkətin başlanğıc yeri varlıq aləmi və insanın vücududur. Və seyr bu mə`nadadır ki, afaqi və ənfusi ayələr,  yə`ni varlıq aləminin hər zərrəsinin zərrəsində və insanın vücudunda tapılan hikmətlər onları Yaradanın əzəmət və kamalına bir nişanə olsun ki, bununla da ilahinin başlanğıc nuru hər bir zərrədə müşahidə edilsin: “Onun (Qur`anın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, (varlıq aləmində) həm də onların öz vücudunda mütləq göstərəcəyik...”
Ondan sonra aydın olur ki, Allahın müqəddəs vücudu Ondan qeyri hər bir şeyə və bu minvalla varlıq aləminin hər bir zərrəsində Onun zühurunun təcəllisinə şəhadət və nəzarət edir: (Ya Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?!”
“Afaq ayələri” –mövcudatın (Allahdan qeyri hər bir şey) həqiqi dərkindən və bəşərin gücü həddində onların hər birinin vücudunun fəlsəfi anlamından ibarətdir. Bu dərk, asimanlar, ulduzlar, səma cisimlərinin hərəkəti, vəziyyəti və miqdarı, onların ölçüsü və təsirləri haqqında bəhs edən astronomiya elmi yolu ilə, həmçinin ünsürlərin tərkibi, malik olduqları keyfiyyət və surətləri əsasında təsir və əks təsirlərindən, ünsürlərin hasil olmasının keyfiyyətindən, bərk cisimlərin (mə`dən filizləri), bitkilərin, heyvanların tərkibindən bəhs edən təbiətşünaslıq elmi yolu ilə və eləcə də göy və yer mövcudatını, başlanğıc hərəkətini, tə`sir və əks tə`sirlərini, onların xüsusiyyət və müştərək yönləri və ədəd, riyaziyyat elmi və onlara aid bölmələr kimi elmləri öyrənmək yolu ilə ələ gəlir. Bunların hamısının dərki “afaq ayələri” adlandırılır.
Və amma “ənfus ayələri” təşrih elmi (fiziologiya və psixologiya) vasitəsilə cismin və ruhun (fiziki və psixoloji) dərkindən ibarətdir. İnsan cismi sümüklər, əzələlər, sinir sistemi və damarlar kimi tək (sadə) üzvlərə, əmr verib, əmr alan üzvlər kimi mürəkkəb üzvlərə malikdir ki, onların hər biri [müxtəlif]alət və vasitələrə, qüvvələrə, xüsusi vəzifələrə, sağlamlıq və xəstəlik kimi halətlərə yiyəlik edirlər. Həmçinin insan ruhu cismlə əlaqədə təsir və əks təsirlərə, nöqsan və kamala, dünya və axirətə nisbətdə xoşbəxtliyə və bədbəxtliyə malikdir. Bunların hamısının dərki “ənfus ayələri” adlandırılır. Bura qədər dediklərimiz seyrin başlanğıcıdır və öndə gələn “təfəkkür” afaq və ənfus ayələrinin dərkindən ibarətdir. Amma kamalın ən ali mərtəbəsinə yetişməkdən ibarət olan seyrin sonu və məqsədi haqqında axırıncı fəsil və bablarda söhbət açacağıq.
Üçüncü fəsil
Xof və hüzn
Allah-taala xof və hüzn haqqında buyurur: “Əgər mö`minsinizsə, Məndən qorxun!”
Üləma [xov və hüznün fərqi barədə] demişdir: “Hüzn əldən çıxmış bir şeyə nisbətdə olan qəm-qüssədir. Xof gözlənilən bir şeyə nisbətdə olan qorxudur.”
Deməli “hüzn”, baş vermiş və qayıtması qeyri-mümkün olan acı bir hadisəyə nisbətdə və ya bir fürsətin, ya da düzəlməsi mümkün olmayan yaxşı bir işin əldən çıxmasına nisbətdə [yaranan] qəlbi narahatçılıqdan ibarətdir. Və amma “xof”, baş verməsi gözlənilən və onu yaradacaq amillərin ortaya çıxması mümkün olan acı bir hadisəyə nisbətdə və ya yaxşı bir işin əldən çıxmasına görə ki, sonradan düzəlməsi mümkün deyil – olan nigarançılığa nisbətdə keçirilən qəlbi narahatçılıqdan ibarətdir. Beləliklə, əgər belə bir işin yaranmasına səbəb olacaq amillərin üzə çıxması qəti olsa  və ya yaranmasına böyük bir ehtimal verilirsə bunu “məkruh intizar” adlandırırlar. Bu intizar ağır narahatçılıqlara səbəb olacaqdır. Amma belə bir işin baş vermə amilləri qəti olması və ancaq onun yarana bilmə fikri narahatçılığa səbəb olsa onun səbəbi “malixuliya”dır.
Və amma saliklərin “xof” və “hüznü” faydasız olmaz, çünki hüzn əgər günaha batmaq, ya itaətdən və ibadətdən uzaq düşmüş ömürün hədərə getməsi və ya seyri-süluku və kamalı tərk etmək üzündən olsa, belə hüzn insanın tövbə etməyə qərar çıxarmasına səbəb olacaqdır.
Xof əgər günaha batmaq, nöqsana düçar olmaq və yaxşıların dərəcəsinə çata bilməmək üzündən olsa, yaxşı işlər görməkdə sə`y etməyə, kamal yolunda irəliyə can atmağa səbəb olacaqdır.
“Allah öz bəndələrini bununla qorxudur.” 
Seyri-süluk məqamında xofu və hüznü olmayan kəs, ürəyi daşlaşmış, qəsavət basmış adamdır.
“Elə isə vay qəlbləri Allahın zikrinə (Qur`ana) qarşı sərt olanların halına! Onlar (haqq yoldan) açıq-aydın azmışlar.”
Xofun aradan getməsilə seyri-süluk əsnasında hiss edilən hər cür əmin-amanlıq həlak olmağa səbəb olacaqdır. “Allahın məkrindən, (onları dolaşdırıb bəla toruna salmayacağına) əmin idilərmi? Allahın məkrindən özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!”
Amma kamal əhli artıq belə bir xof və hüznə möhtac olmazlar.
“Bilin ki, Allah dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.”
