Azəri
Tuesday 24th of December 2024
0
نفر 0

«Altmışıncı Görüş»


Hacı Nuri “Nəcmus-Saqib”də yazır: Həmədanda tamam əhli şiə olan Bəni Raşid adlı bir tayfa vardır ki, şiə olmalarının səbəbi qəribə bir əhvalatla bağlıdır. Deyilənə görə onlardan biri bir dəfə Məkkəyə həcc ziyrətinə gedir. Ziyarəti başa vurduqdan sonra qayıdarkən belə qərara gəlir ki, atdan düşüb bir qədər piyada getsin. Bir qədər yol getdikdən sonra yorulub yolun kənarında yatır ki, yorğunluğu çıxsın. O istəyirdi ki, arxadan gələn karvan ona çatdıqda, yuxudan oyanıb yoluna onlarla birlikdə davam etsin.

O deyir: Yuxudan məni gün şüalarının hərarəti oyatdı. Ətrafa nəzər saldıqda kimsəni görmədim. Özüm də bu yollara nabələd idim. Amma Allaha təvəkkül edib yoluma davam etdim. Bir qədər getdikdən sonra hər tərəfi yaşıllıq olan bir əraziyə çatdım. Yer o qədər təravətli idi ki, sanki ora təzə yağış yağmışdı. Mən hələ o vatxa qədər belə ab-havası olan bir yer görməmişdim. Ortada gün tək parlayan bir qəsr görünürdü. Öz-özümə dedim: Kaş, biləydim bu qəsr kimindir. Bu maraq məni qəsrə tərəf çəkib apardı. Qəsrin qapısı astanasında ağ paltarlı iki nəfər xidmətçi dayanmışdı. Onlara yaxınlaşıb salam verdim. Onlar da ədəblə mənim salamımı aldılar. Ora daxil olmaq istədikdə, mənə dedilər: Əvvəl burada gözlə icazə alaq. Onlardan biri qəsrə girdi və bir neçə dəqiqədən sonra qayıdıb dedi: Gəl içəri. Mən qəsrə daxil oldum və xidmətçi mənim qabağımda gedir, mənə yol göstərirdi. Nəhayət,  bir otağa gəlib çatdıq. Xidmətçi pərdəni yuxarı qaldırıb dedi: Gir içəri.

Mən içəri daxil oldum. Gördüm ki, otağın ortasında bir cavan divara söykənmiş və başı üzərində də divardan qılınc asılmışdı. O, gecə qaranlıqda ay kimi işıq saçan nura bənzəyirdi. Mən ona salam verdim. O da özünə məxsus mehribanlıqla cavab verib dedi: Bilirsən, mən kiməm? Dedim: Xeyr. Buyurdu: Mən dünyanın sonunda qiyam edəcək və qılıncla dünyada ədaləti bərqərar qılacaq Ali Məhəmmədin canişiniyəm.

Bunu eşitcək, qarşısında yerə yıxıldım və üzümü yerə sürtməyə başladım. Buyurdu: Belə etmə! Başını yuxarı qaldır. Sən filankəssən (adımı çəkdi) və dağ ətəyində Həmədan adlanan şəhərdənsən. Dedim: Düzdür, düzdür! Ey mənim sərvərim! Buyurdu: Şəhərinə qayıtmaq istəyirsənmi? Dedim: Bəli, istəyirəm. İstəyirəm qayıdıb onlara sizinlə görüşümüzü də göz aydınlığı verim! İstəyirəm onlara deyim ki, Allah-təala mənə necə böyük lütf etmişdir! Gördüm, əli ilə xidmətçisinə işarə etdi ki, dediklərimə əməl etsin.

Xidmətçi əlimdən tutub mənə bir kisə pul verdi və mənimlə birlikdə qəsrdən çölə çıxdı. Mən də İmam Zamanla (ə) vidalaşıb oranı tərk etdim. Oradan bir neçə addım aralanmışdıq ki, uzaqdan ağac və minarələri görünən bir şəhər gördük. Xidmətçi mənə dedi: Bu şəhəri tanıyırsanmı? Dedim: Ora Həmədanın yaxınlığında yerləşən Əsədabad şəhərinə oxşayır. Xidmətçi dedi: Bəli, ora Əsədabad şəhəridir. Get, Allah amanında.

Bundan sonra mən daha onu görmədim. Kisənin ağzını açdıqda, gördüm ki, içində qırx əşrəfi qızıl pul var. Beləliklə, Həmədana yola düşdüm və orada qohum-əqrabamı başıma yığıb İmam Zamanla (ə) görüşdüyümü bildirdim. Bundan sonra onlar şiə məzhəbini qəbul etdilər. Nə qədər ki o pullar bizdə idi, naz-ne`mət içində yaşayıb yoxsulluğun nə olduğunu bilmədik.

 

«Altmış birinci görüş»
Bir vəzifə kimi, şiələr təqlid etdikləri müctəhid dünyasını dəyişdiyi zaman alimlər arasından daha bilikli və daha ədalətlisini seçib ona təqlid etməlidirlər. “Cəvahir” kitabının müəllifi mərhum Ayətullah Şeyx Məhəmməd Həsən vəfat etdikdən sonra camaat dini-ibadi məsələlərdə Şeyx Ənsariyə (Allah ona rəhmət etsin) müraciət edib ondan risalə yazmasını istədilər. O isə camaata dedi: Babulda məndən daha elmli olan alimlər ağası Ayətullah Mazandarani olduğu bir halda, mənim risaləm ola bilməz və mən bu işi görən də deyiləm.

