Azəri
Thursday 2nd of May 2024
0
نفر 0

SUFİ FİRQƏLƏRİ (1)


Sufi firqələrinin hər birinin müəyyən qütb və ya qütblərdən birinə aid olması, onların sayının həddindən artıq çox olmasına səbəb olmuşdur. Bunun üçün də sufi firqələrinin sayını dəqiq şəkildə göstərmək olduqca çətin bir işdir. Növbəti iki dərsimizdə bu firqələrin ən məşhurları haqda qısa şəkildə danışacağıq.

1. Üveysisiyyə;

Bu firqəni Üveys Qərəniyə mənsub edirlər və onun üzvləri də özlərini onun davamçıları sayırlar. Üveys Qərəni tabeinlərdən* olmuş, öz təqvası ilə müsəlmanlar arasında şöhrət qazanmışdır. Əlbəttə o, bu firqəni tə᾿sis etməmişdir, sadəcə olaraq yüksək fəzilət və əxlaqi xüsusiyyətlərə malik olduğu üçün bəzi müsəlmanlar özlərini onun davamçıları hesab etmişlər. Bu firqə ardıcıllarının şeyx və müridləri olmamışdır.

2. Kumeyliyyə;

Bu firqənin üzvləri özlərini Kumeyl ibni Ziyad Nəxəiyə mənsub etmişlər. Kumeyl də Üveys kimi tabeinlərdən olmuş və Əli ibni Əbu Talibin (ə) yüksək rəğbətini qazana bilmişdir. O, Əli əleyhissəlamdan islam maarifinin bir çox sirlərini öyrənmiş, hikmətamiz xütbə və duaları ondan tə᾿lim almışdır. Məşhur Kumeyl duası da məhz onun adı ilə bağlıdır. Kumeyl də bu firqəni tə᾿sis etməmişdir, lakin Kumeyliyyə firqəsinin tərəfdarları belə bir əqidədə olmuşlar ki, onların firqəsi Kumeyl qütbündən, o da bunu Əli ibni Əbu Talibdən almışdır.

3. Ədhəmiyyə.

Bu firqənin üzvləri İbrahim ibni Ədhəm Bəlxinin tərəfdarlarıdır. İbni Ədhəm Sufi təriqətinin böyük şəxsiyyətlərindən olmuşdur və bütün Sufi firqələri ona xüsusi hörmət və ehtiramla yanaşmışlar. İbrahim Ədhəmin tərcümeyi-halında deyilir ki, o əvvəllər Bəlxin padşahı və bütün şahlar kimi böyük var-dövlət sahibi olmuşdur. Bir gün axşam çağı yatağında istirahət etdiyi zaman evin damından bir səs eşidir. Soruşur: Kimdir? Evin damından bir şəxs cavab verir ki, dəvəmi itirmişəm, onu axtarıram. İbrahim deyir: Ey nadan, dəvə damda nə gəzir? Şəxs cavab verir: Ey qafil insan, bəs sən niyə Allahı atlas paltarlarda və qızıllı taxtlarda axtarırsan?! O bu sözlərdən heyrətə gələrək gecəni səhərədək yatmır. Həmin günün sabahı kədərli halda öz taxtında oturarkən hamının gözü qarşısında olduqca heybətli bir şəxs saraya daxil olur. Qulluqçular onun qorxusundan içəri girə bilmirlər. Həmin şəxs İbrahimə tərəf gəlib taxtın qarşısında dayanır.

İbrahim soruşur: Nə istəyirsən?

Şəxs deyir: İstəyirəm bu mehmanxanada bir qədər istirahət edim.

İbrahim deyir: Dəli olmusan? Bura mehmanxana deyil, mənim qəsrimdir.

O soruşur: Bura səndən əvvəl kimin olmuşdur?

Atamın - deyə, İbrahim cavab verir.

Şəxs soruşur: Bəs ondan əvvəl?

İbrahim deyir: Atamın atasının.

Həmin şəxs sualını təkrar edərək soruşur: Bəs ondan əvvəl kimin olmuşdur?

İbrahim deyir: Filan şəxsin.

Şəxs bir daha soruşur: Onların aqibəti necə olmuşdur?

İbrahim cavab verir: Hamısı ölmüşlər.

Həmin şəxs deyir: Əgər bura mehmanxana deyilsə, onda bəs nə üçün biri gəlib, digəri gedir?