Xof, xəşiyyət və rəhbətin  fərqi. Baxmayaraq ki, lüğət baxımından xof və xəşiyyət bir mənadadır, amma seyri-süluk əhlinin istilahında onlar arasında fərq vardır. Çünki xəşiyyət alimlərə nisbət verilir, necə ki, Allah bu ayədə buyurur: “Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar...”
Cənnət də xəşiyyət əhlinə məxsusdur: “Bu (cənnət) Rəbbindən qorxanlar üçündür” 
Amma onların xofu olmaz: “Onlar qəm-qüssə görməzlər”
Deməli xəşiyyət o qorxudur ki, Haqq-taalanın əzəmət və heybətini dərk etmək, öz nöqsanından xəbərdar olmaq, Haqqa bəndəlikdə qusurlu olmaq və ya übudiyyətdə ədəb-ərkanın tərk edilməsi ehtimalı, ya ibadətdə boşluğa yer vermək səbəbilə yaranır. Buna görə də xəşiyyət xofun xüsusi bir növüdür. Bu ayənin buyurduğu: “Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxarlar.”   – [məsəli də] dediklərimizə bir dəlildir. Və amma rəhbət məna baxımından xəşiyyətə yaxındır: Rəbbindən qorxanlar doğru yola və mərhəmətə nail olacaqlar.”  Salik riza dərəcəsinə çatdığında onun xofu əmin-amanlığa çevrilər.
“İman gətirib imanlarını zülmə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!”
Nə acı bir işdən nigaran olarlar, nə də xoş bir işə rəğbət göstərərlər. Bu əmin-amanlıq kamalın səbəbinə olur, [çünki] öncə söylədiyimiz əmin-amanlıq nöqsana görə idi. Bu əmin-amanlığa sahib olanın xəşiyyəti də olur, o vaxta qədər ki, vəhdət nəzəri təcəlla tapır və belə olan halda xəşiyyətdən də bir əsər-əlamət qalmır, çünki xəşiyyət kəsrətin  tələblərindəndir.
Dörcüncü fəsil
Rəca`
Allah-taala rəca` barəsində buyurur: “Həqiqətən, Allaha iman gətirənlər, (Məkkədən Mədinəyə)  köçüb gələn və Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar.”
Əgər bir şəxs gələcək zamanda baş verəcək yaxşı bir işin intizarında olub bu ümidlə həmin yaxşı işin müqəddiməsi üçün çalışsa, nəticədə əldə edəcəyi şeyin təsəvvüründən və intizarından qəlbində bir növ fərəh, sevinc hissi baş qaldıracaqdır ki, [bu batini fərəhə] rəca` deyirlər. Əgər qəti olaraq müqəddiməni əldə etmiş olsa və bilsə ki, onun istəyi gələcəkdə hasil olacaqdır, onu “mətlub intizar” adlandırırlar. Belə olan halda [bu halın] fərəhi və sevinci də çox olacaqdır. Əgər müqəddimənin əldə edilməsinə yəqini və zənni olmasa, [amma istəyini əldə edəcəyinə ümidi olsa] bu intizarı “təmənna” adlandırırlar. Əgər qəti olaraq bilsə ki, müqəddimənin əldə edilməsi qeyri mümkündür və [bununla belə] istəyinin intizarında olsa, bu cür ümid qurur və axmaqlıq babından sayılar.
Xof və rəca`
Xof və rəca` bir-birinin qarşılığıdır. (mütəqabil) Seyri-süluk məqamında, xofda olduğu kimi rəcanın da çoxlu faydaları vardır. Çünki rəca kamal dərəcəsində tərəqqiyə, mətləbə çatmaq yolunda sür`ətə bais olur. Necə ki, Allah-taala buyurur: “ Kasad olmayacaq bir ticarət umarlar ki, (Allah) onlara (əməllərinin) mükafatını versin və Öz lütfündən onlara artırsın!” 
Həmçinin rəca` [salikin] Allah-taalanın əfv və məğfirətinə xoşgüman olmasına və Onun rəhmətinə e`timad göstərməsinə zəmin yaradır: “Onlar Allahın rəhmətinə ümidvardırlar.”
Və amma həmin ümidin əsasında mətləbə çatmaq barədə [Allah-taala Həzrət Musaya (ə) xitabən] buyurmuşdur:   انا عند ظن عبدی بی
“Mən bəndəmin (Mənə etdiyi) gümanına uyğun hərəkət edirəm.” 
Bu məqamda rəca`nın olmaması bədbinliyə və ümidsizliyə səbəb olur, belə ki, Allah-taala buyurur: “Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!”
İblis də həmin ümidsizliyə görə əbədi lə`nətə gəlmişdir. [Ona görə də]:
“Allahın rəhmətindən ümidsiz olmayın.”
Amma elə ki, salik mə`rifət dərəcəsinə çatdı onun rəc`sı sona yetər,çünki artıq bilir ki, görməli olacaq işi görmüşdür, görməli olmayacaq işi görməmişdir. Bu təsəvvürlə, əgər onda rəca` yeri qalmış olsa, bu ya olmalılara və ya olmamalılara olan cəhalət üzündəndir, ya da bütün səbəblərin Səbəbkarına olan şikayətə görədir ki, niyə mətləbinə çatmayıbdır.
Əvvəlki fəsildən və bu fəsildən məlum oldu ki, salik nə qədər ki, [məqsədə yetməyib,] yoldadır, xof və rəca` halı ondan əskik olmaz: “(Onlar...) qorxu və ümid içində Rəbbinə dua edərlər...”
Çünki rəhmət və qəzəb ayələrini eşitmək, nöqsan və kamalın dəlillərindən agahlıq və hər birinin digərinin yerinə zühur etməsi ehtimalı və yolun sonunda məqsədə çatmaqdan məhrum olma və məqsədə yetmə ehtimalı – bütün bunlar rəca` və xofa səbəb olurlar və bir tərəfin digər tərəfdən əskik və ya üstün olması imkansızdır. Elə buna görə də demişlər: “Əgər mö`minin xof və ümidini tərəziyə vursanız, bərabər gələcəkdir.” Çünki rəca` xofdan artıq gəlsə yersiz əmin-amanlığa səbəb olacaqdır: “Məgər Allahın məkrindən əmin idilərmi?”
Əgər xof rəca`dan üstün olsa məhvedici  bədbinliyə və ümidsizliyə səbəb olacaqdır: “Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!”
Beşinci fəsil
Səbir
Allah-taala səbir barəsində buyurur: “Səbir edin, çünki Allah səbir edənlərlədir!”