Beləliklə, Şeyx Ənsarinin özü Ayətullah Mazandaraniyə məktub yazıb ondan Nəcəf-Əşrəfə gəlməsini və elmi hövzəyə rəhbərliyi öz üzərinə götürməsini istəyir. Ayətullah Mazandarani isə Şeyx Ənsariyə göndərdiyi cavab məktubunda yazır: Düzdür, bir vaxtlar mən Nəcəfdə idim və sizinlə elmi mübahisə və müzakirələr edirdim. Və fiqh elmində sizdən daha bilikli idim. Lakin neçə ildir Babulda olduğumdan, elmi mübahisələr və nəhayət,  tədris etmədiyimdən sizi özümdən daha bilikli hesab edirəm. Bunun üçün də xahiş edirəm, mərcə məqamını siz özünüz qəbul edəsiniz.

Şeyx Ənsari göndərdiyi ikinci məktubda yazır: Bu məqama layiq olmadığımı dəqiq bilirəm, amma sərvərim İmam Zaman (ə) mənə bu icazəni verərsə, onda qəbul edərəm.

Bir gün dərs zamanı sinif otağına üzündən böyüklük və vüqar sezilən bir şəxs daxil olur. Şeyx Ənsari həmin şəxsə hörmət və ehtiram göstərir. Sinifə daxil olan şəxs tələbələrin yanında üzünü Şeyx Ənsariyə tutub deyir: Əri bir şəkildən başqa bir şəkilə düşən qadın barədə nə deyə bilərsən? (Bu məsələ müsəlman ümməti arasında mövcud olmadığı üçün heç bir kitabda bu barədə ayrıca fəsil yoxdur). Bunun üçün də Şeyx Ənsari deyir: Kitablarda bu barədə heç bir mə`lumat verilmədiyi üçün cavab verə bilmərəm. O buyurur: Fərz edək ki, belə bir hadisə baş vermiş və belə olduqda, qadın nə etməlidir? Şeyx Ənsari deyir: Əgər o, hələ sağ olarsa, deməli, onun ruhu vardır. Mənim nəzərimcə, heyvan surətinə düşmüşsə, qadın iddə talağı alıb sonra ərə getməlidir. Lakin, əgər daşa dönmüşsə, ölü olduğu üçün o vaxt qadın ölü iddəsi saxlamalıdır.

Bu vaxt o, (İmam Zaman (ə)) üç dəfə bu sözləri “Əntəl-muctəhidu, əntəl-muctəhidu, əntəl-muctəhid!” (Sən müctəhidsən, müctəhidsən, müctəhidsən!) təkrar edir və sinif otağından çıxıb gedir.

Şeyx Ənsari bilirdi ki, həmin şəxs İmam Zaman (ə)-dır və ona müctəhidlik icazəsini vermişdir. Bunun üçün də dərhal şagirdlərə dedi. Tez həmin şəxsi tapın. Amma onlar onu nə qədər axtardılarsa, tapa bilmədilər.

Bundan sonra Şeyx Ənsari camaatın təqlidi üçün risalə yazdı.


«Altmış İkinci Görüş»
“Qəvanin” kitabının müəllifi Mirzə Qumi belə bir əhvalat nəql edir:

Nəcəfdə, tələbə olduğumuz illərdə Əllamə Bəhrul-Ülumla birlikdə Baqir Behbəhaninin dərsinə gedirdik. Biz adətən, keçdiyimiz dərsləri biri-birimizlə müzakirə edirdik və əksər hallarda keçilən dərsləri Seyyid Bəhrul-Ülum üçün də yazırdım. Sonra mən İrana qayıtdım və bir müddətdən sonra Seyyid Bəhrul-Ülum şiə alimləri arasında məşhurlaşmağa başladı. Mən bundan təəccüblənib öz-özümə dedim: Axı onda belə bir iste`dad yox idi və birdən-birə necə belə məşhurlaşdı? Sonralar İraqdakı müqəddəs ziyarətgahların ziyarətinə getdim və Nəcəf-Əşrəfdə Seyyid Bəhrul-Ülumla görüşdüm və onun suallara cavab verdiyi məclisdə iştirak etdiyim zaman doğurdan da elm dəryası olduğunun şahidi oldum. Orada öz-özümə dedim: Doğurdan da onu Bəhrul-Ülum (elmlər dəryası) adlandırmaq lazımdır.

Bir dəfə təklikdə ondan soruşdum. Biz bir yerdə təhsil almışıq və hamı da bunu çox gözəl bilir ki, siz o vaxtlar belə bir iste`dada malik deyildiniz və daim mənim yazılarımdan istifadə edirdiniz. İndi isə Allaha şükürlər olsun, görürəm yüksək elmi məqama çatmısınız. Buyurdu: Mirzə Əbülqasim! Sualınızın cavabı sirr olaraq qalmalıdır, amma sizə deyəcəyəm. Lakin xahiş edirəm, nə qədər ki, mən sağam, onu kimsəyə danışmayın.

Mən də ona bu sirri kimsəyə danışmayacağıma söz verdim. Sonra o dedi: İmam Zaman (ə) məni Kufə məscidində sinəsinə sıxdıqdan sonra, niyə də belə olmasın?!

Onunla necə görüşdüyünü soruşduqda buyurdu: Bir gün Kufə məscidinə getmişdim. İbadətlə məşğul olduğum zaman bir də gördüm İmam Zaman (ə) da orada ibadətlə məşğuldur. Dayanıb ona salam verdim, o da böyük ehtiramla salamıma cavab verdi və ona tərəf gəlməyimi əmr etdi. Mən də bir az qabağa getdim. Amma hörmət və ehtiramını gözləyib ona çox yaxınlaşmadım. Buyurdu: Yaxın gəl! Mən bir neçə addım da qabağa getdim. Sonra yenə ona tərəf gəlməyimi əmr etdi. Mən bir az da yaxınlaşdım. Bundan sonra o məni qucaqlayıb möhkəm sinəsinə sıxdı. Beləcə, Allah-təala nəyi istəyirdisə, o da bu qəlbə daxil oldu.


