Azəri
Sunday 28th of April 2024
0
نفر 0

ANAYA XİDMƏT – İLAHİ EŞQƏ APARAN YOL

Əllamə Məhəmməd Hüseyn Hüseyni (Tehrani) özünün “Qur`anın nuru” adlı kitabında şahidi olduğu bir əhvalatı belə nəql edir: Günlərin biri Tehranda kitab almaq üçün “İslamiyyə” adlı kitab mağazasına getmişdim. Dükan sahibi ilə yaxın münasibətlərimiz olduğu üçün hər görüşümüzdə bir az dükanda oturub onunla söhbət edər, çay içib dincimi alardım. Bu dükan, mallarını topdan satdığı üçün kitabları dəstə bağlanmış halda birbaşa anbardan verərdi. Müştərilərinin əksə-riyyəti də royon kitabçıları idi.

Səhər saat doqquzda kitabçı ilə birlikdə dükanın anbarında kitablara baxırdım. Bu vaxt anbara kitab almaq üçün orta yaşlı bir kişi daxil oldu. Salam verib, anbarın bir küncünə keçib kitab seçməyə başladı. Hiss olunurdu ki, dükanın köhnə müştərilərindəndir. Kişi əlindəki dəri qayışı yerə sərib seçdiyi kitabları səliqə ilə onun üstünə yığmağa başladı. Seçdiyi kitablara diqqət etdim, gördüm əksərən Qur`an, məfatih, risalə, dua və bu qəbildən olan kitablardır.

Kitabları üst-üstə yığıb rahladıqdan sonra qayışla dörd bir tərəfdən möhkəm sarıyıb, qaldırıb çiyninə keçirdi. Əlliyə yaxın kitab yığmışdı. Dedim yazığın indi çiyni qırılıb düşər yerə. Çıxmaq istəyəndə birdən dayanıb yanıqlı səslə dedi: “Həbibim Allah, təbibim Allah, yarım, sevgili-canım, cananım!”

Üzünə baxdım, gördüm pörtüb; tər alnından süzülüb arıq sifətindəki dərin yarıqlardan keçərək yamacda cığır açmış çeşmə kimi üzü aşağı axır.

Dedim: “Ağacan! Dərvişcan! Tək yemək ədəbdən deyil, bizə də bir şey ver!” (Mə`nəvi süfrənə bizi də qonaq elə)

Bunu demişdim, başladı ətrafında dövr vuraraq hündürdən və yanıqlı səslə böyük arif və şair Baba Tahir Üryandan şe`r oxumağa. Şe`ri oxuyub dayandı. Yükünü yerə qoyub bir xeyli ağladı. Sonra tutqun çöhrəsi bahar təravətini duyan çiçəklər kimi açılmağa başladı. Şad və xürrəm halda gülümsünüb alnının tərini sildi. Dedim: “Əhsən! Afərin! Mən həqir, fəqir (alim birisi olsam da) yolda ilişib qalmışam. Sizin duanıza möhtacam!”

Sözümə yenə arifanə bir şe`r oxumaqla cavab verdi. Dedi: “Əlhəmdulillah, yolun yaxşı yoldur. Seyyid! Məni ələ salırsan, nədir? Mənim özüm biçarə və möhtacam, sən də yükümüzün üstünə yük artırma! Mən sizi tanıyıram; “Qaim” məscidində imam camaatsınız. O məscidə gəlmişəm, yenə də gələcəyəm. Mənim bəlli bir yerim-yurdum yoxdur. Bir gün burdayam, o biri gün başqa yerdə. Gecələri gözümə yuxu getmir. Anam vəfat edəndən sonra evə çox az-az gedirəm.”

Dedim: “İnayət Allah tərəfindəndir. Amma zahirinizdən belə bəlli olur ki, Allahın sizə xüsusi inayəti olmuşdur. Bunun xas bir səbəbimi vardır?”