Səbir lüğətdə, xoşagəlməz bir hadisə baş verdiyində insanların qərarsızlıqdan, səbirsizlikdən özünü saxlaya bilməsidir. Səbir edəndə insan qəlbini iztirabdan, dilini şikayətdən, bədən üzvlərini (artıq) hərəkətdən qorumuş olur.
Səbirin növləri
Səbir üç növdür:
1. “Avam səbiri”. Bu, insanların özünü sün`i olaraq, yalandan səbirli göstərməsidir ki, zahirdə camaat, aqillər onu görüb bəyənsin: “Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə xəbərsizdirlər.”
2 – “Zahidlərin, abidlərin, təqvalıların, helm sahiblərinin səbiri” ki, axirət savabına çatmaq xatirinə olar: “Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbir edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!”
3 – “Ariflərin səbiri.” Ariflərdən bə`ziləri [onlara üz vermiş] acı müsibətlərdən ləzzət alarlar, çünki fikirləşərlər ki, Allah-taala onları bu bəlalara mübtəla etməklə digər bəndələrdən üstün qılmışdır və onlara xüsusi diqqət yetirmişdir: “Səbir edən şəxslərə müjdə ver? O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allaha məxsusuq və (vaxtı gələndə) Onun yanına qayıdacağıq!” deyirlər.”
Səbir haqqında bir hekayə
Əsərlərin birində deyilir ki, Peyğəmbərin (s) böyük səhabələrindən biri olan Cabir bin Abdullah Ənsari ömrünün axır çağlarında zəifləyib əldən düşmüş idi. Həzrət Baqir (ə) ona baş çəkməyə gedir və əhvalını soruşur, Cabir deyir: “Elə bir haldayam ki, qocalığı cavanlıqdan, xəstəliyi sağlamlıqdan, ölümü həyatdan daha çox sevirəm!” İmam Baqir (ə) deyir: “Mən beləyəm ki, əgər Allah məni qoca görmək istəsə, qocalığı daha çox sevərəm, əgər cavan görmək istəsə, cavanlığı daha çox sevərəm, əgər xəstə görmək istəsə, xəstəliyi, sağlam görmək istəsə, sağlamlığı daha çox sevərəm, əgər ölüm versə, ölümü, həyat bağışlasa, həyatı daha çox istəyərəm”. Elə ki, Cabir bu sözləri eşitdi, qalxıb o Həzrətin (ə) alnından öpdü və dedi: “Allahın rəsulu (s) düz deyirmiş ki, [ölməyib] mənim adımı daşıyan övladlarımdan birini görəcəksən. İnək yeri yardığı kimi, o da elmi yarar.”    و هو یبقر العلم بقـرا کما ...
Bu səbəbdən də onu “əvvəlinci və axırıncı elmləri yaran” adlandırmışlar. Dediyimiz dərəcələrə diqqət yetirməklə mə`lum olur ki, Cabir səbir əhlinin dərəcəsində imiş və Həzrət Baqir (ə) isə riza mərtəbəsində. Riza məqamının şərhi sonra veriləcəkdir, inşaallah.
Altıncı fəsil
Şükür
Allah-taala şükür barəsində buyurur: “Şükür edənləri, əlbəttə mükafatlandıracağıq!”
“Şükür” lüğətdə, ne`mət sahibinə, onun verdiyi ne`mətləri müqabilində qədirdanlıq, təşəkkür mə`nasındadır. Ən böyük ne`mətlər, bəlkə onların hamısı Allah tərəfindən olduğu üçün, ən yaxşı iş də Allaha şükürlə məşğul olmaq olacaqdır. Şükür etmək üç surətdə olur:
1. Ne`mətin dərki ki, afaq (dünya) və ənfusa (insan) şamil olur.
2. O ne`mətlərin əldə edilməsindən hasil olan şadlıq və sevinc.
3. İmkan daxilində ne`mət sahibinin razılığını əldə etməyə səy etmək. Bu razılığın əldə edilməsi, qəlbdə Ona olan məhəbbətlə, dildə və əməldə Allaha layiq şəkildə şükür etməklə, istər ibadətlə, istər itaətlə və istər də öz acizliyinə e`tiraf etməklə olsun, ne`mət sahibinin razılığını cəlb etməyə çalışmaqla hasil olur. Allah-taala buyurur: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan ne`mətimi) artıracağam.”  Rəvayətdə deyilir ki: “İmanın yarısı səbir, o biri yarısı şükürdür.” Çünki salik həmişə iki haldan xaric deyil, ya xoşagəlməz bir işlə qarşı-qarşıyadır, ya da xoşagəlimli bir işlə üz-üzədir. Deməli xoşagəlimli işə görə şükür etməli, xoşagəlməz işə görə isə səbir etməlidir. Səbirin qarşısında səbirsizlik, qərarsızlıq durduğu kimi, şükürün də qarşısında küfr (nankorluq) dayanır. Küfr, küfranın bir növü sayılır: “Əgər nankorluq etsəniz, (unutmayın ki,) Mənim əzabım, həqiqətən şiddətlidir!”
Buradan mə`lum olur ki, şükürün dərəcəsi, səbirin dərəcəsindən üstündür; çünki, şükür həm ürəklə, həm dillə, həm də başqa bədən üzvləri ilə olur və bütün bunların özü də Allahın ne`mətləridir. Şükür etmək üçün bu ne`mətlərdən istifadə edə bilmənin özü də başqa bir ne`mətdir. Beləliklə, əgər, hər bir ne`mətə şükür etmək istəsə, həmin ne`mətə şükür edə bildiyi üçün də başqa bir şükür etməlidir ki, [bu minvalla] söz uzunluğa çəkər. Elə ən yaxşısı budur ki, şükürün əvvəli və axırı acizliyə, zəifliyə e`tirafla yanaşı olsun. Şükürü yerinə yetirməkdə aciz olduğuna e`tiraf etməyin özü böyük bir şükürdür, necə ki, sitayiş etməkdə acizliyə e`tiraf etmək böyük sitayişdir. Buna görə də demişlər: “Sənə sitayişi saymaq imkansızdır, Sən elə bilirsən ki, Özün-Özünü sitayiş etmişsən və Sən, Sənin haqqında deyilənlərdən üstünsən.”
Təslim əhli üçün şükür tamamlanmışdır, çünki şükür, ilahi ne`mətlərin əvəzini ödəməyə şamil olur. O kəs ki, bəndəlik məqamında özünü görmür, bəs, necə ola bilər ki, hər şeyin Özü olan Allahın qarşısında zahir olsun?! Buna görə də şükürün ən son nöqtəsi odur ki, şükür edən həm özünü, həm də ne`mət sahibini vücuda malik bilsin.
 
