Azəri
Friday 19th of July 2024
0
نفر 0

AYƏNİN NƏSX OLUNMASINA DAİR İRƏLİ SÜRÜLMÜŞ BAŞQA BİR FƏRZİYYƏ

 

Bu ayə ilə cihad ayəsinin nəsx olunduğuna dair irəli sürülmüş başqa bir nəzəriyyəni tamamilə əsassız bilmək olar. Bunlar Tövbə surəsinin 41-ci ayəsinə istinad edərək deyirlər:

«[Ey möminlər!] Ağırlı-yüngüllü [qocalı-cavanlı, atlı-piyada, güclü-gücsüz, dövlətli-kasıb] hamınız cihada çıxıb malınız və canınızla Allah yolunda vuruşun.» (9/111).

Ayənin məzmunundan belə qənaətə gəlmək olur ki, müsəlmanlar hamılıqla döyüş meydanına doğru hərəkət etməli və Allah yolunda düşmənə qarşı mübarizə aparmalıdır və bu ayə cihadın hamıya deyil, yalnız müəyyən şəxslərə vacib olduğunu bəyan edən həmən surənin 122-ci ayəsi ilə nəsx olunmuşdur.

Cavab:

Əvvəlki ayədə qeyd etdiyimiz kimi, ayənin məna və məfhumu nəsx olunsun deyə, ümumi xarakter daşımır və burada əmr olunan müəyyən şəxslər nəzərdə tutulur. Bütün bunlarla yanaşı bu mətləbə işarə etdik ki, ümumi bir hökmü müəyyən şəxslərə aid etmək nəsx deyil, ümumi hökm üçün bir növ istisnadır.

O ki, qaldı 122-ci ayəyə (və ma xanəm muminunə – möminlər döyüşə birdən çıxmamışdılar) qətiyyətlə deyə bilərik ki, bu iki ayəni nəinki nəsx etməmiş, əksinə açıq-aşkar olaraq onların nəsx olunmadığına dəlalət edir. Çünki ayədə bir başa göstərilir ki, döyüş meydanına getmək əvvəldən də ümumi xarakter daşımamışdır ki, bütün müsəlmanlara aid və sonralar çarəsizlik üzündən nəsx olunmuş olsun. Döyüş meydanına getmək elə ilk günlərdən yalnız müəyyən şəxslərə xüsusilə də bunu Peyğəmbərdən (s) tələb edən və döyüş əzmində olan fədailərə aid olmuşdur.

İZN AYƏSİNİN NƏSXİ

«Allah səni bağışlasın! Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara [cihadda iştirak etməyə] izn verdin?

Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində səndən izn istəməzlər [o saat cihada çıxarlar] Allah müttəqiləri tanıyandır!

Səndən [cihada çıxmaq üçün] izn istəyənlər ancaq Allaha və axirət gününə iman gətirməyənlər və ürəkləri şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhələrində tərəddüd edib durarlar.» (9/43-45).

İbni Abbas, Həsən Bəsri və Əkrəmdən nəql olmuş rəvayətdə deyilir: Bu ayə Nur surəsinin 62-ci ayəsi ilə nəsx olunmuşdur. Orada deyilir:

«Əgər onlar bəzi işlər üçün səndən izn istəsələr, onlardan özün istədiyinə [yanından getməyə] izn ver.» (24/62).

Cavab:

Ayənin nəsx olunmasına dair irəli sürülmüş bu nəzəriyyəni tamamilə əsassız hesab etmək olar. Çünki, ayənin məzmunundan məlum olur ki, döyüş meydanının tərk olunması üçün icazənin verilməməsi o zaman olmuşdur ki, kimin yalan, kimin də həqiqəti söylədiyi arasında fərq qoymaq olmurdu. Ayə nazil olmaqla əmrə tabe olmaq istəməyən və müxtəlif bəhanələrlə şəhərdə qalmaq üçün Peyğəmbərdən (s) icazə istəyən və beləliklə döyüşdə iştirak etməyən şəxslərin iç üzü açılır.

