Azəri
Saturday 4th of May 2024
0
نفر 0

CÜMƏ NAMAZININ ƏHƏMİYYƏTİ

 
Bu barədə bir çox hədislər nəql olunmuşdur. Lakin bütün hədislərə nəzər salmağa imkanımız yoxdur.[496]
Allahın rəsulu (s) cümə namazını “fəqirlərin həcci” hesab edir və onu günahların bağışlanma səbəbi bilirdi.[497]
Cümə namazı müsəlmanların qüdrət və vəhdətinin nümayişi, namaz qılan mö’minlərin və’dəgahı, görüş yeridir.
Allahın rəsulu (s) hicrətin əvvəlində Mədinəyə çatarkən xalq üçün birinci cümə namazını bərpa etdi. Bununla da belə bir əzəmətli və həyatverici yığıncağın əsasını qoydu.
Bu namazın siyasi yönümləri vardır. Xütbə oxuyan və ya imam-cümə, ya müsəlmanların hakimi, ya da hakimiyyət tərəfindən bu iş üçün seçilmiş şəxs olur. Bu siyasi ibadətin ictimai, tərbiyəvi, həyatverici tə’sirləri, bərəkətləri çoxdur. Bir neçə nümunəyə işarə edək:
1. Qardaşlıq ruhiyyəsinin güclənməsi
Hamı bir yerə yığışır, müxtəlif irqlər bir-birləri ilə yanaşı oturur. Cümə namazında müsəlmanların həftəlik izdihamı camaat namazından daha böyük olur.
2. İslam qüvvələrinin mütəşəkkilliyi
Bu ibadət müsəlmanları ibadət və namaz mehvərində bir növ birləşdirir, İslam düşmənlərinin qorxuya düşməsinə və təfriqə planlarının puça çıxmasına səbəb olur.
3. Müsəlmanların düşüncə və siyasi baxımdan inkişafı
Cümə namazı xütbələrindəki agahlıq verən nöqtələr insanları məmləkətin və dünyanın siyasi mənzərəsindən xəbərdar edir. İnsanlar öz ictimai vəzifələri ilə tanış olmaqla cəmiyyətin həyatında daha çox rol oynayırlar.
4. Birlik ruhiyyəsinin güclənməsi
Cümə namazında pərakəndə bəşər damlaları böyük bir okeana çevrilir. Hamı qarşılıqlı əlaqə və tanışlıqla ictimai ruhiyyə əldə edir və guşənişinlik unudulur.
5. Könüllü səfərbərlik mərkəzi
Cümə namazı xalqı könüllü şəkildə cihada, müdafiəyə, ictimai çətinliklərin həllinə, insanlara köməyə çağırış üçün ən münasib toplantıdır. Cümə namazında formalaşan bu əzəmətli xalq kütləsi daim diqqət mərkəzində olmuşdur. İslamın əvvəllərində Allahın rəsulu (s) və Əmirəl-mö’minin (ə) məscidlərdə, xütbələrdən sonra insanları könüllü şəkildə cəbhələrə göndərirdi.
DİN ÖVLİYALARININ YOLU
Allahın rəsulu (s) və mə’sum imamların (ə) cümə namazına münasibəti onun əhəmiyyəti və zəruriliyini göstərir.
Həzrət Əli (ə) buyurur: “Cümə günü dərman (zəiflədici dərmanlar) qəbul etməyin.” Soruşdular: “Nə üçün?” Həzrət (s) buyurdu: “Cümə namazında iştirakınızın qarşısının alınmaması üçün.”[498]
İmam Sadiq (ə) buyurur: “Peyğəmbərin dostları cümə axşamından cümə gününə hazırlaşırdılar. Çünki cümə günü (bu günə aid işlər üçün) vaxt dar olur.”[499]
Əmirəl-mö’minin (ə) məhbusları və müttəhimləri cümə namazında iştirak etmək üçün zindandan xaric edirdi. Bu şəxslərin valideynləri onların qayıtmaları üçün zamin dururdular. Həzrət (ə) məhbus fasiqləri də cümə namazında iştirak etmək üçün zindandan xaric edir və onları nəzarət altında saxlayırdı.[500]
Həzrət Əli (ə) cümə namazını böyük sayaraq ayaqyalın məscidə gedirdi. O, ayaqqabılarını sol əlində tutub deyirdi: “Bu namaza Allahın xüsusi diqqəti var.” Həzrət Əli (ə) Allah qarşısında təvazö olaraq belə edirdi.[501]
Deyilənlərdən cümə namazının əhəmiyyəti aydınlaşır. Müsəlmanlar bu siyasi-ibadi səhnədə iştirak etməlidirlər.