DÖRDÜNCÜ BAB

 

 


Hərəkət əsnasında, məqsədə yetənə qədər salik üçün baş verəcək halları zikr edər. Bu bab altı fəsildən ibarətdir:
Birinci fəsil  – İradə.
İkinci fəsil – Şövq.
Üçüncü fəsil – Məhəbbət.
Dördüncü fəsil – Mə`rifət.
Beşinci fəsil – Yəqin.
Altıncı fəsil – Sükun.
Birinci fəsil
İradə
Allah-taala iradə barəsində buyurur: “Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar.” 
“İradə” fars dilində istəmək mə`nasındadır və o üç şeyə əsaslanır:
1. Muradın dərki.
2. Muradda olan kamalın dərki.
3. Muradın yoxluğu.
Deməli, əgər, murad elə bir iş olsa ki, [hələlik mövcud deyil, amma] onu əldə etmək mümkündür, bir halda ki, iradə qüdrətlə yanaşı olsa, murad əldə ediləcək.
Və əgər, murad elə bir iş olsa ki, mövcud və hasil olub, amma hazır olmasa, iradə və qüdrət murada qovuşmağa səbəb olacaqlar, [bu fərqlə ki,] əgər onun qovuşmasında bir durğunluq yaransa, iradə insanda bir hal yaradacaqdır ki, ona “şövq” deyərlər. Şövq [həmişə] vüsaldan qabaq olur. Əgər vüsal tədrici olsa, elə ki, (mətləbə) qovuşmağın bir nişanəsi göründü, o hala “məhəbbət” deyərlər. Məhəbbətin dərəcələri vardır ki, onun ən axırıncı dərəcəsi kamil vüsal və hərəkətin sonu olar.
Və amma iradə bir e`tibarla sülükla yanaşı, başqa bir e`tibarla sülükun zəminəsidir. Çünki bir tərəfdən kamalın tələbində olmaq bir növ iradədir, başqa bir tərəfdən əgər vüsala yetmək səbəbilə və ya vüsaldan imtina edəcəyinə olan elmi ilə iradə aradan getsə, [o zaman] hərəkət də dayanacaqdır. [Əlbəttə] sülukla yanaşı olan iradə nöqsan əhlinə məxsusdur, amma kamal əhlinin iradəsi [belə olmayıb] eyni kamal və məhz murad olar.
Bu barədə bir rəvayət
Hədisdə deyilir ki, cənnətdə bir ağac vardır ki, onu “Tuba”  adlandırırlar. Hər kəsin nə muradı olsa həmin ağac həmin anda onu öz muradına çatdırar. Həmçinin demişlər ki, insanların bə`zisi bu dünyadakı itaətlərinin savabını axirətdə görəcəklər, [halbuki] bə`zi adamların savabı onların əməllərinin eyni olar. Bu söz ona dəlalət edir ki, bə`zi adamların iradəsi, eyni onların muradıdır. Çünki, sülukda riza mərhələsinə çatan kəsin özündən bir iradəsi olmaz. Bu mərhələnin tələbində olan böyük şəxsiyyətlərdən biri belə deyir: “Əgər məndən soruşsalar ki, nə istəyirsən? Deyərəm: “İstəyirəm ki, heç nə istəməyim.”
İkinci fəsil
Şövq
Allah-taala şövq barəsində buyurur: “Və elm verilən kəslər də bilsinlər ki, haqq (Qur`an) sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun.”
“Şövq” böyük iradə tələb edən və ayrılıq dərdi ilə yoğrulmuş bir məhəbbətdən alınan ləzzətdir. Süluk halında şiddətli iradədən sonra şövq zəruridir. Çox vaxt sülukdan qabaq mətləbin kamalı haqqında bilik əldə ediləndə, şövq də hasil olur. Salik sülukda nə qədər irəliləmiş olsa, onun şövqü də bir o qədər artıb, səbiri isə azalacaqdır və nəhayət bu gedişlə mətləbə çatar və bundan sonra artıq onun ləzzətində qəmdən və ayrılıq dərdindən əsər qalmaz və [beləliklə də] şövq sona yetər. Çox vaxt təriqət böyükləri məhbubun müşahidəsini şövq adlandırırlar. Ona görə ki, onların mətləbi ittihad olar ki, o mərtəbəyə də hələlik çatmamışlar.
Üçüncü fəsil
Məhəbbət
Allah-taala məhəbbət barəsində buyurur: “İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir.”
“Məhəbbət”, bir kamalın əldə edilməsinə, ya xəyali bir kamalın hasil olmasına və ya idrak oluna biləcək qəti bir işə nisbətdə yaranan şadlıq, xoş əhval-ruhiyyə mə`nasındadır.
Başqa ibarətlə, məhəbbət insanın ləzzət, ya kamal güman etdiyi bir şeyə meyl etməsidir. Çünki, ləzzət insana xoş gələn bir idrak, yə`ni kamala qovuşmaq olduğu üçün, məhəbbətdə də ləzzət və ya ləzzətin təxəyyülü olmamış deyil.
Məhəbbət [dərəcəsinə görə] şiddətli və zəif olur. Onun ilk dərəcəsi iradədir, çünki iradəsiz məhəbbət yoxdur. Ondan sonra [gələn dərəcə] şövqlə yanaşı gələn iradədir və sonrakı mərhələ o yerdədir ki, iradə və şövq murada qovuşmağa səbəb olsunlar ki, belə olan halda məhəbbət daha çox şiddətlənir. Nə qədər ki, insan və onun mətləbi arasında fasilə var, məhəbbət də olacaqdır və eşq, ifrat məhəbbət mə`nasındadır.
Ola bilsin insan və mətləbi [həqiqətdə] müttəhid olsun, amma bir e`tibarla aralarında fasilə olsun. Nə zaman bu e`tibar aradan qalxsa, [onda] məhəbbət də sona yetəcəkdir. Deməli məhəbbətin sonu ittihaddır.
Məhəbbət haqqında filosofların nəzəri
Filosoflar demişlər: Məhəbbət ya fitridir, ya da [sonradan] qazanılan (kəsb edilən). Fitri məhəbbət bütün kainatda mövcuddur. [Məsələn,] fələkdə (planetdə) onun hərəkətinə səbəb olan məhəbbət vardır. Məkana və çəkiyə, miqdar, tə`sir və əks tə`sir kimi digər təbii hallara meyl edən hər ünsürdə və həmçinin, maqnitdə olan cəzbetmə qüvvəsi kimi – tərkibatda da məhəbbət vardır. Bitkilərdə məhəbbət tərkibatda olduğundan daha çoxdur, çünki inkişaf etmək, qidalanmaq, toxum vermək və növünu qorumaq qabiliyyətinə malikdirlər. Heyvanlarda [olan məhəbbət hissi] bitkilərdən daha çoxdur, çünki onlarda öz həmnövünə qarşı olan üns, ülfət, cinsi meyillilik, balalarına olan əlaqə, məhəbbət bitkilərdə yoxdur.
Və amma, insanlarda məhəbbət daha çox qeyri-fitri, kəsb edilmədir. Və onun insanda mövcud olmasının səbəbi üç şeydir:
1. “Ləzzət” – istər cismani olsun, istər qeyri-cisman, istər təxəyyülü olsun, istər həqiqi.
2. “Mənfəət”  – bu da, ya məcazidir, məsələn dünyəvi məhəbbət kimi ki, onun mənfəəti bil-ərəz olar, ya da həqiqi ki, onun mənfəəti biz-zat  olar.
3. “Cövhəri oxşarlıq” ki, bunun özü iki növdür: 1. Ümumi cövhəri oxşarlıq, məsələn, bir-birinin əxlaqından, rəftarından razı və şad olan iki nəfərin xasiyyəti və əxlaqı arasındakı oxşarlıq kimi.  “2. Xüsusi cövhəri oxşarlıq, məsələn, haqq əhli arasında olan oxşarlıq kimi ki, hamısı Mütləq Kamaldan kamal kəsb etməkdədirlər.
Ola bilsin məhəbbətin səbəbi yuxarıda dediyimiz səbəblərdən ikisinin və ya üçünün birləşməsindən (mürəkkəb şəkildə) olsun (yə`ni həm ləzzət, həm mənfəət, həm oxşarlıq – birlikdə məhəbbətin yaranmasına səbəb olsun) Əlbəttə, mə`rifətə, idraka əsaslanan məhəbbət də vardır. Necə ki, arifə ləzzət, mənfəət və bütün xeyirlər Mütləq Kamil tərəfindən çatdığı üçün, Ona məhəbbət göstərir. Bu məhəbbət digər məhəbbətlərdən üstün olur. Bu ayənin mənası: “Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir.”  – burada aydın olur.
Məhəbbət haqqında zövq əhlinin nəzəri
Zövq əhli  demişdir: Ümid, qorxu, şövq, üns, şadlıq, təvəkkül, riza və təslim – bunlar hamısı məhəbbət üçün lazım bilinən şeylərdir, çünki məhəbbət, məhbubun rəhmətinin təsəvvürü ilə “ümidi” zəruri edir, Onun heybətinin təsəvvürü ilə “qorxunu” zəruri edir, Ona qovuşmazlığın  təsəvvürü ilə “şövqü”, Ona qovuşmağın təsəvvürü ilə “ünsü”, ifrat ünsiyyətin təsəvvürü ilə “şadlığı”, inayətə arxayınlığın təsəvvürü ilə “təvəkkülü”, məhbubdan gələn hər bir şeyin gözəl olduğunun təsəvvürü ilə “rizanı”, özünün aciz, qüsurlu olduğunun, Onun [məhbubun isə] kamalının, əhatəsinin və qüdrətinin təsəvvürü ilə “təslimi” zəruri edir.
Xülasə, həqiqi məhəbbətin bir həddi də təslimdir. Bu o zaman olur ki, insan öz məhbubunu Mütləq hakim, özünü isə mütləq məhkum bilsin. Həqiqi aşiqin bir həddi də fənadır. Bu o zaman olur ki, aşiq bütün şeyləri mə`şuqda görür və özünü görmür. Əgər bir kəs bu məqama çatsa, Allahdan qeyri bütün şeylər onun gözündə hicab [hesab] olunacaqdır. Beləliklə, onun seyri-sülukunun nəhayəti bu olar ki, bütün şeylərdən üz çevirib [yalnız] diqqətini Ona yönəltsin. “Bütün işlər axırda Ona (Allaha) qayıdacaqdır.”
Dördüncü fəsil
Mə`rifət