Allah-taala, Peyğəmbərə (s) kimin yalan, kimin də həqiqəti söylədiyi və kimin həqiqətən iman gətirdiyi, kimin də küfr etdiyi bəlli olmayınca kimsəyə əmrə tabe olmamağa icazə verməməyi əmr edir. Hər şey məlum olduqdan sonra Allah-taala bir tərəfdən möminlərə Peyğəmbərdən (s) icazə almaqla bəzi çətinlikləri aradan qaldırmaq üçün müvəqqəti olaraq döyüşlərdə iştirak etməməyə izn verir. Digər tərəfdən də (Fə izastəzənukə libəzi şanihim – əgər onlar bəzi işlər üçün səndən üzr istəsələr) ayəsi ilə Peyğəmbərə (s) məsləhət gördüyü şəxslərə ciddi çətinliklərini aradan qaldırmaq üçün döyüşdə iştirak etməyə icazə verməsini icazə verir. Verilən izahla hər iki ayənin müəyyən mətləbə toxunduğu və birinin digərini nəsx etmədiyi artıq bəlli olur.

MÜHARİBƏDƏN BOYUN QAÇİRMAQ HAQDA NAZİL OLMUŞ AYƏNİN NƏSXİ

«Mədinəlilərə və onların ətrafında olan bədəvilərə [döyüşdə] Allahın peyğəmbərindən geri qalmaq, ondan [ona üz verən məşəqqətlərdən] özlərini kənara çəkmək [belə çətinliklərin özlərinə üz verməsini istəməmək, beləliklə də, özlərini Peyğəmbərdən üstün tutmaq] yaraşmaz.» (9/120).

İbni Zeyddən nəql olmuş rəvayətdə deyilir:

Bu ayə də növbəti 122-ci ayə ilə nəsx olunmuşdur. Çünki 120-ci ayə döyüşdən boyun qaçırmağın hamıya qadağan olduğu, növbəti 122-ci ayədə isə hökmün ümumi xarakter daşıdığı nəsx olunaraq döyüşdə yalnız müəyyən şəxslər iştirak edəcəyinə toxunulur.

Müəllif:

Nəsx nəzəriyyəsi tərəfdarlarının istinad etdikləri bu ayə 120-ci ayənin nəsx olunmasına deyil, hökmün nəsx olunmamadığına dəlalət edir və biz hər iki ayəyə diqqət yetirdikdə belə bir qənaətə gəlirik ki, müsəlmanlar döyüş meydanında hamılılıqla deyil, yalnız kifayət edəcək miqdarda iştirak etməlidirlər.

Başqa sözlə desək, hər iki ayənin məzmunundan yalnız bir hökm əldə edə bilərik. O da bundan ibarətdir ki, cihad eyni deyil, kifayi zəruri olan hökmdür. Yəni birinci ayə hökmün zəruriliyini, ikinci ayə isə onun kifayi olduğunu bəyan edir. Lakin eyni zamanda bütün müsəlmanlara [eyni zərurət] zəruri olaraq hamının döyüş meydanında iştirak etməsini tələb edir və bu zərurət birinci zərurətdən bir qədər fərqlidir. Bu səbəbdən də iki növ zərurət mövcuddur.

1. Kifayi və xarici amillər meydana gəldikdə bəzən də eyni zərurət və onların hər ikisi öz yerində dəyişilməzdir və etibarlıdır.

SƏBR AYƏSİNİN NƏSXİ

«Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah [zəfər] hökmünə verənə qədər səbr et. O, hökm verənlərin ən yaxşısıdır.» (10/109).

İbni Zeyddən nəql olmuş rəvayətdə deyilir: Bu ayə cihad hökmünü verən ayə ilə nəsx olunaraq öz qüvvəsini itirmişdir.

Müəllif:

Birinci ayənin nəsx olunduğunu batil edən dəlilləri biz bu ayənin də nəsx olunmadığına dəlil gətirə bilərik.

Təkrara yol verməyib yalnız bu mətləbə işarə etmək istəyirik ki, «Səbr» bu ayədə düşmənin inadkarlıqlarının müqabilində deyil, həyatın bütün mərhələlərinə aiddir. Başqa sözlə desək, Səbr ayədə siyasi deyil, əxlaqi məna daşıyır. Bunun da nəsx olunması qeyri-mümkündür.

