QEYBƏÇƏKİLMƏNİN BƏZİ HİKMƏTLƏRİ İmam Məhdinin (əc.) qeyb pərdəsi arxasında saxlanılması Allahın hikmətamiz iradəsi ilə bağlı olub, varlıq aləminin mürəkkəb sirlərindən sayılır . Lakin, bununla yanaşı, bəzi hədislərdə onun bir sıra hikmət və səbəblərinə toxunulmuşdur. Bu hədislər qeybəçəkilmədə təsirli olan bəzi amilləri göstərməklə, Allah bəndələrinə ibrət dərsi verib, onları çıxış yolları barədə daha artıq düşünməyə vadar edir: 1. İlahi qanun
İmam Sadiq (ə) buyurmuşdur: "Peyğəmbərlərin qeybində həyata keçən bütün qanun və sünnələr, biz Əhli-beytin qiyam edəninin (Qaimin) qeybində çox ali formada həyata keçəcəkdir" . 2. İmamın canının qorunması
Onun fiziki cəhətdən məhv edilməsi, həm də ideyalarının aradan götürülməsi, İslam və Quranı hakim etmək missiyasının nəticəsiz qalması demək idi. İmam Sadiq (ə) qeyb haqqında verilən sualın cavabında belə buyurmuşdur: "O, özünün öldürülməsindən qorxur" . 3. İslam hakimiyyətinin qəbul olunmasına və istismarçı zalımların məhv edilməsinə ümumdünya hazırlığı
Həzrət Məhdi (əc.) buyurmuşdur: "Mən zühur və qiyam etdiyim zaman boynumda heç bir tağutun və zalım hökmdarın beyəti olmayacaqdır" . 4. İnsanların imtahan olunması
Peyğəmbər (s) buyurmuşdur: "Məhdinin (əc.) qeybi dövründə, ürəkləri Allah imanı ilə saflaşdırılmış şəxslərdən savayı heç kim onun imamlığına əqidə bəsləməkdə sabit qalmayacaqdır" . 5. İnsanların günaha aludə olması və zühura hazır olmaması
Həzrət Məhdi (əc.) özünü buludlar arxasındakı günəşə bənzətmişdir . Və əgər o, həyati əhəmiyyətə malik olan işıqlı bir günəşdirsə, onun üzünü örtən buludlar insanların günahı və nankorluğundan başqa nə ola bilər?
QEYB DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ İmam Məhdinin (əc.) qeyb olmasının necəliyi və onun xüsusiyyətləri barədə bir sıra hədislər mövcuddur. Lakin buna baxmayaraq, bu qeyb barəsində qəti və aydın təsəvvür yaratmaq mümkün deyil. Aşağıda bu xüsusuiyyətlərin yalnız bir neçəsinə toxunmaq istəyirik: 1. Bulud arxasındaki günəş kimidir: كما ينتفعون بالشمس اذا سترها سهاب))
2. O görünür, amma tanınmır:
(يجعل الله بينه وبين الخلق حجا با يرونه ولا يعرفنه)
3. Hər il həcc mərasimində iştirak edir. Ərəfatda dayanıb, möminlərin duasına "Amin!" deyir:
(وانه ليحضر الموسم فى كل سنة ويقف بعرفة فيْؤمن على دعاء المؤمن)
4. Cismən gözlərdən uzaq olsa da, xatirəsi ürəklərdədir:
(ان غاب عن الناس شخصه فى حال هدنة لم يغب عنهم مثبوت علمه)
5. Bir çox aşiqləri onu görüb tanımağa müvəffəq olmuşlar. 6. Onun müəyyən bir yeri yoxdur. Çox zaman tanınmaz şəhərlərin ətrafında yaşayır.
7. O, zalımlardan uzaq yerdə, tanınmadan və digər insanlar kimi xüsusi yerlərdə yaşayır, hamı kimi yemək və geyimə ehtiyaclıdır, həyat yoldaşı və övladı var. 8. Bəzi məclislərdə iştirak edir, küçə və bazarlarda yol gedir. 9. Allahın hikməti ilə bəzən onun hər hansı bir yerdə olub, lakin gözə görünməməsi də mümkündür. İmam Rza (ə) buyurmuşdur:
"...Cismən görünmür" (لا يرى جسمه) .