Allah-taala mə`rifət haqqında buyurur: “Allah şahidlik etdi ki, Özündən başqa heç bir tanrı yoxdur. Mələklər və haqq-ədalətdən ayrılmayan elm sahibləri də O mütləq qüvvət, hikmət sahibindən başqa heç bir tanrı olmadığına şahidlik etdilər.”
“Mə`rifət” fars dilində idrak mə`nasındadır. Burada mə`rifət dedikdə, Allahı dərkin ən yüksək mərtəbəsi nəzərdə tutulur. Çünki Allahıdərkin çoxlu mərtəbələri vardır. Mə`rifətin mərtəbələri atəşin şö`ləsi kimidir ki, bə`ziləri ancaq onun adını eşitmişlər ki, yandırıb-yaxan bir mövcuddur; ona çatan hər bir şey yanır, onun nişanəsi düşdüyü hər bir şeydə zahir olur, ondan nə qədər götürsən, azalmaz, ondan ayrılan hər bir şey, onun təbiətinin ziddinə olacaqdır. Bu mövcud atəş adlanır.
Allahın dərkində də bə`ziləri bu həddədirlər ki, onlara “müqəllidlər” deyərlər, necə ki, bə`zi adamlar böyük adamların mə`rifət haqqında söylədikləri sözləri qəbul edərlər, amma qəbul etdiklərinə dəlilləri olmaz. Mə`rifətin (bundan) bir pillə yuxarı mərtəbəsinə qalxmış bə`ziləri o kəslərə bənzəyərlər ki, atəşin tüstüsü onlara çatmışdır və bilirlər ki, bu tüstü [hökmən] bir yerdən qalxır. Buna görə də nişanəsi tüstü olan mövcudun (atəşin) varlığına hökm edərlər. İlahi mə`rifətdə də bu mərtəbəyə yüksəlmiş kəslərə “nəzər əhli”  deyərlər. Nəzər əhli qəti dəlillərlə bilərlər ki, Yaradan, Qur`an vardır, çünki Onun qüdrət nişanələrini Onun varlığına dəlil bilərlər.
Bu mərətbədən yüksəkdə o kəslər olarlar ki, atəşə yaxın oturmaqla onun hərarətini hiss edərlər və ondan bəhrələnərlər. İlihi mə`rifətdə də bə`ziləri bu mərtəbəyə çatarlar ki, “qeybə inananlar” adlandırılarlar. Bu dəstə Allahı pərdə arxasından tanıyarlar.
Bu mərtəbədən yuxarıda o kəslər durarlar ki, atəşdən çörək bişirmək, qazan asmaq və s. kimi çoxlu faydalar əldə edərlər. İlahi mə`rifətdə də bə`ziləri mə`rifətin ləzzətini dadarlar və bununla şad, xürrəm olarlar.
Bura qədər elm əhlinin [ilahi mə`rifətdəki] mərtəbələrini söylədik, amma bunlardan da yüksəkdə elə kəslər vardır ki, atəşin özünü müşahidə edərlər və həmin atəşin nurunun vasitəsilə digər varlıqları da müşahidə edərlər. İlahi mə`rifətdə də belələrinə “baxış əhli”  və həmçinin “ariflər” deyərlər və həqiqi mə`rifət sahibləri də bunlar olar. Bu mərtəbədən də yüksəkdə duranlara “yəqin əhli”  deyərlər. Bunların məqamı ariflərdən yuxarı olar. Yəqin və yəqin əhli haqqında sonrakı fəsildə söhbət açacağıq, inşəallah.
Yəqin əhli arasında bə`zilərinin mə`rifəti “müayinə” babından olar ki, onlara “hüzur əhli” deyərlər. Üns və şadlıq bu dəstəyə xas olar, amma mə`rifətin son pilləsi orada qurtarar ki, artıq arif [özü də] aradan qalxar, eynən atəşdə yanıb heçə çıxmış adam kimi.
Beşinci fəsil
Yəqin
Allah-taala yəqin haqqında buyurur: “Onların axirətə yəqinləri olar.”  Hədisdə deyilir ki: “Kimə yəqin və onun bəhrəsi verilsə, namazın və orucunun azlığı haqqında düşünməz.”
Ürfdə “yəqin” zavalı mümkün olmayan, [həqiqətlə] uyğun və sabit olan qəti bir e`tiqad mənasındadır. Həqiqətdə, yəqin, mə`luma və onun xilafının imkansız olmasına olan elmdən ibarət bir tərkibdir.
Yəqinin mərtəbələri
Yəqinin mərtəbələri vardır ki, Qur`anda “elmül-yəqin”, “eynül-yəqin” və “həqqül-yəqin” tə`birilə göstərilmişdir. Necə ki, buyurur: “Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) elmül-yəqinlə bilsəydiniz (fani dünya malına uymazdınız)! (Ey müşriklər! Qiyamət günü) siz o cəhənnəmi mütləq görəcəksiniz! Bəli, siz (Cəhənnəmə vasil olandan sonra) onu mütləq eynül-yəqinlə görəcəksiniz!”
Başqa bir yerdə buyurur: “Və Özü də cəhənnəmə atılacaqdır. Şübhəsiz ki, bu, həmin həqqül-yəqindir!”
Mə`rifət babında atəş misal olaraq göstərildiyi kimi, yəqin babında da həmin misalı göstərmək olar. Yə`ni atəşin nuru vasitəsilə müşahidə edilən hər şey “elmül-yəqin” misalındadır. Görünə biləcək əşyalara nur saçan atəşin şö`ləsinin özünü görmək “eynül-yəqin” misalındadır. Atəşin düşdüyü hər bir şeydə, onun kimliyini məhv edəcək dərəcədə təsir qoyub, sırf özünün qalması “həqqül-yəqin” misalındadır.
Baxmayaraq ki, cəhənnəm əzabdır, amma ora düşmək yanmağa və məhv olmağa səbəb olduğu üçün, onu yaxından və uzaqdan görmək və ora daxil olmaq yəqinin bu üç mərhələsi üçün misal çəkilmişdir.             والله اعلم بحقائق الامور