BAĞIŞLAMA VƏ KAFİRLƏRDƏN ÜZ DÖNDƏRMƏ AYƏSİNİN NƏSXİ

«Sən müşriklərdən yaxşıca üz döndər və ya onları alicənablıqla bağışla.» (15/85).

İbni Abbas, Səid və Qətadədən nəql olmuş rəvayətdə deyilir: Ayədə Peyğəmbərə (s) kafirləri bağışlamağa və əfv etməyə əmr olunur. Səyf ayəsində isə kafirə qarşı cihad hökmü verilməklə ayənin hökmü nəsx olunur.

Müəllif:

Əvvəlki ayələrdə olduğu kimi bu ayə haqqında da deyə bilərik ki, əfv və bağışlama burada məna daşımır. Belə ki, Peyğəmbər (s) səbr etməyə əmr olunduqda, müşriklərin inadkarlıqlarının və etdikləri pisliklərin müqabilində səbr etməsi nəzərdə tutulur. Hicr surəsinin 94 və 95-ci ayələri dediklərimizi bir daha sübuta yetirə bilər:

«[Ya Məhəmməd!] Sənə əmr olunan Quranı açıq-aşkar təbiliğ et və müşriklərdən üz döndər! Şübhəsiz ki, istehza edənlərin [şərrindən] səni qorumağa biz kifayət edərik.» (15/94-95).

Göründüyü kimi burada Peyğəmbərə (s) müşriklərin istehzalarının müqabilində səbr etməyə əmr olunur. Belə bir mənanı nəzərə alaraq deyə bilərik ki, ayənin «Səyf» ayəsi ilə nəsx olunması üçün kafirlərə qarşı cihad ayəsi ilə heç bir bağlılıq yoxdur. Ayənin ümumi məzmunu bundan ibarətdir ki, Allah-taala öz Peyğəmbərini (s) islam dininin təbliğinə sövq edir və bu yolda qarşılaşacağı çətinliklərə sinə gərməyi və müşriklərin ardı-arası kəsilməyən istehzalarının müqabilində dözümlü olmağı əmr edir.

Göründüyü kimi ayənin cihad hökmü ilə heç bir bağğlılığı yoxdur.

Müsəlmanların belə bir mühüm işə cəlb olunmaları isə yalnız kifayət qədər qüdrətə malik olduqdan sonra baş vermişdir. Daha dəqiq desək, Peyğəmbər (s) besətin ilk illərində cihad əmrini almadığı üçün müşriklərin qeyri-insani rəftarlarına göz yummalı və onlarla yumşaq rəftar etməli idi. O, peyğəmbərliyinin həqqaniyyətini göstərdiyi möcüzələrlə sübuta yetirir və bu yolla insanları Allahın birliyinə dəvət edirdi. Çünki, o zaman nə Peyğəmbər (s), nə də ona iman gətirmiş az saylı müsəlmanlar müharibəyə lazım olan kifayət qədər qüdrətə malik deyildilər. Əgər belə bir şəraitdə müşriklərə qarşı mübarizəyə başlasaydılar təbii ki, böyük itkilər verər və məğlubiyyətə uğrayardılar. Bir neçə il sonra müsəlmanların sayı artdıqdan və müharibəyə lazım olan döyüş alətləri kifayət qədər əldə olunduqdan sonra müsəlmanlara cihad hökmü verildi. Əvvəlki fəsillərdə qeyd etdik ki, şəriət hökmləri zəmanənin tələbatını ödəmək üçün tədriclə Peyğəmbərə (s) nazil olmuşdur və 23 il müddətində təkmilləşmişdir. Cihad hökmü də besətin ilk illərində müsəlmanlara verilmədiyi üçün bütün çətinliklərin müqabilində dözümlü olmağa və səbr etməyə tövsiyə olunurdu.

Demək hökmün nəsx ilə heç bir bağlılığı yoxdur.

DÖYÜŞDƏ İŞTİRAK EDƏN KAFİRLƏRİN HÖKMÜ

Müsəlmanlara qarşı mübarizə aparan kafirlərə «döyüş və müharibə kafirləri» (kafəri hərbi) deyilir. Şiə alimləri bir neçə hal istisna olmaqla, onların qətlini vacib hesab edirlər.