Ümmətin imamı (r) buyurur: “Cümə namazı İslamın ictimai-siyasi gücünün nümayişidir. Bu namaz əzəmətli və dəyərli bərpa olunmalıdır... Böyük və əziz millət öz iştirakı ilə bu İslam səngərini daha möhkəm və daha əzəmətlə qorumalıdır. Beləcə, cümə namazının bərəkəti ilə xainlərin hiyləsi puça çıxarılmalıdır.[502]
BAYRAM NAMAZI
Müxtəlif islami münasibətlər Allahı düşünmək, Onun həyatda və düşüncələrdə yad edilməsi üçün zəmin yaradır. Bu münasibətlərin bir çoxu üçün xüsusi dualar, əməllər və namazlar müəyyənləşdirilmişdir.
Bayram namazı dedikdə fitr və qurban bayramında qılınan iki rəkət namaz nəzərdə tutulur.
Həvəsbazlıq, şəhvət və unutqanlıq dolu digər bayramlardan fərqli olaraq İslam bayramları namaz, dua, infaq, sədəqə, qüsl, təharət və sair bu kimi əməllərlə müşayiət olunur. İndi isə bu iki bayram namazına qısa şərh verək:
FİTR BAYRAMI NAMAZI
Şəvval ayının birinci günü fitr bayramıdır. Bir ay ibadət və orucdan sonra bu tövfiqə, lütfə görə namaz qılmaq lazımdır. Bu namaz imamın dövründə vacibdir və camaatla qılınmalıdır. Lakin bizim zamanda müstəhəbdir.
Bu namazın vaxtı bayram günü günəş çıxandan günortayadəkdir. Lakin daha yaxşı olar ki, günün əvvəlində günəş qalxdıqdan sonra qılınsın. Birinci rəkətdə “Həmd” və “Surə” oxunduqdan sonra beş təkbir deyilməlidir və hər təkbirdən sonra qunut tutulmalıdır. Qunutda istənilən duanı oxumaq olar. Lakin “əllahummə əhləl-kibriyai vəl-əzəmə. . . “ duasını oxumaq daha yaxşıdır. İkinci rəkətdə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutmaq lazımdır.
Mə’nəviyyat dolu fitr namazı insanı Allah barədə düşündürür, tövbə halı yaradır. Bayram namazından öncə qüsl vermək, xüsusi dualar oxumaq və açıq səma altında dayanmaq müstəhəbdir.
İmam Riza (ə) buyurur: “Allah fitr gününü bayram qərar verdi ki, müsəlmanların bir araya gəlməsi üçün səbəb olsun, eləcə də, həmin gün insanlar Allah qarşısında Onun ne’mətlərinə görə tə’zim etsinlər. Demək, bu gün bayram, toplanış, zəkat, rəğbət və dua günüdür.”[503]
Şərafətli bir hədisdə həmin namaz və bayramın fəlsəfəsi belə bəyan olunmuşdur:
1.   Toplanış və bir araya gəlmək;
2.   Zəkat və fəqirlərə əl tutmaq;
3.   Allaha doğru rəğbətlənmək;
4.   Allah qarşısında yalvarış.
Bütün bunlar uyğun namaz və mərasimin irfani, mə’nəvi yönümlərini göstərir. Eyni zamanda bu bayram və namazın ictimai tə’sirləri və faydaları vardır. Xalq fitrə zəkatı verməklə fəqirlərə kömək edir. Başqa bir tərəfdən fəqirlərin dolanışığı tə’min olunduğu üçün fitr bayramı fəqirlərin bayramı hesab olunur.