İbrahim bu sözlərdən mütəəssir olaraq ov bəhanəsi ilə qəsrindən xaric olur və yolda öz adamlarından uzaqlaşaraq həqiqətə qovuşmaq üçün səhraya üz tutur.[1]

4.Söhrəvərdiyyə;

Bu firqə Əbu Həfs Ömər ibni Əbdullah Söhrəvərdiyə mənsubdur. Onlar Mə᾿rufiyyə adlanan başqa bir sufi firqəsinin bir qolunu təşkil edirlər. Mə᾿rufiyyə firqəsi isə Mə᾿ruf Kərxiyə mənsubdur. Mə᾿ruf Kərxi 8-ci imam Əli ibni Musa Riza ilə bir dövrdə yaşamışdır. Onun tərəfdarları belə bir əqidədə olmuşlar ki, Mə᾿ruf öz xirqəsini imam Rizadan (ə) almışdır. Lakin imamiyyə ardıcılları bu iddianı qətiyyətlə rədd edirlər. Söhrəvərdiyyə firqəsinin tərəfdarları Hindistan, Pakistan və Əfqanıstanda yaşayırlar. Onlar özlərini 1-ci xəlifə Əbu Bəkr Siddiqin tərəfdarları hesab etdikləri üçün Siddiqiyyə adı ilə də məşhur olmuşlar.

5. Mövləviyyə;

Türkiyədə meydana gəlmiş sufi firqələrindən birini təşkil edir. Bu firqənin tərəfdarları özlərini, Mövləvi kimi şöhrət tapmış Cəlaləddin Məhəmməd Bəlxiyə mənsub edirlər. Mövləvi irfan və sufi təriqətinin görkəmli şəxsiyyətlərindən biri hesab olunur. Onun «Məsnəvi» və «Şəms Təbrizinin divanı» adlı iki kitabı sufi və ariflər arasında daha çox şöhrət tapmışdır. Mövləvi Hicrətin 672-ci ilində vəfat etmiş və Türkiyənin Konya şəhərində dəfn olunmuşdur. Onun qəbri sufilərin ziyarətgahı hesab olunur.

6. Ne᾿mətullahiyyə;

Bu firqə Şah Ne᾿mətullah Vəli Kermaniyə mənsub olan məşhur sufi təriqətidir. O, Hicrətin 8-ci əsrinin məşhur sufilərindən olmuş, Seyyid və ya Şah ləqəbi ilə şöhrət qazanmışdır. Şah Ne᾿mətullah Vəli Hicrətin 730-cu ilində Hələbdə dünyaya gəlmiş və 843-cü ilində Kermanın tabeliyində olan Mahan şəhərində vəfat etmişdir. Qəbri sufilərin ziyarətgahına çevrilmişdir. Şah Ne᾿mətullah Vəli sufi təriqətinə mənsub olduğu üçün şöhrət tapmışdır və hal-hazırda bir çox tərəfdarları vardır. Şah Ne᾿mətullahın divanı müasir dövrə də gəlib çıxmışdır və bu şe᾿rlərin əksəriyyətini «vəhdəti-vücud» mövzusu təşkil edir.

7. Hürufiyyə;

Hürufilər «Hürufi» ləqəbi ilə şöhrət tapmış Fəzlullah Nəimi Əstərabadinin tərəfdarlarıdırlar. Fəzlullah Əstərabadi Hicrətin 740-cı ilində Əstərabadda dünyaya gəlmişdir və 796-cı ildə Teymurləngin oğlu Miran şah tərəfindən qətlə yetirilmişdir. Əstərabadi belə bir əqidədə olmuşdur ki, bütün hərflər müqəddəsdir və hər bir hərfin öz sirri vardır. O Allahın nurdan ibarət olduğunu və bədən üzvlərinin əlifba hərflərinə oxşar olduğunu hesab etmişdir. Məsələn, əlifbanın ilk hərfi olan «Əlef» onun ayağı, «Ayn» hərfi onun gözü və s. Beləliklə, o bütün hərfləri müqəddəs hesab etmişdir.

Hürufilər belə bir əqidədədirlər ki, hərflər gözəl simalarda təcəlli olunurlar. Bu səbəbdən də gözəl görünüşə malik olanlar müqəddəsdir və başqalarından daha çox sevilməyə layiqdirlər. Onların əqidəsinə görə, Allah-taala ərş* və sidrətul-muntəhanı* insanın surətində gizlətmişdir və Peyğəmbərin (s) me᾿racı öz surətinin cizgilərini başa düşmək və həmin cizgilərdə ilahi fəzli müşahidə etməklə baş vermişdir.

Şiələrin ğulat və mürtəd hesab etdikləri hürufi təriqəti belə bir əqidədə olmuşdur ki, Allah insanın vücudunda təcəlli edir və bu təcəlli peyğəmbərlərin, müqəddəs övliyaların vücudunda baş verir. Bu silsilə Peyğəmbərdən (s) sonra Əli ibni Əbu Talibə və ondan sonrakı imamlara keçmiş, on birinci imam Həsən ibni Əli Əskəridən sonra Fəzlullah Əstərabadidə başa çatmışdır. Bunun üçün də o övliyaların sonuncusu hesab olunur. Əstərabadidən sonra vilayət silsiləsi ilahiləşmiş və o, bu mərhələnin də ilahi məzhərinə çevrilmişdir.