Dedi: “Bəli! Mənim qoca bir anam vardı: zəif və halsız. Neçə illər idi ki, xəstə halda yataqda yatırdı. Ona özüm baxır, hər bir istəyini yerinə yetirirdim: Yeməyini bişirir, əl-ayağını yuyurdum; bir sözlə, qulluğunda dururdum. Anamın xasiyyəti olduqca pis idi. Hərdən acıqlananda mənə söyüş yağdırır, mən isə dinməyib dözürdüm. Hər bir pis hərəkətinə qarşı təbəssümlə cavab verirdim. Buna görə evlənmirdim. Yaşım qırxı keçsə də anamın bu xasiyyəti ilə ailə qurmağı qeyri-mümkün hesab edirdim. Bilirdim ki, evlənsəm, ya geci-tezi ailəmiz dağılacaq, ya da başqa bir yolu bu idi ki, mən gərək anamı atıb gedəydim.

Anamı tək qoymağa vicdanım heç cür yol vermirdi. Bu üzdən də evlənmədim, dedim mənim qismətimə də belə yazılıb, gərək dözəm.

Anamın dözülməz xasiyyətinə səbir etməyimin nəticəsində hərdən gözlənilmədən qəlbimdə sanki şimşək çaxır, qəribə işartılar bərq vururdu. Təsəvvürəgəlməz rahatlıq, xoş hallar keçirirdim. Əlbəttə, bu hallar keçici, davamsız olurdu.

Qışın soyuq günlərindən birində anam tək qalıb qorxmasın deyə yatağımı o yatan otaqda salmışdım. Həm də deyirdim birdən anamın bir şeyə ehtiyacı olar, məni çağırar, eşitmərəm. Kuzəni həmişə su ilə doldurub yanıma qoyurdum ki, birdən anam qalxıb su istəsə, tez, suyu ona verə bilim.

Gecənin bir yarısı, alaqaranlıqda anam su istədi. Tez qalxıb kasanı doldurub ona verdim, dedim: Buyur anacan.

Anam yuxulu olduğu üçün mənim onun yanında olduğumdan xəbərsiz idi. Ona görə də başladı məni söyüb qarğımağa. Dedim, ana mən burdayam, al suyu! Anam kasanı alıb həmin andaca başıma çırpdı. Tez kasanı götürüb yenidən su ilə doldurub ona uzatdım və dedim: Bağışla məni ana, eşitmədim, ona görə gec gəldim, üzr istəyirəm.

Bir anlıq nə baş verdiyini anlamadım. Qəlbimdə bərq vuran qığılcımlar birdən püskürüb vulkana döndü. Günəş üfüqdən baş qaldırıb aləmi işıqlandırdığı kimi qəlbim nura qərq oldu. Həbibim, təbibim–Allahım mənimlə danışırdı. Bu hal artıq keçici olmadı, o vaxtdan qəlbimdə bir nur parlamaqdadır.”

Bu görüşümüzdən sonra mən onu bir daha görmə-dim.

Bu əhvalatı mən həmin ətrafda yaşayan dost-larımdan bə`zisinə danışanda, dedilər ki, biz onu tanıyırıq: Anası neçə ildir ki, dünyasını dəyişib, özündə də qəribə hallar olur.

Kitabçı dostum dedi ki, o həmişə gəlib mənim dükanımdan kitab aparar. Aldığı kitabları səyyar şəkildə, hərdən bir yerdə, yolun bir kənarında dayanıb satar. Olduqca dəqiq adamdır. Ona görə də nə vaxt gəlsə, anbara ötürürəm, özü istədiyi qədər kitab seçib götürür. Kitabların pulunu da satandan sonra gətirib verir. Çox vaxt özünü cahil adamlar kimi göstərir. Amma, əslində olduqca dərin adamdır.[1]

Bu əhvalatı nəql etməkdə məqsədim anaya xidmətin mə`nəvi nəticələrini bəyan etmək idi. Ana qəlbi Allah mehrinin və sirrinin xəzinəsidir. Əgər bağlı olsa, asimanın qapıları bağlanmışdır, əgər açıq olsa, asimanın qapıları açılmış olar.