Bu əzəmətli toplanış siyasi və ictimai tə’sirlərə malik olmaqla yanaşı İslam ümmətinin güc, əzəmət nişanəsidir. (Məsələn, imam Rizanın (ə) xəlifə Mə’munu qorxuya salan bayram namazı; inqilabın ilkin nümayişində Tehranda qılınan bayram namazı)
İLAHİ MÜKAFAT
Bu namazda Allahdan istənilən ən üstün şey ilahi bağışlanma və ibadətlərin qəbul olunması ilə Allah tərəfindən bayramın mübarək edilməsidir. Bu, Allahın oruc tutan, namaz qılanlara verdiyi ən böyük mükafatdır. İmam Baqir (ə) buyurur: Allahın rəsulu (s) buyurdu: “Şəvval ayının birinci günü (fitr bayramı) çatdığı zaman Allah tərəfindən belə bir nida verilər: “Mükafatlarınıza doğru tələsin.” Sonra imam Baqir (ə) Cabirə üz tutub buyurdu: “Ey Cabir! Allahın mükafatları padşahların mükafatları kimi deyil! Bu gün mükafat günüdür!”[504]
FİTR BAYRAMI QİYAMƏTDƏN BİR SƏHNƏDİR.
Fitr bayramı namazının tərbiyəvi və müsbət tə’sirlərindən biri həmin namazda açıq səma altında toplum şəkildə duanın həyata keçməsidir. Bu vəziyyət insana Allahı, qiyaməti, Allah mərhəmətinə ehtiyacları xatırladır. Onun nəzərində qiyamət səhnəsi canlanır. Həmin gün qiyamətin yada salınması Əmirəl-mö’mininin (ə) tövsiyələrindəndir.
Rəvayətlərdə deyilir ki, həzrət Əli (ə) bir dəfə fitr günü xalqa buyurdu:
“Ey xalq! Bu yaxşılar mükafat alır. Bu gün pislər ziyan edir. Bu gün sizin qiyamətinizə ən oxşar gündür.
Evlərinizdən çıxıb namaz müsəllasına gedərkən qəbirlərinizdən çıxacağınız günü yada salın.
Namaz müsəllasında namazı gözləyərkən qiyamət günü Allah qarşısında dayanacağınızı yada salın.
Evlərinizə qayıdarkən behiştə və ya cəhənnəmə dönüşünüzü yada salın.”[505]
İmam Müctəba (ə) fitr bayramı günü gülüb-oynayan bir dəstə ilə rastlaşdı. Həzrət (ə) yanındakılara buyurdu: “Allah ramazan ayını öz rəhmət və razılığını əldə etmək üçün müsabiqə meydanı qərar vermişdir. Bir dəstə önə keçib uddu, bir dəstə dala qalıb uduzdu. Təəccüb edirəm o şəxsə ki, mükafat günü gülüb-oynamaqla məşğuldur...”[506]
QURBAN BAYRAMI NAMAZI
Zilhiccə ayının onuncu günü qurban bayramıdır. Bu bayram İslamın böyük bayramlarındandır. Bu bayramın xüsusi əməlləri və duaları vardır. Namazlardan biri qurban namazıdır. Bu namaz fitr namazı kimi iki rəkətdir və eyni ilə həmin formada, həmin vaxta və həmin şəraitdə qılınır.
İstər fitr, istər qurban günü namazdan öncə və sonra təkbirlər (“Əllahu əkbər”) deyilir. Bu təkbirlərlə Allahın əzəməti yada salınır. Allaha sitayiş olunur, Onun ne’mətlərinə şükür edilir.