 

 


Altıncı fəsil
Sükun
Allah-taala sükun haqqında buyurur: “O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (mö`minlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!”
“Sükun” iki növdür:
1. Nöqsan əhlinə məxsus sükun. Bu sükun sülukdan qabaqdır, çünki onun sahibi mətləbdən və kamaldan xəbərsiz olar. Bu növ sükuna “qəflət” deyərlər.
2. Kamal əhlinə məxsus olan sükun. Bu sükun sülukdan sonra, mətləbə çatan zaman hasil olur. Bu növ sükuna “itminan” deyərlər. Bu iki sükun arasında olan hala hərəkət və [ya] seyri-süluk deyərlər. Hərəkət vüsaldan öncə məhəbbətin zərurətlərindən olar və sükun mə`rifətin zərurətlərindən olub vüsalla yanışı olar. Buna görə də demişlər: “Əgər arif hərəkət etsə həlak olar və əgər mühibb  aram dursa həlak olar. Bundan da mübaliğəlisini demişlər, o budur ki: “Əgər arif danışsa həlak olar, əgər mühibb sükut etsə həlak olar.”
Vüsala çatana qədər salikin əhvalı belə olar. Doğrusunu Allah bilir.
 
BEŞİNCİ BAB

 

 


Vüsal əhlinin [sülukdan sonra] başına gələn halları zikr edər. Bu bab altı fəsildən ibarətdir:
 –  Birinci fəsil  –  təvəkkül;
 –  İkinci fəsil  –  riza;
 – Üçüncü fəsil  –  təslim;
 –  Dördüncü fəsil  –  tövhid;
 –  Beşinci fəsil  –  ittihad;
 –  Altıncı fəsil  –  vəhdət.

Birinci fəsil
Təvəkkül
Allah-taala təvəkkül haqqında buyurur: “Əgər mö`minsinizsə, Allaha təvəkkül edin!”
“Təvəkkül”, işi kiminsə öhdəsinə qoymaq mə`nasındadır. Burada bəndənin [Allaha] təvəkkülü nəzərdə tutulur. Bəndənin Allaha təvəkkül etməsi o deməkdir ki, bəndə gördüyü bir işi və ya qarşısına çıxan bir işi  –  Allahı özündən daha bilikli və bacarıqlı bildiyi üçün  –  Allaha tapşırır ki, əgər Allahın təqdiri olsa həmin işi düzəldəcək və bəndə Allahın təqdir etdiyi hər bir şeyə qane və razı olsun: “Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir...”
Allahın təqdir etdiyi işə insanın qane və razı olması belə hasil olur ki, insan öz əvvəlki halı barəsində düşünsün ki, [Allah] onu əvvəl heçdən yaratdı və onun yaradılışında neçə-neçə hikmət qərar verdi ki, insan bütün ömrü boyu onun mində birini dərk edə bilməz, [sonra] onu boya-başa, ərsəyə çatdırdı, həyatını davam etdirə və nöqsandan kamala çata bilməsi üçün onu daxildən və xaricdən təchiz etdi və bu işi təmənnasız gördü.
Məsləhətə uyğun onu boya-başa çatdırdı ki, bilsin ki, gələcəkdə [onun üçün lazım olacaq] hər şeyi hazır edəcəkdir və Onun təqdirindən və iradəsindən kənarda olmayacaqdır. Beləliklə Allaha e`timad edəcək və onda iztirab və nigarançılıqdan əsər  –  əlamət qalmayacaq. Onda yəqin hasil olacaq ki, istər iztirabı olsun, istərsə də olmasın, Allah-taala onun görməli olduğu işi Özü əncam verəcəkdir. Ona görə də buyurur: “Əgər bir kəs hər şeydən üz döndərib Allaha üz tutsa, Allah-taala onun bütün həyat ehtiyaclarını tə`min edər və ona, gümanı gəlmədiyi yerdən ruzi yetirər.”
Təvəkkül o demək deyil ki, insan bütün işlərdən əl çəksin, desin ki, Allaha tapşırdım. Təvəkkül o deməkdir ki, [insan] Allahdan qeyri hər bir şeyin Allah tərəfindən olduğuna yəqin əldə edəndən sonra [bilsin ki,] aləmdə baş verin əksər işlər şərtlər və səbəblər əsasında hasil olur, çünki Allahın qüdrət və iradəsi bə`zi işlərə aid olur, bə`zi işlərə isə aid olmur. Qəti şəkildə [Allahın qüdrət və iradəsi] xüsusi şərtlər və amillər əsasında bir şeyə aiddiyyət tapır, deməli insan özünü, öz elm və qüdrətini cümlə səbəblər və şərtlərdən bilməlidir ki, bə`zi işlərin məxsus icadı [üçün hazır] olsun, hansı ki, insan o işləri özünə nisbət verir.
Buna görə də bu cür işlərdə  –  hansı ki, insanın iradə və qüdrəti də onun vücuda gəlməsinin şərtləri və səbəbləri sırasındadır –  çalışqan olmalıdır. Eynən o kəs kimi ki, həmin adamın vasitəsilə onun məhbubunun sevdiyi işlər hasil olur. Elə ki, vəziyyət belə oldu, cəbr və qədərin  cəmi və ittihadı qarşıya çıxır, çünki, o işi əgər məhbuba nisbət versə, [bu işin] cəbr olduğu xəyala gəlir, əgər şərtlərə və səbəblərə nisbət versə, [bu işin] qədər olduğu sanılır. Amma, əgər diqqətlə araşdırılsa, nə mütləq cəbr, nə də mütləq qədər olur. Bu həmin (İmam Sadiq (ə) söylədiyi) kəlamdır ki, demişlər: “Nə cəbrdir, nə də qədər, məsələ bu ikisinin arasında olandır.”
Deməli insan özünü [onun] özünə aid olan işlərdə qüdrət sahibi bilməlidir. Əlbəttə bu qüdrətini vasitə və alətlərdə dəxaləti olan fail kimi yox, vasitə və alət mənziləsində görməlidir.
Həqiqətdə, biri failə aid olan, digəri vasitəyə aid olan o iki e`tibar müttəhid olurlar və hər ikisi faildən qaynaqlanırlar və eyni halda vasitənin rolu da nəzərdə tutulur.
Əlbəttə bu olduqca dəqiq bir məsələdir və təfəkkür qüvvəsini yetərincə çalışdırmadan onu həll etmək olmaz.
Kim bu mərtəbəyə çatmış olsa, yəqin olaraq bilir ki, bütün mövcudatın təqdiri Allahın əlindədir və baş verəcək hər bir işi xüsusi vaxtda, xüsusi şərait, alətlər və səbəblərlə icad edir. Ona görə də mətləbə çatmaqda tələsikliyi və ya onun dəf` olmasında ləngiməyi təsirli bilmir, özünü də vasitələrdən, səbəb və şərtlərdən biri kimi görür. Beləliklə, dünya işlərinə ürək bağlamaqdan xilas olur və özünə aid olan işlərdə ciddi səy göstərir. Həqiqətdə bu mə`nanı təsəvvür edir: “(Ya Peyğəmbər!) Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?”
Belə olan halda həmin adam mütəvəkkillər sırasında yer tutar. Bu ayə onun və onun  kimiləri haqqında nazil olmuşdur: “...Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah (Ona) təvəkkül edənləri sevər!”