1. Əgər döyüşdə iştirak edən — istər döyüş zamanı olsun, istərsə döyüşdən sonra — kafirlər islamı qəbul edərlərsə, qətl hökmü onların üzərindən götürülür. Çünki onların qətlə yetirilməsinə səbəb kafir olmalarıdır. İslamı qəbul etdikdən sonra isə artıq buna heç bir səbəb qalmayır.

2. Müsəlmanlar döyüşdə qalib gəldikdən sonra əsir alınmış kafirlər.

Belə olduqda da kafirlərin üzərindən qətl hökmü götürülmüş olur. Lakin döyüş başa çatmazdan əvvəl və ya döyüş zamanı əsir alınarlarsa, qətl hökmü öz qüvvəsində olaraq qalır. Çünki, ayədə müsəlmanların zəfər çalmalarına və son cəza üsulu olaraq qətlin zəruri olduğuna xüsusi diqqət yetirilir. Məlum olduğu kimi, həddi-hüdudu olan hər bir hökm müəyyən olunmuş həddə çatdıqda qüvvədən düşmüş olur.

Bir sözlə, kafirlər döyüşdən sonra müsəlmanlara əsir düşərsə, dini rəhbər və ya qazi onların barəsində üç hökm verə bilər:

Ya kölə kimi istifadə etməli, ya fidyə almaqla onları azad edər və ya məccani olaraq azad edə bilər.

Kafirlərin bütpərəst olub-olmamasından asılı olmayaraq, hökmün icrasında heç bir fərq qoyulmur.

Xülasə: Qeyd etdiklərimizdən belə qənaətə gəlmək olur ki, müharibədə iştirak edən kafirlər əsir düşərkən ya döyüş zamanı qətlə yetirilməli, ya islamı qəbul etdiyi təqdirdə əfv olunmalı və ya döyüş başa çatdıqdan sonra əsir alınaraq qətlə yetirilməməlidir. Döyüş başa çatdıqdan sonra da baş dini hakim əsirləri ya kölə olaraq müsəlmanların ixtiyarına verməli, ya fidyə alaraq azad etməli və ya məccani olaraq güzəştlə azad etməlidir.

Müsəlmanlarla müharibə aparan kafirlər haqda verilən hökmün xülasəsi bundan ibarətdir. Bu barədə müsəlman alimləri arasında heç bir ixtilaf nəzərə çarpmır. Əgər cüzi ixtilaflar varsa da, əsassız və heç bir etibara malik deyildir.

Ayədə istifadə olunan ifadələrdən bir daha belə qənaətə gəlmək olur ki, ayənin zahiri mənası məhz kafirlərin döyüş zamanı qətlə yetirilməsinə «zərbərriqab», döyüş başa çatdıqdan sonra əsirləri ciddi nəzarət altında saxlamağa «şəddul-vəsaq» və döyüş başa çatdıqdan sonra baş dini hakim tərəfindən əsirləri fidyə verərək və ya məccani azad olunmağa «mənnə və fidaə» dəlalət edir.

Qeyd etdiklərimizdən belə məlum olur ki, «şəddul vəsaq» deyildikdə, əsirlərin məccani və fidyə alınaraq azad olunmaları nəzərdə tutulur.

Çünki «şəddul vəsaq» adətən düşmənin hər növ ixtiyar, azadlıqdan məhrum olunmasına deyilir və belə bir mənanı əsir alınmış şəxslərin azadlıqdan məhrum olunmasına şamil etmək olduqca münasib olardı və əgər «şəddul vəsaq» ayədə əsirlik deyil, ümumi bir məna daşıyarsa, onda başqa bir dəlillərlə köləliyin qanuni olduğuna dəlalət etmiş olur. Və beləliklə «fidən və məna – fidyə və azad etmək» hökmünə aid olmuş olur.

Belə bir izahatla döyüşə gəlmiş və köləliyə əsir alınmış kafir haqda verilmiş hökm tamamilə bəlli olur.