«Altmış Üçüncü Görüş»
Mərhum Mirzə Məhəmmədəli Gülüstani İsfahani əmisi seyyid Məhəmmədəlidən belə bir əhvalat nəql edir:

İsfahanda nalbənd Cə`fər adlı bir şəxs var idi ki, bə`zən İmam Zamanla (ə) görüşdüyünü və “təyyül-ərz” etdiyini iddia edirdi. Təbii olaraq o, camaatla az ünsiyyətdə olardı. Camaat da həqiqətdən bixəbər olduqları üçün onun söylədiklərini əfsanə hesab edirdilər.

Bir dəfə İsfahandakı “Təxti-fulad”a (qəbiristan) ziyarətə gedirdim. Yolda Cə`fərin mənə tərəf gəldiyini gördüm. Mən ona yaxınlaşıb dedim: İstəyirsənsə, birgə gedək. Dedi: Nə olar, gedək.

Yol gedərkən ondan soruşdum: Camaat sizin barənizdə bə`zi şeylər danışır. Onlar düzmi deyirlər? Yə`ni, sən doğurdanmı İmam Zamanla (ə) görüşmüsən? Əvvəl sualıma cavab vermək istəmədi və buna görə də dedi: Keçək bunların üstündən və başqa məsələlər barədə danışaq. Amma mən israrla ondan sualıma cavab verməsini istədim. Dedi: İyirmi beş dəfə Kərbəlaya ziyarətə getmişəm. İyirmi beşinci səfərimdə yəzdli bir şəxs mənimlə yol-yoldaşı oldu. Bir neçə kilometr getdikdən sonra o xəstələndi və get-gedə xəstəliyi güclənməyə başladı. Nəhayət, elə bir yerə gəlib çatdıq ki, yol təhlükəli olduğundan karvan iki gün orada qalmalı oldu. Həmin müddətdə yolda olan başqa bir karvan gəlib bizə çatdı və hər iki karvan birləşərək birgə yola düşdü. Xəstənin vəziyyəti isə daha da ağırlaşırdı. Karvan hərəkət etmək istədikdə, gördüm ki, onu heç cür yerindən tərpətmək olmaz. Bunun üçün də onun yanına gedib dedim: Mən gedirəm, sənin sağalmağın üçün dua edəcəyəm. Vidalaşmaq istədikdə, onu ağlamaq tutdu. Mən çox mütəəssir oldum. Çünki, Ərəfə günü yaxınlaşırdı və iyirmi beş il idi ki, Ərəfə gününü Kərbəlada keçirirdim. Amma yoldaşımın belə bir ağır vəziyyətdə olması məni çox sarsıtdı. Axı, onu necə tək qoyub gedə bilərdim. Nə edəcəyimi bilmirdim. O, ağlaya-ağlaya mənə dedi: Qardaşım, bir saatdan sonra mən öləcəyəm. Xahiş edirəm, bu bir saatı da gözlə. Mən öldükdən sonra ulağım, xurcunumda olan bütün əşyalarım qoy sənin olsun. Amma xahiş edirəm, cənazəmi Kərbəlaya aparıb orada dəfn et. Ona ürəyim yandı və onun yanında qalmalı oldum. Bir saatdan sonra o, dünyasını dəyişdi. Karvan da məni gözləməyib yoluna davam etdi. Mən də onun cənazəsini uzunqulağa qoyub Kərbəlaya tərəf hərəkət etdim. Amma karvandan nə bir əsər var idi, nə də bir əlamət. Ondan qalan yalnız qatı toz idi. Bir sözlə mən onlara çata bilmədim. Təqribən, altı kilometr yol getdikdən sonra həm təklik məni qorxuya salırdı, həm də cənazə. Bir az yol getdikdən sonra dayandım. Cənazə heç cür uzunqulağın belində qərar tutmurdu. O gah bu tərəfə sürüşürdü, gah da o tərəfə. Axır gördüm ki, heç cür onu apara bilməyəcəm. Çox mə`yus oldum. Çarəsiz qalıb yerimdən şəhidlər ağası İmam Hüseynə (ə) salam verdim və ağlaya-ağlaya dedim: Ağa! Mən sizin bu ziyarətçinizlə nə edim? Əgər onu bu səhrada qoyub getsəm, üzərimə ağır məs`uliyyət düşəcək. Özümlə aparmaq istəsəm də, görürsən ki, bunu bacarmıram. Nə edim, çarəsiz qalmışam.

Bir də gördüm ki, dörd nəfər süvari mənə tərəf gəlir. Onlardan biri alicənab nəzərə çarpırdı. O mənə yaxınlaşıb dedi: Cə`fər, bizim ziyarətçimizlə nə edirsən? Dedim: Axı, nə edim? Çarəsiz qalmışam, nə edəcəyimi bilmirəm. Bunu demişdim ki, o üç nəfər atdan düşüb mənə yaxınlaşdı. Əlində nizə tutan o üç nəfərdən biri əlindəki nizəni yerə vurdu və oradan su çıxdı. Cənazəyə elə oradaca qüsl verdilər. Sonra o qabaqda durdu və o biriləri də arxasında durub cənazəyə meyyit namazı qıldılar. Namazı qılıb qurtardıqdan sonra birlikdə onu uzunqulağa möhkəm bağlayıb bir göz qırpımında gözdən itdilər.