Çox görmüşük Allah yolunun yolçuları gecə namazlarına qalxmaqla, oruc tutub çillələr saxlamaqla bu yolu başa vurmağa çalışmışlar, ki, rəftarları ailədə pis olduğu üçün zəhmətlərinin bəhrəsini dadmamışlar. Uzun illərin məşəq-qətindən sonra bağlı qapı ilə üzləşmişlər.

Amma əhvalatını nəql etdiyimiz belə sadə insan-lar uzun və məşəqqətli riyazətlərə baş qoşmadan, təkcə həqqünnas məsələsinə riayət etməklə tez bir zamanda ali məqamlara çatmışlar. Həqqünnas dedikdə, insanın ətrafındakı adamların hüquqlarına riayət etməsi nəzərdə tutulur. Yə`ni sənin əlinin altındakı adamları incitməyəsən, ətrafındakılarla gözəl davranasan, sənə qarşı kobudluq olsa belə səbirli davranıb güzəşt edəsən. Bir sözlə rəftarımıza çox diqqət yetirməliyik.

 

ATANIZDAN HALALLIQ ALIN
Məhəmməd Əli Mücahidi müəllifi olduğu “Övliyaların hüzurunda” adlı kitabında belə bir xatirə nəql edir:

Yaxın dostlarımdan olan Kaşani dünya görmüş, təqvalı bir şəxs idi. Həftənin əksər günləri onun evi qonaqla dolu olardı. Evi Allah dostlarının ümid məkanına çevrilmişdi. Nə vaxt evinə getsəydin, süfrəsini açıq görərdin.

Mərhum Kaşani bir dəfə mənə belə bir əhvalat danışdı: Bir nəfər cavan oğlan tez-tez məsləhət üçün yanıma gələr, həyatındakı çətinliklərdən şikayət edərdi. Mən bacardığım köməyi ondan əsirgəmirdim, amma işləri nədənsə düzəlmirdi.

Bir gün məni Həzrət Əlinin (ə) doğum günü münasibəti ilə düzənlənmiş mərasimə də`vət etdilər. Mən həmin cavana dedim ki, bu gecə bərat gecəsidir, gəl sən də mənimlə gedək, görək nə olur.

Olduqca maraqlı bir mərasim düzənlənmişdi. Məddahlar biri digərinin ardınca öz mədhiyyələrini oxuyur, camaat da arada onlara qoşulub səs verir, salavat göndərirdi. Mərasimin başlanmasından bir saat keçmiş Ağa Müctəhidi gəlib çıxdı və mənim yanımda boş yerdə əyləşdi.

Həmin cavan mənim Ağa Müctəhidiyə hədsiz ehtiram göstərdiyimi görüb anladı ki, bu şəxs kimdirsə, kəramətli bir insan olmalıdır. Bu üzdən o, elə hey məndən xahiş edirdi ki, onun məsələsini Ağa Müctəhidiyə söyləyim, bəlkə bir yol göstərdi.

Həmin cavanı ağa Müctəhidi ilə tanış etdim və dedim: Neçə vaxtdır ki, düşdüyü problemlərin həllinə çalışır, amma bir yerə çıxa bilmir. Bu gecə əziz bir gecədir, lütf göstərib ona kömək edə bilsəniz sizdən çox məmnun olardım.

Ağa Müctəhidi nüfuzlu baxışlarını cavanın üzünə zilləyib bir anlığa fikrə getdi. Bir neçə saniyədən sonra ona buyurdu: Siz atanızın razılığını əldə etməlisiniz! Cavan oğlan təəccüblənmiş halda dedi: Atam iki il olar ki, rəhmətə gedib.

–Elə sənin problemlərin də iki il olar başlayıb. Yəqin axırıncı gün atanla aranızda olan söhbəti unutmamısan? Atanın ömrünün son saatlarında qəlbini qırmısan. Atanı həmin böhranlı dəqiqələrdə ürəyi qəhərli halda yalqız qoyub getdin!