Bu hökmə dəlalət edəcək bir çox mötəbər rəvayətlərə də işarə etmək olar. Belə ki, Koleyni və Şeyx Tusi, Təlhə ibni Zəiddən nəql etdikləri rəvayətdə deyir: İmam Sadiq (ə) atasından nəql edərək buyurur: «Döyüş başa çatmazdan əvvəl və kafirlər döyüş meydanını tərk etmədən əsir alınarlarsa, qazi onun ya boynunun vurulmasına, ya da dar ağacından asılmağa və ya sol ayağı ilə sağ əlinin kəsilməsinə dair hökm verə bilər. Onlar əl ayaqları kəsildikdən sonra buraxılmalı və qanaxmadan ölməlidirlər. Bu, Allah-taalanın Maidə surəsinin 33-cü ayəsində buyurduğudur:

«Allah və Onun peyğəmbəri ilə vuruşanların, yer üzərində fitnə-fəsad salanların cəzası öldürülmək, ya dar ağacından asılmaq, ya əl-ayaqlarının soldan və sağdan kəsilməsi və ya sürgün edilməsidir. Bu, dünyada onlar üçün xarlıq və zillətdir, axirətdə də böyük bir əzaba mübtəla olacaqlar.» Sonra imam Sadiq (ə) buyurur: «Məgər bilmirsinizmi ki, Allah-taala, imamı yalnız kafirləri hansı növdən istifadə edərək cəzalandırmaqda ixtiyar sahibi etmişdir?»

Təlhə deyir: İmam Sadiq (ə)-dan «Əv yunfəv minəl ərz» cümləsindən nəyin nəzərdə tutulduğunu soruşdum. İmam Sadiq (ə) buyurdu: «Sürgün etmək deyildikdə ayədə kafirlərin döyüş meydanını tərk etmələri nəzərdə tutulur. Yəni müsəlmanlar döyüş zamanı kafirləri pərakəndə etməli və əsir etdikləri təqdirdə müəyyən olunmuş hökmü icra etməlidirlər. İcra olunası hökm isə bundan ibarətdir ki, döyüş başa çatdıqdan sonra əgər kafirlər əsir alınarlarsa, qazi onları ya kölə kimi saxlamalı, ya fidyə almaqla və yaxud məccani olaraq azad etməlidir.

Verilən izahatlardan belə məlum olur ki, döyüş başa çatdıqdan sonra əsir düşmüş kafirlərin üzərindən qətl hökmü götürülür.

Əhli sünnə alimlərindən olan Zəhhak, Əba, Həsən Bəsri və başqaları bu nəzəriyyə ilə müvafiq olduqlarını bildirmişlər. Həsən Bəsri bu haqda deyir: Döyüş sona çatdıqdan sonra əsir alınmış kafirlər qətlə yetirilməyir, dini hakim ya onları kölə kimi saxlmalı, ya fidyə və ya məccani olaraq azad etməlidir. ]

Qeyd etdiklərimizdən belə qənaətə gəlmək olur ki, Səyf ayəsi istər bu ayədən əvvəl, istərsə də sonra nazil olmuş olsun ayənin nəsx olunmasına əsla dəlalət etmir. Çünki kafirlərin qətlinin vacib olduğunu bəyan edən Səyf ayəsinin məzmununun bu ayə ilə heç bir ziddiyyəti yoxdur. Hər iki ayənin məzmunu bəllidir və verdiyi hökm nəsx olunmadan qüvvədə qalmalıdır.

Lakin təəccüb doğuran, Şeyx Tusinin şiə alimlərini kafirlərin döyüş başa çatdıqdan sonra qətlə yetirilmələrinə dair hökm verməkdə ittiham etməsidir.

Şeyx Tusi bu haqda deyir: Səhabələrimizin nəql etdiyi rəvayətlərdə kafirlərin döyüş zamanı əsir alınarkən qətlə yetirildiyi göstərilir. Dini rəhbər onların qətlə yetirilmələrinə dair hökm verir. Lakin fidyə alaraq və ya məccani olaraq onları azad etməyə qadir deyildir. Və əgər döyüş başa çatdıqdan sonra əsir alınarlarsa, dini rəhbər ya onları kölə kimi saxlamalı, ya fidyə və ya məccani olaraq azad etməlidir.

Bu nəzəriyyəni Təbərsi də öz kitabında «Məcməul-bəyanda» nəql etmişdir. 

