Ey bizi yoxdan Yaradan, lütf qıl! Lütfün ilə bir nəzm inşa edim,
Yox edə acizliyimi qüdrətin. Mən əbədi rəhbərinə ümmətin.
ABNA Həzrət Peyğəmbərin Milad bayramın təbrik edir
Əhli Beyt -ABNA- xəbər agentliyi əziz İslam Peyğənbərinin Milad bayramı münasibəti ilə başda İmam Zaman (əccələllahu fərəcəhu şərif) Həzrətləri olmaqla bütün bəşəriyyəti səmimi qəlbdən təbrik edir və bu möhtəşəm bayramla əlaqədar saytımızın ziyarətçilərinə Əvəz Qurbanlının şerini təqdim edir.
Həzrət Peyğəmbərə
Ey bizi yoxdan Yaradan, lütf qıl!
Yox edə acizliyimi qüdrətin.
Lütfün ilə bir nəzm inşa edim,
Mən əbədi rəhbərinə ümmətin.
Öylə səxavətlə ki bəxş etmisən
Bir belə söz qüdrəti Peyğəmbərə,
Bəxş et onun zərrəsini şerimə -
Layiq ola Həzrəti-Peyğəmbərə!
Ya Rəbb! Bu çarəsiz qələmə ixtiyar ver,
Bu biqərar könlümə gəl bir qərar ver!
Əğyardən mən istəmərəm, sən ki Yarsən,
Tək dərdimin əlacı axır səndə var, ver!
Səndən nə istərəmsə mən, ərk ilə istərəm
Bu meyvəsiz qalan ağaca öylə bar ver -
Axsın könüldə lütfün ilə təb' çeşməsi,
Rəhm et ki, təb'dən bu könül bir də düşməsin!
Ey bəxtimin sitarəsi, bu qəlbə nursən,
Peyğəm gətirdiyin bəşər üçün qürursən!
Yox məndə bir hünər, səni mədh eyləmək qədər,
Çün səndə cə'm olub, nə ki aləmdə var hünər.
Olmaz sənə rəva ki, desəm gərçi dahisən,
Sən çünki dahi şəxslərin səcdəgahisən!
Ey Xaliqin səmadən enən xalqa rəhməti,
Qoydun bizim nicatımız üçün şəriəti.
Səndən əzəl gələnlərə verməklə sən xitam,
Allah Rəsulu höccətini eylədin təmam.
Zikrinlə tapdı mömin olan dərdinə dəva,
Allahdan həm də kafər üçün istədin şəfa!
Haqqında çox da çoxları yazmış ziyadə söz,
Haqqa süvar olanlara çatmaz piyadə söz!
Onlarda söz dənizsə əgər, məndə damladır,
Əfv eylə, şə'ninə deyirəm mən də sadə söz.
Ərz eylədim ki, mədhinə yox məndə bir hünər,
Lütf eyləyə ilahi, duam getməyə hədər,
Söz gülşənində olmaya zaye əziyyətim,
Bir gün hidayətinlə açılsın bəsirətim.
Badi-səba ilən mənə qılsın Xuda kərəm,
Qədrin qədər də nəzminə qadir ola qələm!
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : www.abna.ir