Dediyimiz kimi, bayram namazı qunutda “Əllahummə əhləl-kibriyai vəl-əzəmə...” duasını oxumaq daha yaxşıdır. (Duanın mətni “Məfatihul-cinan” kitabında və risalədə göstərilmişdir.) Bu duada Allahı əzəmət, böyüklük, əfv, rəhmət və bəxşişi ilə tanıyıb, yad edirik. Allahdan müsəlmanların bayramı, şərafət mayası, peyğəmbər və onun ailəsinin iftixarı olan bu günə xatir istəyirik ki, Məhəmməd (s) və onun ailəsinə salam göndərsin, bizi öz xeyir və bərəkətlərindən faydalandırsın.
Bu duadakı istək ən əhatəli istəkdir. Allahdan belə istəyirik:
İlahi, bu gün Məhəmməd (s) və onun ailəsini daxil etdiyin hər bir xeyirə bizi də daxil et.
Bu gün Məhəmməd (s) və onun ailəsindən uzaqlaşdırdığın hər bir pisliyi bizdən də uzaqlaşdır.
İlahi, mən saleh bəndələrinin səndən istədiyi ən yaxşı şeyləri istəyir və saleh bəndələrini Sənə sığındıran pisliklərdən Sənə pənah aparıram!
BAYRAM NAMAZI İLAHİ RƏHBƏRLƏRİN HAQQIDIR.
İslam dinində cümə və bayram ayinləri haqq hökumətə və islami rəhbərliyə bağlı mənsəblərdəndir. Sitəmkarların bu iki mərasimdən öz məqsədləri üçün istifadə etməsi qəsbkarlıqdır. Cümə, bayram və həcc mərasimi namazına imam tə’yin etmək ilahi hökumət və vilayətin ixtiyarındadır. Bu işlərin ləyaqətsiz şəxslərin ixtiyarına verilməsi Məhəmməd (s) ailəsi üçün ağırdır. İmam Baqir (ə) bir hədisdə bu həqiqətə belə işarə edir:
“Müsəlmanların bütün qurban və fitr bayramlarında Məhəmməd (s) ailəsinin qəmi artır.” Soruşdular: “Nə üçün?” Həzrət (ə) buyurdu: “Çünki Əhli-beyt (ə) öz haqqını özgələrin əlində görür!”[507]
Bu, Əhli-beytə (ə) qarşı ən böyük zülmdür. Onlar üçün hətta İslam bayramları da kədərlə müşayiət olunur. Həqiqətin qəsb edilməsi, cəmiyyətin rəhbərlik yolunu azması onlara bir daha xatırladılır!
AYƏT NAMAZI
Təbiətdə baş verən qeyri-adi hadisələr bə’zən insanın qorxmasına səbəb olur. Bə’zən də bu hadisələr cahillərin düşüncəsində şirkamiz və xürafi təsəvvürlər oyada bilər.
Düşüncələrin həqiqi amillərə yönəldilməsi, zehnlərin azmasının qarşısının alınması bir vəzifə olaraq haqq dinlərin öhdəsinə düşür.
İslamda belə hadisələrə görə xüsusi namaz qılmaq vacibdir. Bu halda xalq varlığı yaradan Allahı düşünür və bu hadisələrin Allahın qüdrətindən asılı olduğunu anlayır. Bu namazın adı “ayət” namazıdır. Çünki uyğun namaz Allahın nişanələri və ayələri olan hadisələr baş verdikdə qılınır.
Risalədə oxuyuruq: Ayət namazı dörd halda vacib olur:
1.   Günəş tutulması (küsuf);
2.   Ay tutulması (xüsuf);
3.   Zəlzələ;
4.   Xalqı qorxuya salan ildırım, qara və qırmızı küləklər. (Bu barədə bə’zi nöqtələrə işarə olunacaq)
AYƏT NAMAZI BİR TÖVHİD DƏRSİDİR.
Belə hadisələr sadəlövh insanların zehnində təbiətin və tanrıların qəzəbi kimi canlanırdı. Bu hadisələrin səbəbini bilmədikləri üçün Allahdan xəbərsiz qalıb, cansız təbiət haqda düşünürdülər. Xüsusilə günəşpərəst və aypərəstlər yeni düşüncələrə qapılırdılar.