Mən yoluma davam etməyə başladım. Bir az getdikdən sonra gördüm ki, məndən əvvəl hərəkət edən karvana çatıram. Onları ötüb keçdim və bir azdan ondan əvvəl yola düşən başqa bir karvan gördüm. Çox keçmədən mən onları da ötüb keçdim və bir neçə dəqiqədən sonra Kərbəla yaxınlığındakı ağ körpüyə çatdım və şəhərə daxil oldum. Kərbəlaya bu qədər tez çatmağım üçün heyrət içində idim. Nəhayət, onu aparıb Kərbəlanın “Vadiyul-əymən” qəbiristanlığında dəfn etdim. Mənim yol-yoldaşlarım  iyirmi gündən sonra gəlib Kərbəlaya çatdılar. Onlar məndən nə vaxt və necə gəldiyimi soruşdular. Mən də onlara yolda başıma gələnləri danışdım və onlar da bu hadisədən heyrətə gəldilər.

Beləliklə, Ərəfə günü gəlib çatdı və mən İmam Hüseyn (ə)-ın ziyarətgahına gedtim. Amma oradakıların bə`zilərini heyvan surətlərində görüb qorxu içində evə qayıtdım. Həmin gün yenə evdən bayıra çıxdıqda, yenə də insanları müxtəlif heyvan surətlərində gördüm. Qəribə burasındadır ki, həmin səfərdən bir neçə il sonra da Kərbəlaya Ərəfə günü gələndə, yenə bə`zilərini müxtəlif heyvan surətlərində görürdüm. Amma başqa günlərdə isə bu hal məndə olmurdu. Bundan sonra belə qərara gəldim ki, Ərəfə günündə Kərbəlaya gəlməyim. Amma mən bu sözləri İsfahan camaatına danışdığım zaman onlar buna inanmır, qulaq ardına vururdular. Daha, qəti qərara gəldim ki, bu barədə kimsə ilə danışmayım. Bir müddət belə də etdim.

Bir gün həyat yoldaşımla birlikdə yemək yediyimiz zaman birdən, həyətdən bir səs eşitdim. Qapını açdım və qapı qarşısında duran şəxs mənə dedi: Cə`fər, gəl gedək, İmam Zaman (ə) səni çağırır. Mən də tez paltarımı geyinib onun hüzuruna getdim. O, məni İsafanın cümə məscidinə apardı. Gördüm ki, İmam Zaman (ə) məscidin eyvanındakı minbərdə oturmuş və ətrafına da bir qədər adam toplaşmışdı. Həzrətlə necə görüşəcəyimi hələ bilmişdim. O məni görcək, dedi: Kərbəla yolunda başına gələnləri niyə camaata danışmırsan? Dedim: Mən əvvəllər bunu deyirdim. Amma camaat ardımca yaxşı sözlər danışmadıqlarından daha susmağı qərara almışam. Buyurdu: Sənin camaatın dedikləri ilə işin olmasın, başına gələnləri onlara danış və bilsinlər ki, biz cəddimiz İmam Hüseyn (ə)-ın ziyarətçilərinə nə qədər diqqət və məhəbbət göstəririk.

 

 
«Altmış Dördüncü Görüş»
Mərhum Əllamə Məclisi (eləcə də mərhum Şeyx Abbas Qumi) atasından “Yəmani hirzi” duasının arxasınca belə bir əhvalat nəql edir:

Bu “hirz”i Əmir İshaq Əstərabadi Allahın yer üzündəki xəlifə və canişini İmam Zaman (ə)-a istinadən nəql edir ki, onun yazılma əhvalatı belədir:

Seyyid İshaq Əstərabadi deyir ki, bir dəfə Məkkə yolunda karvandan geri qaldım. Yorğunluq bir tərəfdən, sıxıntı və susuzluq da digər tərəfdən məni sağ qalacağıma ümid yeri qoymadı. Bunun üçün də qibləyə tərəf uzanıb kəlməyi-şəhadətimi oxumağa başladım. Bir də gördüm ki, ağam və sərvərim, Allahın yer üzündə bütün insanlar üçün tə`yin etdiyi xəlifə və canişini Sahibəzzəman (ə) başımın üzərində dayanıb mənə deyir: Ey İshaq! Qalx ayağa. Mən ayağa qalxdım, amma çox susuz idim. İmam Zaman (ə) mənə su verib sirab etdi və sonra öz atına mindirib birlikdə yola düşdük. Mən yolda Yəmani duasını oxumağa başladım və səhv etdiyim yerlərdə İmam Zaman (ə) səhvlərimə düzəliş verirdi.

Bir də gördüm ki, Məkkənin Əbtəh adlanan məntəqəsindəyəm. İmam Zaman (ə) məni atından düşürüb bir göz qırpımında görünməz oldu. Karvanım isə Məkkəyə düz, doqquz gündən sonra çatdı. Məkkə camaatı arasında mənim oraya təyyül-ərzlə gəldiyim yayıldığı üçün özümü onlardan gizlətməyə çalışırdım.

Mərhum Məclisi yazır: Həmin seyyid dörd dəfə həcc ziyarətinə getmişdir. Kərbəladan Məşhədə İmam Rza (ə)-ın ziyarətinə getdiyi zaman onunla görüşə nail oldum və onda bir çox kəramətlər gördüm. Həmin kəramətlərdən biri də onun İsfahanda yuxuda əcəlinin yaxınlaşdığını və tezliklə dünyasını dəyişəcəyini görməsi idi. Həmin ərəfədə o mənə dedi: Əlli ildir Kərbəlanın yaxınlığında məskən salmışam ki, orada dünyamı dəyişim.