Bu sözləri eşidəndə cavanı xəcalət təri basdı. Üzünü mənə tutub dedi: Ağa düz deyir. Gərək onu tək qoymayaydım. Mən onun yeganə oğlu idim. Çox böyük səhv etmişəm! Yaxşı, indi mən neyləyim?

Kaşani nəql edib deyir ki, Ağa Müctəhidi bir neçə dəqiqədən sonra həmin oğlana nə edəcəyini tapşırıb, bizimlə xudafizləşib getdi.

Həmin cavan oğlanın işləri Ağa Müctəhidinin tapşırığına əməl edəndən sonra qaydasına düşür.

Cənab Kaşani cavanın problemlərinin həlli üçün Ağa Müchədinin verdiyi tapşırığın nə olduğunu demədi. Amma dedi ki, cavan həmin görüşdən bir neçə gün sonra atasını yuxuda görür və atası ondan razı qaldığını bildirir.

Atası oğluna deyir: Sən bu əməlinlə bərzəx aləmində mənim yolumun üstündən böyük bir maneəni götürdün.[2]

Allah-təala bizə yalnız Ona ibadət etməyi əmr edəndən sonra ata-anaya yaxşılıq etməyimizi tapşırır. Xüsusən valideynin qocalıq çağlarını xatırladıb deyir ki, əgər onlardan biri və ya hər ikisi qocalığın ahıl çağlarına çatarsa (təbii ki, belə yaşlarda sizin zəhmətiniz də artacaq) məbada onların xətrinə toxunacaq bir söz deyəsiniz. Allah-təala bizə öz danışığımız və davranışımızla onları əziyyətə salmamağımızı tövsiyə edir. Deyir: Valideynlərinizlə hörmətlə davranın.

Bu ayədən belə nəticə çıxardırıq ki, ata-ananın Allah yanında məqamı olduqca yüksək və əziz tutulur. Bu səbəbdəndir ki, bizi Özünə ibadət etməyə də`vət edəndən sonra valideynlərə yaxşılıq etməyə səsləyir. Ata-anaya yaxşılıq etmək heç bir şərtlə yanaşı qeyd olunmur. Valideynə hörmət ümumi bir göstərişdir. Hətta, əgər ata-ana kafir olsalar belə onların hüququna riayət olunmalıdır. Xüsusilə də qocalıq çağlarında onların əlindən tutmaq tapşırılır.

Valideynin üzünə ağ olmaq böyük günahlardan sayılır və bağışlanılmazdır. Çünki, valideynin bizim boynumuzda olan haqqı “həqqünnas” növün-dəndir. Allah-təala həqqünnasın paymal olmasını bağışlamır. Əgər bir kəsin haqqını tapdala-mışıqsa onu bərpa etməli, razılığını əldə etməliyik. O cümlədən ata-ana haqqı ən böyük hüquqlardan biridir. Bu hüquqa riayət edilməli, onun pozulmasına yol verilməməlidir.

Bu məzmunda olan hekayələr onu göstərir ki, bütün günahlar elə bu dünyada insanın yaxasından yapışır. Axirət dünyasına qədəm qoyduqda isə vəziyyət daha ağır olur. Bunun üçün də fürsət varkən bu dünyada günahların yuyulmasına çalışmaq lazımdır ki, hər iki dünya səadətini əldə etmiş olaq.

 

 

--------------------------------------------------------------------------------

[1] Məhəmməd Hüseyn Hüseyni (Terani), “Qur`anın nuru”

[2] Mücahidi Məhəmmədəli, “Dər məhzəre lahutiyan”, c. 1, səh. 235, 237.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

"Əhzab" surəsi
Qiyamətin şahidlik evi
Filippində Quran Kərim yarışının 10-cu dövrəsi keçirildi
Haramdan doğulan uşağın əlamətləri
VƏHHABİLİK (3)
Rəcət nədir?
İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq

 
user comment