İmam Sadiq (ə) buyurmuşdur:
"Özü sizdən gizlidir" ((يغيب عنكم شخصه .
Bəzən də Allahın əmri ilə görünür, lakin tanınmır.
Məhəmməd ibn Osman Əmri deyir: (يرى الناس ويعرفهم و يرونه ولا يعرفونه)
ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ İmam Məhdi (əc.) Allahın bütün əzəmətli peyğəmbərlərinin və görkəmli övliyalarının varisi olmaqla, ən gözəl və kamil xüsusiyyətlərə malikdir. O, özündə Peyğəmbərin (s) şanlı əxlaqını, Əmirəl-möminin Əlinin (ə) heyrətamiz xarakterlərini, Fatimeyi-Zəhra (s) və onun məsum övladlarının uca fəzilətlərini təcəssüm etdirir. Bu xüsusiyyətlərin bəzisinə toxunmaq, o həzrətə yaxınlaşmaq və daha artıq itaət göstərmək üçün əhəmiyyətli olardı. 1. Elm
Əli (ə) buyurmuşdur: "O, sizin ən elmlinizdir" . İmam Baqir (ə) buyurmuşdur:
"Bitkilərin ən gözəl formada torpaqdan cücərdiyi kimi, Allahın kitabına və Peyğəmbərin (s) sünnəsinə elm də Məhdinin (əc.) qəlbində cücərib bitir. Kim onu görsə, belə desin: Salam sizə, ey rəhmət və nübüvvət əhli-beyti, ey elm xəzinəsi və risalət mənbəyi!" . 2. Zöhd və dünyaya etinasızlıq
İmam Rza (ə) buyurmuşdur: وما لباس القائم الا الغليظ وما طعامه الا الجسب "Bizim qiyam edənimizin paltarı bərk, xörəyi isə qurudur" . 3. İnsanlarla ədalətli rəftar
İmam Baqir (ə) buyurmuşdur: يعدل فى الخلق الرحمن البر منهم و الفاجر "O, insanlarla ədalətlə rəftar edir: istər saleh insan olsun, istər fasiq" . 4. Peyğəmbərin (s) sünnəsinə əməl etmək
Məhəmməd peyğəmbər (s) buyurmuşdur: "O məndəndir, adı mənim adımdır. Allah məni və mənim dinimi onun vasitəsilə qoruyacaqdır. O mənim sünnəmə əməl edəcək" . 5. Ehsan və səxavət
Peyğəmbər buyurmuşdur: "Bir kişi onun yanına gəlib deyəcək: "Ey Məhdi, mənə bir şey bağışla, əta et". Sonra Məhdi, daşıya biləcəyi qədər malı onun ixtiyarına buraxacaqdır" . 6. Dua və ibadət
İmam Məhdidən (əc.) nəql olunan müstəhəb namazlar və çoxsaylı dualar, o həzrətin dua və ibadətə olan xüsusi diqqətindən xəbər verir. Dua və ibadətin ən böyük bəndəlik əlaməti və Allaha yaxınlaşmaqda ən güclü amil olması isə aydın məsələdir. Əgər dahi peyğəmbərimiz (s) ağır risalət (peyğəmbərlik) məsuliyyətini qəbul etməyə hazırlıq üçün mütləq gecə namazı qılmağa məmur olunursa, demək həqiqi bəndəlik, habelə namaz, dua və ibadətlə ciddi məşğul olmaq, ağır məsuliyyətləri qəbul etmək üçün labüddür. Elə buna görə də bütün yer üzündə tövhid və ədalət prinsiplərini hakim etmək məsuliyyətini qəbul etmək, daimi ibadətlər və fasiləsiz dualar olmadan mümkün deyil. 7. Şücaət və qorxmazlıq
Bütün müşrik və zalımlarla mübarizə və dünyanın qüdrətli tağutlarını diz çökdürmək, bənzərsiz şücaət və misilsiz rəşadət tələb edir: İmam Hüseyn (ə) kimi döyüş adamı olmaq, İmam Əli (ə) kimi zirehini arxa tərəfdən açıq qoymaq və Peyğəmbər (s) kimi döyüşlərin ən gərgin yerində öz savaşı ilə digər döyüşçüləri daha da ruhlandırmaq və qətiyyəti ilə mücahidlərə arxa durmaq! 8. Səbir və mətanət