Borcları haqda mənə danışdı ki, onlardan biri də həyat yoldaşının mehriyyəsi idi. O, istəyirdi ki, həmin məbləği Məşhəddə ona o qədər borcu olan şəxsdən alsın. Dostlardan bə`ziləri bundan xəbər tutub həmin məbləği ona verdilər. Sonra biz bir nəfər şəxsi də ona qoşaraq birlikdə Kərbəlaya yola saldıq.

Həmin şəxs sonralar nəql edirdi ki, yolda o özünü çox yaxşı hiss edirdi. Amma Kərbəlaya çatıb borcunu verdikdən sonar xəstələnib dünyasını dəyişdi. Allah ona rəhmət etsin.


«Altmış Beşinci Görüş»
Ayətullah seyyid Təyyib Cəzayiri[1] deyir: Təhsillə əlaqədar İraqda yaşadığım illərdə, Kərbəlada olarkən (1364 h.q.) Hindistandan olan Əbu Sahib adlı e`tibarlı bir dostum mənə belə bir əhvalat danışdı:

Dostlarımdan biri İmam Hüseyni (ə) ziyarət etmək üçün Hindistandan Kərbəlaya gəlmişdi. Gecə-gündüz hərəmdə dua edirdi ki, İmam Zamanla görüşsün. O, əmin idi ki, İmam Zaman həmişə cəddi İmam Hüseynin ziyarətinə gəlir. Bu fikirlərlə öz arzusunu orada olan tələbələrdən bə`zisinə bildirir və soruşur ki, mən İmam Zamanla görüşə bilərəmmi? Bu arzuya çatmağın yolu nədir? Tələbələrdən biri ona deyir: Əgər sən qırx gecə cümə axşamları hərəmdə ibadət və riyazətlə məşğul olsan, Allah qoysa öz istəyinə çatarsan. Çünki Allah-təala İmam Hüseynə şəhadətinin müqabilində üç şey lütf etmişdir:

1. Onun qübbəsi altında edilən dua müstəcab olar.

2. Onun türbətinə şəfa bəxş etmiş.

3. İmamət məqamı (qiyamətə qədər) onun nəslinə mənsubdur.[2]

Bu sözləri eşidən sonra o, qırx gecə cümə axşamları İmam Zamanı görmək ümidi ilə İmam Hüseynin hərəmində qalır. O, bütün gecəni rüku və səcdə halında ağlayıb-sızlamaqla ibadətə məşğul olur. Nəhayət, qırx gecə başa çatır, amma o öz hacətinə çatmır.

Səhər açılanda o, narahat və qəmli halda hərəmdən çölə çıxır. Hərəmin həyətində dayanıb gözlərindən yaş axıda-axıda, başqasının diqqətini cəlb etməyəcək şəkildə öz-özü ilə danışmağa başlayır: “Mənə qırx gecə hərəmdə qalmağı təklif edən adam məni boş və bihudə bir işə vadar etdi. Ey kaş, o adam indi burada olardı, mənim bu halımı görərdi ki, vaxtım, malım necə zay olmuşdur! İndi mən öz ölkəmə necə qayıdacağam, nə pulum var, nə də halım.”

O, bu sözləri zümzümə etdiyi halda yaxınlığında durmuş, əyninə iraqlılara məxsus libas geymiş, başını şal (ərəblərin başlarına saldıqları örtük) ilə örtmüş bir ərəb, sanki bu sözləri eşidib başa düşürmüş kimi, yaxına gəlib fəsih hind dilində ona dedi: Nə olub, filankəs? (onu öz adı ilə çağırır) Niyə belə qəmgin və pərişansan? O, tanımadığı ərəbin onu adı ilə çağırması və hind dilində danışmasından təəccüblənsə də, ona e`tina etmir. Fikirləşir ki, yəqin bu adam Kərbəla əhlidir, ola bilsin hindlilərlə çox oturub-durduğu üçün hind dilində yaxşı danışır. Buna görə də ona deyir:

–Mənim işimin sənə nə dəxli var?

–Haradan bilirsən ki, sənin işinin mənə dəxli yoxdur?

–Çünki sənin mənim müşkülümü həll etməyə gücün çatmaz.

–Sənin nə müşkülün var?

–Mən mövlam Sahibəzzamanı görmək arzusunda idim. Uzaq Hindistan ölkəsindən qalxıb bu qədər yolu ziyarət üçün gəlmişəm. Burada olan ruhanilərdən biri mənə dedi ki, əgər qırx gecə cümə axşamları imam Hüseynin (ə) qübbəsi altında dua etsən, duan müstəcab olar. Mən əhli-əyalımı buraxıb qırx həftədir ki, burada qalmışam. Nə pulum var idisə, xərclənib qurtarıb.

–Əhəmiyyət vermə və özün də nigaran olma. Sənin yol xərcin düzələcək və vətəninə də qayıdacaqsan.

–Yol xərcinin düzəlməyinin, ya vətənə dönməyimin faydası nə olacaq? Nəticəsiz, əliboş geri dönməyin nə xeyri ki, məqsədimə çatmamışam. Mən bu qədər vaxtı burada ona görə qalmamışam ki, Allahdan pul, mal istəyim. Mən qırx gecəni ona görə oyaq qalmışdım ki, İmamı görüm. Mənim imamı görməkdən başqa heç bir niyyətim olmayıb. Sizcə bu mümkün olmayan bir arzudur?