İkinci fəsil
Riza
Allah-taala riza barəsində buyurur: “Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür...”
“Riza”, razılıq mə`nasındadır. Bu, [Allahın işlərinə nisbətdə] məhəbbətin səmərəsi və istər zahirdə, istər batində, istər dildə və istərsə də əməldə inkarın olmamasının nəticəsidir. “Nəzər əhli”nin  istəyi odur ki, Allah onlardan razı olsun ki, Allahın qəzəbindən və əzabından amanda olsunlar, amma “Həqiqət əhli”nin  istəyi odur ki, onlar Allahdan razı olsunlar, ölüm və həyat, bəqa və fəna, əziyyət və rahatlıq, xoşbəxtlik və bədbəxtlik, sərvət və fəqirlik kimi müxtəlif hallardan heç biri onların təbinə müxalif olmasın və birini digərindən üstün bilməsinlər, çünki bilirlər ki, bu halların hamısı Allah-taala tərəfindəndir və Allah-taalanın məhəbbəti onların qəlbində möhkəm yer tutmuşdur. Beləliklə, Onun iradə və muradından artıq bir şey istəməzlər, qarşılaşdıqları hər bir hadisəyə razı olarlar.
Riza haqqında alimlərin söylədikləri
Alimlərdən biri haqqında belə nəql edirlər ki, yetmiş il ömür sürdü, bu yetmiş il müddətində bircə dəfə də demədi ki, “Ey kaş belə olmayaydı, elə olmayaydı.”
Alimlərdən birindən soruşurlar ki, özündə rizanın nə təsirini gördün? Dedi: “Rizanın heç qoxusu da burnuma dəymədi, bununla belə əgər mənim zatımdan körpü düzəldib cəhənnəmin üzərində yerləşdirsələr və bütün xəlayiqi axırıncı nəfərinə kimi onun üstündən keçirib cənnətə yola salsalar və məni təkcə cəhənnəmə daxil etsələr, əsla mənim ürəyimdə nisgil qalmaz ki, niyə başqalarının payının əksinə olaraq mənim payıma bu düşdü!”
Kimin ki, ürəyində dediyimiz müxtəlif halların bərabər olması (halı, baxışı) möhkəm yer tutsa, onun muradı həqiqətdə baş vermiş həmin şeydir. Ona görə də demişlər: “Kimə nə vermişlərsə, (onun ləyaqətinə görə) ona verilməli olan elə həmin şeydir (haqqıdır).” Allahın bəndədən razılığı o vaxt hasil olur ki, bəndənin Allahdan razılığı hasil olmuş olsun.
“...Allah onlardan, onlar da Allahdan razıdırlar...”
Belə olan halda, madam ki, bir kəs varlıq dünyasının işlərindən birinə  –  hər nə olmuş-olsun  –  e`tiraz etsə və ya zehninə gətirsə və ya mümkündür yadına salsın  –  [həmin adam] riza mərtəbəsindən binəsib olar.
Riza mərtəbəsinə yiyələnmiş kəs həmişə rahatlıq içində olar,  –  istər ona [olması] gərəkən və [olması] gərəkməyən şey olmasın. Həqiqətdə onun [olması] gərəkən və [olması] gərəkməyən şeylərinin hamısı gərəkən olar:
“Allahın rizası isə [bunların hamısından] daha böyükdür...”
Buna görə də behiştin qapıçısını “Rizvan” adlandırmışlar və demişlər “Riza Allahın böyük qapısıdır”. Çünki riza məqamına çatan kəs behiştə çatacaqdır və baxdığı hər bir şeyə Allahın rəhmət nuru ilə baxacaqdır, necə ki, buyurublar: “Mö`min Allahın nuru ilə baxar.”
Çünki Allah-taala bütün varlıqları var edəndir və əgər [aləmdəki] işlərdən birini bəyənməsə, həmin işin vücuda gəlməsi qeyri-mümkündür. [Beləliklə] əgər insanın nəzərində heç bir iş bəyənilməz olmazsa, [onda] onların hamısından razı olar; nə əldən çıxmış bir şeyə qəmgin, nə də ələ gətirdiyi bir şeyə şad olar.
“Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!”
 Üçüncü fəsil
Təslim
Allah-taala təslim barəsində buyurur: “Amma xeyr! (Ya Rəsulum) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) tə`yin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə təslim olmayınca, (həqiqi surətdə) iman gətirmiş olmazlar.
“Təslim” lüğətdə yenidən geri qaytarmaq mə`nasındadır, amma burada təslim deyəndə məqsəd odur ki, Salik özünə nisbət verdiyi hər bir şeyi Allaha tapşırsın. Bu təvəkkül mərtəbəsindən yuxarıdadır, çünki təvəkküldə insan işi Allaha tapşırır və həmin işə Allahı vəkil tutur; deməli insan özünün o işlə əlaqəsinin [üzülmədiyini] yerində qaldığını görür, amma təslimdə bu bağlılığı da bütövlükdə qırır ki, özünə aid hesab etdiyi hər bir işi Allaha aid bilsin.
Və həmçinin təslim məqamı riza məqamından yüksəkdə olar, çünki riza mərtəbəsində Allahın gördüyü hər bir işdən bəndə razı qalar, amma təslim mərtəbəsində insan əsasən öz istəyini, istəyinə müvafiq və müxalif olan hər bir şeyi Allaha tapşırır, onun heç bir istəyi qalmaz ki, bir şeyə müxalif və ya müvafiq olmuş olsun.
Deməli “verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymazlar”  riza mərtəbəsinə aid olar və “sənə tam bir itaətlə təslim olarlar”  bu mərtəbədən yuxarısına aid olar. Çünki Salik təhqiq nəzəri ilə baxsa özünü nə riza həddində görər, nə də təslim. [Özünü bu həddən üstün bilər], çünki hər iki mərhələdə insan özünü Allahın qarşısında qoymuş olur, yə`ni riza mərhələsində o razıdır və Allah ondan razı, təslim mərhələsində o təslim edəndir, Allah qəbul edən. Amma tövhid mərhələsində bu e`tibarlar da aradan qalxır.
Dördüncü fəsil
Tövhid
Allah-taala tövhid barəsində buyurur: “Allahla yanaşı başqa tanrı qəbul etmə...”
“Tövhid” biri demək, biri etməkdir. Birinci mə`nada (danışıqda) tövhid, imanın mə`rifətin başlanğıcına olan şərti və Allahın vəhdaniyyətinin təsdiqi mə`nasındadır. “...Həqiqətən, Allah tək bir tanrıdır...”
İkinci mə`nada (əməldə) tövhid, imandan sonra hasil olan mə`rifətin kamalıdır, belə ki, əgər bir kəs yəqin etsə ki, Allahdan başqa kimsə vücudu inayət etmir və Allahın inayəti də ayrıca vücud deyil, belə olan yerdə çoxluqdan gözünü çəkər və hamını bir görər və bir bilər. Deməli, nəhayətdə çoxluğun bir vəhdəti olduğuna gəlib çıxar və “Allahın üluhiyyətdə şəriki yoxdur və [Allah] yeganədir” mərtəbəsindən “Allahın vücudda şəriki yoxdur və [Allah] yeganədir” mərtəbəsinə çatar.
Bu mərtəbədə Allahdan sivayı hər bir şey salik üçün hicab olar və Allahdan qeyrisinə nəzər salmağı “mütləq şirk” hesab edər və bu halın dili ilə deyər: “Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!”
Beşinci fəsil
İttihad
Allah-taala ittihad barədə buyurur: “Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir tanrı yoxdur...”
“Tövhid” bir etmək, “ittihad” bir olmaqdır. Orada [tövhid barəsində Allah buyurur]: ”Allahla yanışı başqa tanrı qəbul etmə!” Burada [isə ittihad barəsində Allah buyurur]: “Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə.”
Çünki tövhiddə, [zahirən] riyakarlıq nöqsanı var, amma ittihadda yoxdur.
Deməli, nə vaxt yeganəlik mütləq olsa və insanını zehnində, [özü və Allah arasında] ikililik hiss etməyəcək şəkildə möhkəm yer tutsa, ittihada çatmış olar. İttihad heç də bə`zi dardüşüncəli adamların düşündüyü kimi deyil ki, elə fikirləşirlər ki, ittihad, bəndə ilə Allahın bir olmasıdır:  تعالی الله عن ذلک علوا کبیرا
Bəlkə [ittihad] odur ki, hamı onu görür və belə bir riyakarlığa ehtiyacları yoxdur ki, desinlər ki, Ondan qeyri hər nə varsa, Ondandır, deməli hamı birdir. Əslində [ittihadda batini gözlər] Allahın təcəlla nuru ilə aydınlıq tapıb Ondan qeyrisini görmürlər, [belə olan halda] görən, görmək və görüş [məfhumunu itirib] aradan qalxar və hamı bir olar.
Və Hüseyn bin Mənsur Həllacın duasıdır ki deyir: “Mənimlə Sənin aranda, mənim varlığım mənimlə döyüşə qalxmışdır. Ey Allah! Öz lütfünlə mənim bu varlığımı aradan götür.” Duası müstəcab olur; varlığı aradan qalxır ki, nəhayətdə deyə bilsin: “Bu mənəm ki istəyirəm və istədiyim şey də elə mənəm.”
Bu məqamda mə`lum olur ki, o kəs ki, dedi: “Ənəl-həqq” və o kəs ki, dedi: “Pakam mən, mənim şə`nim necə də yüksəkdir”  –  heç də Allahlıq iddiası etməmişdir, əslində öz varlığının inkarını və özündən qeyrisinin varlığının isbatını iddia etmişdir.
Altıncı fəsil
Vəhdət
Allah-taala vəhdət barəsində buyurur: “(Allah buyuracaq:) Bu gün hökm kimindir? (Heç kəsin qımıldanmağa belə cür`əti çatmadığından Allah Özü cavab verəcəkdir:) “Bir olan (heç bir şəriki, bənzəri olmayan), qəhr edən (qadir) Allahındır!”
“Vəhdət” yeganəlik mə`nasındadır. Bu [məqam] ittihaddan üstündür, çünki mə`nası birlik olan ittihaddan çoxluq qoxusu gəlir, lakin vəhdətdə belə bir nöqsan yoxdur. Orada (vəhdətdə) sükun, hərəkət, fikir, zikir, seyr, süluk, tələb, talib, mətlub, nöqsan, kamal  –  hamısı aradan qalxar.
“Nə vaxt ki, söhbət Allaha yetişdi, sakit olun (susun)!”
 
