BƏRZƏX
(Həttə izə caə əhəduhumul-məvtu qalə Rəbbi irciun. Lə`əlla əməlun salihun fimə tərəktu kulləha kəlimətun huvə qailuha və min vəraihim bərzəxun ila yub`əsun) Quran: "Möminun" surəs, ayə: 99, 100)
Quran və sünnədən məlum olur ki, insan ölüm ilə ümumi Qiyamət arasında məhdud və müvəqqəti bir həyata da malikdir; bu, dünya həyatı ilə axirət həyatı arasında vasitə və bərzəx hesab olunur. İnsan öldükdən sonra malik olduğu etiqadlar, bu dünyada gördüyü yaxşı və ya pis əməllər xüsusi şəkildə araşdırılır, qısa şəkildə mühasibə aparıldıqdan sonra alınan nəticəyə əsasən şirin və yaxud acı bir həyata məhkum edilir; bu həyat da ümumi Qiyamət gününə qədər davam edir. İnsanın bərzəx aləmindəki həyatı eynilə müəyyən əməllərin araşdırılması üçün məhkəmə orqanına çağırılan, istintaq aparılıb müəyyən suallar soruşulan və sənədləri tənzim olunan şəxslərin vəziyyətinə oxşayır. Bundan sonra o, məhkəmənin vaxtı gəlib çatana qədər müvəqqəti olaraq zindanda saxlanılır. İnsanın bərzəxdəki ruhu dünyada yaşadığı surətdə olur; yaxşı əməl sahibləri xoşbəxtlik və nemət içərisində Allah dərgahına yaxın olan pak insanların qonşuluğunda ilahi nemətlərdən bəhrələnir, pis əməl sahibləri isə bədbəxtliyə, əzaba düçar olur, şeytanlar və zəlalət başçıları ilə yoldaş olur. Allah-taala xoşbəxtlik və səadət əhlinin vəziyyətini belə bəyan edir:
“Allah yolunda öldürülən şəxslərin əsla ölü olduğunu güman etmə! Onlar öz Rəbblərinin yanında (qürb məqamında) ruzilərdən bəhrələnirlər, Allahın Öz fəzl və mərhəməti ilə onlara verdiyi şeylər səbəbi ilə şadlıq və sevinc içərisindədir, onların ardınca gələn və hələ onlara qovuşmayan möminlərə müjdə verib deyirlər ki, onlar üçün heç bir qəm-qüssə və qorxu yoxdur. Həm də onlara Allahın (vəsfə sığmayan) fəzl və mərhəmətini müjdələyib deyirlər ki, Allah möminlərin əcr və savabını heç vaxt zay etmir.”
Dünya həyatında mal-dövlətlərindən və sərvətlərindən qanuni yolla istifadə etməyən başqa qrupu isə belə vəsf edir:
“Nəhayət, onlardan birinin ölümü çatar və deyər: Pərvərdigara! Məni (dünyaya) qaytarın, bəlkə zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görəm. Xeyr, əsla! Bu onun dediyi bir sözdür (onun sözlərinə əhəmiyyət verilməz), onların qarşısında Qiyamət gününə qədər davam edən bərzəx vardır.”
source : sibtayn