O, deyir: Sözlərim bu yerə çatanda həmin ərəbin üzündə təbəssüm aşkar oldu. Gülümsündüyü halda mənə dedi: İndi də öz imamının üzünü görə bilmədin? Dedim: Yox. Dedi: Artıq bundan yaxşı necə görə bilərsən? (Yə`ni sənin qarşında dayanmış şəxsi bundan yaxşı necə görmək olar? Sən hal-hazırda onun üzünə baxıb söhbət edirsən.) Bunu dediyi halda birdən qeyb oldu. Mən heyrət içində donub qaldım. Sağıma, soluma baxdım, kimsəni görmədim. Haçandan-haçana özümə gəldim. O, mənim dilimdə danışır, halımı bilirmiş, amma mən isə onu tanımamışam, onunla ədəbsiz danışmışam. Birdən məni ağlamaq tutdu. Görüşün bu qədər az olmasına təəssüf etdim. Onunla dikbaşlıqla danışmağıma bərk peşman oldum. Bir az keçmiş bir nəfər gəlib mənə pul verdi. Bu pul mənim yol xərclərimi yetərincə ödəyirdi. Allah-təala mənim bu haldan çıxarıb gözəl bir əhval-ruhiyyə ilə əvəz etdi.[3]


«Altmış Altıncı Görüş»
Hillədə Cəmaləddin Zuhdəri adında bir şəxs iflic olur. Qohum-əqrəbaları onu bir çox həkimlərə göstərsələr də, heç bir nəticə əldə edilmir. Müalicələr bir nəticə vermədikdə və hamı mə`yus olduqda, qərara gəlirlər ki, onu Hillədəki “İmam Zaman məqamı”na aparsınlar. Onlar belə də edirlər və İmam Zaman (ə) onun qarşısında zahir olub Allahın izni ilə ona şəfa verir. Mərhum Məclisi Əbdürrəhman Ommanidən nəql edərək deyir:

Bu əhvalat camaat arasında yayıldıqda, mənimlə Cəmaləddin arasında sıx dostluq münasibətlərimiz olduğundan onun evinə gedib baş verənləri onun öz dilindən eşitdim. O, baş verənləri belə xatırladı:

Mə`lum olduğu kimi, mənim iflic olduğumdan siz də xəbərsiz deyilsiniz. Nəhayət, qohum-əqrəbam məni İmam Zaman (ə)-ın məqamına apardılar. O gecə çox keçmədi ki, bir də gördüm Həzrət məqamın qapısından daxil oldu. Mən ona salam verdim. O da məhəbbətlə salamımın cavabını verib buyurdu: Qalx ayağa! Dedim: Ağa, bir ildir ki, yerimdən ayağa dura bilmirəm. Yenə buyurdu: Allahın iznilə qalx ayağa! Sonra qolumun altına girib mənə ayağa qalxmağa kömək etdi. Mən də, sanki heç bir xəstəlik yoxmuş kimi ayağa qalxdım. Elə bil ki, heç iflicə düçar olmamışdım. Bundan sona İmam Zaman (ə) bir göz qırpımında qeybə çəkildi. Camaat bu hadisədən xəbərdar olub başıma toplaşdılar və hərə bir tərəfdən təbərrük olaraq əyinimdəki paltarlarımı parça-parça edib apardılar.[4]


«Altmış Yeddinci Görüş»
 Müəmmər ibn Şəmsin “Bürş” adlı bir kəndi var idi ki, onu seyyid və ələvilərə vəqf etmişdi. Onun orada İbn Xətib adlı şiə olan təqvalı vəkil və naibi, bir də Osman adlı təəssübkeş sünni qulluqçusu var idi. Bu iki nəfər Müəmmər ibn Şəms tərəfindən kəndin işləri ilə əlaqədar onlara tapşırılan vəzifələri yerinə yetirirdilər. Amma daim bu iki nəfərin arasında məzhəb məsələləri ilə bağlı çəkişmələr müşahidə olunurdı.

Bir gün onlar yenə camaat arasında bir məsələ ətrafında mübahisə edirlər. İbn Xətib Osmana deyir: İndi ki, həqiqət mə`lum oldu və bu həqiqəti qəbul etmək istəmirsənsə, gəl belə bir iş görək, mən öz əlimə Həzrət Əlinin (ə), oğulları Həsən (ə) və Hüseynin (ə) və zövcəsi həzrət Zəhranın (ə) adlarını yazacağam, sən də öz əlinə Əbu Bəkrin, Ömərin və Osmanın adlarını yaz. Sonra camaat əllərimizi biri-birinə bağlayıb alovun içinə tutsunlar. Kimin əli yansa, haqsız, kiminki yanmasa, haqlıdır.

Osman isə buna razı olmur. Camaat da Osmana gülərək onu masqara edirlər. Pəncərədən baş verənləri izləyən Osmanın anası bərk narahat olur və bacardığı qədər oradakı şiələri söyməyə, lə`nətləməyə və acı sözlər deməyə başlayır. O, bərk hiddətlənərək, elə hey onlara nalayiq sözlər deyirdi ki, birdən gözlərindən bərk ağrı tutur və hər ikisi kor olur. Onu müalicə üçün Hilləyə aparırlar. Həkimlər əllərindən gələni etsələr də, heç bir faydası olmur və daha kimsə onun gözlərinin açılacağına ümid etmir.

Bir dəfə neçə nəfər şiə qadın onu yoluxmağa gedir və ona deyirlər: Sən şiələrə hörmətsizlik etdiyin üçün İmam Zaman (ə)-ın qəzəbinə gəlmisən. Bil ki, şiə olmayana qədər bu bəladan nicat tapmayacaqsan. Əgər şiə olsan, Allahın hökmən sənə şəfa verəcəyinə zaminik.