ALTINCI BAB
Fəna
Allah-taala fəna barəsində buyurur: “Allahdan başqa hər şey məhvə məhkumdur.”
Vəhdət məqamında salik, süluk, seyr, məqsəd, tələb, talib, mətlub  –  hamısı aradan qalxar. “Allahdan başqa hər şey məhv olar.”
Bu sözün isbatı və onun bəyanı da olmaz və bu sözün inkarı və onun bəyanının inkarı da olmaz. Çünki isbat və inkar bir-birinin qarşılığıdırlar və ikilik çoxluğun başlanğıcıdır, ona görə də inkarın və isbatın orada mə`nası yoxdur, inkarın inkarı, isbatın isbatı da olmaz, [həmçinin] isbatın inkarı, inkarın isbatı da olmaz.
Buna “fəna” deyərlər ki, məxluqatın mə`adı onların fənası ilə olar, necə ki, onların başlanğıcı yoxluqdan idi: “Sizi (yoxdan) yaratdığı kimi, yenə (o cür də) Onun hüzuruna qayıdacaqsınız!”
Fənanın mə`nası ilə çoxluğun (kəsrətin) [arasında onları bir-birindən ayıran] bir həddi vardır: “(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur). Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir.”  Fəna bu mə`nada da olmaz, dilə gələn, ağla gələn, xəyaldan keçən hər nə varsa,  –  hamısı (fənada) sona yetər: “Hər bir şey kamil şəkildə Allaha qayıdar.”
و السلام علی من اتبع الهدی و سبحان ربک رب العزة


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qiyamətin şahidlik evi
Filippində Quran Kərim yarışının 10-cu dövrəsi keçirildi
Haramdan doğulan uşağın əlamətləri
VƏHHABİLİK (3)
Rəcət nədir?
İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...

 
user comment