Hər bir Məsum (ə) biz müsəlmanlar üçün Allaha yaxınlaşmaq vasitəsidir. Baxmayaraq ki, hər bir Məsuma (ə) təvəssül edib, bütün hacətlərimizi istəyə bilərik, ancaq hədislərdə hər biri üçün müəyyən xüsusiyyətlər bəyan edilmişdir.
Həzrət Peyğəmbərə (s), əziz qızına (s.ə), İmam Həsənə (ə) və İmam Hüseynə (ə) hər bir hacətə görə təvəssül etsək, yerinə yetər.
İmam Əliyə (ə) təvəssül etmək zalımın zülmünü insandan uzaq edər.
İmam Səccada (ə) təvəssül etmək şahların zülmünü və şeytanın vəsvəsəsini uzaqlaşdırar.
İmam Baqirə (ə) və İmam Sadiqə (ə) təvəssül etmək axirətdə yardım almağa kömək edər.
İmam Kazıma (ə) təvəssül etmək xəstəliklərdən şəfa tapmağa yardım edər.
İmam Rzaya (ə) təvəssül etmək dənizdə, havada, quruda, səhrada səfərə çıxan zaman yardım edər.
İmam Cavada (ə) təvəssül etmək ruzinin artmasına və insanların əlində olanlardan ehtiyacsız olmağa yardım edər.
İmam Hadiyə (ə) təvəssül etmək itaətlərin kamala çatmasına yardım edər.
İmam Həsən Əsgəriyə (ə) təvəssül etmək axirətə yardım edər.
İmam Zamana (ə.f) təvəssül etmək bizim pənah yerimiz olduğu üçün, yuxarıda sayılanların hamısında və başqa hacətlərdə də biz müsəlmanlara yardımçı olar.
Hidayət rəhbərlərindən və bizi Allah bəndəliyinə tərəf yönləndirən İmamlardan biri də İmam Həsən Əsgəri (ə) idi. O zaman ki, İmam Həsən Əsgəri (ə) Salih ibni Vəsifin zindanında idi, Abbasilərdən bir qrup onun yanına gəlirlər. Salihi məcbur edirlər ki, İmama (ə) əziyyət versin. Salih onlara dedi: “Mən bilmirəm onunla nə edəm? Ən pis insanlardan ikisini onu mühafizə etmək üçün qoymuşdum. Ancaq indi o ikisi ibadət əhli olmuşdur”. Sonra əmr edir ki, bu iki əsgəri gətirsinlər. Salih onlara dedi: “Vay olsun sizə! Bu kişi sizə nə deyib ki, belə dəyişmisiniz?”.
Dedilər: “O kişi ki, gecələri namaz qılır və gündüzləri oruc tutur, nə deyək? O, heç kimlə yersiz yerə danışmaz. İbadətdən başqa heç nə ilə məşğul olmaz. Biz nə zaman ona baxardıq, çiyinlərimiz titrəyərdi. Halımız dəyişərdi”.
Abbasilər bu sözləri eşidib, məyus halda geri qayıdırlar”.
Davud ibni Haşim nəql edir: “Biz zindanda olan zaman İmam Həsən Əsgərini (ə) zindana gətirdilər. Onu bizim hücrəyə qoydular. O Həzrət (ə) gündüzləri oruc tutur, iftar üçün xidmətçisi onun üçün yemək gətirərdi. O zaman ki, Həzrət (ə) iftar edərdi, biz də Həzrətin (ə) dəvəti ilə ona qoşulardıq”.
İmam Həsən (ə) buyurur: “Hər kim dünyada olan zaman din qardaşlarına təvazökarlıq edərsə, Allah yanında həqiqi siddiqlərdən və İmam Əlinin (ə) həqiqi davamçılarından hesab olar”.
İmam Həsən Əsgəri (ə) babası İmam Əlidən (ə) belə bir hədisi nəql edir: “Bir gün İmam Əlinin (ə) davamçılarından olan ata və oğul İmamın xidmətinə gəlirlər. Həzrət onların gəlişi ilə ayağa qalxır. Onlara ehtiram göstərib, məclisin yuxarı başında əyləşdirdi. Özü də onların yanında əyləşdi. Sonra şamın gəlməsini əmr etdi. O ikisi bu yeməkdən yedilər. Qənbər əlində su və dəsmalla gəlir ki, qonaqların əlinə su töksün. İmam yerindən qalxır və bu su ilə parçanı alıb, özü qonaqların əlinə su tökür. Bu səhnəni görən zaman qonaqlar çox xəcalət çəkirlər. İmama deyirlər: “Ya Əmirəl-möminin! Allah bizi görür və sən bizim əlimizə su tökürsən”. İmam onlara deyir: “Otur və əllərini yu. Çünki Allah Təala səni o halda görür ki, heç bir fəziləti olmayan bir qardaşınız sizə xidmət edir. Allah bu xidmət qarşılığında onun behiştdəki xidmətçilərinin sayını on dəfə artırar. Ona görə də behiştdəki yerini genişləndirər”. Sonra İmam Həsən (ə) buyurur: Ona görə də hər kim bu xüsusiyyətdə İmam Əliyə (ə) bənzəyərsə, o, həqiqi Əhli-beyt (ə) davamçısı deməkdir”.
Bu hədisdən çıxartdığımız nəticə budur ki, insan din qardaşına qarşı təvazökar olmalıdır. Onun ali nümunəsini İmam Əlidə (ə) gördük.
Hazırladı: Məşhədi Xanım,
source : http://deyerler.org