O, şiələrə hörmətsizlik etdiyindən bərk peşman olur və şiəliyi qəbul edir. Hillənin təqvalı və pak qadınları cümə axşamı onu “İmam Zaman (ə)-ın məqamı”na aparırlar və özləri onu bayırda gözləyirlər. Gecənin bir aləmində, birdən onun fəryad səsləri eşidilir və görürlər ki, o qadın ağlaya-ağlaya çölə çıxıb belə deyir: Sahibəzzəman (ə) mənə mərhəmət göstərdi, şəfa tapdım!

Artıq o, hər şeyi görürdü. Qadınlar sevincək, ondan İmam Zamanla (ə) necə görüşdüyünü soruşurlar. O, deyir: Siz məni “İmam Zaman (ə)-ın məqamı”na gətirdikdən sonra mən Həzrətdən imdad dilədim. Bir vaxt eşitdim ki, kimsə mənə deyir: Allah sənə şəfa verdi, qalx məqamdan çölə çıx və bu xoş xəbəri səni gözləyən qadınlara de. O an artıq hiss etdim ki, mən daha görürəm. Məqam nura qərq oldu və bir nəfərin qarşımda durduğunu gördüm. Ondan kim olduğunu soruşduqda, buyurdu: “Mən Sahibəzzəman Höccət ibn Həsənəm!” Yerimdən qalxıb ətəyindən yapışmaq istədikdə, bir göz qırpımında qeyb oldu.

Bu əhvalat Hillə şəhərində baş verir və sonralar dillər əzbərinə çevrilir. O qadının oğlu Osman da bu əhvalatdan sonra şiə olur.


«Altmış Səkkizinci Görüş»
Əllamə Hillinin (Allah ondan razı olsun) zamanında bir sünni alim şiə məzhəbinin əleyhinə kitab yazaraq təşkil etdiyi ümumi və xüsusi məclislərdə onun vasitəsilə bir çoxlarını şiə məzhəbinə qarşı bədbin edir. Eləcə də bu kitabı kimsənin ixtiyarında qoymur ki, onun şübhələrinə cavab verə bilsinlər. Əllamə Hilli kimi böyük şəxsiyyət bir yolla həmin kitabı əldə etmək üçün bir şagird tək o şəxsin dərsində iştirak etməyi özünə vacib edir və beləcə onun e`timadını qazanır. O, Əllamə Hillinin kitaba belə böyük marağından çox sevinir və ona rədd cavabı verə bilməyib deyir: Mən kitabı yazarkən nəzr etmişəm ki, bir gecədən artıq onu kimsəyə verməyim.

Əllamə Hilli çarəsiz qalıb bir gecəlik də olsa kitabdan istifadə etməyə razılığını bildirir və həmin gecə böyük həvəs və sevinclə kitabı üzündən köçürməyə başlayır. O istəyirdi ki, həmin gecə kitabdan mümkün qədər köçürüb fürsət yarandıqda, onlara cavab versin. Lakin gecə yarısı onu yuxu tutur. Elə həmin an möhtərəm bir qonaq onun otağına daxil olur və onunla söhbətə başlayır. Sonra ona deyir: Əllamə, sən yat, kitabın köçürülməsini mənə həvalə elə.

Əllamə bir söz demədən itaət edir və dərin yuxuya dalır. Yuxudan oyandıqda, nurani qonağından əsər-əlamət görmür. Kitaba nəzər saldıqda isə onun başdan-ayağa köçürüldüyünü və sonda imza olaraq belə bir yazı görür: “Kətəbəhul-Huccə.” (Yazdı Allahın höccəti.)


«Altmış Doqquzuncu Görüş»
İmam Zamanla (ə) görüşləri nəql edən kitablarda Əli ibn Məhziyarın əhvalatı xüsusi diqqət mərkəzində olmuşdur. Əli ibn Məhziyarın qəbri Əhvaz şəhərindədir. Üzərində böyük günbəz olan bu məqbərə böyük ziyarətgaha çevrilmişdir. O özü həmin əhvalatı belə nəql edir:

İmam Zaman (ə)-ın görüşünə nail olmaq üçün hər il həcc mövsümü Məkkəyə gedərdim. Beləliklə, on doqquz dəfə Məkkəyə Kə`bə evinin ziyarətinə getdim. Hər dəfə nə qədər çalışsam da, Həzrətdən bir əsər-əlamət əldə edə bilmədim. Nəhayət,  mə`yus olub bir daha Məkkəyə getməmək qərarına gəldim. Növbəti il dostlarım Məkkəyə həcc ziyarətinə getdikləri zaman mənə də səfərə hazırlaşmağı təklif etdilər. Onlara dedim: Bu il mənim bir sıra çətinliklərim var və daha getmək fikrim yoxdur. Həmin günün axşamı yuxuda kimsə mənə dedi: Bu il həcc ziyarətini tə`xirə salma, gəl. Allahın izni ilə məqsədinə çatacaqsan.

Səhər yuxudan oyanıb ümidlə səfərə hazırlaşmağa başladım. Dostlarım məni gördükdə təəccüblənsələr də, onlara heç bir şey demədim. Nəhayət,  gəlib Məkkəyə çatdıq. Həccin əməllərini tamamilə başa vurduq, amma bir xəbər çıxmadı. Bütün bu müddət ərzində hər dəfə Məscidül-Həramın bir guşəsinə çəkilib, elə hey fikirləşirdim. Hərdən öz-özümə deyirdim: Görəsən, yuxum doğru idi, yoxsa sadəcə olaraq xəyallara qapılmışdım?