Hər bir insanın səbir və dözümünü, onun başına gələn müsibət və problemlərin qədərinə əsasən ölçmək lazımdır. Tarixin ən dözümlü və mətanətli insanları çətinliklər qarşısında neçə il davam gətirmiş və nə qədər qəm və bəlalara dözmüşlər? Heç şübhəsiz ki, bütün bu əsrlər boyu İmam Məhdinin (əc.) qarşılaşdığı müsibətlər başqa heç bir kəslə müqayisə olunası deyil. Çünki, artıq dözüm və mətanət tələb edən təkcə acıların çoxluğu və zamanın uzunluğu yox, həm də məsuliyyətin ağırlığıdır. İnsanın öhdəsinə düşən məsuliyyətin növü onun dözüm və davamlılıq miqdarını təyin etməkdə təsirlidir. Və unutmaq lazım deyil ki, həzrət Məhdi (əc.) zamanın imamı, insanların höccəti, bütün möminlərin vəlisi, şiələrin rəhbəri və atasıdır. UZUNÖMÜRLÜLÜK İmam Məhdinin (əc.) doğulmasından bu günədək 1000 ildən artıq vaxt keçir. Bu uzun ömrün bundan sonra daha neçə onilliklər, yüzilliklər və hətta minilliklər boyu davam edəcəyi isə heç kimə bəlli deyil. Lakin, bütün bunlara baxmayaraq, bu məsələdə heç bir qeyri-mümkünlük yoxdur. Çünki: 1) Hər bir şeyin vücuda gəlməsi və uzun müddət qalması, insanı yoxdan yaradan böyük Allahın iradəsinə bağlıdır:
انما امره اذا أراد شيا أن يقول له كن فيكون Belə bir Allahın öz hikmətinə əsasən, məxluqlarından birinin ömrünü min illər boyu uzatmağa qüdrəti vardır. Qurani-kərimdə yazılmışdır ki, Əgər Yunus peyğəmbər (s) tövbə etməsəydi, Allah-taala onu qiyamət gününə qədər balığın qarnında diri saxlayacaqdı . 2) Tarix kitabları yüz illərlə heç bir xəstəlik görmədən yaşayan insanların əhvalatı ilə doludur. Tövratda yazılmışdır ki, "Zülqərneyn" üç min il ömür sürmüşdür . Qurani-kərim Nuh peyğəmbərdən (ə) danışarkən, onun tufanaqədərki ömrünü 950 il göstərmişdir.
3) Məntiqi cəhətdən, hər hansı bir mövcudun ömrünün tədrici artmasında, onun üçün müəyyən hədd nəzərdə tutub, ondan yuxarını qeyri-mümkün hesab etmək düzgün deyil. Buna görə də əgər bir insanın ömrü 100, 150 vəyaxud 200-ə çatmışsa, demək, bundan artığı da mümkündür və hətta bu, bir neçə min il davam etsə də, yenə də onu məhdud etmək olmaz.
4) Elm sübut etmişdir ki, əgər bədən üzvlərinə lazım olan maddələr, qədərincə onlara çatdırılsa və daima xəstəlik və çatışmazlıqlara qarşı tədbirlər görülsə, canlıların ömrü çox heyrətamiz şəkildə arta bilər. Buna əsasən, əsla təəccüblü deyil ki, İmam Məhdi (əc.) Allahın bəxş etdiyi sonsuz elm nəticəsində öz ömrünü adi insan ömründən dəfələrlə artıra bilər.
İNTİZAR
Nəhayət, İmam Məhdinin (əc.) üzücü qeyb dövrü başa çatacaq və əzəmətli zühur dövrü, İslam və tövhidin qələbə dövrü başlayacaqdır.
İmam Məhdini (əc.) bu əqidə ilə tanıyanlar, onun vilayət və itaət peymanını öhdəsinə götürənlər həmişə gözüyolda olub, özlərini və cəmiyyəti zühur dövrünə hazırlamağa çalışırlar.
Müqəddəs hədislərdə vəd olunmuş Məhdinin (əc.) intizarını çəkmək, Allah yolunda cihad və hətta Peyğəmbər (s) qabağında cihad edib, şəhid omaqla bərabər bilinmişdir . Bu, bir tərəfdən qeyb dövründə intizarda olmağın çox böyük əhəmiyyətini, digər tərəfdən isə, intizar yolunun çətinliklərini və bu yolda daha artıq zəhmətin lazım olduğunu göstərir.