Lakin bu barədə bir rəvayətdə olsun nəql olunmamışdır. Maraqlı hallardan biri də budur ki, Şeyx Tusi özünün «Məbsut» adlı başqa bir kitabında bu nəzəriyyəni təsdiq edərək deyir: Döyüş başa çatdıqdan sonra dini rəhbər, əsir alınmış kafirləri qətlə yetirməməli, onları ya kölə kimi müsəlmanların ixtiyarına verməli, ya fidyə və ya məccani olaraq azad etməlidir. Onun özü «Xilaf» adlı kitabının «qənimətlərin bölüşdürülməsi» fəslinin on yeddinci bölümündə alimlər icmasının bu haqda fikir irəli sürdüklərinə işarə etmişdir.

Bu səbəbdən də ehtimal vermək olar ki, Şeyx Tusinin «Tibyan» adlı kitabında əsirlərin boynunun vurulması haqda deyilənlər yazılışda buraxılan səhvdən irəli gəlmişdir. Mərhum Təbərsi də heç bir araşdırmalar aparmadan bunu öz kitabında qeyd etmişdir. Çünki bu nəzəriyyə həm alimlər icmasının çıxardıqları hökm, həm də Şeyx Tusinin digər kitablarında bu haqda verdiyi məlumatlarla tamamilə ziddiyyət təşkil edir.

Bu nəzəriyyəni dəstəkləyən şəxslərdən biri də Əllamə olmuşdur. O, özünü «Muntəhi və Təzkirə» adlı kitablarında cihad fəslində bu barədə geniş söhbət açmışdır.

AYƏ HAQDA İRƏLİ SÜRÜLMÜŞ DİGƏR NƏZƏRİYYƏLƏR

Şiə alimlərinin və əhli-sünnə alimlərinin bəzilərinin (Zəhhak, Əta və Həsən Bəsri) bu haqda nə fikirdə olduqları ilə tanış oldunuz. Lakin əhli-sünnə alimlərinin bir çoxu bu barədə tam fərqli fikir irəli sürmüşlər.

1. Onlardan bəziləri bu fikirdədirlər ki, ayə yalnız bütün kafirlər barədə deyil, yalnız müşriklər haqda nazil olmuşdur. Belə ki, əsirlər öldürlməməli, fidyə və ya məccani olaraq azad olunmalıdırlar. Cihad hökmünü verən Səyf ayəsi nazil olduqdan sonra isə hökm nəsx olunaraq öz qüvvəsini itirmişdir. Bu nəzəriyyənin Zəhhak, Sudəy, İbni Cərih, İbni Abbas və bir çox Kufə müfəssirləri tərəfindən irəli sürüldüyü göstərilir. Onlar deyirlər: Ayə nəsx olunduğu üçün əsir düşmüş müşriklər qətlə yetirilməlidir və onları fidyə ödəmək və ya məccani olaraq azad etməyi heç də düzgün hesab etmək olmaz. 

Cavab:

Səyf ayəsi istər müşriklərə, istərsə də qeyri-müşriklərə islam və müsəlmanlarla düşmənçilik edən bütün şəxslərə şamil olunur. Nəsx nəzəriyyəsi tərəfdarları isə ayənin yalnız müşriklərə aid olduğunu hesab edirlər. Ümumi xarakter daşıyan [mütləq] hər hansı bir qanun isə sadir olunduğu zaman baxışından ümumi xarakter daşımayan qanundan istər əvvəl, istərsə də sonra verilmiş olsun, onun məhdudlaşdırılmağa və ya nəsx etməyə qadir deyildir.

Bu səbəbdən də ümumiyyət xarakteri daşıyan Səyf ayəsinin, haqqında söhbət açdığımız ayəni nəsx etməsi qeyri-mümkündür.

2. Bəzilərinin fikrincə ayə bütün kafirlər haqda nazil olmuş, lakin müşriklərə gəldikdə hökm əvəz olunaraq nəsx olunmuşdur. Bu nəzəriyyənin də Qətadə, Mücahid və Həkəm tərəfindən irəli sürüldüyü göstərilir. Əbu Hənifə məzhəbinin tərəfdarları da bu nəzəriyyəyə istinad etmişlər.