Ayət namazı yaranışın və təbiətdəki dəyişikliklərin əsas qaynağına, yə’ni qüdrətli Allaha diqqət üçündür. Ayət namazı xalqa tövhid dərsi verir. Peyğəmbərin (s) kiçik oğlu İbrahim vəfat edərkən günəş tutuldu. Xalq deyirdi ki, Allah rəsulunun (s) oğlu vəfat etdiyi üçün günəş tutulur. Allahın rəsulu (s) (xalqı yanlışlıqdan qurtarmaq üçün) minbərə qalxdı. Allaha həmd-səna dedikdən sonra buyurdu: “Ey xalq! Günəş və ay Allahın nişanələrindəndir. Onun göstərişi ilə cərəyandadırlar və Onun qarşısında müt’idirlər. Günəş və ay kiminsə ölməsi və ya yaşamasına görə tutulmur. Əgər onların ikisi və ya biri tutularsa namaz qılın.” Bu sözdən sonra minbərdən düşüb, xalqla ayət namazı qıldı.[508]
Peyğəmbərin (s) bu yanaşması bizə iki dərs öyrədir:
1. Həzrət (s) öncə bu təbii hadisə barəsində düşüncələri işıqlandırdı, sonra namaz bərpa etdi. Mə’lum olur ki, fəhm və düşüncə, ibadət və namazdan müqəddəmdir.
2. Allahın rəsulu (s) ilahi insan və həqiqət elçisi olduğu üçün haqqı dedi. O, Allahı xalqın yadına saldı. Belə hadisələrdən öz xeyirlərinə sui-istifadə edən hiyləgərlərin əksinə! Bu şəxslər təbii hadisələri öz nəfsani istəklərinə uyğun təhlil və təfsir edirlər. İmam Sadiq (ə) atasından nəql edir: “Zəlzələlər, ay və günəş tutulması, dəhşətli küləklər qiyamət nişanələrindəndir. Bu hadisələrin hansını görsəniz qiyamətin bərpa olması barədə düşünün, məscidlərə sığının və namaz qılın.”[509] Bu rəvayət xalqın təbiəti yox, təbiətin Allahını düşünməsi üçündür. Sonda isə namaz qılmaqla bu allahşünaslıq təkmilləşir.


[496]Qeyd olunacaq mənbələrə müraciət edə bilərsiniz: “Bihar”, 89-cu cild, səh.122; “Vəsail”, 5-ci cild, səh.1; “Mən la yəhzur”, 1-ci cild, səh.409; “Kənzul-ummal”, 7-ci cild, səh.707 və 8-ci cild, səh.368.
[497]“Vəsail”, 5-ci cild, səh.3.
[498]“Vəsail”, 5-ci cild, səh.47.
[499]“Vəsail”, 5-ci cild, səh.28
[500]“Mustədrəkul-vəsail”, 6-cı cild, səh.27.
[501]bax: “Biharul-ənvar”, 86-cı cild, səh.255.
[502]Nur səhifəsi.
[503]“Vəsail”, 5-ci cild, səh.141; “Mən la yəhzur”, 1-ci cild, səh.522.
[504]“Vəsail”, 5-ci cild, səh.140; “Mən la yəhzur”, 1-ci cild, səh.511.
[505]“Vəsail”, 5-ci cild, səh.141.
[506]“Mən la yəhzur”, 1-ci cild, səh.511.
[507]“Mən la yəhzur”, 1-ci cild, səh.511.
[508]“Vəsail”, 5-ci cild, səh.144.
[509]“Vəsail”, 5-ci cild, səh.145.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Doqquzuncu imam imam həzrət Məhəmməd Təqi (ə)
İmam Əliyyibnil-Hüseyn Zeynül-abidin (əleyhissəlam)
Müqəddəs Quran və əsas insan haqları (3)
MÜHARIBƏDƏN QAÇMAQ
İmam Səccadın(ə) şəhadət günü
YƏ᾽QUB İBNİ İSHAQ
İlahi bərəkəti cəlb etməyin 8 yolu
BU SUALLARIN IZAHI
ÜÇÜNCÜ HEKAYƏT
İslamda əsas hədis qaynaqları

 
user comment