Cavab: İslam ayinlərinin ümumbəşəri və son olması dəlili aydın şəkildə göstərir ki, İslam dini göndərildikdən sonra maddi və mənəvi təkamül üçün bu göstərişlərə əməl etməkdən savay yol qalmamışdır.
Əlbəttə ki, hər bir ilahi din öz zamanında doğru yol sayılmışdır. Keçmiş insanlar öz dövrünün dini ilə maddi və mənəvi təkamülə çata bilərdilər. Amma İslam ayinləri göndərildikdən sonra əvvəlki yollarla getmək xətadır və İslamdan savay ayinlər insanı ali məqama çatdırmaqda acizdir. Bir daha qeyd edək ki, əvvəlki dinlərin hər biri öz dövrünün kamil dini olmuşdur və həmin dövrdə insanlar üçün ən doğru yol sayılmışdır.
Deyilənləri aydınlaşdırmaq üçün qeyd edə bilərik ki, müxtəlif dinlər orta məktəbin ayrı-ayrı siniflərinə bənzəyir. Sinifdən-sinifə adlayan şagird öz biliyini kamilləşdirir. Şagirdin birinci sinifdə öyrəndiyi biliklər doğru olduğu kimi, onun onuncu sinfdə öyrəndiyi biliklər də doğrudur. Aşağı siniflərdə öyrəndiyi biliklər şagirdin sonrakı bilikləri üçün bünövrə rolunu oynayır. Məlum məsələdir ki, birinci sinif şagirdi onuncu sinifin materiallarını dərk edə bilməz. Eləcə də, onuncu sinifin şagirdinə birinci sinifin proqramı ilə dərs keçmək məntiqsiz bir işdir.
İndi özünüz deyin, birinci sinifin proqramını naqis saymaq olarmı? Demək, hər sinifin materialı həmin sinifin şagirdi üçün zəruri sayılmalıdır. Dinlərə münasibətdə də eyni üsulla araşdırma aparmalıyıq. Cəmiyyət təkmilləşdikcə sanki o sinifdən-sinifə keçir və ona göndərilən dinlər də həmin dövrün düşüncə səviyyəsinə uyğun olur. İslam dininin o biri dinlərdən kamil və yığcam olması o demək deyil ki, əvvəlki dinlər doğru yol tutmamışdır. Alim Allah tərəfindən bəşəriyyətin hidayəti üçün göndərilmiş dini naqis saymaq yanlışdır. Əksinə, hər bir din öz dövrünün tələblərinə cavab vermişdir. Amma təkmilləşmiş bəşəriyyət üçün, daha yüksək maddi və mənəvi zirvələri fəth etmək gücündə olan insanlar üçün gedəcəkləri uzun yolu işıqlandıran ayinlər lazımdır. Ona görə də bəşər tarixinin müxtəlif dövrlərində müxtəlif səmavi dinlər göndərilmişdir. İslam ayinləri isə bu təkamül pilləsinin son dayanacağıdır.