Cavab:

Bu nəzəriyyənin də əsassız olduğu göz qabağındadır. Çünki ayənin nəsx olunduğunu sübuta yetirmək üçün ilk növbədə Səyf ayəsinin bu ayədən sonra nazil olduğunu sübuta yetirmək lazımdır. Nəsx nəzəriyyəsi tərəfdarları isə əllərində əsaslı dəlil olmadığı üçün bunu sübuta yetirməyə qadir deyillər. İstinad etdikləri mənbə varsa, o da vahid xəbər halında nəql olmuş hədis və rəvayətlərdir. Və biz dəfələrlə qeyd etmişik ki, vahid xəbər halında nəql olmuş hədis və rəvayətlərlə Quran ayələrinin nəsx olunmasını sübuta yetirmək tamamilə əsassız və qeyri-mümkündür.

Ayənin nəsx olunduğu vahid xəbərlə sübuta yetirilsə belə, onun Səyf ayəsi ilə nəsx olunmasına dəlalət edəcək heç bir əsaslı dəlil yoxdur. Sübuta yetiriləcək şey yalnız bundan ibarətdir ki, haqqında söhbət açdığımız ayə Səyf ayəsini məhdudlaşdıracaq xarakteri daşıyır. Çünki hər bir müsəlman ayənin istər müşriklərə, istərsə də qeyri-müşriklərə şamil olunduğunu və ümumiyyət xarakteri daşıdığını hesab edir. Bu səbəbdən də haqqında söhbət açdığımız ayə Səyf ayələrinin nəsx edici deyil, məhdudlaşdırıcı xarakter daşımasına səbəb olur. Çünki bir qədər əvvəl qeyd etdiyimiz kimi, ümumiyyət [mütləq] xarakteri daşıyan hökm məhdudiyyət [müqəyyəd] xarakteri daşıyan hökmləri nəsx etməyə qadir deyildir. Qeyd etdiklərimizi nəzərə almasaq belə, bir qənaətə gəlməli olacağıq ki, hər iki ayənin verdiyi hökm qüvvədə olaraq qalır və onların arasında heç bir ziddiyyətlik yoxdur. Fərq yalnız bundan ibarətdir ki, Səyf ayəsində əsir alınmış müşriklərin qətlinə, bu ayədə isə əsirlərin ya köləliyə vadar olunmasına, ya fidyə ödəmək və ya məccani olaraq azad olunmalarına dair hökm verilir. İki halda ziddiyyətsizlik hər iki ayənin məfhumuna dəlalət edir. Ziddiyyət meydana gəldikdə o ayənin hökmünə əməl olunur ki, başqa bir dəlillə onu sübuta yetirmək mümkün olsun.

3. Əhli-sünnə alimlərinin bir qismi ayənin Səyf ayəsi ilə nəsx olunduğuna deyil, əksinə olaraq Səyf ayəsini nəsx etdiyinə istinad edirlər.

Cavab veririk:

Ayənin nəsx olunduğunu sübuta yetirmək üçün ilk növbədə Səyf ayəsinin bu ayədən nazil olunduğunu sübuta yetirmək lazımdır. Bunun üçün isə onların əlində heç bir əsaslı dəlil yoxdur.

Səyf ayəsinin bu ayədən əvvəl nazil olduğunu sübutu yetirsək belə, bunu ayənin nəsx olunmasına əsaslı dəlil hesab etmək olmaz. Belə ki, ayənin nəsx olunması daha əsaslı dəlillərlə sübuta yetirilməlidir.

4. İrəli sürülmüş sonuncu nəzəriyyədə deyilir: Dini rəhbər istər döyüş zamanı, istərsə də döyüş başa çatdıqdan sonra əsir alınanları ya kölə kimi saxlamalı, ya qətlə yetirməli, ya fidyə alaraq və ya məccani olaraq azad etməlidir.

Bu nəzəriyyə Əbu Təlhə və İbni Abbas tərəfindən nəql olunmuşdur. Əhli-sünnənin məşhur təfsir alimlərindən olan İbni Ömər, Həsən Bəsri, Əta və Malik ibni Ənəs, Şafei, Suri, Əvzam, Əbu Ubəyd kimi məşhur fiqh alimləri bu nəzəriyyəyə dair öz müsbət rəylərini bildirmişlər.