İntizar, heç də bir yerdə oturmaq, laqeydlik və gələcəyə göz dikmək demək deyil. İntizar - ayağa qalxmaq, fəsad və zülmlərə qarşı etiraz etmək və aydın sabahlara zəmin yaratmaq dеmәkdir. MÜNTƏZİRLƏRİN (intizarda olanların) XÜSUSİYYƏTLƏRİ
*Məhdini tanıyıb, imamlığına inanmaq
İmam Məhdini (əc.) tanımadan, onun imamlığına iman gətirmədən necə intizarda olmaq olaq?! Bu inam həqiqi müntəzirlərin ümdə xüsusiyyəti, intizarın mühüm amili və onun müqəddiməsidir. İmam Səccad (ə) bu barədə belə buyurur: ان اهل زمان غيبته،القائلون بأمامته،المتظرون لظهوره،افضل اهل كل زمان "Həqiqətən, qeyb dövrünün adamları onun imamlığını qəbul edib gözləsələr, digər zamanların adamlarından üstün olarlar" . *Təqva və gözəl əxlaq İslamda üstünlük və böyüklük meyarı yalnız təqvadan ibarətdir: ان اكرمكم عند الله اتقكم
Allah yanında ən üstün və yaxşınız, ən təqvalı olanınızdır" . Həmçinin, imanın dəyəri əxlaqın gözəlliyi ilə ölçülür:
افضلكم ايمانا احسنكم اخلاقا "Sizin aranızda ən imanlı şəxs, əxlaqı daha gözəl olanınızdır". Buna görə də intizar çəkməyin fəzilət və üstünlüyü,təqva və gözəl əxlaq olmadan əldə edilə bilməz. İmam Sadiq (ə) buyurmuşdur:
من سر أن يكون من اصحاب القائم فلينتظر وليعمل باِلورع و محاسن الاخلاق وهو منتظر "Bizim qiyam edənimizin dost və köməkçilərindən olmaq istəyən intizarda olmalı və zühuru gözlədiyi halda təqva və gözəl əxlaqla rəftar etməlidir" . *İtaət və tabelik Öz məsum imamının yolunu gözləyənlər, onun dini və dünyəvi rəhbərliyinə əqidə bəsləməli, itaətini vacib bilməli və qeyb dövründə əmrlərinə tabe olmaqla, özünü zühur vaxtı onun qeyd-şərtsiz itaətinə hazırlamalıdır. İmam Sadiq (ə) buyurmuşdur:
طوبى لشيعة قائمنا المنتظرين لظهوره فى غيبته والمطيعين له فى ظهوره
"Xoş bizim qiyam edənimizin şiələrinin halına! Onlar qeyb dövründə intizarda olar, zühur dövründə isə ona itaət göstərərlər" . *Həzrət Məhdinin (əc.) dostlarıyla dost və düşmənlərinə qarşı düşmən olmaq Hər bir insanın ən mötəbər dostluq meyarlarından biri, onun dostluq və düşmənliklərini araşdırmaqdır. Düşmənin dostunu və dostun düşmənini heç zaman dost adlandırmaq olmaz; necə ki, dostun dostunu və düşmənin düşmənini düşmən hesab etmək düzgün deyildir. Təbiidir ki, hər bir insan öz dostunun dostlarıyla dost və düşmənlərilə düşmən olur. İmam Məhdinin (əc.) həqiqi müntəzirləri də, heç şübhəsiz ki, onun dostlarını sevib, düşmənlərinə qarşı düşmən olmalıdırlar; çünki onların bu intizarı, imamlarına olan eşq, məhəbbət və sonsuz hörmətlərinin təzahürüdür. Peyğəmbər (s) buyurmuşdur: طوبى لمن ادرك قائم اهل بيتى وهو يأتم به فى غيبته قبل قيامه وليتولى اوليا ئه و يعادى اعدائه "Xoş olsun mənim əhli-beytimin qiyam edənini görəcək şəxslərə; onlara ki, hələ qeyb dövründə və qiyamından qabaq ona iman gətirər, dostlarıyla dost və düşmənlərinə qarşı düşmən olarlar" .
source : http://www.alhassanain.com