Bir gün yenə başımı aşağı salıb fikirlərə dalmışdım. Birdən bir nəfər əlini çiynimə qoyub mənə salam verdi və sonra haralı olduğumu soruşdu. Qarabuğdayı bir şəxs idi. Dedim: Əhvazlıyam. Soruşdu: İbn Xəsibi tanıyırsanmı? Dedim: Allah ona rəhmət eləsin, artıq dünyasını dəyişmişdir. Dedi: Hamımız Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq. Yaxşı insan idi, camaata xeyli ehsan edərdi. Allah onun günahlarından keçsin.

Sonra dedi: Əli ibn Məhziyarı tanıyırsanmı? Dedim: Bəli, özüməm. Dedi: Xoş gördük Məhziyar oğlu, sən çox zəhmət çəkmisən. Ağan İmam Zamanla (ə) görüşəcəyini sənə müjdə verirəm. Bu səfərində onun ziyarətinə nail olacaqsan. Get yoldaşlarınla vidalaş və sabah axşam da “Əbu Talib dərəsi”nə gəl. Mən orada səni gözləyəcəyəm və oradan səni İmam Zaman (ə)-ın yanına aparacağam.

Hədsiz sevinclə yoldaşlarımın yanına qayıtdım və yol ləvazimatımı bir yerə yığıb onlarla vidalaşdım. Nəhayət,  həmin gecə “Əli Talib dərəsi”nə getdim və gördüm ki, o şəxs orada məni gözləyir. Salamlaşıb bir-birimizlə hal-əhval tutduq. Sonra dəvələrə minib Ərəfat və Minanın dağlarını keçib Taif dağlarına çatdıq. Ora çatdıqda, bələdçim mənə dedi: Düş, gecə namazını qılaq.

Mən dəvədən düşüb onunla birlikdə namaz qıldım və sonra yenə yolumuza davam etdik. Səhər açılana yaxın yenə dəvələrimizdən düşüb sübh namazını qıldıq. Artıq hava bir qədər işıqlanmışdı. O mənə dedi: O təpənin başında nə görürsən? Dedim: Bütün səhranı işıqlandıran bir xeymə görürəm. Dedi: Bəli, düzdür. Sənin arzu və istəyin oradadır. Sərvər və ağamızın yeri oradır.

Bir qədər dayanıb, sonra dedi: Gəl gedək. Dedim: Bəs, dəvələri nə edək? Dedi: Onları azad burax, bura əmin-amanlıqdır.

Onunla birlikdə xeyməyə tərəf getdim. Ora çatdıqda, mənə dedi: Sən hələ gözlə. Bunu deyib məndən əvvəl xeyməyə daxil oldu və bir neçə dəqiqədən sonra bayıra çıxıb dedi: Xoş halına! Həzrət sənə görüşə icazə verdi.

Mən xeyməyə daxil oldum və orada qəlbləri məftun edən gözəl bir cavan gördüm. Onun kaman kimi qaşları, düz burnu və sağ yanağında bir xalı var idi.

Məni görcək, böyük mehribanlıqla hal-əhval tutdu və sonra dedi: Atam mənimlə əhd-peyman bağlamışdır ki, şəhərlərdə mənzil qurmayam. Allah nə qədər istəsə, zalım və sitəmkarların şərindən qorunmaq üçün dağ və səhralarda məskən quracaq, onların hakimiyyətindən kənarda olacağam. Ta o vaxta qədər ki, Allah özü fərəc hasil etsin.

Mən neçə gün İmam Zaman (ə)-ın xeyməsində qonaq qaldım və bu müddət ərzində onun elm və nurundan kifayət qədər bəhrələnə bildim. Nəhayət, vətənimə qayıtmaq istədikdə, ixtiyarımda olan əlli min dirhəmi “imam səhmi” olaraq Həzrətə təqdim etmək istədim. Qəbul etməyib buyurdu: Bundan narahat olma. Çünki, qarşıda səni uzun yol gözləyir və yol xərcin üçün sənə lazım olacaq.

Bundan sonra İmam Zamanla (ə) vidalaşıb vətənə yola düşdüm.[5]

 

--------------------------------------------------------------------------------

[1] Ayətullah Cəzayiri böyük mühəddis, alim Ne`mətullah Cəzayirinin nəslindən olub hal-hazırda elmi-dini fəaliyyətlə məşğuldur. O, on doqquz vasitə ilə cəddi İmam Musa bin Cəfərə (ə) çatır. Nəcəfdə Ayətullah Həkim, Xoyi, Şirazi, Şahrudi, Təbrizi kimi böyük mərcələrin “xaric” dərslərində iştirak etmişdir. 1374-cü ildə (h.q) Nəcəf-Əşrəfdə çap etdirdiyi “Əl-lümətul-satiə” adlı elmi işi ilə ictihad icazəsini almış və müxtəlif mövzularda altmışa yaxın kitabın müəllifidir.

[2] “Bihar”, c. 44, səh. 221, hədis 1; Tusi, “Əmali”, c. 1, səh. 324

[3] Seyyid Təyyib Cəzayiri, “Axərin umide cəhan”, səh. 358-360.

[4] Seyyid Təbərsi Nuri, “Kifayətül-Muvəhhidin”.

[5] Şeyx Səduq, “Kəmalud-Din”.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
Avropalılar passiv olarlarsa, nüvə fəaliyyətlərinə başlamaq İranın haqqıdır
ci xütbə
Al Bağdadinin xəlifəlik elan etdiyi Məscid çökür, İraq Ordusu işid-in son ...
Nigeriya dövlətinin törətdiyi Şiə Soyqırımının zərərçəkənləri
Hacətlərimiz üçün ən gözəl vasitələr
«Altmışıncı Görüş»
Ümumdünya Əhli-Beyt ¢ cəmiyyətindən
Elm və fəzilət ailəsi
Gürcüstanda "Ramazan Akademiyası 2" adlı proqrama start verilib

 
user comment