Ayənin ümumi məfhumu irəli sürülmüş bu nəzəriyyə ilə ziddiyyət təşkil etmədiyi üçün hökmün nəsx olunmasına əsaslı dəlil hesab edə bilmərik. Nəhhas bu nəzəriyyəni öz kitabında qeyd edərək deyir: İstər əfv, istərsə də Səyf ayəsinin verdiyi hökm sabit olaraq qaldığı üçün bu nəzəriyyəni əsaslı hesab edə bilərik. Hökmün heç biri digərini nəsx etməyir və bu ən düzgün nəzəriyyədir. Çünki, nəsxin sübuta yetirilməsi üçün əsaslı dəlillərə istinad olunmalıdır. Əvvəla nəsx nəzəriyyəsi tərəfdarlarının istinad edəcək belə bir əsaslı dəlilləri yoxdur. Digər tərəfdən isə hər iki ayənin icra olunması mümkün olduğu təqdirdə hər-hansı bir ayənin nəsx olunması heç bir məna və məfhum kəsb etməyir.

Nəhhas sonra deyir: Bu nəzəriyyəni mədinəlilər, Şafei və Əbu Ubeydə də nəql etmişlər.

Cavab:

Bu nəzəriyyəni ayənin məzmunu ilə ziddiyyət təşkil etdiyi üçün iki əsaslı səbəbə görə doğru və düzgün hesab edə bilmərik.

1. Ayədə istifadə olunan «mənnə və fidaən – fidyə ödəmək və ya məccani olaraq» ifadəsi müsəlmanların qələbəsi ilə başa çatan döyüşdən sonra bir-başa müşriklərin əsir alınmasına və fidyə ödəmək və ya məccani olaraq azad olunmalarına dəlalət edir. Bu səbəbdən də ayənin verdiyi hökmün döyüş zamanı əsirlərin azad olunması ilə heç bir uyğunluğu yoxdur.

2. «Zərburriqab – boyunlarını vurun». Bu ayədə müsəlmanların zəfər çalanadək ayənin məfhumuna əsasən, kafirlərin döyüş zamanı qətlə yetirilmələri məhdudlaşdırılır. Döyüş başa çatdıqdan sonra isə [əsir alınmış] kafirlərin qətlə yetirilməsi qəti olaraq qadağan olunur. Bu səbəbdən də qətiyyətlə deyə bilərik ki, müsəlmanların qələbəsi ilə başa çatan döyüşdən sonra əsirlərin qətlə yetirilməsinə dair irəli sürülmüş nəzəriyyə ayənin məna və məfhumu ilə tamamilə ziddiyyət təşkil edir.

Onlar əsirlərin qətlə yetirilməsində Səyf ayəsinə istinad etsələr belə, düzgün nəticə əldə edə bilməyəcəklər. Çünki bir qədər əvvəl qeyd etdiyimiz kimi Səyf ayəsi döyüş zamanı alınan əsirlərə dəlalət edir.

Və əgər bu barədə Peyğəmbərin (s) necə rəftar etdiyinə istinad edərlərsə, yenə də bunu onların dediklərinə əsaslı dəlil hesab etmək olmaz. Çünki, Peyğəmbərin (s) zamanında əsir alınmış şəxslər bir neçə hissəyə bölünür və onlara dair müxtəlif tədbirlər görülürdü. Belə ki, döyüş zamanı əsir alınanları qətlə yetirir, döyüş başa çatdıqdan sonra əsir alınanlar üçün isə müvafiq tədbirlər görürdü.

Sonrakı xəlifələrin, yəni Əbu Bəkr və Ömərin əsirlərlə necə rəftar etmələrinə istinad etsələr belə, yenə də qənaətbəxş nəticə əldə edə bilməyəcəklər. Çünki, əvvəla bu tarixi cərəyanın nə dərəcədə doğru olduğu haqda çox deyilib və çox danışılmışdır.

Digər tərəfdən də onun doğru və düzgün olduğunu fərz etsək belə, əsaslı olduğunu sübuta yetirəcək heç bir dəlil yoxdur. Quranın zahiri mənasını kənara qoyaraq onların hansı yolu tutduqlarına istinad etmək isə heç də düzgün olmazdı.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
İmamların anası – Həzrət Fatimə (ə)
VALİDEYNƏ İTAƏT
ZİNAKARLAR HAQQINDA
YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT

 
user comment