8. Nöqtəviyyə;

Nöqtəviyyə firqəsinin Məhəmməd Pəsixani Gilaniyə mənsub olduğu göstərilir. Deyilənlərə görə o, əvvəllər Əstərabadinin tərəfdarlarından olmuş, lakin təkəbbür və xudpəsəndliyi üzündən Fəzlullah onu özündən uzaqlaşdırmışdır. Beləliklə, Məhəmməd müstəqil firqə təşkil edərək onu öz adı ilə yə᾿ni, «Pəsixaniyyə» adlandırmışdır. Onlar torpağı «nöqtə» adlandırdıqları və hər şeyin ondan yarandığına etiqad bəslədikləri üçün Nöqtəviyyə də adlandırılmışlar.

Onların əqidəsinə görə, peyğəmbərlik su, vilayət torpaq və onların hər ikisinin cövhəri isə duzdur. Bunun üçün də bu firqənin ardıcılları su, torpaq və duzu müqəddəs sanır və suyu həzrət Fatimənin (ə) mehriyyəsi* hesab edirlər.

Nöqtəviyyənin digər e᾿tiqadlarından biri də budur ki, Qur᾿an «Fatihə» (Həmd) surəsində xülasələnmişdir. Onların fikrincə, bu surənin özü Bismillah ayəsində, Bismillah ayəsi «be» hərfində və «be» hərfi isə onun nöqtəsində yerləşdirilmişdir. Əli ibni Əbu Talib (ə) da həmin nöqtə hesab olunur. Bu firqəyə görə, Əli ibni Əbu Talib (ə) ümumi vilayətə sahib olduğu üçün Əbu Turab (torpağın atası) sayılır.

9. Bektaşiyyə;

Bu firqə Hacı Bektaş ləqəbi ilə məşhur olan Seyyid Məhəmməd Rəzəvi tərəfindən tə᾿sis olunmuşdur. Tərəfdarlarının əksəriyyəti Balkan yarımadasında və Türkiyədə məskunlaşmışlar.

Bektaşiyyə tərəfdarları Hürufi firqəsindən hesab olunur və Fəzlullah Əstərabadiyə böyük hörmət və ehtiramla yanaşırlar. Bektaşiyyənin Ğulatlarla bir çox oxşar cəhətləri olduğu üçün şiə və sünni məzhəbləri onların mürtəd və islamdan xaric olduqlarına dair fətva vermişlər. Çünki Bektaşiyyə məsihi dinindən mütəəssir olaraq üçlük əqidəsinə etiqad bəsləmişlər. Məsihilərin müqəddəs hesab etdikləri üçlüyü - Ata, Oğul, Ruhul-qudus»u «Allah», «Məhəmməd», «Əli» üçlüyü ilə əvəz etmişlər. Həmçinin şərabı haram hesab etmədikləri üçün təşkil etdikləri «Rəbbani gecələrində» süfrəyə çörək, şərab və pendir qoyur və məsihilər tək «e᾿tiraf» mərasimləri quraraq şeyxlərinin qarşısında günahlarını iqrar edirlər. Bektaşiyyədə hicab hökmü də ləğv edilmişdir.

10. Səfəviyyə.

Səfəviyyə Söhrəvərdiyyə firqəsindən ayrılaraq müstəqil şəkildə fəaliyyət göstərməyə başlamışdır. Səfəviyyə firqəsinin tərəfdarları cənubi Azərbaycanda, xüsusilə Ərdəbildə məskunlaşmışlar. Firqəyə rəhbərliyi Şeyx Səfiyəddin Ərdəbili öz üzərinə götürmüşdür. Bu firqə Hicrətin 907-ci ilində Şah İsmayılın rəhbərliyi ilə Səfəvilər hökumətini tə᾿sis etmişlər.

 

--------------------------------------------------------------------------------

[1] Təzkirətul-övliya, Əttar Nişapuri


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslamda əsas hədis qaynaqları
Mərifət və itaət
QURANİ-KƏRİMDƏ ŞƏRAB HAQQINDA
QURAN SÜRƏLƏRİNİ OXUMAQLIĞIN FƏZİLƏTİ
NIYƏ RƏNGLI SÜFRƏ BAŞINDA ƏYLƏŞDIN?!
Vahabi əqidəsində Tovhid
ƏDƏBİ İZAH
Quran bəlağətinin ecazkarlığı
MƏHƏMMƏD İBN ƏBU BƏKRİN HƏYATI
təbliğedici nübuvvətin

 
user comment